Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya işgüzar səfəri zamanı Azərbaycan Prezidentinə MDBMİ(U)-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində nitqi - Moskva, 24 sentyabr 2002-ci il


Hörmətli İqor Sergeyeviç!

Hörmətli Anatoli Vasilyeviç!

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Elmi Şurasının hörmətli üzvləri!

Hörmətli professorlar və müəllimlər, əziz tələbələr!

Xanımlar və cənablar!

Mənə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru kimi yüksək ad verdiyinə görə Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasına, rektor Anatoli Vasilyeviç Torkunova səmimi minnətdarlığımı bildirirəm.

Mən xarici işlər naziri İqor Sergeyeviç İvanovu salamlayıram, bu institut onun sərəncamındadır. İqor Sergeyeviç, mən sizə təşəkkür edirəm ki, dünən axşam çox uzun və ağır xarici ezamiyyətdən qayıdaraq, bu gün buraya gəlmisiniz. Çox sağ olun.

Mənim fəxri doktor adına layiq görülməyimlə əlaqəsi olanların hamısına minnətdarlığımı bildirirəm. Mən bunu çox yüksək qiymətləndirirəm.

Mən çoxlu müxtəlif adlar, o cümlədən bir çox xarici universitetlərin fəxri doktoru adını almışam, lakin belə nüfuzlu, hörmətli və bütün dünyada məşhur olan institutun fəxri doktoru adına layiq görülməyimin mənim üçün xüsusi əhəmiyyəti vardır. Buna görə də mən minnətdarlığımı bildirir və sizi əmin edirəm ki, bu yüksək adı həmişə şərəflə daşıyacaq və sizin böyük etimadınıza layiq olmağa çalışacağam.

Mən sizin qarşınızda müxtəlif mövzularda çıxış edə bilərəm. Buna görə də mənim üçün çətindir, hər halda, mən siyasi xadiməm. Mənim fəaliyyətim cəmiyyətimizin, həyatın, dünyanın bir çox cəhətlərini əhatə edir. Ona görə də məhdud bir məsələ üzərində dayanıb bu barədə danışmaq mənim üçün çox çətindir. Bununla belə, mən ilk növbədə Rusiya-Azərbaycan münasibətləri barədə danışacağam. Anatoli Vasilyeviç bu barədə dedi. Şadam ki, siz də bu fikirdəsiniz və Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün göstərdiyimiz səyləri qiymətləndirirsiniz.

Deməliyəm ki, bu münasibətlər indi yüksək səviyyədədir. Dünən Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çox əhəmiyyətli danışıqlarım oldu. Mühüm sənədlər imzalandı. Axşam mən onunla təkbətək görüşdüm, biz müxtəlif məsələlərə, Rusiya-Azərbaycan münasibətlərinə və əlbəttə, Qafqaz regionunda, MDB-də vəziyyətə, beynəlxalq terrorizmlə mübarizə məsələlərinə dair fikir mübadiləsi apardıq. Azərbaycan terrorizmlə mübarizəyə fəal surətdə qoşulmuşdur. Azərbaycan terrorizmdən, terrorçuluq aktlarından uzun müddət əziyyət şəkmişdir və elə indinin özündə də çəkir. Bizdə hətta bir neçə dəfə Azərbaycan prezidentinə qarşı terror cəhdi olmuşdur və şükürlər olsun ki, Allah məni qorumuşdur. Odur ki, biz terrorizmin nə olduğunu bilirik, özü də o, belə beynəlxalq, azğın xarakter alanda.

İndi dünyada bu proses davam edir. Rusiya beynəlxalq terrorizmlə fəal mübarizə aparır. Özü də, məsələni nə vaxt siyasi yolla, nə vaxt başqa cür həll etmək baxımından yaxşı nümunə göstərir.

Dünən biz Vladimir Vladimiroviç ilə bu məsələ barəsində də fikir mübadiləsi apardıq.

Rusiya-Azərbaycan münasibətləri bizim üçün öncül istiqamətdir. Bu, strateji tərəfdaşlıq, əməkdaşlıq münasibətləridir. Əgər Sovetlər İttifaqının süqutu və Azərbaycanın dövlət müstəqilliyi əldə etdiyi, təbii ki, Rusiyanın öz suverenliyini elan etdiyi, ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldıqdan sonrakı dövrdə Rusiya-Azərbaycan münasibətlərinin tarixinə nəzər salsaq, açıq deməliyəm, - siz tarixi yaxşı bilməlisiniz, - heç də hər şey hamar olmamışdır. Əvvəla ona görə ki, Ermənistanla Azərbaycan arasında müharibə gedirdi. Ermənistanın əzəli Azərbaycan torpaqlarının bir hissəsinə - Dağlıq Qarabağa iddia etməsi münaqişəyə, sonra isə geniş müharibəyə səbəb olmuşdu. Onu da deyim ki, bu münaqişə, hələ Sovetlər İttifaqı dövründə - 1988-ci ildə başlamışdı və onun süqutu zamanı da davam edirdi. Təəssüf ki, Sovetlər İttifaqının rəhbərliyi o vaxt münaqişənin nizama salınması, aradan qaldırılması üçün tədbir görmədi. Üstəlik, bizdə konkret məlumatlar var ki, Siyasi Büronun bəzi üzvləri, o cümlədən baş katib Qorbaçov Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsinə kömək edirdilər. Müharibə gedirdi, Azərbaycan müstəqillik əldə etdi. Rusiya ilə diplomatik münasibətlər quruldu.

İkinci tərəfdən, Azərbaycanda bir neçə il ərzində, ölkənin dövlət müstəqilliyi əldə etməsindən əvvəl, çox ağır daxili siyasi vəziyyət yaranmışdı. Təəssüf ki, o zaman populizm, bir çox digər şeylər fonunda müxtəlif qüvvələr meydana çıxmışdı. Azərbaycanda belə qüvvələr çox idi. Azərbaycanda müharibə getdiyindən, - ölkəmizin isə o zaman mütəşəkkil ordusu yox idi, - ayrı-ayrı qüvvələr hakimiyyət uğrunda mübarizə aparmaq üçün silahlı dəstələr yaratmışdılar. Bax, belə bir mübarizə gedirdi. Bütün bunlar 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsinə, fəlakətə, mahiyyət etibarilə Azərbaycanın parçalanmasına gətirib çıxardı.

Bu şəraitdə və sonralar Rusiya ilə münasibətlər o qədər də hamar olmamışdı. 1992-ci ilin əvvəllərində hakimiyyətə gəlmiş Xalq Cəbhəsinin nümayəndələri Rusiya-Azərbaycan əlaqələrinə münasibətdə mənfi mövqe tutdular və hətta Azərbaycan MDB-yə, keçmiş Sovetlər İttifaqı respublikalarının yaratdığı Birliyə daxil olmaqdan imtina etmişdi.

1993-cü ildə biz böyük çətinliklə də olsa, bunları aradan qaldırmağa, vətəndaş müharibəsinin, bir neçə silahlı dövlət çevrilişi cəhdlərinin qarşısını almağa və Azərbaycanda sabitliyi bərpa etməyə nail ola bildik. Burada Anatoli Vasilyeviç mənim tərcümeyi-halımdan danışdı. Məni Bakıya dəvət edib parlamentin sədri seçən kimi, bu ağır şəraitdə prezident öz postunu ataraq, sözün əsl mənasında, dağlara qaçıb, guya respublikanı oradan idarə etməyə başlayanda, Azərbaycan parlamenti prezidentin səlahiyyətlərinin mənə verilməsi barədə qərar qəbul etdi. Bax, respublikada vəziyyətin hələ normal olmadığı və hələ prezident hakimiyyətinə malik olmadığım həmin dövrdə mən Moskvaya gəldim, Rusiya prezidenti ilə və digər rəsmi şəxslərlə görüşdüm. Mən, ilk növbədə, Azərbaycanın MDB-yə daxil olması üçün parlamentin qərar qəbul etməsinə nail oldum.

Sonra da belə problemlər çox oldu, mən sizin vaxtınızı almaq istəmirəm. Buna görə də müxtəlif dövrlərdə münasibətlərimiz o qədər də hamar olmamışdır. Vladimir Vladimiroviç Putin prezident seçiləndən sonra biz münasibətlərin dəyişdiyini dərhal hiss etdik. O, 2001-ci ildə XXI əsrdə ilk xarici səfərini Azərbaycana etdi. Bütün ictimaiyyətimiz bunu çox yüksək qiymətləndirdi. Rusiya prezidenti Azərbaycanla şəxsən tanış ola və Rusiyaya münasibəti görə bildi. Həmin dövrdə bizdə daxili siyasi vəziyyət sabit idi. Rusiya ilə münasibətlərimiz də uğurla inkişaf edirdi.

Biz müstəqillik əldə etdikdən sonra münasibətlərimizin tarixi barədə danışsaq, deməliyik ki, prezident Putinin Azərbaycana səfəri münasibətlərimizin yeni mərhələsinin başlanğıcı oldu. Bundan sonra mən Rusiyaya dövlət səfəri etdim.

Biz Vladimir Vladimiroviç Putinlə dəfələrlə görüşmüşük, xarici işlər naziri İqor Sergeyeviçlə fəal əlaqə saxlamışıq, yeri gəlmişkən, o, hələ nazir olmamışdan qabaq Azərbaycanın köhnə dostu idi. İqor Sergeyeviç Azərbaycanı yaxşı tanıyır. Təbiidir ki, digər idarələrlə də əlaqələrimiz var. Dünən biz söhbət edəndə, sənədləri imzalayanda mən şad oldum ki, Vladimir Vladimiroviç Putin öz çıxışında Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün görülmüş bütün işləri çox yüksək qiymətləndirdi.

Təkrar edirəm, biz buna böyük əhəmiyyət veririk və öz xarici siyasətimizdə həmin xətti davam etdirəcəyik, bu, bizim üçün çox vacib yoldur.

Qafqaz dünyanın mürəkkəb regionudur. Buna görə də Qafqazda vəziyyət qonşu ölkələr üçün böyük əhəmiyyətə malikdir. Şimali Qafqaz Rusiyanın tərkibində olduğu üçün Qafqaz bizim - Rusiyanın, Gürcüstanın, Ermənistanın, Azərbaycanın - ümumi problemimizdir. Mən deməliyəm ki, Vladimir Vladimiroviç buna da böyük diqqət yetirir. Dörd prezidentin iştirakı ilə bizim bir neçə görüşümüz olmuşdur. Bütün bu görüşlər çox faydalı olub, düşünürəm ki, onlar davam edəcəkdir.

Lakin siz bilirsiniz ki, Qafqazda Ermənistanla Azərbaycan arasında münaqişə davam etməkdədir. Gürcüstanda daxili münaqişə vardır. Rusiyanın cənubunda - Şimali Qafqazda, Çeçenistanda vəziyyətin necə mürəkkəb olduğunu hamımız bilirik. Lakin təkcə bunlar deyil, digər məsələlər də çoxdur. Ona görə də Qafqazda sülhü, təhlükəsizliyi, əmin-amanlığı təmin etməyə çalışırıq, çünki bu bizə, Qafqaz xalqlarına da, Rusiyaya da lazımdır. Təəssüf ki, bu istiqamətdə görülən tədbirlər hələlik bir nəticə vermir. Məsələn, mən sizə Ermənistan-Azərbaycan münaqişəsi barədə deyə bilərəm. 1994-cü ildə biz atəşkəs barədə razılığa gəldik, yəni artıq müharibə yoxdur. Məsələni həll etmək üçün 8 ildir ki, sülh danışıqları gedir, lakin hələ də nəticəsi yoxdur.

Məsələ bundadır ki, bu münaqişə və müharibə nəticəsində Ermənistan silahlı qüvvələri bəzi hallardan, xaricdən köməkdən və Azərbaycanın daxilindəki qeyri-sabitlikdən istifadə edərək, iddiasında olduqları Dağlıq Qarabağı işğal edə bilmiş, onun ardınca isə Azərbaycanın daha 7 iri rayonunu zəbt etmişlər. Azərbaycan ərazisinin 20 faizini təşkil edən həmin torpaqlardan bir milyondan artıq azərbaycanlı qovulmuşdur və indi onlar çadırlarda, ağır şəraitdə yaşayırlar. Biz onları yerbəyer edə bilmirik, bir də ki, onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Bəs məsələ nədən ibarətdir? Siz - beynəlxalq münasibətlər sahəsində mütəxəssislər bilməlisiniz, heç bir sirr yoxdur. Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək iddiasındadır. Biz bununla razılaşa bilmərik. Bura Azərbaycanın əzəli tarixi torpağıdır. Münaqişəyə qədər orda ermənilər də, azərbaycanlılar da yaşamışlar. Ermənilər çoxluq təşkil edirdilər. Əhalinin sayı isə cəmi 150-160 min nəfər idi. Yəni, bu, kiçik vilayət idi. Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət statusuna malik idi. Bu status vilayətə çox böyük üstünlüklər verirdi, biz mehriban yaşayırdıq, heç bir problem yox idi. Lakin Ermənistanda "Böyük Ermənistan" uğrunda mübarizə aparanlar bu münaqişəni törətmişlər.

İndi Ermənistan təkid edir ki, dağlıq Qarabağı ona vermək lazımdır. Onlar bunun müqabilində ancaq azərbaycanlıların yaşamış olduqları rayonları azad etməyi, yəni öz silahlı qüvvələrini həmin ərazilərdən çıxarmağı vəd edirlər. Biz bununla razılaşa bilmərik. Onlar bu mövqedən geri çəkilmirlər. ATƏT-in Minsk qrupunun düzgün təklifi vardır. Siz bilirsiniz ki, hələ 1992-ci ildə ATƏT Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamaq üçün xüsusi Minsk qrupu yaratmışdır və indi həmin qrupa Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa başçılıq edirlər. Həmsədrlərin nümayəndələri bu problemlə məşğul olur, müxtəlif təkliflər hazırlayır, fəal tədbirlər görürlər.

1997-ci ildə, hesab edirəm ki, hər iki tərəf üçün məqbul olan təkliflər irəli sürüldü. Biz onları qəbul etdik, lakin Ermənistan qəbul etmədi. Bu təkliflərin mahiyyəti nədən ibarət idi? Onların mahiyyəti bundan ibarət idi ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ancaq azərbaycanlıların yaşamış olduqları rayonlarını azad edir, oralardan çıxır, Dağlıq Qarabağa çəkilirlər, Dağlıq Qarabağın statusu məsələsi isə müzakirə olunacaqdır. Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə isə, hələ 1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısında Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində ən yüksək status verilməsi haqqında qərar qəbul olunmuşdur. Bu, məqbul təklifdir. Biz bununla razıyıq. Onlar o zaman gərək ki, bu təklifi qəbul etmək istəyirdilər və müzakirə edirdilər. Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan bu təklifi dəstəklədiyini açıq bəyan etdi. Lakin sonra Ermənistanın rəhbərliyində dəyişikliklər baş verdi və bu variantı, əslində, dəfn etdilər. Başqa məqbul variantlar təqdim olunmur. Mən 1999-cu ildən Ermənistan prezidenti Koçaryanla bilavasitə görüşürəm. Avqustun 14-də mən onunla Ermənistan-Azərbaycan sərhədində görüşdüm. Biz dörd saat çox gərgin söhbət etdik. Sanki müəyyən kompromislər, daha nəsə tapmaq mümkündür, lakin hələlik heç nə yoxdur. Buna görə də Qafqazdakı vəziyyət, indiki halda, bu ciddi problemlə səciyyələnir.

Digər ciddi problem Gürcüstandakı münaqişədir. Çeçenistan da ciddi problemdir. Bütün bunlar vəziyyətimizi mürəkkəbləşdirir. Təkrar edirəm, biz sülh mövqeyində durmuşuq. Ermənistanla sülh bağlamaq və mehriban qonşu kimi yaşamaq istəyirik. Bizim Gürcüstanla normal münasibətlərimiz vardır və bu münasibətləri inkişaf etdirmək istəyirik. Rusiya ilə münasibətlərimiz, artıq dediyim kimi, yüksək səviyyədədir. Biz Rusiyanın müvafiq qüvvələrinin öz ərazisində - Rusiya ərazisində beynəlxalq terrorizmlə apardığı mübarizəni, əlbəttə, tam dəstəkləyirik. Bu, məhz beynəlxalq terrorizmlə mübarizədir. Yeri gəlmişkən, beynəlxalq terrorizm bugünkü vəziyyətin yarandığı vaxtdan xeyli qabaq meydana çıxmışdır.

Qafqaz haqqında, respublikamız haqqında bunları deyə bilərəm.

İndi də bir neçə kəlmə yaşayışımız haqqında. Əlbəttə, Sovetlər İttifaqının süqutundan sonra hər yerdə, bütün respublikalarda mürəkkəb vəziyyət yaranmışdı. Azərbaycan ilk illər siyasi, iqtisadi və sosial böhran vəziyyətində idi. Biz bu böhrandan 1993-cü ildən etibarən çıxdıq, iqtisadiyyatımızı inkişaf etdirməyə başladıq. İndi iqtisadiyyatımız uğurla inkişaf edir. Ümumi daxili məhsulun, sənaye və kənd təsərrüfatı məhsulları istehsalının artım sürəti yüksəkdir. Bunlar hamısı, əvvəla, Azərbaycana iri sərmayəçilərin, xüsusilə də, Xəzər dənizində neft sənayesi xətti ilə cəlb olunması sayəsində mümkün olmuşdur. İkincisi, biz iqtisadiyyatda, sosial sahədə, hüquq sahəsində müxtəlif islahatlar aparmışıq. Beləliklə də, iqtisadiyyatda, kənd təsərrüfatında, ticarətdə, sənayedə aparılan islahatlar vəziyyəti tamamilə dəyişdirmişdir.

Əvvəllər, Sovetlər İttifaqı dövründə Azərbaycan əti, yağı, digər məhsulları Rusiyadan, Ukraynadan, Belarusdan alırdı. İndi isə o qədər heyvandarlıq məhsulu istehsal olunur ki, bəziləri onları respublikadan kənara aparırlar. Biz özümüzü taxıl və bir çox digər məhsullarla tam təmin edirik. Sənayeyə gəldikdə isə, bildiyiniz kimi, Azərbaycan iri sənaye ölkəsidir. Bizim çoxlu maşınqayırma zavodlarımız, o cümlədən neft maşınqayırması zavodlarımız var idi. Lakin indi, təəssüf ki, onlardan tam istifadə edə bilmirik. Bir tərəfdən, biz əvvəllər bütün məhsulları Rusiyaya göndərirdik, indi isə bunlar Rusiyada istehsal olunur, digər tərəfdən, avadanlıq köhnəlmişdir, onu yeniləşdirmək lazımdır, bunun üçün isə vəsait gərəkdir.

Bu illər ərzində, təxminən 1994-cü ildən indiyədək Azərbaycana 9 milyard dollar sərmayə qoyulmuşdur, bunun da təqribən 4 milyardı neft sənayesinə aiddir. Bilirsiniz ki, biz 1994-cü ildə xarici ölkələrin iri neft şirkətləri, o cümlədən Rusiyanın "LUKoyl" şirkəti ilə "Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının işlənilməsinə dair müqavilə imzalamışıq. Bunlar çox zəngin yataqlardır. Bu və digər layihələrə, - bizim belə birgə layihələrimiz çoxdur, - 4 milyard dollar sərmayə qoyulmuşdur. Qalan sərmayə başqa daxili məsələlərə yönəldilmişdir. Bizim biznesmenlərimiz yaranmışdır. Düzdür, Rusiyadakı kimi biznesmenlərimiz yoxdur. Lakin biz özümüzün orta miqyaslı milli biznesmenlərimizin yetişməsi üçün çalışırıq. Rusiyadakı miqyasa isə biz çata bilmərik, sadəcə olaraq, Azərbaycanda belə imkanlar yoxdur. Lakin biz bu yolla gedirik.

Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir. Biz bu bazar iqtisadiyyatını, islahatları, necə deyərlər, çox cəsarətlə, özü də bir çox il əvvəldən həyata keçirməyə başlamışıq. Bu da öz nəticəsini verir. Azərbaycan öz müstəqilliyini, demokratiya yolu ilə getdiyini elan edəndən biz bütün bu illər ərzində demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün çox iş görmüşük. Böyük uğurlar qazanmışıq. Bizdə söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı var, hər şey azaddır. 8 milyon əhalisi olan kiçik respublikamızda həddən çox qəzet çıxır. Əlbəttə, əksəriyyəti özəl qəzetlərdir və çoxu müxalifətə məxsusdur.

Biz demokratiya yolu ilə bundan sonra da gedəcəyik. Biz Avropa Şurasına qəbul olunmuşuq və deməliyəm ki, bu məsələdə Rusiyanın dəstəyini daim hiss etmişik. İndi Xəzər dənizində Rusiya ilə əməkdaşlığımız sahəsində çox yaxşı şərait yaranır. Bilirsiniz ki, neçə illərdir Xəzəryanı dövlətlər arasında dənizin dibinin beynəlxalq hüquq prinsiplərinə ciddi əməl olunmaqla sektorlara bölünməsinə dair danışıqlar gedir. Biz buna bir neçə il sərf etmişik və elə dünən prezident Putin ilə imzaladığımız ən mühüm sənəd Xəzər dənizinin Azərbaycan və Rusiya sektorlarının qəti bölgüsü haqqında Azərbaycan ilə Rusiya arasında sazişdir. Rusiya Qazaxıstanla da belə saziş imzalamışdır. Odur ki, biz, üç Xəzəryanı dövlət bu barədə artıq razılığa gəlmişik. Qalır İran və Türkmənistan. Ümidvaram ki, onlar da razılığa gələcəklər, başqa yol yoxdur, məsələnin başqa həlli yoxdur. Mən Azərbaycan gənclərinin Rusiyada təhsil almasına böyük əhəmiyyət verirəm. Yəqin, bəzilərinizin xatirindədir, hələ sovet dövründə mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən hər il Rusiyanın müxtəlif təhsil müəssisələrində Azərbaycan üçün güzəştli əsaslarla 800 yer ayrılması barədə Sovetlər İttifaqı hökumətinin qərar çıxarmasına nail olmuşdum. Mən istəyirdim ki, gənclərimiz öz respublikamızda qapanıb qalmasınlar, yalnız öz milli universitetlərində təhsil almasınlar, Rusiya ali məktəblərində də oxusunlar. Çünki Rusiyanın bir çox ali məktəbləri bizimkilərlə müqayisədə onda da xeyli yüksəkdə idi, bu gün də yüksəkdədir. Mən istəyirdim ki, azərbaycanlılar keyfiyyətli təhsil alsınlar. İkincisi, mən buna yaxınlaşma, ünsiyyət vasitəsi kimi baxırdım. Məsələn, onda mən bilirdim və elə də oldu ki, Moskvada, Leninqradda, digər şəhərlərdə, - məsələn, Komsomolsk-Amur şəhərinin politexnik institutunda, - təhsil alan azərbaycanlıların bəziləri evlənib Rusiyada qaldılar. Evlənməsələr də, - mən demirəm ki, onlar axıra qədər subay qalırdılar, - hər halda Rusiyada məskunlaşdılar.

Bax, o zaman biz belə xətt götürmüşdük. İndi, əlbəttə, belə böyük imkanlar yoxdur. Lakin mən burada təhsil alan azərbaycanlı tələbələri görəndə, Anatoli Vasilyeviçin bu barədə məlumatını eşidəndə çox şad oldum.

Sizə deyim ki, institutunuz Sovetlər İttifaqında bir nömrəli institut idi. Təkcə diplomatlar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər hazırladığına görə deyil, həm də ona görə ki, burada təhsil çox yaxşı təşkil olunmuşdu. İnstitut əla təhsil verirdi. Bu institutu bitirənlər müxtəlif sahələrdə çox uğurla işləyirdilər. Amma bu instituta daxil olmaq çox çətin idi. Məsələn, o zaman Azərbaycana cəmisi 4-5 yer ayrılırdı. Özü də namizədlərə komsomol xasiyyətnamə verməli idi, sonra sənədlərə Azərbaycan KP MK-nın beynəlxalq şöbəsinə baxılırdı. Yalnız ondan sonra buraya göndərirdilər. İndi isə institutunuzda o vaxtkından xeyli çox azərbaycanlı təhsil alır.

İnstitutunuzun tarixi çox zəngindir, mən ona bələdəm. Lakin fürsətdən istifadə edərək demək istəyirəm ki, təəssüflər olsun, yenidənqurma illərində institutunuz çox böyük repressiyalara məruz qalırdı. Anatoli Vasilyeviç, yadınızdadırmı? Siz onda burada işləyirdiniz? Başqaları işləyirdi, yəqin onların da yadındadır. O zaman mən Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini idim, nə baş verdiyini görürdüm. Beynəlxalq Münasibətlər İnstitutunun üstünə düşürdülər. Özü də heç bir səbəb tapa bilmirdilər. Təkcə onu irad tuturdular ki, burada əsasən diplomatların, yüksək vəzifəli şəxslərin uşaqları oxuyur. Nə olsun? Yadımdadır, institutu yoxlayırdılar, buranın rektoru Lebedev idi, onu, necə deyərlər, döyürdülər. Sonra, siz bilirsiniz, qəribəsi o idi ki, bu məsələ bir neçə dəfə Siyasi Büroda müzakirə olundu. Komissiya yaradıldı, ona Partiya Nəzarəti Komitəsinin sədri Solomentsev başçılıq edirdi. İnstitutu əsla olmayan nə kimi işlərlə günahlandırmadılar? Buna baxmayaraq, həmin yoxlama dövründə Solomentsev öz qohumunu sizin instituta düzəltdi. Bax, belə!

Sizin institutunuz barədə hər şeyi bilirəm, çünki mənim oğlum İlham Əliyev 1977-1990-cı illər ərzində burada təhsil almış, aspiranturanı bitirmiş, beş il müəllimlik etmişdir. Mən çox şadam ki, oğlum burada oxumuşdur, çünki o, çox yaxşı təhsil almışdır. Təhsildən əlavə, bunların hamısının onun bir gənc kimi formalaşmasına təsiri olmuşdur. Amma buradakılar yəqin ki, bilirlər, bəlkə də bilmirlər, 1990-cı ildə onu institutdan qovdular. O, burada dərs deyirdi. Yeri gəlmişkən, o, İngiltərədə staj keçmişdi və aspiranturanı bitirdikdən sonra Londona dönməli idi. Orada onun yeri artıq müəyyənləşdirilmişdi. Elə bu zaman mən istefaya çıxdım, məni bütün vəzifələrdən kənarlaşdırdılar, təqib etməyə başladılar. Onun da İngiltərəyə getməsinə yol vermədilər. Nə etməli? İnstitutda qalıb dərs deməkdən başqa çıxış yolu yox idi. Axı, o başqa harada işləyə bilərdi? O, burada dərs deyirdi. 1990-cı ildə onu qovdular. İzahat üçün müraciət etdikdə, ona dedilər ki, Siyasi Büronun keçmiş üzvü Əliyevin oğlu burada işləyə bilməz.

Əlbəttə, bu da institutunuzun məruz qaldığı repressiyanın bir əlamətidir. Amma mən şadam ki, siz bu repressiyaya davam gətirdiniz və indi bütün sahələrdə daha da qüvvətlənən və demokratiya yolu ilə gedən müasir demokratik Rusiya şəraitində institutunuza böyük diqqət yetirilir və o, belə yüksək səviyyədədir. Mən şadam ki, hazırda burada sovet dövründəkindən daha çox azərbaycanlı təhsil alır və gələcəkdə onların sayı artsa daha da sevinərəm.

Demək istəyirəm ki, o zaman Xarici İşlər Nazirliyi bu instituta, hər halda, kifayət qədər diqqət yetirmirdi. İqor Sergeyeviç, siz onda XİN-də işləyirdiniz, bunları məndən yaxşı bilirsiniz. O dövrdə xarici işlər nazirinin bu instituta gəldiyini, müəllimlər və tələbələrlə görüşdüyünü xatırlamıram. Görün indi buna nə qədər diqqət yetirilir. İşinin çoxluğuna baxmayaraq, İqor Sergeyeviç mənə və sizə diqqət əlaməti olaraq buraya gəlmişdir.

Əziz dostlar! Mən yəqin ki, sizi yordum. Nə qədər danışdığımı bilmirəm, saata baxmamışdım. Mənə göstərdiyiniz diqqətə görə, bu gün mənə institutunuzun fəxri doktoru adı verilməsi ilə əlaqədar bütün sənədləri təqdim etdiyinizə görə səmimi təşəkkürümü bildirirəm. Sizi bir daha əmin edirəm ki, mən bunu yüksək qiymətləndirirəm və institutunuzun layiqli fəxri doktoru olacağam. Müəllim və tələbələrə isə cansağlığı, xoşbəxtlik, firavanlıq və təhsildə böyük uğurlar arzulayıram.

Diqqətinizə görə çox sağ olun.

"Azərbaycan" qəzeti, 25 sentyabr 2002-ci il.