"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kremldəki "Predstavitelskiy ‎kabinet"də Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinlə ‎söhbətindən" (Moskva, 23 sentyabr 2002-ci il) sənədinə tarixi arayış


2001-ci ilin yanvarında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlməsi, ikitərəfli əməkdaşlıq barədə müvafiq sazişlərin imzalanması iki ölkə tərəfdaşlığının inkişafını qəti olaraq təsdiqləyib.

Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin Azərbaycan-Rusiya münasibətlərində razılığa gəldikləri əsas məsələlərdən biri Xəzərin dibinin bölünməsi olub. Bu, 2002-ci ilin iyun və sentyabr aylarında Heydər Əliyevin işgüzar Rusiya səfərlərinin başlıca müzakirə mövzusu idi. Xəzərin səthinin ümumi istifadədə qalması haqqında saziş isə Vladimir Putinin 2001-ci ilin yanvarında Azərbaycan Respublikasına ilk rəsmi səfəri zamanı imzalanıb. (http://www.lenta.ru/)

2002-ci ilin iyun səfəri zamanı Heydər Əliyev və Vladimir Putin Sankt-Peterburqda Xəzərin dibinin bölgüsü ilə bağlı ilkin müzakirələr aparsalar da, həmin vaxt müqavilə imzalanmayıb. Bunun bəzi texniki məsələlərlə bağlı olduğu, lakin prinsipial razılaşmanın əldə edildiyi bildirilib. (http://www.centrasia.ru/)

Həmin səfərdən az sonra, 2002-ci ilin sentyabrında Azərbaycan Prezidenti Heydər Əliyev yenidən Rusiyaya səfər edib və sentyabrın 22-də Kreml sarayında Vladimir Putinlə görüşüb. Onların söhbətində Xəzərin dibinin bölünməsi haqqında sənədin imzalanması, təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Vladimir Putinin həmçinin Azərbaycanda rus dili və mədəniyyətinin inkişafına köməyi üçün Azərbaycanın dövlət başçısı Heydər Əliyevə minnətdarlığını bildirib.

Heydər Əliyev Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı mövqeyə digər Xəzəryanı dövlətlətlərin də gələcəyinə ümidvar olduğunu vurğulayıb. İki ölkə arasında bağlanmış müqaviləyə görə Xəzərin dibi orta xətt prinsipi əsasında milli sektorlara bölünür.

Rusiyaya həmin səfəri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında Heydər Əliyev Azərbaycan, Rusiya və Qazaxıstanın imzalanan müqavilədəki qaydaya uzun illər aparılan müzakirələrdən sonra gəldiklərini bildirib. Heydər Əliyev bir daha İran və Türkmənistanın da eyni addımı atacaqlarına ümid etdiyini deyib. (http://www.cacianalyst.org/)

Rusiya mətbuatında müqavilənin beynəlxalq normalara, Xəzərdəki praktikaya və Rusiyanın milli mənafeyinə uyğun gəldiyi göstərilib.(http://www.yabloko.ru/)

İlham Əliyevin prezidentliyi dövründə də Rusiya ilə əməkdaşıq münasibətləri davam etdirilib. O, 2004-cü ildə Rusiyaya, Vladimir Putin isə 2006-cı ildə Azərbaycana səfər edib.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin fevralında Rusiyaya səfərindən sonra Rusiya ilə Azərbaycan arasında bir çox məsələlərdə tam razılıq olduğunu bəyan edib. (http://www.voanews.com/)

2006-cı ilin fevralında Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycana ikinci səfəri tərəflər arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin göstəricisi olaraq səciyyələndirilib. (www.xeber.net)

27 mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya şöhrətli musiqiçi və dirijor, maestro Mstislav Rostropoviçin 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək üçün Moskvada işgüzar səfərdə olub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva zəmanəmizin görkəmli musiqiçisi və dirijoru, həmyerlimiz Mstislav Rostropoviçin 80 illiyi şərəfinə Rusiya Prezidenti Vladimir Putin tərəfindən Dövlət Kreml sarayında təşkil olunmuş rəsmi qəbulda iştirak ediblər. İlham Əliyev mərasimdə nitq söyləyib.

Martın 27-də Moskvada, Dövlət Kreml sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Dövlət başçıları iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıblar. Prezidentlər qarşılıqlı münasibətlərin dərinləşməsində yüksək səviyyələrdə keçirilən görüşlərin xüsusi əhəmiyyəti olduğunu qeyd ediblər. Söhbət zamanı prezidentlər Azərbaycan-Rusiya əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

3 iyul 2008-ci ildə Rusiya Federasiyasının yeni Prezidenti Dmitri Medvedev Azərbaycana rəsmi səfər edib. Prezident İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təkbətək görüşü olub. Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında əməkdaşlığın və dostluq münasibətlərinin çox yaxşı əlaməti olduğunu, münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib. Rusiya Prezidenti Dmitri Medvedev səmimi qəbul üçün təşəkkür edərək danışıqların yaxşı nəticələr verəcəyinə əmin olduğunu və imzalanacaq Bəyannamə və sənədlərin hər iki xalqın mənafeyinə cavab verəcəyini deyib. (http://www.president.az/) 

15-16 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevin dəvəti ilə Rusiyada işgüzar səfərdə olub. 16 sentyabr 2008-ci ildə Moskvada Prezident İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevingörüşündə Rusiya-Azərbaycan münasibətlərinin çox dinamik inkişaf etdiyi vurğulanıb, bu ilin sonuna qədər əmtəə dövriyyəsinin həcminin 2 milyard dollara çatacağı qeyd olunub. Söhbət zamanı ölkələrarası əlaqələrin müxtəlif tərəfləri, regional və beynəlxalq vəziyyətə dair məsələlər müzakirə olunub. Azərbaycan və Rusiya prezidentləri təkbətək görüş başa çatandan sonra mətbuat üçün bəyanatlarla çıxış ediblər.

Həmin gün Prezident İlham Əliyev Moskvada Rusiyanın Baş naziri Vladimir Putinlə görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. (http://www.president.az/)

Tarixi arayış 17 sentyabr 2008-ci ildə yeniləşdirilib.