Rusiya Prezidenti Vladimir Putinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 9 yanvar 2001


Rusiya Federasiyasının cənab prezidenti, çox hörmətli Vladimir Vladimiroviç Putin!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Vladimir Vladimiroviç, sizi və sizi müşayiət edən şəxsləri Azərbaycanda ürəkdən salamlayıram. Biz həqiqətən məmnunuq ki, siz mənim dəvətimi qəbul etdiniz və Azərbaycana rəsmi səfərə gəldiniz. Bu səfər müstəqil Azərbaycan Respublikasının həyatında olduqca böyük əhəmiyyətə və Rusiya - Azərbaycan münasibətlərində çox böyük əhəmiyyətə malikdir. İş elə gətirmişdir ki, Azərbaycan dövlət müstəqilliyi və Rusiya Federasiyası suverenlik əldə etdikdən sonra, Sovetlər İttifaqı dağıldıqdan və müstəqil dövlətlər yarandıqdan sonra Rusiya prezidentinin Azərbaycana səfəri olmamışdır. Biz istəyirdik, ancaq baş tutmurdu. Mən sizi Azərbaycana dəvət etdim və siz buna razılıq verdiniz. Lakin, məlum olduğu kimi, səfərin baş tutub-tutmayacağı barədə müxtəlif xəbərlər yayılmışdı. Axı, hərə öz fikrini söyləyir, ona görə də bu səfərin baş tutmamasını bir o qədər də istəməyən çoxlu adam vardı və onlar qabaqcadan söyləyirdilər ki, səfər baş tutmayacaqdır. Amma səfər baş tutdu və bu gün siz, hörmətli Vladimir Vladimiroviç, Azərbaycana gəldiniz.

Mənim dəvətimi qəbul etdiyinizə və Azərbaycana rəsmi səfərə gəldiyinizə görə sizə ürəkdən təşəkkür edirəm. Bu, şübhəsiz, tarixi əhəmiyyətli hadisədir. Bu gün səfərin birinci günü başa çatır. Cəsarətlə demək olar ki, bu səfər zamanı etmək istədiklərimizin çoxu arxada qalmışdır. Cəsarətlə demək olar ki, səfər uğurludur, özünü doğrultmuşdur, nəticələr gözlədiyimizdən də artıq olmuşdur. Başlıcası budur ki, biz Rusiya Federasiyası ilə Azərbaycan arasında təşəkkül tapmış və mövcud olan dostluq münasibətlərini bütün dünyaya nümayiş etdiririk.

Azərbaycan müstəqillik əldə etdikdən sonra münasibətlərimizi mürəkkəbləşdirmiş ayrı-ayrı mərhələlər olmuşdur. Bəlkə də bu, belə bir səfərin həyata keçirilməsinə nail ola bilməməyimizin səbəblərindən biri idi. Ancaq bugünkü gün göstərdi ki, görüşümüzə, sizin səfərinizə mane olan məsələlərin çoxu süni idi, uydurma idi və gerçəkliyə uyğun deyildi. Gerçəklik isə ondan ibarətdir ki, bu gün biz çox səmərəli iş gördük. Ona görə də cəsarətlə demək olar ki, səfər çox uğurludur, səfər baş tutmuşdur, özlüyündə mühüm dövrdür, Rusiya Federasiyası ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə yeni mərhələ açır.

Rusiya ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında münasibətlərin tarixi bir çox əlamətdar hadisələrlə səciyyələnir. Biz bunu yüksək qiymətləndiririk ki, təxminən iki yüz il ərzində bu dövlətin tərkibində olarkən Azərbaycan xalqı ilə rus xalqı arasında xoş münasibətlər yaranmışdır və bu münasibətlər sıx dostluğa çevrilmişdir. Bir dövlətin tərkibində - keçmişdə çar imperiyasında, sonra da Sovetlər İttifaqının tərkibində birgə həyatın gedişində Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri biz Azərbaycanda yüksək qiymətləndiririk. Bizim üçün ən böyük əhəmiyyəti olan odur ki, rus mədəniyyətinin təsiri altında Azərbaycanda dünyəvi həyat tərzinin xüsusiyyətləri meydana gəlməyə başlamışdır. Azərbaycanlılar Rusiyada təhsil alırdılar, onlar sonradan, öz xalqının maarifçiləri olmuş və milli dirçəliş üçün, elmin, təhsilin, mədəniyyətin, incəsənətin inkişafı üçün çox işlər görmüşlər. Ötən yüzillik ərzində Azərbaycanda olduqca böyük dəyişikliklər baş vermişdir. Təhsil sahəsi genişlənmiş, ali təhsil, elmi tədqiqat müəssisələri təşkil edilmiş və bir çox digər işlər görülmüşdür. Bütün bunları rus xalqının nümayəndələrinin, rus ziyalılarının mədəniyyət xadimlərinin, incəsənət xadimlərinin köməyi ilə əldə edə bilmişik. Bunların hamısı Azərbaycan xalqının ümumbəşəri dəyərlərdən, Avropa dəyərlərindən bəhrələnməsində və Azərbaycanda dünyəvi cəmiyyətin qurulmasında olduqca böyük rol oynamışdır. Ötən əsr ərzində Azərbaycanda iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının inkişafı, bütün həyatın yenidən qurulması Rusiya ilə, Rusiyadan, Rusiya mütəxəssislərindən aldığımız köməklə sıx bağlıdır. Yəqin Rusiyada bunu qiymətləndirirlər ki, Rusiyanın və bütün Sovetlər İttifaqının iqtisadiyyatının inkişafında, sənayenin inkişafında, sənayeləşdirmədə Azərbaycan nefti öz rolunu oynamışdır. Biz iftixarla deyirik ki, Azərbaycan neftçiləri Rusiya Federasiyasının və o vaxtkı bütün Sovetlər İttifaqının müxtəlif regionlarında bir çox neft və qaz yataqlarının aşkara çıxarılmasının fəal iştirakçıları olmuşlar.

Bütün bunlar tarixin ayrı-ayrı faktlarıdır. Bu gün isə bizim üçün ən başlıcası odur ki, Sovetlər İttifaqının süqutundan sonra müstəqil dövlətlər yaranmış və Rusiya Federasiyası öz suverenliyini elan edərək demokratiya, bazar iqtisadiyyatı prinsiplərini həyata keçirməyə, iqtisadi, sosial islahatlar aparmağa başlamışdır. Bu, keçmişdə Sovetlər İttifaqının tərkibinə daxil olmuş indiki digər müstəqil dövlətlər üçün nümunə olmuşdur. Biz bunu yüksək qiymətləndiririk ki, Rusiya dövlətin, ictimai həyatın demokratikləşdirilməsi, bazar iqtisadiyyatının inkişafı, azadlıq - söz azadlığı, mətbuat azadlığı prinsiplərinin bərqərar edilməsi yolu ilə gedir. Bunlar Azərbaycanda da həyata keçirilir. Bu proseslər bizdə bir qədər mürəkkəb, çətin getmişdir. Biz hələlik demokratiyanın inkişaf etdirilməsinin, iqtisadi islahatlar aparılmasının, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunmasının hamar yoluna çıxa bilmişik.

İndi müstəqil dövlət olan Azərbaycan Rusiya Federasiyası ilə bütün sahələrdə bərabər hüquqlar əsasında sıx dostluq münasibətləri saxlayır və əməkdaşlıq edir. Bu, həyatda, Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük tarixində yeni mərhələdir. Bu, heç də sadə olmayan, mürəkkəb yoldur. Biz hamımız bu, dövrün çətinliklərinə məruz qalmışıq. Lakin bununla yanaşı, bu çətinliklər bütün sahələrdə daha sıx əməkdaşlıq etmək, əlaqələri möhkəmləndirmək, qarşılıqlı münasibətləri dərinləşdirmək və genişləndirmək zərurətini qarşıya çıxarır.

Bugünkü danışıqlar və imzalanmış sənədlər də aydın göstərir ki, biz doğru yoldayıq və əməkdaşlığımızı daha da inkişaf etdirmək, Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluğu möhkəmlətmək yolu ilə gedirik. Rusiya prezidentinin və Azərbaycan prezidentinin imzaladıqları Bakı bəyannaməsi böyük əhəmiyyətə malikdir. Bəyannamədə qarşılıqlı münasibətlərimizin yeni prinsipləri öz əksini tapmışdır, başlıcası isə, o, Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq prinsiplərinin yeni səviyyəyə çıxmasını şərtləndirir. Biz bu sənədi yüksək qiymətləndirir və hesab edirik ki, o, münasibətlərimizin daha da genişlənməsi və dərinləşməsi üçün zəmindir. İmzalanmış sənədlər arasında Xəzər dənizində əməkdaşlıq haqqında birgə bəyanatın çox böyük əhəmiyyəti var. Bu, hər bir ölkənin milli mənafelərinə qeyd-şərtsiz riayət edilməsi əsasında bütün Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün yol açır. İqtisadi xarakterli digər sənədlərin də bizim üçün əhəmiyyəti böyükdür. Ən başlıcası isə hörmətli Vladimir Vladimiroviçlə ölkələrimizin qarşılıqlı münasibətləri ilə bağlı, demək olar, bütün məsələlər barəsində, regionumuza və beynəlxalq həyata aid bütün məsələlər barəsində təkbətək söhbətimizdir. Böyük məmnunluqla demək istəyirəm ki, biz mövqelərin, baxışların uyğun gəldiyini, qarşılıqlı anlaşma olduğunu, ən başlıcası isə, əməkdaşlığımızı daha da dərinləşdirmək və inkişaf etdirmək, dostluğumuzu möhkəmlətmək arzusu olduğunu aşkara çıxardıq.

Qafqazda problemlərimiz çoxdur. Bu məsələ danışıqlarımızda xüsusi yer tuturdu. Əlbəttə, Qafqazdakı bütün problemlərin bizim üçün əhəmiyyəti var, o mənada ki, bizə dinc Qafqaz gərəkdir. Qafqazın bütün ölkələrində ictimai-siyasi vəziyyətin sabit olması, Qafqaz ölkələrinin öz aralarında lazımi səviyyədə əməkdaşlıq etməsi gərəkdir. Lakin Ermənistanla Azərbaycan arasında münaqişənin - Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu münaqişədən bütün Qafqaz əzab-əziyyət çəkir, ondan Azərbaycan əzab-əziyyət çəkir, ondan Ermənistan əzab-əziyyət çəkir. O, regionumuzun iqtisadiyyatının inkişafında bir çox imkanlarımızdan istifadə edilməsini ləngidir. Rusiya bu problemlə münaqişənin lap başlanğıcından məşğul olur. Hələ 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmazdan əvvəl Rusiya bu problemlə məşğul olmuşdur. Bütün dövr ərzində Rusiya bu prosesin iştirakçısıdır. Üstəlik, artıq neçə illərdir ki, o, Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədridir.

Bu gün biz münaqişənin dincliklə nizama salınması məsələsini müzakirə etdik. Biz sülh mövqelərində, Qafqazda sülhün bərqərar edilməsi mövqelərində, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması mövqeyində qəti şəkildə dayanmışıq. Əlbəttə, bütün beynəlxalq hüquq normalarına, xüsusən ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı prinsipinə əməl edilməsi şərti ilə. Odur ki, bu gün imzaladığımız sənəd çox mühümdür, orada həmin prinsiplər özünün tam əksini tapmışdır.

Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiyanın roluna bizdə, Azərbaycanda böyük ümidlər bəsləyirlər. Mən böyük məmnunluq hissi ilə demək istəyirəm: bu gün Vladimir Vladimiroviç mətbuat konfransında bəyan etdi ki, Rusiya öz səylərini gücləndirməyi lazım bilir. Rusiya bu məsələnin sülh yolu ilə həlli mövqelərində qəti şəkildə dayanmışdır. Açığını desək, bu, ümid və inam yaradır ki, həmin məsələni həll etmək, özü də tezliklə həll etmək olar.

Biz başa düşürük ki, bu, mürəkkəb münaqişədir. Qarşılıqlı güzəştlər lazımdır. Hesab edirik ki, bu güzəştlər həm Ermənistan tərəfindən, həm də Azərbaycan tərəfindən olmalıdır. Rusiya beynəlxalq həyatda, Qafqazda, ölkələrimizin hamısında böyük nüfuza malikdir və şübhəsiz, bu problemin aradan qaldırılmasında həlledici rol oynaya bilər. Biz bu ümidlə yaşayırıq və yaşayacağıq. Ümidvarıq ki, münaqişə sülh yolu ilə aradan qaldırılacaq. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlar azad ediləcək, bir milyon qaçqın öz doğma torpaqlarına qayıdacaq və Azərbaycanla Ermənistan arasında sülh yaranacaqdır.

Biz bilirik ki, Rusiyada da olduqca çox problem var, Sovetlər İttifaqının süqutundan sonra uzun müddət Rusiyada həyat rəvan olmamışdır. Çətinliklər, problemlər olmuşdur. Biz, müstəqil dövlətlər, - mən Azərbaycanı və keçmişdə Sovetlər İttifaqının tərkibinə daxil olmuş indiki digər müstəqil dövlətləri nəzərdə tuturam, - həmişə Rusiyanı əsas götürmüşük və bu illər ərzində də əsas götürmüşük. Biz Azərbaycanda həmişə hesab etmişik və hesab edirik ki, Rusiyanın iqtisadi və sosial inkişafının yüksək səviyyəsi, Rusiya Federasiyasının sabitliyi, islahatların uğurla aparılması və Rusiyanın uğurlu xarici siyasəti təkcə Rusiya üçün deyil, onu əhatə edən ölkələr üçün, o cümlədən Azərbaycan üçün də böyük əhəmiyyətə malikdir.

Bu gün biz Rusiyada gedən prosesləri, müsbət prosesləri böyük fərəh hissi ilə müşahidə edirik. Rusiya Federasiyası dövlətçiliyinin möhkəmlənməsindən, söhbət terrorizm, ekstremizm, təcavüzkar separatizm ilə mübarizədən gedir. Beynəlxalq məsələlərin həllində Rusiyanın rolunun artmasından söhbət gedir. Rusiya böyük ölkədir. Onun çox böyük imkanları var. Buna görə də Rusiya xüsusən müasir dövrdə bir çox beynəlxalq məsələlərin həllində haqlı olaraq mühüm rol oynamalıdır.

Deməliyəm ki, Rusiyada xarici siyasətdə də, daxili siyasətdə də, dövlətçiliyin möhkəmləndirilməsində də baş verən müsbət dəyişikliklər bizi bu mənada sevindirir. Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin bütün bunlarda olduqca böyük rolu var. Biz hamımız görürük və bu, artıq real bir faktdır ki, Vladimir Vladimiroviç Putin Rusiyanın prezidenti seçildikdən sonra Rusiyada və ölkənin daxilində çox ciddi və sürətli dəyişikliklər baş verir. Beynəlxalq həyatda da Rusiyanın siması tamamilə başqa şəkil alır, o, təbii olaraq, böyük əhəmiyyət kəsb edir.

Buna görə biz alqışlayırıq ki, bu gün Rusiya Federasiyasında prezident Vladimir Vladimiroviç Putin bütün cəmiyyəti sıx birləşdirir, dövlətçiliyi möhkəmləndirir, dinamik xarici siyasət aparır və konkret xarici siyasət tədbirləri həyata keçirir.

Bir prezident kimi və bir insan kimi Vladimir Vladimiroviçə böyük rəğbət bəsləyirəm. Şübhəsiz ki, hər bir insanın öz mövqeləri, öz rəyləri var. Vladimir Vladimiroviç Putin özünün bütün fəaliyyəti ilə, bütün problemlərə realistcəsinə yanaşması, öz sadəliyi ilə, MDB ölkələri və digər ölkələrlə ədalətli münasibətlər qurmağa çalışması ilə qısa müddət ərzində böyük nüfuz qazanmışdır. O, Rusiyada da, bütün MDB ölkələrində də böyük nüfuz qazanmışdır. Artıq dünyada da böyük nüfuz qazanmışdır.

Bir daha demək istəyirəm ki, Rusiyada vəziyyətin sabitliyi, iqtisadiyyatın, sosial sahənin inkişafı, Rusiyanın beynəlxalq mövqelərinin möhkəmlənməsi Rusiyanı əhatə edən bütün ölkələr üçün, - mən hər şeydən əvvəl öz adımdan, Azərbaycanın adından danışıram, bu böyük əhəmiyyətə malikdir.

Bu baxımdan Vladimir Vladimiroviç qısa müddət ərzində bütün lazımi keyfiyyətləri nümayiş etdirmiş və ona görə də Rusiyada böyük nüfuz qazanmışdır. Xətrinizə dəyməsin, yaxın keçmişdə Rusiya rəhbərliyinin nüfuzu yüksək deyildi. Əslinə qalsa, bu, müxtəlif proseslərin baş verməsinin səbəblərindən bəlkə də biri idi. Vladimir Vladimiroviç qısa müddət ərzində nümayiş etdirə bilmişdir ki, milləti, cəmiyyəti necə sıx birləşdirmək olar, dövlətçiliyi necə möhkəmləndirmək olar və uğurlu daxili və xarici siyasəti necə həyata keçirmək olar.

Biz gileylənirdik ki, Rusiya prezidentinin müstəqil Azərbaycana indiyədək səfəri olmayıbdır, budur, artıq vaxt çatmış və Rusiya prezidenti Vladimir Vladimiroviç Putin Azərbaycana gəlmişdir. O, müasir təfəkkürə, müasir baxışlara malik tamamilə yeni rəhbər tipini təcəssüm etdirir, ən başlıcası isə, bütün xalqlara, bütün dövlətlərə çox hörmətcil münasibət bəsləyir. Ona görə də, Vladimir Vladimiroviç, siz Azərbaycanda böyük nüfuza maliksiniz və dünyada çox məşhurlaşmısınız. Bu isə Rusiya Federasiyasının daha güclü inkişafı üçün zəmindir və əlbəttə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi və genişlənməsi üçün olduqca böyük əhəmiyyətə malikdir.

Vladimir Vladimiroviç, bu gün siz məni Rusiyaya rəsmi səfərə dəvət etdiniz. Çox sağ olun, təşəkkür edirəm. Mən bu dəvətdən mütləq istifadə edəcəyəm, ümumiyyətlə, Vladimir Vladimiroviç Rusiya prezidenti seçildikdən sonra bizim çox görüşlərimiz, söhbətlərimiz, çox danışıqlarımız olmuşdur, onlar uzun illər ərzində Rusiyanın rəhbərləri ilə bəlkə də olmamışdır.

Ona görə də bu səfər bizim üçün önəmlidir, o, çox böyük əhəmiyyətə malikdir. Ölkəmizə gəldiyinizə görə mən sizə bir daha və yenidən təşəkkür edirəm. Biz bir çox məsələləri müzakirə edə və bir sıra sənədlər imzalaya bildik.

Mən Rusiya Federasiyasının şərəfinə, rus xalqının şərəfinə, Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluğun şərəfinə, rus xalqı ilə Azərbaycan xalqı arasında dostluğun şərəfinə, Rusiyanın layiqli prezidenti, Rusiya dövlətinin başçısı hörmətli Vladimir Vladimiroviç Putinin şərəfinə badə qaldırmağı təklif edirəm. Sağ olun!

"Azərbaycan" qəzeti, 10 yanvar 2001-ci il.