Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pekin İctimai Elmlər Akademiyasında çıxışı - 9 mart 1994-cü il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar, hörmətli dostlar!

Hədsiz xoşbəxtəm ki, Pekində mənə sizinlə - İctimai Elmlər Akademiyasının alimləri, mütəxəssisləri, əməkdaşları ilə görüşmək imkanı verilmişdir. Həm də şadam ki, mən belə nüfuzlu və yüksək səviyyəli auditoriya qarşısında çıxış edirəm. Mənə yaxşı məlumdur, bunu ölkəmizdə, Azərbaycanda da bilirlər ki, 1949-cu ildə Çin inqilabı həyata keçirildikdən sonrakı dövrdə Çində böyük sosial-iqtisadi dəyişikliklər baş vermiş, həmin dövrdə ictimai elmlər güclü inkişaf etmişdir. Həm də akademiya ÇXR-də ictimai elmlər mərkəzidir. Bu gün bizə buraya gəlmək xoşbəxtliyi nəsib olmuşdur.

Siz Çində nəinki ictimai elmlərin inkişafına ciddi töhfə vermisiniz, həm də bəşəriyyətin inkişaf prosesləri haqqında elmi və cəmiyyəti yeni tədqiqatlarla, yeni müddəalarla zənginləşdirmisiniz. Çin alimlərinin ictimai elmlər sahəsində tədqiqatlarını, sizin ölkənizin inkişafının da və şübhəsiz, bütün dünyanın ictimai-siyasi inkişafının da müxtəlif mərhələlərində çıxarılan çox maraqlı müddəaları bu yaxınlaradək tərkibində olduğumuz keçmiş Soveq İttifaqında da həmişə böyük maraq və diqqətlə izləyirdilər. Mən sizə və ictimai elmlər sahəsində çalışan bütün mütəxəssislərə, dünya elminə olduqca böyük töhfə verən və təbii ki, ÇXR-in mövcudluğunun 45 ili ərzində edilmiş dəyişikliklərlə mühüm rol oynayan bütün Çin alimlərinə öz ehtiramımı bildirirəm.

Çin xalqı böyük xalqdır, Çin böyük ölkədir. Biz də böyük məmnunluq hissi ilə qeyd edirik ki, inqilabdan sonra ÇXR-in mövcud olduğu illər ərzində Çin xalqı dünya birliyində layiqli yer tutmuş, Çin Xalq Respublikası bütün dünyada böyük beynəlxalq nüfuz qazanmışlır və dünya miqyasında ictimai-siyasi inkişaf proseslərinə olduqca böyük təsir göstərir.

Çin ilə Azərbaycan arasında münasibətlər bu yaxınlarda yaradılmışdır. Belə ki, bildiyiniz kimi, Azərbaycan Sovet İttifaqının tərkibinə daxil idi və öz dövlət müstəqilliyini iki il bundan əvvəl, Sovet İttifaqı dağıldıqdan sonra əldə etmişdir. Bu müddət ərzində ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmışdır, ticarət-iqtisadi əlaqələr inkişaf edir. Buna görə də biz tam əsasla deyə bilərik ki, Çin Xalq Respublikası ilə müstəqil Azərbaycan Respublikası arasında dostluq münasibətləri yaranmışdır. Əslinə qalsa, mənim ÇXR-ə rəsmi səfərim və bizim burada keçirdiyimiz görüşlər və apardığımız danışıqlar da həmin münasibətlərdən irəli gəlir.

Biz Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszemin, dövlət Şurasının baş naziri cənab Li Pen ilə görüşlər və danışıqlar zamanı dövlətlərarası münasibətlərimizlə bağlı bir çox məsələləri müzakirə etmişik. Biz Çin ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının perspektivlərini müəyyənləşdirən mühüm sənədlər imzalamışıq. Çin Xalq Respublikasının sədri və mən ölkələrimiz arasında əməkdaşlığın prinsipləri haqqında bəyannamə imzalamışıq. Bu sənəd dostluq əlaqələrimizin gələcək inkişafının proqramıdır.

İqtisadi, elmi-texniki, mədəni əməkdaşlığın müxtəlif məsələlərinə dair daha yeddi sənəd imzalanmışdır. Bütün bunlar Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi deməkdir. Səfərimiz başa çatır. Bu gün biz Şanxaya yola düşürük, sabah isə Vətənə qayıdacağıq. Demək istəyirəm ki, səfərimizin nəticələrindən, burada olmağımızdan son dərəcə məmnun qalmışıq. Biz Vətənə xoş əhval-ruhiyyə ilə qayıdırıq. Pekində, ümumən Çin Xalq Respublikasında olduğumuz zaman qarşılaşdığımız səmimiyyəti və qonaqpərvərliyi xüsusilə qeyd etmək istəyirəm.

Zənnimcə, ictimai elmlər sahəsində çalışan mütəxəssislər kimi, siz keçmiş Sovet İttifaqında baş vermiş, həmin İttifaqın dağılmasına və onun ərazisində müstəqil dövlətlərin yaranmasına gətirib çıxarmış prosesləri, habelə, təbii ki, Azərbaycanda, Zaqafqaziyada, Qafqaz regionunda baş vermiş və də davam edən prosesləri yaxşı təsəvvür edirsiniz. Bununla belə, sizə qısaca olaraq öz ölkəmiz haqqında - Azərbaycan Respublikası barədə danışmaq istərdim.

Yenidənqurma deyilən dövrdə keçmiş Sovet İttifaqında gedən proseslər, sizə məlum olduğu kimi, çox mürəkkəb, ziddiyyətli proseslər idi və o zaman gözlənilən nəticələri vermədi. Sovet İttifaqının dağılması və yeni müstəqil dövlətlərin yaranması son onilliklər ərzində keçmiş SSRİ-də və bütün dünyada baş verən ictimai-tarixi proseslərin qanunauyğun nəticəsidir.

Bunun nəticəsində Azərbaycan xalqı bir çox onilliklər ərzində can atdığı dövlət istiqlaliyyətinə nail olmuşdur. Azərbaycan dünya birliyi tərəfindən tanınmış müstəqil dövlət, Birləşmiş Millətlər Təşkilatının, başqa beynəlxalq təşkilatların üzvüdür. Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir. Biz çalışırıq və gələcəkdə də çalışacağıq ki, Azərbaycan indən belə heç vaxt hər hansı başqa ölkənin vassalı və ya bir hissəsi olmasın. Bundan ötrü hər cür şərait və imkan var, baxmayaraq ki, yolumuz üzərində çətinliklər və maneələr də az deyildir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan xalqı öz istiqlaliyyətinin əldən getməsinə heç vaxt yol verməyəcəkdir.

Azərbaycan kifayət qədər iqtisadi potensiala, zəngin yeraltı və yerüstü sərvətlərə, güclü intellektual, elmi-texniki potensiala malikdir. Respublikamızın çox əlverişli coğrafisiyasi mövqeyi var, bildiyiniz kimi, Azərbaycan Avropa və Asiyanın qovuşuğunda yerləşir, Rusiya, İran, Türkiyə və hazırda müstəqil dövlət olan Gürcüstanla və müharibə vəziyyətində olduğumuz - bu barədə sonra danışacağam -Ermənistanla həmsərhəddir. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün şərait yaradır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan çox zəngin tarixi olan qədim ölkədir, Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli töhfə vermişdir. Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti qədim dövrlərdən başlayaraq Şərqdə, həm də təkcə Şərqdə deyil, habelə Qərbdə, Avropada da məlumdur. Bütün bunlar bizim bugünümüz və gələcəyimiz üçün etibarlı bünövrə yaradır.

Keçmişdə, orta əsrlərdə və sonralar Azərbaycan dünyanın bir çox ölkəsi ilə sıx ticarət-iqtisadi və mədəni əlaqələr saxlamışdır. Hələ XII-XIII əsrlərdən başlayaraq Çinlə də belə əlaqədər olmuşdur. Böyük ipək yolu Azərbaycandan keçirdi, buraya Çin tacirləri də gəlirdi. Bir sözlə, Avropa ilə Asiyanı birləşdirən yolların qovuşuğunda yerləşən Azərbaycan ta qədimdən həm Şərqlə, həm də Qərblə bağlı olmuşdur. Bir daha deyirəm ki, bütün bunlar bizim zəngin keçmişimizdən, ənənələrimizdən, imkanlarımızdan xəbər verir, göstərir ki, Azərbaycan də müstəqil dövlət kimi yaşaya bilər.

Bu gün daxili siyasətdə fəaliyyətimizin əsas istiqaməti şəxsiyyət azadlığını, sərbəst sahibkarlığı, təşəbbüskarlığı təmin etmək əsasında, insan hüquqlarının qorunmasına möhkəm zəmanət verilməsi, siyasi plüralizmi, çoxpartiyalı sistemi təmin etmək zəminində demokratik hüquqi dövlət, demokratik cəmiyyət qurmaqdır. İqtisadiyyat sahəsində biz bazar iqtisadiyyatı yolunu tutmuşuq.

Aydındır ki, bütün bunlar heç də sadə proseslər olmayıb, çoxlu çətinliklərlə qarşılaşır. Lakin biz əminik ki, Azərbaycan özünün daxili həyatını həmin prinsiplər üzərində quracaqdır.

Xarici siyasət sahəsində Azərbaycan dünyanın bütün ölkələri ilə, lakin ilk növbədə qonşu dövlətlərlə və əməkdaşlığın konkret praktiki nəticələr verə biləcəyi ölkələrlə dostluq, bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı münasibətlər yaratmaq prinsiplərini həyata keçirir. Bununla əlaqədar Azərbaycan Çin Xalq Respublikası ilə mehriban münasibətlər və ticarət-iqtisadi, elmi-texniki, mədəni əlaqələr yaratmağa, daha doğrusu, bunları inkişaf etdirməyə böyük əhəmiyyət verir. Məhz bu məqsədlə biz dəvəti qəbul edərək Çinə gəlmişik. Bizim buraya gəlməyimiz, keçirdiyimiz görüşlər və aparlığımız danışıqlar bizi əmin edir ki, həm Çin, həm də Azərbaycan milli mənafeləri və təbii ki, dünya birliyini möhkəmləndirmək mənafelərini əsas tutaraq qarşılıqlı addım atır.

Cəmi iki il bundan əvvəl istiqlaliyyət qazanmış Azərbaycan dünyanın bir çox ölkəsi ilə diplomatik münasibətlər yaratmışdır, müxtəlif beynəlxalq təşkilatların fəaliyyətində iştirak edir. Lakin bu, yalnız başlanğıcdır. Əlbəttə, biz beynəlxalq fəaliyyətimizi genişləndirməyə, başqa ölkələrlə əlaqələri inkişaf etdirməyə səy göstəririk və bundan sonra da səy göstərəcəyik.

İctimai elmlər sahəsində çalışan mütəxəssislər kimi, siz qədim tarixə malik, son dərəcə çoxmillətli, özünəməxsusluğu və çoxsaylı mürəkkəb ziddiyyətləri olan Qafqazın, o cümlədən Zaqafqaziyanın nə demək olduğunu yaxşı bilirsiniz. Zaqafqaziyada keçmiş Sovet İttifaqının üç respublikası, müstəqil dövlətlər olan Gürcüstan, Azərbaycan və Ermənistan yerləşir. Gürcüstanla bizim normal dostluq münasibətlərimiz var. Ermənistanla isə, təəssüf ki, müharibə vəziyyətindəyik. Altıncı ildir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edir. Bu hərbi münaqişə barədə hər yerdə, o cümlədən də Çində doğru-düzgün, həqiqi təsəvvürün olması mühümdür. Həqiqət isə bundan ibarətdir ki, qonşu Ermənistan Azərbaycanın bir hissəsini - təkcə ermənilərin deyil, həm də azərbaycanlıların yaşadıqları Dağlıq Qarabağı özünə birləşdirməyə cəhd göstərir.

Altı ilə yaxındır ki, Ermənistan müharibəyə başlamışdır, bundan da məqsəd məhz Dağlıq Qarabağı Azərbaycandan qoparmaq və Ermənistana birləşdirməkdir, Azərbaycan xalqı isə, şübhəsiz, bununla heç cür razılaşa bilməz. Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir. Lakin oranın əhalisinin bir hissəsini ermənilər təşkil etməsi ilə əlaqədar 1923-cü ildə Azərbaycanın tərkibində muxtar vilayət yaradılmışdı. Həmin vilayət ötən illərdə Azərbaycan Respublikasının və əlbəttə ki, bütün Sovet İttifaqının tərkibində müvəffəqiyyətlə inkişaf edirdi. Dağlıq Qarabağda əhalinin 70 faizə qədəri ermənilər, 30 faizi isə azərbaycanlılar idi. Onun ərazisi çox da böyük deyildi, təxminən 4 min kvadratkilometr idi. Ermənistanın millətçi dairələri, sonra isə Ermənistan Respublikasının rəhbərliyi də Dağlıq Qarabağda müəyyən sayda ermənilərin yaşamasını əsas tutaraq Azərbaycan ərazisinin bu hissəsini ondan qopararaq Ermənistana birləşdirməyi qarşılarına məqsəd qoymuşlar.

Həmin münaqişə bu cür başladı. Əlbəttə, münaqişə hələ o zaman, vahid dövlət olan Sovet İttifaqının çərçivəsində aradan qaldırıla bilərdi. Doğrudur, hansısa qüvvələr buna mane oldular. İndi, Ermənistan və Azərbaycan müstəqillik qazandıqdan sonra həmin məsələni dövlətlərarası zəmində, beynəlxalq hüquq prinsipləri əsasında, beynəlxalq təşkilatların iştirakı ilə həll etmək lazımdır. Biz buna çalışırıq. Lakin Ermənistan tərəfi müvəqqəti hərbi üstünlüyündən istifadə edərək öz niyyətlərini zorakılıq yolu ilə, silah gücünə həyata keçirməyə cəhd göstərir və son illər ərzində Ermənistan tərəfi Azərbaycan ərazisinin 20 faizə qədərini işğal etmişdir.

Azərbaycan bu məsələni sülh yolu ilə, danışıqlar vasitəsilə həll etməyə çalışır. Biz BMT Təhlükəsizlik Şurasının, ATƏM-in, onun Minsk qrupunun və başqa beynəlxalq təşkilatların imkanlarından, münaqişənin sülh yolu ilə aradan qaldırılmasında rol oynaya biləcək böyük dövlətlərin imkanlarından istifadə edirik və bundan sonra da istifadə edəcəyik, lakin bir şərtlə - işğalçı erməni qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalı, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır.

Əgər həmin tədbirlər bir nəticə verməsə, Azərbaycan özünün hərbi imkanlarından istifadə edərək ölkənin ərazi bütövlüyünü, dövlətin müstəqilliyini və suverenliyini, sərhədlərinin toxunulmazlığını müdafiə edə biləcəkdir. Çin rəhbərləri ilə görüşlər və söhbətlər zamanı biz bu məsələyə münasibətdə Çin Xalq Respublikasının və onun rəhbərliyinin prinsipial, ədalətli mövqeyi ilə bir daha məmnuniyyətlə tanış olduq. Bu mövqe onu əsas tutur ki, hər hansı dövlətin, o cümlədən də Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, bu beynəlxalq hüququn sarsılmaz prinsipidir, bir dövlətin başqa dövlətin ərazi bütövlüyünə qəsd etməsinə yol vermək olmaz. Sərhədlərin toxunulmazlığı da sarsılmaz prinsipdir və sərhədləri silah gücünə dəyişdirmək cəhdi yolverilməzdir.

Bu mövqe BMT Təhlükəsizlik Şurasının iclaslarında da bildirilmiş və burada, Pekində Çin rəhbərləri ilə görüşlər və söhbətlər zamanı bir daha təsdiq edilmişdir. Heç də az əhəmiyyəti olmayan daha bir cəhəti qeyd etmək istəyirəm. Azərbaycan çoxmillətli dövlətdir, milli mənsubiyyətindən asılı olmayaraq onun bütün vətəndaşları bərabər hüquqlara malikdirlər. Dağlıq Qarabağın erməni əhalisi barədə də mövqeyimiz eynidir, biz onların təhlükəsizliyinə və bütün vətəndaş hüquqlarından istifadə etmələrinə tam təminat veririk. Dediyim kimi, vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayət idi və biz də orada erməni milli azlığı üçün muxtariyyət verilməsinin mümkünlüyü prinsipini inkar etmirik. Azərbaycan rəhbərliyi bu məsələlərdə məlum beynəlxalq prinsipləri əsas tutur. Belə hesab edirəm ki, Azərbaycan haqqında, onun bugünkü vəziyyəti, gənc müstəqil Azərbaycan dövlətinin qarşısında duran problemlər barədə verdiyim bu informasiya sizin üçün maraqlıdır. Əgər suallarınız olarsa, məmnuniyyətlə cavab verə bilərəm.

Sual: Cənab prezident, maraqlı söhbətinizə görə sağ olun. Mən İctimai Elmlər Akademiyasının Orta Asiya və Şərqi Avropa Elmi Tədqiqat İnstitutunun əməkdaşıyam. Sualım Rusiyanın Zaqafqaziyadakı rolu ilə bağlıdır. Hamıya məlumdur ki, Rusiya Zaqafqaziyada gedən proseslərdə fəal iştirak edir. Siz bu proseslərdə Rusiyanın rolunu necə şərh edərdiniz?

İkinci sual: Rusiyadakı ekstremist, millətçi meyllərin inkişafını bütün dünya böyük diqqətlə izləyir, çünki belə hesab edirlər ki, Rusiya keçmiş Sovet İttifaqı respublnkalarının müstəqilliyini tanımağa hazır deyildir. Millətçilər və ekstremistlər Rusiyanın roluna nə dərəcədə təsir göstərirlər və bu təsir narahatlıq doğururmu?

H. Əliyev: Bilirsiniz ki, Zaqafqaziya, mən Azərbaycan, Gürcüstan və Ermənistanı nəzərdə tuturam, təqribən 200 il ərzində əvvəlcə çar Rusiyasının, sonra isə Sovet İttifaqının tərkibində olmuşdur. Təbii ki, ənənə üzrə Rusiyanın Zaqafqaziya regionunda öz marağı, öz təsiri var. Sizə yəqin məlumdur, Ermənistanın ərazisində Rusiyanın qoşunları və hərbi bazaları yerləşir. Gürcüstan ərazisində də Rusiya qoşunları var, Abxaziya ilə Gürcüstan arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar oraya Rusiya qoşunlarının əlavə kontingenti gətirilmişdir. Bu yaxınlarda Rusiya prezidenti Yeltsin Tbilisidə olarkən hərbi əməkdaşlıq haqqında Gürcüstan ilə Rusiya arasında saziş də imzalanmışdır.

Azərbaycanda xarici dövlətlərin, o cümlədən də Rusiyanın qoşunları yoxdur. Mən qeyd etdim ki, Azərbaycan İran, Türkiyə, Rusiya ilə həmsərhəddir, Zaqafqaziyadakı qonşularımız isə Gürcüstan və Ermənistandır. Lakin Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qaldığına görə, Azərbaycan çətin vəziyyətdədir. Ermənistan bu təcavüzü məhz ona görə uğurla həyata keçirə bilir ki, o, ölkənin hüdudlarından kənardakı müxtəlif dairələrdən kömək alır. Rusiya Zaqafqaziyadakı - Gürcüstandakı, Ermənistan ilə Azərbaycan arasındakı münaqişələrin aradan qaldırılmasında fəal iştirak etməyə səy göstərir. Biz istərdik ki, Rusiyanın səyləri, xüsusən Ermənistan ilə Azərbaycan arasındakı müharibəni başa çatdırmaq və respublikamıza qarşı Ermənistanın təcavüzünü dayandırmaq üçün göstərdiyi səylər daha səmərəli, uğurlu olsun. Rusiyadakı millətçilik meyllərinə və ya əhval-ruhiyyəsinə, sizin dediyiniz kimi, keçmiş Sovet İttifaqının sərhədlərinə nəzarət etmək istəyən ekstremist qüvvələrə gəldikdə isə, belə meyllər var və bunlar keçmiş sovet respublikalarının əsasında yaranmış müstəqil dövlətlər üçün təhlükəlidir. Ümid etmək istərdik ki, hər halda Rusiyada sağlam qüvvələr üstün gələcək və bu meyllər yayılmayacaq, Rusiya keçmiş Sovet İttifaqının bütün respublikaları ilə ağıllı münasibətlər yaratmaq yolu ilə gedəcəkdir.

Diqqətinizə görə, dostcasına səmimi görüş üçün hamınıza təşəkkür edirəm.