Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kremldəki "Predstavitelskiy kabinet"də Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinlə söhbətindən - Moskva, 23 sentyabr 2002-ci il


Vladimir Putin: Hörmətli həmkarlar, dostlar, icazə verin, sizi Moskvada bir daha salamlayım. Mən çox şadam ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlər belə intensiv inkişaf edir. Mənə məlum olduğuna görə, dünən siz Bakıda bizim parlamentin sədrini qarşılayırdınız, bu gün isə nəinki qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etmək üçün, həm də çox böyük əhəmiyyət verdiyimiz sənədlərin imzalanması üçün burada, Moskvadasınız. Bunlar Xəzərin dibinin bölünməsi haqqında sənəd, təhsil məsələlərinə dair və bəzi digər problemlər haqqında sənədlərdir. Heydər Əliyeviç, mən bilirəm ki, şəxsən Siz onların üzərində xeyli müddət və gərgin işləmisiniz.

Çox ümidvaram ki, birgə işimiz bu sənədlərin imzalanması ilə başa çatacaq və gələcək üçün, uzunmüddətli perspektiv üçün münasibətlərimizi bu sənədlərin əsasında quracağıq.

Təəssüf ki, ötən illərdə əmtəə dövriyyəmizin bir qədər azaldığı müşahidə edilmişdir. Lakin bu, cari ilin ilk aylarında artmışdır.

Heydər Əliyev: Təxminən 60 faiz. Yeri gəlmişkən, Rusiya ilə əmtəə dövriyyəmiz birinci yerdədir.

Vladimir Putin: Heydər Əliyeviç, mən bunu bilirəm. Onu da bilirəm ki, şəxsən Siz rus mədəniyyətinin, rus dilinin inkişafına və dəstəklənməsinə böyük diqqət yetirirsiniz. Buna görə biz Sizə çox minnətdarıq. Biz bunu bilir və hiss edirik.

Heydər Əliyeviç, biz Sizi görməyimizə çox şadıq və "Xoş gəlmisiniz" deyirik.

Heydər Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Moskvaya gəlmək, Sizinlə görüşmək və məsələləri müzakirə etmək barədə dəvətinizə görə Sizə təşəkkür edirəm. Moskvaya hər bir səfərimizin bizim üçün böyük əhəmiyyəti var. Şübhəsiz ki, hər bir belə görüş Rusiya-Azərbaycan münasibətlərini möhkəmləndirir və inkişaf etdirir. Siz dediniz ki, - mən çox şadam ki, bunu vurğuladınız, - Rusiya-Azərbaycan münasibətləri intensiv inkişaf edir. Bu prosesin bünövrəsini Siz, 2001-ci il yanvarın 9-da Rusiya prezidentinin Azərbaycana tarixdə ilk səfəri ilə qoymusunuz. O vaxt Siz qeyd etdiniz ki, bu, Rusiya prezidentinin yeni əsrdə ilk səfəridir. Biz buna böyük əhəmiyyət veririk.

Deyə bilərəm ki, o vaxtdan bəri münasibətlərimiz bütün istiqamətlərdə - iqtisadi sahədə də, elm, təhsil sahəsində də intensiv inkişaf edir və edəcəkdir.

Biz Rusiya ilə təxminən 100 sənəd imzalamışıq, bunların 70-i dövlətlərarası, hökumətlərarası sənəddir və onlar Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı baxımından işimizə çox böyük köməkdir. Siz doğru dediniz ki, bu gün imzalayacağımız sənədlərin, xüsusən Xəzər dənizi haqqında sənədin böyük əhəmiyyəti var.

Bilirsiniz ki, biz Sizinlə bu mövzuda çox danışmışıq və Aşqabad sammitində bu barədə fikir mübadiləsi aparmışıq. Çox yaxşıdır ki, bir nəticə var, yəni Rusiya, Azərbaycan və Qazaxıstan bu baxımdan eyni mövqedədirlər, hesab edirəm ki, digər Xəzəryanı dövlətlər də tədricən buna gəlib çıxacaqlar. Çünki Xəzərin neft və qaz yataqlarının işlənilməsi son dərəcə mühüm məsələdir, bildiyiniz kimi, bunu bizim təcrübəmiz də təsdiqləyir. Bilirəm ki, hazırda Rusiya sektorunda çox perspektivli bir quyu qazılır. Məlumdur ki, Qazaxıstan sektorunda da qazma işlərindən sonra böyük nəticələr əldə olunmuşdur. Bunlar ancaq ilk addımlardır, çünki Rusiya sektoru barəsində deməliyəm ki, biz vaxtilə Xəzəri tədqiq etmişik, - ona görə ki, Sovetlər İttifaqının hökuməti bu işi bizə tapşırmışdı, - və çoxlu yeni yataqlar aşkara çıxarmışıq. Lakin Volqa çayına, balığa və sair məsələlərə görə Rusiya sektorunda tədqiqatlar aparmağa imkan vermirlər. Halbuki, insi sizin malik olduğunuz həmin böyük sektorun, - biz sizinlə sərhədi müəyyənləşdirəcəyik, - balığa heç bir dəxli olmayacaqdır.

Yeri gəlmişkən, fürsətdən istifadə edib demək istəyirəm ki, biz Xəzərdə 50 ildən çoxdur neft çıxarırıq. Biz müəyyən etmişik ki, bu, Xəzərdəki balıqlara və mikroorqanizmlərə heç bir mənfi təsir göstərmir. Ona görə də mənə elə gəlir ki, burada böyük nəticələr əldə edəcəksiniz.

"Azərbaycan" qəzeti, 26 sentyabr 2002-ci il.