"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə MDBMİ(U) -nun fəxri doktoru diplomunun təqdim olunması mərasimində nitqi" (Moskva, 24 sentyabr 2002-ci il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvətilə 2002-ci il sentyabrın 23-24 -də bu ölkədə işgüzar səfərdə olub. Səfərdən öncə bu səfərin məqsədləri barədə verdiyi açıqlamada Azərbaycanın dövlət başçısı Rusiya tərəfi ilə üç sazişin imzalanacağını bildirib. İmzalanacaq əsas sənədin Xəzər dənizində Azərbaycanın və Rusiyanın sərhədlərinin tam koordinatlarla müəyyən olunması haqqında müqavilədən ibarət olduğu qeyd edilib. Heydər Əliyev bu sahədə ümumi xarakterli bir sənədin artıq imzalandığını və indi Azərbaycan və Rusiya mütəxəssislərinin saziş hazırladığını bildirib. Bu cür sazişin Rusiya ilə Qazaxıstan arasında da imzalandığı nəzərə çatdırılıb. Respublika prezidenti həmçinin, Rusiya prezidenti ilə bir çox məsələlər barəsində fikir mübadiləsi, başlıcası isə Rusiya - Azərbaycan əlaqələrinin bugünkü vəziyyəti və inkişaf etdirilməsi ilə əlaqədar danışıqlar aparılacağını da bildirib.

Səfərin gedişində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Moskvada Kreml sarayında görüş keçirilib. Prezidentlər Rusiya - Azərbaycan dövlətlərarası münasibətlərin inkişaf perspektivlərinə dair məsələlər barədə geniş fikir mübadiləsi aparıblar. Görüşdən sonra Rusiya - Azərbaycan danışıqları geniş tərkibdə davam etdirilib. Müzakirələr zamanı Rusiya Prezidenti Vladimir Putin son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinin intensiv və dinamik inkişafından razılıqla danışıb. Azərbaycan Prezidenti Heydər Əliyev keçirilən hər bir görüşün Rusiya - Azərbaycan münasibətlərini inkişaf etdirdiyini və möhkəmləndirdiyini qeyd edib.

Danışıqlardan sonra Kremlin "Səfir salonu"nda ikitərəfli sazişlərin imzalanma mərasimi olub. Prezidentlər "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgüsü haqqında saziş"ə imza atıblar. Ölkə başçılarının iştirakı ilə "Rusiya Federasiyasının Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında təhsil haqqında sənədlərin qarşılıqlı surətdə tanınması haqqında saziş imzalanıb.

Azərbaycan Prezidenti Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində) (MDBMİ(U)) olub və burada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. MDBMİ(U)-nun böyük salonunda Heydər Əliyevə bu ali məktəbin fəxri doktoru adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib. MDBMİ (U)-nun rektoru tərəfindən respublika prezidentinə MDBMİ (U)-nun fərqlənmə nişanı, fəxri doktor diplomu və mantiya təqdim edilib. Rusiya Federasiyasının xarici işlər naziri mərasimdə çıxış edərək nazirliyin 200 illiyi münasibətilə fəxri nişanı, habelə Rusiyanın məşhur diplomatlarına həsr olunmuş ikicildlik əsəri Heydər Əliyevə təqdim edib. Mərasimdə geniş nitq söyləyən Azərbaycan Prezidenti Rusiya - Azərbaycan strateji tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin respublikamız üçün öncül istiqamətlərdən biri olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev prezident seçildikdən sonra da Rusiya ilə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verib. Bu dövlətlə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini dəfələrlə qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü ilin fevralında Rusiyaya ilk rəsmi səfərə gəlib. O, Rusiya Prezidenti Vladimir Putin, həmçinin digər rəsmi şəxslərlə görüşüb, Rusiya ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq haqqında müqavilələr imzalanıb (http://www.mfa.gov.az/)

Rusiyaya səfəri çərçivəsində İlham Əliyev vaxtilə təhsil aldığı və müəllim kimi fəaliyyət göstərdiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və professor heyəti ilə görüşüb.

İlham Əliyev Rusiya - Azərbaycan əlaqələrinin perspektivlərindən, ölkədə aparılan siyasi, iqtisadi və hüquqi islahatlardan ətraflı bəhs edib və bu xəttin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyevə MDBMİ (U)-nun fəxri doktoru diplomu və mantiya təqdim edilib. Dövlət başçısına institutun Alimlər Assosiasiyasının diplomu və təhsil illərindəki qiymət kitabçası da təqdim olunub. (http://www.president.az/)

2006-cı il noyabrın 14-də isə İlham Əliyev Bakıda olan MDBMİ (U)-nun rektoru, professor Anatoli Torkunovu qəbul edib. Prezident İlham Əliyev A. Torkunovun Azərbaycana səfərinin Azərbaycanın və Rusiyanın xarici işlər nazirlikləri, tədris ocaqları və müxtəlif təşkilatları, Diplomatik Akademiya ilə MDBMİ (U) arasında əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Rektor MDBMİ (U)-nun Elmi Şurasının təsis etdiyi mükafatı - bu ali məktəbin inkişafındakı xidmətlərinə və diplomatik kadrların hazırlanmasında töhfələrə görə medalı, həmçinin, MDBMİ (U) -nun Məzunlar Assosiasiyasının idarə heyətinin mükafatını - elmi-siyasi və biznes fəaliyyətində yüksək nəticələr əldə etmiş insanlar üçün Qızıl nişanı prezident İlham Əliyevə təqdim edib.

Tarixi arayış 25 fevral 2008-ci ildə yeniləşdirilib.

***

23-24 sentyabr 2002-ci il tarixdə Heydər Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib. Səfər zamanı RF Prezidenti Vladimir Putinlə, RF xarici işlər naziri İ. İvanovla, Moskva hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşüb.

Prezident V. Putinlə danışıqlardan sonra Kremlin “Səfir salonu” nda ikitərəfli sazişlərin imzalanma mərasimi olub. Prezidentlər “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgüsü haqqında saziş”ə imza atıblar.

Ölkə başçılarının iştirakı ilə “Rusiya Federasiyasının Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında təhsil haqqında sənədlərin qarşılıqlı surətdə tanınması haqqında, saziş imzalanıb. Səfər dövründə MDBMİ(U)-nun böyük salonunda Heydər Əliyevə bu ali məktəbin fəxri doktoru adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib. MDBMİ (U)-nun rektoru tərəfindən respublika prezidentinə bu ali məktəbin fərqlənmə nişanı, fəxri doktor diplomu və mantiya təqdim edilib.

Rusiya Federasiyasının xarici işlər naziri mərasimdə çıxış edərək nazirliyin 200 illiyi münasibətilə fəxri nişanı, habelə Rusiyanın məşhur diplomatlarına həsr olunmuş ikicildlik əsəri Heydər Əliyevə təqdim edib. Mərasimdə geniş nitq söyləyən Heydər Əliyev Rusiya - Azərbaycan münasibətlərinin əhəmiyyəti haqqında danışıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.225