Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun şərəfinə Azərbaycan rəhbərliyinin adından təşkil edilən qəbulda nitqi - "Gülüstan" sarayı, 15 iyul 1995-ci il


Hörmətli Vladimir Filippoviç!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Biz Rusiya Federasiyasının parlament nümayəndə heyətini dostluq hissləri ilə qarşıladıq. Bu qısa vaxt ərzində, zənnimcə, səmərəli iş gördük. Elə bir iş ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin gələcək inkişafında öz rolunu oynayacaqdır. Bu gün qonaqlarımızı daha böyük dostluq və hörmət hissləri ilə yola salırıq.

Biz şadıq ki, belə yüksək nümayəndə heyəti gəlmişdir. Şadıq ki, Rusiya Federasiya Şurasının sədri hörmətli Vladimir Filippoviç Şumeyko bu qısa vaxt ərzində bugünkü real həyatımızın bəzi cəhətləri ilə şəxsən tanış ola bilmişdir. Biz şadıq ki, onların burada gördükləri, çox ətraflı söhbətlərimiz zamanı haqqında danışdığımız məsələlər dostlarımızın, Vladimir Filippoviçin və nümayəndə heyətinin başqa üzvlərinin Azərbaycan haqqındakı, onun real vəziyyəti, xüsusən Azərbaycanın artıq yeddi il ərzində məruz qaldığı təcavüzün ağır nəticələri haqqındakı təsəvvürlərini genişləndirir.

Nümayəndə heyəti bu gün yola düşür. Ümidvaram ki, belə yüksək səviyyəli ilk səfər gələcəkdə daha tez-tez görüşməyimizin başlanğıcı olacaqdır. Yeri gəlmişkən deyim ki, biz bu barədə Vladimir Filippoviçlə şərtləşmişik. Yəqin ki, o yenə gələcək, Rusiyanın digər dövlət xadimləri də respublikamıza səfər edəcəklər. Biz açığıq, Azərbaycan xalqının ürəyi genişdir. Biz bütün dünyaya açığıq, bizə dost olan ölkəyə - Rusiyaya açığıq.

Biz dostluq, sülh istəyirik, ədalət istəyirik, səmimi dostluq münasibətləri istəyirik. Elə bu hisslərlə də Vladimir Filippoviçə, nümayəndə heyətinin bütün üzvlərinə müraciət edirəm. Bu hisslərlə də deyirik: Sizə yaxşı yol, rus xalqına, Rusiyaya çoxlu salamlar, sizin ölkənizdəki çoxsaylı dostlarımıza çoxlu salamlar yollayırıq. Təşəkkür edirəm.