"Rusiya Prezidenti Vladimir Putinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi" (Bakı, 9 yanvar 2001-ci il) sənədinə tarixi arayış


2000-ci ildə Rusiyanın prezidenti seçilmiş Vladimir Putinin prezidentliyi dövründə Azərbaycan-Rusiya münasibətlərinin nisbətən ziddiyyətli mərhələdən müəyyən qədər normal xarakterli əməkdaşlığa keçidi daha da sürətlənib. Bunun əsas göstəricilərindən biri kimi Vladimir Putinin ilk Rusiya prezidenti olaraq 9-10 yanvar 2001-ci ildə Azərbaycana rəsmi səfərə gəlməsi olub. (Əli Həsənov, Müasir beynəlxalq münasibətər və Azərbaycanın xarici siyasəti, "Azərbaycan" nəşriyyatı, Bakı-2005, s. 557-559)

Bu səfər zamanı Putinlə Azərbaycan Prezidenti Heydər Əliyev arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər regional, beynəlxalq məsələlərə dair təkbətək söhbət aparılıb. Heydər Əliyev müsahibələrindən birində bu danışıqların dörd saata qədər çəkdiyini söyləyib. (www.izvestia.ru)

Putinin Azərbaycana səfəri zamanı qarşılıqlı əməkdaşlığı nəzərdə tutan müxtəlif sahələrə dair müqavilələr imzalanıb. Onlardan ən əhəmiyyətliləri ikitərəfli münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlıq haqqında bəyanat hesab olunur. Birinci sənəddə qarşılıqlı əməkdaşlıqda dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, münaqişələrin dinc yolla həlli prinsipləri əks olunub. Xəzər dənizi ilə bağlı müqavilə ikitərəfli formada Xəzərə aid bütün məsələlərin danışıqlar yolu ilə beynəlxalq normalara uyğun həllini nəzərdə tutur. Bu razılaşma Rusiya və Azərbaycan arasında Xəzər dənizinin sektorlar üzrə bölünməsinə imkan yaradıb. (www.pda.lenta.ru)

Azərbaycan Prezidenti Heydər Əliyev 9 yanvar 2001-ci ildə Vladimir Putinin səfəri münasibətilə keçirilən rəsmi qəbulda Rusiya dövləti, onun Azərbaycanla son dövrdə münasibətləri və Putinin fəaliyyəti barədə yüksək fikirlər bildirib. O, Rusiyanın mürəkkəb problem olan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında həlledici təsir göstərə biləcəyini də bəyan edib.

Heydər Əliyev həmin çıxışında Rusiya və Azərbaycan arasında demək oar ki, bütün məsələlərə aydınlıq gətirildiyini bildirib. Vladimir Putin xüsusilə ziddiyyətli məsələ olan Ermənistana silah ötürülməsi hadisəsini keçmiş SSRİ dövründən qalan silah-sursatın bölgüsü ilə əlaqələndirib.

Azərbaycanın dövlət başçısı Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin Heydər Əliyevin 2002-ci ilin ynvarında və iyununda Rusiya səfərləri zamanı da görüşüblər. Birinci səfər zamanı iqtisadi xarakterli sazişlər bağlanıb. İkinci səfərdə isə dövlət başçıları Sankt-Peterburqda Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışında iştirak ediblər.(www.polit.ru/www.izvestia.ru)

İlham Əliyevin prezidentliyi dövründə də Rusiya ilə əməkdaşıq münasibətləri davam etdirilib. O, 2004-cü ildə Rusiyaya, Vladimir Putin isə 2006-cı ildə Azərbaycana səfər edib. İlham Əliyev və Vladimir Putinin Bakıda anadan olmuş məşhur musiqiçi Mstislav Rostropoviçin 2007-ci ilin martında Moskvada keçirilən yubileyi zamanı ayrıca görüşü keçirilib. Tərəflər istənilən fürsətdən istifadə edib ikitərəfli əməkdaşlıqla bağlı danışıqlar aparmağa hazır olmalarını münasibətlərin yaxşı səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər. (www.day.az)

2007-ci ilin aprelində Azərbaycanda Cənubi Qafqaz rusları təşkilatlarının regional konfransı keçirilib. Azərbaycan prezidenti İlham Əliyev konfrans iştirakçılarını qəbul edib və onlarla söhbətində bu tədbirin məhz Azərbaycanda keçirilməsini Azərbaycan-Rusiya münasibətlərinə xidmət etdiyini bildirib. İlham Əliyev Cənubi Qafqazda ən böyük rus icmasının Azərbaycanda yaşamasını əlamətdar hal hesab etdiyini deyib. ("Azərbaycan" qəzeti, 13 aprel, 2007)

2008-ci ildə Rusiya Federasiyasının yeni prezidenti seçilən Dmitri Medvedev ilk xarici səfərlərindən birini Azərbaycana edib. 2008-ci il iyulun 4-də rəsmi səfərlə Azərbaycana gələn Rusiya prezidenti Medvedev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında münasibətllərin dostluq, mehriban qonşuluq və strateji əməkdaşlıq prinsipinə əsaslandığı qeyd olunub. Həmçinin, Azərbaycanın Qafqazda Rusiya üçün strateji tərəfdaş olduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin geniş tərkibdə görüşündan sonra Rusiya - Azərbaycan sənədlərinin imzalanma mərasimi olub. Əvvəlcə dövlət başçıları Dostluq və strateji əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Bundan başqa iki dövət arasında "Dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Memorandum", "Gömrük hüquq pozuntularına qarşı mübarizədə əməkdaşlıq haqqında Saziş", "Tranzit yüklərin salamatlığının təmin edilməsi haqqında Memorandum" və "Arxivlər sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Tarixi arayış 9 iyul 2008-ci ildə yeniləşdirilib.