Azərbaycan – Rusiya münasibətləri


Artıq bir neçə əsrdir ki, Rusiya Cənubi Qafqazda mühüm xarici siyasət vektorudur. Müasir Azərbaycan Respublikasının ərazisi iki əsrə yaxın müddət ərzində əvvəl Rusiyanın, sonra isə SSRİ-nin tərkib hissəsi olub. 1991-ci ilin dekabrından isə SSRİ-nin süqutundan sonra Rusiya dünya arenasına yeni simada, Rusiya dövlətçiliyinin tarixi formalarının hamısından kəskin fərqli tərzdə çıxdı. Elə həmin arada dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının qarşısında duran ən əsas vəzifələrdən biri SSRİ-nin dağılması nəticəsində meydana gələn yeni müstəqil dövlətlərlə, xüsusilə Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin formalaşdırılması idi.

Siyasi münasibətlər: Azərbaycan xarici siyasəti qarşısında Rusiya ilə bağlı bir sıra yeni prinsipial problemlər dururdu: Rusiyanın Azərbaycan Respublikası ərazisindəki qoşunlarının çıxarılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında şimal qonşunun iştirakı, Xəzərin statusu probleminə Rusiyanın münasibəti və nəhayət, bu ölkədə yaşayan azərbaycanlıların taleyi. Bu problemlərin hər birinin həlli iki ölkə arasında münasibətlərin xarakterindən çox asılı idi.

Azərbaycan-Rusiya əlaqələrinin tarixinə kiçik bir ekskursiya edilsə sezilər ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu.

Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlər qurulmasının vacibliyini belə şərh etmişdi: “Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır”.

 Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri öz fəaliyyətinə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2-4 iyul 1997-ci il tarixdə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında ən əhəmiyyətli hadisə oldu (bax - http://lib.aliyevheritage.org/az/20634858.html)

2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və priritetlər irəli sürməyə başladı. Əvvəlki dövrdən fərqli olaraq yalnız MDB çərçivəsində inteqrasiya məqsəd seçilmədi, hər iki ölkənin milli maraqları (təhlükəsizlik, iqtisadi inkişaf) daha vacib elan olundu. Sonrakı dövrdə Azərbaycan və Rusiyanın sıx dostluq münasibətləri qurması üçün əhəmiyyətli siyasi baza formalaşdırıldı. İki ölkə arasında bu günə kimi 150-dək hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər siyasi, hərbi-texniki, təhlükəsizlik, iqtisadi (ticarət, investisiya, maliyyə, yanacaq-energetika sahəsində əməkdaşlıq, Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql olunması), elmi, mədəni, həmvətənlərin hüquqlarının təmin olunması sahələrini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə impuls verdi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9-10 yanvar 2001-ci il, 13 avqust 2013 tarixdə, Dmitri Medvedevin 3-4 iyul 2008-ci il tarixdə Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24-26 yanvar 2002-ci il tarixdə Rusiyaya dövlət səfəri (bax - http://lib.aliyevheritage.org/az/29783379.html), Prezident İlham Əliyevin 5-7 fevral 2004-cü il, 19-20 aprel 2009-cu il tarixdə Rusiyaya rəsmi səfərləri iki ölkə arasında münasibətlərin inkişafı üçün əlverişli zəmin yaratdı.

Son illər Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə intensiv siyasi dialoq gedir. Sistem xarakterli beynəlxalq-hüquqi sənədlərə söykənən münasibətlər yüksək dinamikaya malikdir. Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il tarixli müqavilə 2001-ci il tarixli Bakı və 2004-cü il tarixli Moskva bəyannaməsi ilə inkişaf etdirildi. Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri zamanı imzalanan dostluq və tərəfdaşlıq haqqında birgə bəyannamə dostluq və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirdi.

Yüksək səviyyədə münasibətlərin fəal inkişaf etdirilməsinə sübut üçün son 3 il ərzində həyata keçirilmiş qarşılıqlı səfərlərə diqqət yetirmək kifayətdir. 13 avqust 2013-cü il tarixdə Azərbaycana səfər edən Vladimir Putin azərbaycanlı həmkarı ilə siyasi problemləri və Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edib. Səfərin yekunlarına əsasən neft və qaz hasilatı sahəsində əməkdaşlıq və iki dövlətin sərhədində avtomobil körpüsünün inşası ilə bağlı sazişlər imzalanıb. 6-8 fevral 2014-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev XXII Soçi Qış Olimpiadasının açılışı mərasimində iştirak edib. 8-10 avqust 2014-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib. Səfər dövründə iki dövlət başçısı bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər. 29-30 sentyabr 2014-cü il tarixdə Azərbaycan Prezidenti Həştərxan şəhərində Xəzəryanı ölkələrin IV sammitində, 8-9 may 2015-ci il tarixdə isə Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib. 12-13 iyun 2015-ci il tarixdə Rusiya Prezidenti Vladimir Putin Bakıda işgüzar səfərdə olub. Səfər dövründə ikitərəfli qarşılıqlı münasibətlər və beynəlxalq məsələlər müzakirə olunub. Vladimir Putin həmçinin, ilk Avropa oyunlarının açılış mərasimində iştirak edib. 20 iyun 2016-cı il tarixdə Azərbaycan Prezidenti Sankt-Peterburqa səfər edib. Rusiya Prezidenti ilə görüş zamanı ikitərəfli münasibətlərdə cari vəziyyət, humanitar əməkdaşlıq və Qarabağ probleminin həlli yolları müzakirə mövzusu olub. 8 avqust 2016-cı il tarixdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfər edib. Səfər dövründə Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib.

 8 avqust 2016-cı il tarixdə Rusiya Prezidenti V.Putinin Azərbaycana işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərini belə xarakterizə edib: “Tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir”. 

Son illər ərzində birgə səylər nəticəsində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlər üzrə optimal, qarşılıqlı qəbul olunan və hər iki tərəfin xeyrinə olan həll yolları tapılıb. Dövlət sərhədi barədə müqavilə imzalanıb, Samur transsərhəd çayının mühafizəsi və rasional istifadəsi məsələsi həll olunub, Xaçmaz rayonunun iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı situasiya nizamlanıb. Xəzərin statusu ilə bağlı Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşması prosesi faktiki olaraq başa çatıb. Bu, perspektivdə bütün Xəzəryanı ölkələr arasında konsensusun əldə olunmasını təmin edə bilər.

Azərbaycan-Rusiya münasibəttlərinin inkişaf etdirilməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın və şəxsən prezident V.Putinin vasitəçilik səylərini yüksək qiymətləndirir. Qarabağ probleminin həllinə yönəlik son görüşlər əsasən Moskvanın vasitəçiliyi ilə keçirilir və artıq danışıqlarda irəliliyiş olması ilə bağlı söhbətlər güclənməkdədir. Bu gün Moskvanın siyasi dairələri Azərbaycanın geostrateji rolunu dəqiq dəyərləndirir və başa düşürlər ki, iki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amilidir. 2016-cı ilin avqust ayında Bakıda səfərdə olarkən Rusiya Prezidenti qeyd edib: Biz bir məqsədə nail olmağa çalışacağıq: Ermənistan və Azərbaycan kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır, qalib gələn - iki ölkənin xalqları olmalıdır. Hər iki dövlət hiss etməlidir ki, onlar bu mürəkkəb məsələni bu günümüzün mənafeyi və gələcək nəsillər üçün həll ediblər”.

İqtisadi münasibətlər: Azərbaycan Avrasiya İtisadi Birliyinin üzvü olmayan MDB ölkələri içərisində Rusiyanın əsas ticarət partnyorudur. 2014-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 4 milyard dollar, 2015-ci ildə isə 2,8 milyard dollar olub.

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət, hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq, elektroenergetika sahəsində əməkdaşlıq prinsipləri, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması, qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri, beynəlxalq avtomobil əlaqələri, iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri, dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər imzalanıb.

Rusiyanın Azərbaycana ixrac etdiyi məhsullar sırasında əsas yeri maşınlar, nəqliyyat vasitələri və avadanlıqları, ərzaq, qara və əlvan metallar, ağac və kağız-sellüloz məmulatları, kimya məhsulları tutur. Azərbaycanın Rusiyaya ixracında isə ərzaq və kənd təsərrüfatı məhsulları, mineral ərzaqlar, neft və neft emalı məhsulları üstünlük təşkil edir. Azərbaycan bazarında 100 faiz Rusiya kapitalı ilə 600 müəssisə işləyir. Rusiya Prezidenti V.Putinin avqust ayında Bakıya işgüzar səfəri zamanı qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatına birbaşa Rusiya investisiyalarının həcmi 1,5 milyard dollara yaxındır. 2015-ci ildə Azərbaycana qoyulan Rusiya investisiyasının həcmi 210 milyon dollar olub. Xarici sərmayəçilər içərisində Rusiya altıncı yeri tutur. Azərbaycanın Rusiyaya qoyduğu invesitisiyanın həcmi 1,0 milyard dollar təşkil edir. “LUKoyl” neft şirkəti, “Baltika” pivəbişirmə şirkəti, “Nikoyl” investisiya-kommersiya bankı, “Bank VTB” açıq səhmdar cəmiyyəti və digər müəssisələr Azərbaycanda çalışırlar. 2008-ci ildə «Crocus International» Rusiya şirkəti Xəzər dənizinin sahilində dəyəri 1 milyard dollar olan turizm kompleksinin inşasına başlayıb. 29 may 2009-cu ildə Rusiyanın “Sinterra” şirkəti “Azərtelekom”la birgə telekommunikasiya sahəsində birgə layihə gerçəkləşdirmək üçün saziş imzalayıb. 2010-cu ildə “Azərsun Holdinq” Beloreçenskdə (Krasnodar diyarı) çay çəkici fabrikini istismara buraxıb. Azərbaycanın “Benkons Group” şirkəti Tatarıstanda şirə istehsal edən zavod tikir.

Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak etməklə bir neçə beynəlxalq konsorsiumda paya malikdirlər. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da Azərbaycanla iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdırlar. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın bu cür əməkdaşlıq sazişi imzalanıb. Bu baxımdan Moskva, Həştərxan, Kurqan, Sankt-Peterburq, Saratov, Stavropol, Sverdlovsk, Yekaterinburq vilayət və şəhərləri, Dağıstan,Kalmıkiya və Tatarıstan respublikaları ilə qurulan iqtisadi əlaqələri xüsusilə qeyd etmək olar. Azərbaycanda Dağıstan və Tatarıstanın, habelə Ural iqtisadi regionunun nümayəndəlikləri fəaliyyət göstərir.

İkitərəfli qarşlıqlı münasibətlərin mühüm elementi İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyadır (sonuncu iclası 9 oktyabr 2015-ci ildə Moskvada olub). Azərbaycan və Rusiya arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf edir.

Humanitar və mədəni əməkdaşlıq: Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar əməkdaşlıq əsasən humanitar sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. İki ölkə arasında humanitar əlaqələrin demək olar ki, bütün aspektlərini tənzimləyən ikitərəfli saziş və müqavilələr, həmçinin, hər iki ölkənin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramları, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokollar mövcuddur. Azərbaycan tərəfi mərkəzi federal hökumətlə yanaşı, RF-nin subyektləri ilə də humanitar sahədə sıx əməkdaşlıq edir.

Son bir neçə il ərzində iki ölkə arasında yüksək səviyyədə humanitar əməkdaşlığın mövcudluğunun göstəricisi heç şübhəsiz, 2010-cu ildə Bakıda “Azərbaycan-Rusiya Humanitar Forumu”nun və hər iki ölkə prezidentinin himayəsi altında 2011-ci ildən etibarən mütəmadi olaraq hər il “Bakı Beynəlxalq Humanitar Forumları”nın keçirilməsidir. Bu tədbirlərdə hər iki ölkədən ən yüksək səviyyədə nümayəndə heyətlərinin iştirakı, müzakirə olunan məsələlərin əhatəliliyi və aktuallığı, onun artıq ikitərəfli çərçivədən çıxaraq beynəlxalq müstəviyə keçməsi və beynəlxalq miqyasda qəbul edilmiş platformaya çevrilməsi Azərbaycan-Rusiya humanitar əlaqələrinin təkcə ikitərəfli deyil, həmçinin beynəlxalq səviyyədə humanitar əməkdaşlığın inkişafına verdiyi töhfənin bariz göstəricisidir.

Azərbaycan və Rusiya arasında humanitar və mədəni əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi qeyd olunmalıdır. Fond Rusiyada bir sıra xeyriyyə aksiyaları keçirir, mədəni tədbirlərin təşkilatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, 2005-ci il iyunun 9-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Fondun vitse-prezidenti Leyla xanım Əliyeva isə Həştərxan şəhərində Müqəddəs Knyaz Vladimirin abidəsinin ucaldıması və ətraf ərazidə yeni parkın salınmasına görə III dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif olunub. Bununla yanaşı, Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Rusiya-Azərbaycan dostluq körpüsünün inşasına, Heydər Əliyev parkında "Arzu" uşaq əyləncə şəhərciyinin yaradılmasına və digər sosialyönlü layihələrin gerçəkləşdirilməsində böyük xidmətlərinə görə Leyla xanım Əliyeva "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeninə layiq görülüb. 

20-24 fevral 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Moskvada işgüzar səfərdə olarkən ona M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru adı verilib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında son illər ərzində təhsil sahəsində baş vermiş ən mühüm hadisələrdən biri Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2008-ci il tarixli Sərəncamına uyğun olaraq 2008-ci ildə Bakıda dünyanın ən qabaqcıl təhsil müəssisələrindən olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətə başlaması olub. 26 sentyabr 2012-ci il tarixində filialın yeni tədris kompleksi istifadəyə verilib. 2015-ci ilin sentyabrında isə Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışı olub.

Azərbaycanda 150 mindən artıq rus yaşayır. Bu, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış ən böyük rus diasporudur. Azərbaycanda digər xalqlar kimi ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək ucun hər cur şərait yaradılıb. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rus icması – iki xalq arasında real birləşdirici həlqədir. Azərbaycandakı rus icmasının rəhbərlərindən biri, Viktor Zabelin Azərbaycan Milli Məclisinin üzvüdür. Bakıdakı Rus Pravoslav Kilsəsi rus icmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynayır. 

Azərbaycan ilə Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri də respublikada rus dilinin qorunub saxlanması və inkişafıdır. Azərbaycanda 327 orta məktəb və 27 universitetdə tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır. Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri – Bakı Slavyan Universiteti fəaliyyət göstərir.

2000-ci ildə Rusiyada Azərbaycan diaspor təşkilatlarını özündə birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresi təsis olunub.

Oçerk 1 oktyabr 2016-cı il tarixdə tərtib olunub.