Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov başda olmaqla Dumanın nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 22 sentyabr 2002-ci il


Heydər Əliyev: Hörmətli Gennadi Nikolayeviç!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda səmimi salamlayıram və çox şadam ki, Dövlət Dumasının nümayəndə heyəti, nəhayət, Azərbaycan Respublikasına da maraq göstərdi. Mən təkcə nümayəndə heyətini deyil, həm də bütün Dumanı nəzərdə tuturam. Çünki Duma öz sədri hörmətli Gennadi Nikolayeviç başda olmaqla belə mötəbər nümayəndə heyəti ayırmışdır.

Əlbəttə, istərdik ki, bu əlaqələr tez-tez olsun, çünki həyat çox sürətlə dəyişir. Rusiyada da, Azərbaycanda da hər şey inkişafdadır. Dövlətlərin müvafiq strukturları arasında ünsiyyət tez-tez olduqda bu, şübhəsiz, informasiya mübadiləsi aparmağa, ölkəmizin, - mən Azərbaycanı nəzərdə tuturam, - həyatı ilə daha yaxından tanış olmağa imkan verir. Ona görə də, Gennadi Nikolayeviç, imkan tapıb nümayəndə heyəti ilə birlikdə Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm və ümidvaram ki, burada olmağınız Sizə Azərbaycanı daha yaxşı tanımağa imkan verəcəkdir. üstəlik, müqayisə etməyə imkanınız var, axı, Siz burada 6 il əvvəl olmusunuz və bu, çox böyük müddətdir. Mən sizin səfərinizi Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı prosesində daha bir addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu münasibətlər indi çox yüksək səviyyədədir.

Gennadi Seleznyov: Həqiqətən də, ikinci çağırış Dövlət Dumasının nümayəndə heyəti burada axırıncı dəfə 6 il əvvəl olmuşdur. Demək olar ki, o vaxtdan bəri bütöv bir dövr keçmişdir, çünki indi bir neçə il sanki bir ildə keçib gedir, hər şey çox sürətlə dəyişir. Sizə düzünü deyəcəyəm, bu gün biz hava limanından gələrkən və 6 ildən sonra Bakıya baxarkən, mən şəhəri tanımadım. Nə qədər dəyişikliklər, təmizlik, yeni binalar, yeni qəsəbələr var! O vaxt bütün bunlar yox idi və indi görünür ki, əlbəttə, Bakı göz görə dəyişir. Gözəl bulvar daha da yaxşılaşır, deyilənə görə, Siz onun layihəsini bundan sonra da həyata keçirəcəksiniz. Bu gün Bakının küçələrindən keçərkən bunların hamısını görürsən.

Deməliyəm ki, bizim yaxşı parlamentlərarası münasibətlərimiz yaranmışdır. Bizim əlavə imkanımız da var - Tavriya sarayında Parlamentlərarası Assambleyanın sessiyası zamanı ildə azı iki dəfə görüşə bilərik. Biz orada Azərbaycanın parlament nümayəndə heyəti ilə görüşürük, MDB Parlamentlərarası Assambleyası çərçivəsində Qafqaz dördlüyünün görüşünü keçiririk, bu görüşdə Rusiya Federal Məclisinin, Azərbaycan Milli Məclisinin, Ermənistan, Gürcüstan parlamentlərinin sədrləri iştirak edirlər. Bu gün bizi narahat edən problemlər barəsində fəal dialoq aparılır. Bizim buraya bu gün, Sizin Rusiyaya yola düşməyiniz ərəfəsində gəlməyimiz də çox rəmzi oldu. Sabah Siz Moskvada olacaqsınız və prezidentimizlə görüşəcəksiniz, biz isə həmin vaxt burada, Bakıda olacağıq. Bunda da bir məna var. Biz səfərimizin vaxtını xüsusi olaraq bu ərəfəyə salmamışdıq, bu barədə əvvəlcədən razılığa gəlmişdik. Lakin hesab edirəm ki, bunun öz rəmzi mənası var. Bunun özü də, Sizin dediyiniz kimi, indi Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını səciyyələndirən cəhətlərdən biridir.

Belə düşünürəm ki, Sizin Moskvada müzakirə edəcəyiniz mövzular bizim buradakı parlament müzakirələrimizlə uyğun gələcəkdir. Yəqin ki, Siz böyük və prinsipial əhəmiyyətli bir müqavilə imzalayacaqsınız. Biz Xəzər dənizində sərhədi müəyyənləşdirmək barədə, nəhayət ki, bir qərara gəldik. Bu iş neçə illərdir gedir. Qazaxıstanla bizim də, sizin də ikitərəfli müqaviləmiz var, indi sizinlə də olacaqdır.

İndi söz Türkmənistan və İranındır. Əlbəttə, burada məsələ daha mürəkkəbdir, lakin əminəm ki, əvvəl-axır onlarla da razılığa gələcəyik, çünki biz artıq çoxluq təşkil edirik, üç ölkəyik, bu ölkələr Xəzərlə bağlı bütün problemlərin hüquqi qaydada tənzimlənməsini istəyirlər.

Siz bilirsiniz ki, indi bizim Dövlət Dumasında işin qızğın çağıdır, büdcənin müzakirəsinə başlayırıq. Ayın 25-də büdcəni birinci oxunuşda müzakirə edəcəyik. O, ən böyük qanundur, adətən, onun müzakirəsinə təxminən 100 gün gedir, onu 4 oxunuşda müzakirə edirik. Əlbəttə, büdcə ildən-ilə artır. Ancaq biz onu daha möhkəm, mədaxil və məxaricə aid daha yüksək rəqəmlərlə görmək istərdik. Həmin sənədlə əlaqədar əsas mübahisələr - bu və ya digər sahələrin necə maliyyələşdiriləcəyi, hökumətin sərmayə proqramlarının necə maliyyələşdiriləcəyi barədə mübahisələr təxminən 2-ci, 3-cü oxunuşda başlanır. Büdcənin xeyli hissəsini, bizdə deyildiyi kimi, poqonlu adamlar alacaqlar, belə ki, biz çox illər ərzində ordunu əməlli-başlı maliyyələşdirmişdik. Yeni silah-sursat alınmasına da xeyli vəsait buraxılacaqdır. İndi hərbiçilərin əmək haqqı üçün kifayət qədər vəsait ayrılır. Yəni, büdcədə hərbiçilər üçün cari illə müqayisədə daha böyük artım nəzərdə tutulacaqdır. Elm, təhsil sahələri də vəsaitin artırılacağını hiss edəcək, burada da rəqəmlər xeyli yüksəkdir. Lakin təbii ki, sizdə də, bizdə də bir problem var - bu, inflyasiya ilə mübarizə problemidir. Əlbəttə, biz onu bugünkündən daha aşağı səviyyədə görmək istərdik. Zənnimcə, bu, dövlət üçün başlıca məsələdir. Bunun həlli təqdirində rubl da daha dəyərli olar, onun alıcılıq qabiliyyəti də daha sanballı olar. Bax, payızda bu qanunlar müzakirə ediləcəkdir. Əlbəttə, enerji sistemlərimizin islahatı ilə bağlı qanunlar bloku da var. Mən bunu mühüm problemlərdən biri sayıram, bu məsələdə heç bir səhvə yol vermək olmaz. Hökumət bizə bu bloku yay tətilinə çıxmazdan əvvəl nəzərdən keçirməyi təklif etmişdi. Amma biz onları fikirlərindən döndərə bildik, prezidentlə söhbətim oldu, dedim ki, bu qanunları tələm-tələsik nəzərdən keçirmək olmaz. Biz üçtərəfli komissiya yaratdıq, Dumanın, Federasiya Şurasının deputatları və hökumətin nümayəndələri bütün yayı bu qanunları maddə-maddə müzakirə etdilər. İndi o qanunlar bizə əslində yenidən yazılmış şəkildə gətirilmişdir, çünki komissiya onlara olduqca çox əlavə və düzəlişlər etmişdir. Oktyabrda biz bu qanunların müzakirəsinə başlayacağıq.

Biz dəmir yollarımızın islahatı ilə bağlı qanunları ikinci oxunuşda müzakirə etməkdəyik. Pensiya qanunvericiliyimizin necə həyata keçiriləcəyi məsələsi də çox mürəkkəbdir. Bütün bunlar elə mövzulardır ki, insanlar onların barəsində öz rəyini çox tez bildirir, dövlətin burada nəyi həll etməyə çalışdığını bilmək istəyirlər. Gələn ilin bizdə parlament seçkiləri ili olduğunu nəzərə alırıq, dekabrda Dövlət Dumasına seçkilər keçiriləcəkdir. Odur ki, üçüncü çağırış Dövlət Duması, əslində, axırıncı il olaraq işləyir.

MDB ölkələrinin parlamentləri ilə əlaqələrimiz barəsində deməliyəm ki, ikitərəfli münasibətlərimiz bizi razı salır, bizdə güclü dostluq qrupları var, nümayəndə heyətimizə qrupun əlaqələndiriciləri də daxildirlər. Biz deyə bilmərik ki, informasiya sarıdan korluq çəkirik. İndi sizin ölkənizdə nə kimi məsələlər həll edildiyini bilirik, bütün müqavilə və sazişləri ratifikasiyaya ilk növbədə çıxarmağa hazırıq və bu məsələdə heç zaman borclu qalmırıq.

MDB-də yeni problem ortaya çıxmışdır - o, Gürcüstanla bağlıdır. Onu Siz də yaxşı bilirsiniz. Dövlət Duması yaranmaqda olan vəziyyətlə əlaqədar xüsusi bəyanat qəbul etmişdir. Biz bu gün Gürcüstan dərələrində gizlənmiş quldurları və terrorçuları oradan hələlik heç cür sıxışdırıb çıxara bilmirik. Amma mənə elə gəlir ki, bəyanatlar mübadiləsinin sərtliyinə baxmayaraq, bu problemi hansı yolla daha yaxşı həll etməyin səmərəli bir variantı hər halda tapılacaqdır. Mən hətta gürcü həmkarım Nino Burcanadze ilə söhbətdə demişdim ki, nə üçün biz Azərbaycanla razılığa gələ bilirik və Azərbaycan cinayətkarları bizə təhvil verir, bu zaman ortaya heç bir problem çıxmır, amma Gürcüstanla nədənsə heç nə alınmır. O, belə dəlillər gətirdi ki, sizin prokurorluq bu və ya digər cinayətkarın təhvil verilə bilməsi üçün kifayət qədər material təqdim etmir. Yox, bu, dəlil deyildir. Həmin adamların hamısının haqqında cinayət işləri açılmışdır. Özü də onlar adi terrorçular deyil, təşkilatçılar, səhra komandirləridir. Siz yəqin eşitmisiniz ki, Şevardnadze Amerikanın dəstəyinə çox bel bağlayırdı. Lakin Buş dünənki bəyanatında bildirmişdir ki, terrorizmə son qoymaq lazımdır, o cümlədən də Gürcüstanda. Yəqin bu bəyanat onları bir qədər düşündürəcəkdir.

Əgər bizim dəlillərimizin bir təsiri olmayıbsa, artıq indi iki tərəfdən dəlillər var. Çünki biz hamımız antiterror koalisiyasındayıq və burada da ikili standartların düşmənləriyik. Ona görə də biz Gürcüstanla münasibətləri kəskinləşdirməmək üçün bu düyünü də mütləq açacağıq.

Deməliyəm ki, ikitərəfli səviyyədə də, yüksək səviyyədə də, komitələr, komissiyalar səviyyəsində də görüşmək, üstəlik, MDB ölkələrinin parlament üzvlərinin Tavriya sarayında keçirdikləri görüşlərdən istifadə etmək kimi imkanlara malik olduğumuza görə, bu qənaətdəyəm ki, bir-birimizi daha yaxşı başa düşməkdən ötrü səylərimizi bundan sonra da artıracağıq. Münaqişəli vəziyyətlər daha az olmalı, konkret qərarlar daha çox olmalıdır. Siz tamamilə haqlısınız ki, problemləri qalaqlayıb yığmaq lazım deyildir. Hər hansı anlaşılmazlıq yaranarsa, həmişə operativ surətdə bir araya gəlmək və bütün bu məsələləri bir-birimizin qarşısında anlaşıqlı və aydın şəkildə qoymaq, onların həlli yollarını tapmaq mümkündür. Heydər Əliyeviç, bazar günü olmasına baxmayaraq, bu gün nümayəndə heyətimizi qəbul etdiyinizə görə Sizə bir daha çox minnətdaram. Necə deyərlər, nə özümüz istirahət edirik, nə də Sizə dinclik veririk.

Heydər Əliyev: Siz elə bilirsiniz ki, mən istirahət edirəm?

Gennadi Seleznyov: Mənim buna şübhəm var, lakin bu gün biz işinizi bir az da artırdıq. Azərbaycan rəhbərliyi ilə görüşmək bizə həmişə xoşdur. Ona görə də gündüz, gecə, şənbə, bazar günü olmağının, məncə, fərqi yoxdur. Bir daha sağ olun.

Heydər Əliyev: Gennadi Nikolayeviç, Rusiya Dövlət Dumasının fəaliyyəti barədə, nə kimi məsələlər həll etmiş oldunuz, həll etdiyiniz və həll edəcəyiniz barədə, Rusiya Federasiyasının gələn il üçün büdcəsinin müzakirəsinə necə yanaşdığınız barədə ətraflı və çox maraqlı məlumata görə sağ olun. Zənnimcə, parlamentimizdə, - parlamentin sədri, deputatları ilə, bizim adamlarla görüşləriniz zamanı bu məsələləri daha çox müzakirə edə biləcəksiniz, o mənada ki, biz də tezliklə Azərbaycanın gələn il üçün büdcəsinə baxmalıyıq. Odur ki, nəyi necə etmək barədə təcrübə mübadiləsi aparmaq yaxşı olardı.

Aydındır ki, ölkələrimizin miqyasları, Rusiya və Azərbaycanda iqtisadi, digər məsələlərin istiqaməti eyni deyildir. Ona görə ki, Rusiya böyük ölkədir, onun imkanları genişdir. Bax, siz dediniz ki, hərbi ehtiyaclar üçün böyük vəsait ayırırsınız, bizim isə buna vəsaitimiz yoxdur. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin miqyası məlumdur, onların bu vəsaitə ehtiyacı var. Mən bunu Moskvada özümün keçmiş işimdən bilirəm. Onlar inkişaf etmək üçün, olduqları səviyyədə qalmamaq üçün vəsaitə ehtiyac duyurlar. Şadam ki, indi siz bunun üçün, elm üçün böyük vəsait ayırmaq imkanına maliksiniz. Elm və ordu - bütün bunlar qarşılıqlı surətdə çox bağlıdır. Mənə məlumat verməyinizə şadam və istərdim ki, siz bu məsələləri parlamentimizdə daha ətraflı müzakirə edəsiniz.

Sizin də, bizim də vəzifəmiz Rusiya ilə Azərbaycan arasında münasibətləri inkişaf etdirməkdən və möhkəmlətməkdən ibarətdir. Biz Azərbaycanda həmişə bu mövqelərdə durmuşuq. Bax, tezliklə - oktyabrın 18-də müstəqilliyimizin 11 ili tamam olacaqdır. Mən ilk illəri çıxıram, çünki o illərdə burada qayda-qanunsuzluq, hakimiyyətsizlik vardı, müxtəlif silahlı qüvvələr hakimiyyət uğrunda öz aralarında mübarizə aparırdılar. Lakin deyə bilərəm ki, 1993-cü ildən, taleyin hökmü ilə Azərbaycan dövlətinə başçılıq etdiyim vaxtdan bəri mən qəti mövqe tutdum - bizim Rusiya ilə sıx qarşılıqlı münasibətlərimiz, sıx əməkdaşlığımız olmalıdır. Sizə deyə bilərəm ki, MDB yaradılarkən Azərbaycan ona daxil olmaqdan imtina etdi. 1993-cü ilin iyununda mən buraya gəldikdə vətəndaş müharibəsinin, Azərbaycanın parçalanmasının qarşısını almalı, reketlə məşğul olan, insanları öldürən, oğurlayan terrorçu quldur dəstələrini ləğv etməli idim. Burada Azərbaycanı dağıdan başqa qüvvələr də vardı. O vaxt Ermənistanla Azərbaycan arasında müharibə də gedirdi. Yeri gəlmişkən 1993-cü ildə Azərbaycandakı bu daxili vəziyyət, sabitsizlik - bütün bunlar əsas səbəblərdən biri idi ki, Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın təcavüzünün qarşısını ala bilməmişdi və onlar Dağlıq Qarabağı, sonra da ətrafdakı 7 iri rayonu işğal etməyə müvəffəq oldular, bu isə Azərbaycan ərazisinin 20 faizini təşkil edir.

Bütün bunların nəticəsində bir milyonadək insan ermənilərin zəbt etdikləri öz doğma yerlərindən didərgin salındı, onların əksəriyyəti artıq 10 ildir çadırlarda yaşayır. Belə bir şəraitdə mən MDB-yə mütləq daxil olmağımız üçün ilk addım atdım və bu məsələni parlamentdə qaldırdım. O vaxt mən hələ parlamentin sədri idim, prezidentin səlahiyyətlərini icra edirdim, prezident seçilməmişdim. Əlbəttə, çətinliklər, maneələr vardı. Əvvəla, təkcə parlamentin üzvlərinə deyil, geniş ictimaiyyətə də izah etmək, bu məsələ barəsində çıxış etmək lazım gəldi ki, MDB-yə daxil olmamaqla biz heç nə qazanmırıq, əksinə, uduzuruq. İkincisi, əgər Sovetlər İttifaqının keçmiş respublikaları müstəqil olduqdan sonra bu cür Birlik yaratmışlarsa, onda Azərbaycan niyə bundan kənarda qalmalıdır. Demək istəyirəm ki, o vaxt, parlamentin sədri olarkən, prezidentin səlahiyyətlərini icra edərkən mən sentyabrda Moskvaya gəldim və məsələ qaldırdım, Boris Nikolayeviçlə, başqa insanlarla görüşdüm və bir aydan sonra biz MDB-nin tərkibinə daxil olduq. Bu fakt bizim siyasətimizin, xəttimizin düzgünlüyünü inandırıcı şəkildə sübuta yetirir və o, davam edir. Amma düzünü deyək ki, sonrakı illərdə heç də hər şey rəvan olmadı. Mən bunda konkret olaraq Rusiyanı təqsirləndirmək istəmirəm, ancaq biz əməkdaşlıq etmək istəyirdik. Amma bizi təhqir edən, suverenliyimizi pozan əməllər törədiləndə biz bununla razılaşa bilməzdik.

Digər tərəfdən, açıq deyəcəyəm, Ermənistanla Azərbaycan arasında gedən, Ermənistanın başladığı müharibədə, təəssüflər olsun ki, Rusiya qeyri-obyektivlik etdi və Ermənistanı dəstəklədi. Bu, Azərbaycanda çox böyük narazılıq doğurdu. Bilmirəm, 6 il əvvəl Siz buraya gələndə tanış ola bilmişdinizmi. Axı, bu münaqişə hələ 1988-ci ildə başlamışdı, onda Sovetlər İttifaqı hələ mövcud idi. Münaqişənin qarşısını almadılar və o, artıq 1989-90-cı illərdə çox mürəkkəb xarakter aldı və burada Rusiya əleyhinə, Sovetlər İttifaqının rəhbərliyi əleyhinə, ədalətsizliyə qarşı çoxminlik etiraz mitinqləri keçirildi. Deməliyəm ki, Rusiya əleyhinə əhval-ruhiyyə də elə onda yarandı.

O vaxt insanlar ayırd edə bilmirdilər ki, bunu Sovet Ordusumu, Sovetlər İttifaqımı, yaxud ruslarmı, Rusiyamı edir. Ona görə də ən çox Rusiyadan, müharibə edən rus adamından danışırdılar. Nəhayət, yanvarın 20-də Bakıya iri qoşun kontingenti yeridildi və bu, çoxlu dinc insanın həlak olmasına gətirib çıxardı. Yeri gəlmişkən deməliyəm ki, keçmişdə mən Bakıda işləyərkən Azərbaycanda həmişə kifayət qədər çoxlu hərbi hissələr olmuşdur. Burada 4-cü ordu, əlahiddə desant diviziyaları yerləşdirilmişdi, böyük gücə malik Bakı hava hücumundan müdafiə dairəsi vardı. Bu qədər qüvvələrin olduğu halda buraya üstəlik haradansa tanklar yeritmək və Stavropolda, Şimali Qafqazda adamları tələm-tələsik səfərbərliyə almaq, buraya göndərmək nəyə lazım idi?! Bütün bunlar vəziyyəti çətinləşdirirdi və münasibətlərin pisləşməsinə səbəb bəlkə də bütün bunlar idi. Sonra isə bu, artıq müəyyən dərəcədə öz-özünə davam etdi. İndi mən bu barədə danışmaq istəmirəm, lakin ilk növbədə o vaxtkı prezidentin və onun ətrafındakı bəzi adamların bizə ədalətsiz münasibətinə dair çox faktlar var. Buna baxmayaraq biz öz xəttimizi davam etdiririk.

Rusiya prezidentinin Azərbaycana 2001-ci ilin yanvarında ilk rəsmi şərəfi, - özü də bu, birinci dəfə idi - zamanı burada biz bütün məsələləri müzakirə edə bildik və bu, eləcə də, təbii ki, imzaladığımız sazişlər, verdiyimiz bəyanatlar ictimaiyyətimizə çox müsbət təsir bağışladı. Bu, Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması və fəal inkişafı işində dönüş mərhələsidir. Sonra mənim səfərim oldu. Bu yaxınlarda isə mən Sankt-Peterburqda Vladimir Vladimiroviçlə görüşdüm və orada biz məsələləri müzakirə etdik, dahi Azərbaycan şairi Nizaminin abidəsinin açılış mərasimində iştirak etdik. Bu, Rusiya tərəfi üçün də, Azərbaycan tərəfi üçün də çox böyük və mühüm, siyasi, tərbiyəvi əhəmiyyətə malik addımdır.

Vladimir Vladimiroviçin Bakıya səfəri ilə əlaqədar isə biz burada Aleksandr Sergeyeviç Puşkinə gözəl bir abidə ucaltdıq və onun açılış mərasimini keçirdik. Yəqin ki, siz abidəni görəcəksiniz. Bir sözlə, bu addımlar siyasi baxımdan da çox ciddi idi.

Biz münasibətlərimizi iqtisadi məsələlərlə də dolğunlaşdırmağa başladıq. Ona görə də indi münasibətlərimiz yaxşı səviyyədədir. Prezident Putinin dəvəti ilə sabah mən Moskvaya gedirəm. Biz Xəzərdə Rusiya ilə Azərbaycan arasında sektorların bölgüsünə dair qəti saziş imzalayacağıq, biz artıq bir dəfə ilkin sənəd imzalamışdıq.

Ümumiyyətlə, siz bilirsiniz ki, Xəzər problemi hələ 1994-cü ildə Azərbaycan tərəfindən qaldırılmışdır. O zaman biz Qərbin -ABŞ, İngiltərə, Fransa, Norveç və digər ölkələrin 11 ən iri neft şirkəti ilə çox böyük müqavilə hazırladıq və imzaladıq. Bu müqavilədə Rusiya da iştirak edirdi. Rusiyanın "LUKoyl" şirkətinin həmin müqavilədə 10 faiz payı var. Məndə olan məlumata görə, artıq bu şirkət gəlir götürür, müqavilə ilə bağlı bütün xərclərini çıxarmışdır. Təbiidir ki, bu şirkət burada on illərlə işləyəcəkdir. Yeri gəlmişkən, mən Rusiyanın digər şirkətlərini də əməkdaşlığa dəvət etmişdim, lakin nədənsə heç kim buna maraq göstərmədi. Moskvada belə bir əhval-ruhiyyə vardı ki, Heydər Əliyev niyə Qərb şirkətləri ilə əməkdaşlıq edir, Rusiya şirkətləri ilə isə bir o qədər yox. Lakin təkrar edirəm, mən onları dəvət etmişdim.

Yuri Lujkov Rusiyanın keçmiş energetika naziri Şafrannik başda olmaqla öz şirkətini yaratmışdır. Biz onlara perspektivli sahələrin birinin işlənilməsində bizimlə birgə iştirak etməyi təklif etdik. Biz bilirdik ki, həmin sahə yaxşı ehtiyatlara malikdir, çünki biz orada artıq kəşfiyyat işləri aparmışdıq. Lakin onlar İngiltərə şirkətlərindən biri ilə birləşərək burada işləməyə başladılar. Biz buna şad idik, çünki Rusiyanın daha bir şirkəti Azərbaycana gəlmişdi. Amma sonradan ingilislər müqavilədəki paylarını digər Qərb şirkətlərinə satdılar. Mən bunu ona görə deyirəm ki, siz bütün bunları biləsiniz.

Mənim bu gün də mövqeyim ondan ibarətdir ki, Rusiya şirkətləri Azərbaycana gəlsinlər və birgə layihələrdə iştirak etsinlər. Lakin hələlik "LUKoyl"dan savayı biz heç kimi görmürük. Yeri gəlmişkən, "LUKoyl" Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynayır.

Biz ilk müqaviləni imzalayanda bu, bütün dünyada böyük maraq doğurdu. Sonra isə hamı sanki yuxudan ayılıb bəyan etdi ki, bu, necə ola bilər, axı, beş Xəzəryanı ölkə vardır və elə etmək lazımdır ki, onların ha iştirak etsin. Biz bunun əleyhinə deyilik, lakin bu artıq keçmişdə qalıb. O zaman biz Rusiyadan etiraz notası aldıq, sonra Türkmənistan etiraz etməyə başladı, İranın isə o vaxt, ümumiyyətlə, bundan xəbəri yox idi.

Mən şadam ki, bizim bu təşəbbüsümüz indi ona gətirib çıxardı ki, artıq Rusiya sektoru da, Qazaxıstan sektoru da müəyyən olunmuşdur. Yeri gəlmişkən, Qazaxıstanın sektoru hamıdan böyükdür - 29 faizdir, Azərbaycanın sektoru isə 18 faizdir. Rusiya sektorunda çox perspektivli yataqlar vardır və sizin şirkətlər orada işləməyə başlamışlar. Qazaxıstanda da iri yataqlar kəşf olunmuşdur. Bu, çox yaxşıdır. Lakin Türkmənistan öz mövqeyini heç cür müəyyənləşdirə bilmir.

Siz bilirsiniz ki, orada Xəzəryanı dövlətlərin zirvə toplantısı keçirilmişdir və bizim hamımız, -Vladimir Vladimiroviç, Nazarbayev, Türkmənbaşı və İran prezidenti - orada idik. Lakin biz razılığa gələ bilmədik, çünki İran tamamilə qeyri-məqbul şərtlər irəli sürür, Türkmənistan isə ümumiyyətlə, heç nə demir.

Bu da çox mühüm faktdır ki, vaxtilə biz Rusiyadan nota almışdıq, indi isə Xəzər dənizində sərhədlərin bölünməsi barədə onunla saziş imzalayırıq. Bütün bunlar bizim üçün çox vacibdir və bizim - Qazaxıstanın, Azərbaycanın və Rusiyanın birgə işi gələcəkdə Xəzər dənizinin statusunun müəyyənləşdirilməsinə nail olmağa kömək edəcəkdir.

Siz bilirsiniz ki, bu yaxınlarda Rusiya Xəzər dənizində ilk dəfə olaraq hərbi təlimlər keçirdi.

Gennadi Seleznyov: Azərbaycanın iştirakı ilə.

Heydər Əliyev: Hələ Aşqabadda Vladimir Putinlə görüşərkən o mənə dedi ki, Rusiya Xəzər dənizində belə təlimlər keçirmək fikrindədir. Mən onu dəstəklədim. Onlar da çox böyük və yaxşı təlimlər hazırlayıb keçirdilər, biz də bu təlimlərdə iştirak etdik. Yəni, bu məsələdə də biz Rusiya ilə bir yerdəyik.

Mən təkrar edirəm, bizim iqtisadi münasibətlərimiz inkişaf edir, siyasi planda da, belə hesab edirəm ki, hər şey çox yaxşıdır. Məsələn, mən bilirəm ki, indi ayrı-ayrı ölkələrdə yaşayan rusların vəziyyəti Rusiyanı çox narahat edir. Bu da doğrudur. Amma siz, yəqin bilirsiniz ki, burada belə bir problem yoxdur. Rusiyanın iki televiziya kanalı gecə-gündüz öz verilişlərini Azərbaycana translyasiya edir. Yeri gəlmişkən, buna görə onlar haqq ödəmirlər, lakin ödəməlidirlər. NTV də bir neçə il öz verilişlərini burada yayımladı, lakin sonra bizim Rabitə Nazirliyi haqq ödənilməsi barədə onlarla danışıqlar apardı, onlar da ödəmirdilər. Buna görə də bizim nazirlik borc ödənilməyənə qədər həmin kanalın Azərbaycanda yayımlanmasını müvəqqəti dayandırdı.

Burada yaşayan rusların hamısı, necə deyərlər, yaxşı vəziyyətdədirlər. Burada ruslar da, yəhudilər də yaşayırlar. Yəhudilər az olsalar da, onlarla da münasibətlərimiz normaldır. Bizdə üç konfessiya - müsəlman, pravoslav, xristian və yəhudi konfessiyaları fəaliyyət göstərir və onlar əməkdaşlıq edirlər. Bütün tədbirlərdə həmin konfessiyaların rəhbərlərini bir yerdə görmək olar.

Bizdə Bakı Slavyan Universiteti vardır. Bu, nədən xəbər verir? Həmin ali məktəb çoxdan mövcuddur. Əvvəl institut idi, indi isə universitet. Onun böyük tarixi var, orada yüksək ixtisaslı professor-müəllim heyəti çalışır. Əlbəttə, orada rus dili daha çox tədris olunur, təhsil rus dili ilə bağlıdır. Bundan əlavə tədris Ukrayna, polyak dillərində və digər dillərdə aparılır. Mən bilirəm ki, siz oraya gedəcək, tanış olacaqsınız, özünüz görəcəksiniz.

Mən ölkəmizdə rus dilini bilən əhalinin sayı ilə bağlı rəqəmlər gətirmək istəyirəm. Təxminən iki milyondan çox, başa düşürsünüz? Mən sizə statistika məlumatını çatdırım. 8 milyon əhalisi olan Azərbaycanda 169 min nəfər bunu öz doğma dili hesab edir, 948 min 500 nəfər, yəni təxminən 1 milyon adam, o cümlədən 590 min azərbaycanlı bu dildə sərbəst danışa bilir. Rus dilini bilən, eləcə də bu dildə fikrini çatdıra bilən azərbaycanlılar 2 milyon 300 min nəfər, rus dilini bilənlərin ümumi sayı isə 2 milyon 700 min nəfərdir. Bunlar statistika məlumatıdır.

Bizim bütün universitetlərimizdə rus bölməsi var. Lakin sizə çox dost olan və sizin tez-tez getdiyiniz Ermənistanın ali məktəblərində tədris ancaq erməni dilindədir. Bilmirəm, bəlkə indi nə isə dəyişmişdir.

Gennadi Seleznyov: Orada da Slavyan Universiteti var.

Heydər Əliyev: İndi bəlkə var, hər halda, iki il əvvəl orada hər şey erməni dilində idi. Bizdə rus məktəbləri var və bu məktəblərdə təkcə ruslar deyil, həm də əksərən azərbaycanlılar oxuyurlar. Sentyabrın 2-də mən Azərbaycan və rus bölmələri olan bir məktəbə getmişdim. Rus bölməsi sinfinə daxil oldum - orada şagirdlərin əksəriyyəti azərbaycanlılar idi. Dediyim kimi, universitetlərimizdə tədris rus dilində də aparılır. Yeri gəlmişkən, ənənəvi olaraq burada, Bakıda rus dilində oxumuş adamların çoxu öz təhsilini universitetlərdə rus dilində davam etdirir. Biz bu tələbatı ödəyirik və hesab edirik ki, belə də olmalıdır.

Mən burada ruslarla bağlı hər şeyin yaxşı olduğuna dair bir çox digər faktlar gətirə bilərəm.

Əlbəttə, bir məsələ bizim üçün çox ağırdır - bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Mən sizinlə bu barədə əvvəlki səfəriniz zamanı da danışmışam, Moskvada olarkən də danışmışam. 1994-cü ildə biz hərbi əməliyyatları dayandırdıq, atəşkəs haqqında saziş imzaladıq. Budur, 1994-cü il - 2002-ci il, aradan səkkiz il keçmişdir. O vaxt biz atəşi dayandırdıq ki, məsələni sülh yolu ilə həll edək. Amma bu məsələni heç cür həll edə bilmirik. Buna baxmayaraq, dediyim kimi, artıq 10 ildən çoxdur ki, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar, yalnız azərbaycanlılar yaşayan rayonlar, - işğal edilmişdir və erməni silahlı qüvvələrinin nəzarəti altındadır.

Rusiyanın, Birləşmiş Ştatların, Fransanın həmsədr olduqları ATƏT-in Minsk qrupu çox təkliflər irəli sürmüşdür, lakin onların təkliflərindən heç biri qəbul edilməmişdir. Xatirimdədir, 1997-ci ildə təkliflər oldu və biz onları qəbul etdik. Sonra bizə məlum oldu ki, prezident Ter-Petrosyan Moskvada məqalə dərc etdirmiş və ümumən belə bir qənaətə gəlmişdir ki, bu məsələni hətta tam da olmasa, qurtarmaq üçün həmin təklifləri qəbul etmək lazımdır. Amma belə olmadı, o, istefa verdi. Mən prezident Koçaryanla dəfələrlə - MDB ölkələri Dövlət Başçıları Şurasının iclaslarında və beynəlxalq təşkilatlarda görüşmüşəm. Bundan əlavə, biz razılığa gəlmişik ki, şəxsi görüşlərimiz də olacaqdır. Biz iki dəfə Cenevrədə, sonra isə Azərbaycan və Ermənistan sərhədində görüşmüşük. Yeri gəlmişkən, sonuncu görüşümüz avqustun 14-də sərhəddə olmuşdur.

Lakin heç nə alınmır, çünki Ermənistan qəti olaraq belə bir mövqe tutmuşdur ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir, özü də artıq faktiki olaraq birləşdirilmişdir. Onlar deyirlər ki, öz qoşunlarını digər rayonlardan yalnız bu halda çıxara bilərlər, elə bunun özü də şübhəlidir - onlar hər şeyi edəcəklər, ya etməyəcəklər.

Bizim təklifimiz, - bu, həm də, ATƏT-in Minsk qrupunun təklifidir, onlar bunu həmişə dəstəkləmişlər və dəstəkləyirlər, - isə ondan ibarətdir ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində çoxlu səlahiyyətlərlə ən yüksək özünüidarəetmə statusu verilir. Biz Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yol verə bilmərik.

Koçaryanla görüşlərimizdə biz həm bu tərəfdən, həm də digər tərəfdən bəzi kompromislərdən danışmışıq. Lakin bizim ictimaiyyətimiz bunu bildi, Ermənistanda da bundan xəbər tutdular və məni ittiham etməyə başladılar ki, biz buna yol vermərik. Bundan sonra respublikamızda mən sizə açıq deyəcəyəm, belə bir güclü əhval-ruhiyyə yaranmağa başladı ki, madam məsələ həli olunmur biz müharibə etməliyik - biz ya ölərik, ya da öz torpaqlarımızı azad edərik.

Mən, əlbəttə, bunun qabağını alıram. Müxalifət də məni ittiham edir ki, bu məsələni həll etmək iqtidarında deyiləm və onlar da döyüş əhval-ruhiyyəsini dəstəkləyirlər və sairə. Xalq da əvvəlki illərdən fərqli olaraq, ələlxüsus da son iki ildə bu əhval-ruhiyyəni müdafiə edir. Sorğu aparılır, ahıl bir kişi deyir ki, yox, biz döyüşməliyik, mən döyüşə gedəcəyəm, biz öz torpaqlarımızı azad etməliyik. Cavanlardan soruşurlar - onlar da elə, qadınlar da həmçinin. Buna görə də Azərbaycanda yaranmış belə əhval-ruhiyyə, açığını deyim, məni narahat edir və bu qorxuludur. Çünki mən qətiyyətlə sülh mövqeyində durmuşam və bu mövqedə də duracağam.

Yeri gəlmişkən, Ermənistan-Azərbaycan münaqişəsinə toxunarkən mən bizim münasibətlərdə keçmişdə olmuş bəzi mənfi hallardan danışmışam. Axı, Dövlət Duması 1997-ci ildə Rusiyanın hərbi idarələri tərəfindən qeyri-qanuni olaraq Ermənistana bir milyard dollar dəyərində silah və döyüş sursatı verilməsi məsələsini müzakirə etmişdi. Dövlət Duması bu işi prokurorluğa təqdim etmişdi. Əlbəttə, bu məsələnin üstü açılanda - mətbuatda və sairə, - biz bunu bilmirdik və ağlımıza da gəlmirdi ki, belə ola bilər.

Təbiidir ki, mən məktubla Yeltsinə müraciət etdim. Yeltsin bəyan etdi ki, bəli, doğrudur, bu, aşkar olunmuşdur. Yeltsin dedi ki, onun aparatının nəzarət-təftiş komissiyası bunu müəyyən etmişdir, bu, qeyri-qanunidir və biz tədbir görəcəyik. Lakin məsələ elə-belə qaldı. Prokurorluq bu işi araşdırmağa başladı, döyüş sursatlarının, hərbi texnikanın, silahların Ermənistana göndərildiyi hərbi hissələrdən bütün sənədləri aldılar, hətta təyyarələrin reysləri də müəyyən edildi və sairə, yəni, prokurorluq bunu sübut edən kifayət qədər material topladı.

Yadımdadır, 1997-ci ildə Rusiyaya rəsmi səfərim zamanı mən bu məsələni qaldırdım. Yeltsinin münasibəti isə tamam başqa cür idi. O dedi ki, biz hələ baxmalıyıq ki, Sovetlər İttifaqı dağılarkən Ermənistanda nə qədər, Azərbaycanda nə qədər silah olmuşdur. Mən dedim ki, əvvəla, bu çoxdan məlumdur və hər yerdə qeyd olunmuşdur. İkincisi, əgər onda Sovetlər İttifaqı dağılarkən Ermənistanda Azərbaycana nisbətən silah az idisə də, siz bu boşluğu doldurmalısınız? Axı, bu, qətiyyən məntiqə uyğun deyildir. O zaman bizim bu mövzuda çox kəskin söhbətimiz oldu.

Lakin sonra o, üçtərəfli komissiya yaratdı. Komissiyaya Rusiya tərəfindən Serov, bizdən isə Abbas Abbasov başçılıq edirdilər. Ermənilər bu komissiyaya daxil olmurdular. Nəhayət, hansısa ikinci dərəcəli bir şəxs təyin edildi. İki-üç dəfə görüşdülər və heç nə alınmadı. Bizə məlumdur ki, sonra, bir il bundan əvvəl həmin materiallar prokurorluqdan arxivə göndərilmişdir. Bax, belə ədalətsizlik olmuşdur, başa düşürsünüzmü?

Bundan təkcə Azərbaycanda deyil, hər yerdə - Qərbdə də, Amerika Birləşmiş Ştatlarında da və başqa yerlərdə də xəbər tutdular. Gennadi Nikolayeviç, başa düşün ki, bu, əlbəttə, bizim adamlarda belə əhval-ruhiyyə yaratdı və yaratmaqdadır.

Mən bu barədə danışarkən demək istəyirəm ki, bütün bu dövr ərzində biz Rusiyanın Ermənistana və Azərbaycana eyni münasibətini hiss etməmişik. Sözsüz ki, biz narazı idik, buna görə narahatlıq keçirirdik. Niyə belədir? Axı, biz 200 il Rusiya ilə birlikdə olmuşuq. Bizim indi də dostluq münasibətlərimiz var və bunu inkişaf etdirmək istəyirik. Məgər regionda əmin-amanlıq yaratmaq üçün bu münaqişənin həllinə ədalətlə, obyektiv yanaşmaq mümkün deyil? Bunun Rusiya üçün də böyük əhəmiyyəti var. Lakın bu baş vermir.

Təbiidir ki, mən hər şey barədə danışmaq istəyirəm. Bu məsələdə xristian, müsəlman söz-söhbəti, belə əhval-ruhiyyələr var. 1999-cu ildə Ermənistan parlamentində terror aktı törədiləndə və mürəkkəb vəziyyət yarananda Yeltsin belə bir bəyanatla çıxış etdi ki, biz Ermənistanı dəstəkləməliyik, axı, bu, xristian ölkəsidir və bizim yaxın müttəfiqimizdir. Çox sağ olun ki, onların sizin yaxın müttəfiqiniz olmasını dediniz, lakin xristianlığın buna nə dəxli var?.. Əgər bunu Rusiya prezidenti deyirsə, onda təsəvvür edirsinizmi, bu, Azərbaycana necə mənfi təsir göstərir.

Mən bu barədə danışıram, bəlkə də bütün bunları eşitmək kiməsə o qədər də xoş deyil, lakin mən açıq danışan adamam. Rusiya ilə qarşılıqlı münasibətlərdə mən tam səmimiyəm, heç bir gizli niyyətim yoxdur. Bu gün mən Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi mövqeyində möhkəm dayanmışam. Məncə, hətta Qərbdə bəzi mətbuat orqanları Gürcüstan ilə Rusiya arasında yaranmış münasibətlərdən danışarkən vurğulayırlar ki, Azərbaycan Rusiya ilə yaxşı münasibətlərdədir, bəs Gürcüstanın niyə bu cür münasibəti yoxdur, ünvanımıza deyilən belə xoş sözlərə görə təşəkkür edirəm. Biz bunu davam etdirəcəyik.

Sabah mən Vladimir Vladimiroviç Putinlə görüşəcəyəm, biz bütün bu məsələlərlə bağlı fikir mübadiləsi aparacağıq. Rusiya bizim strateji müttəfiqimizdir. Biz bu xətti bundan sonra da davam etdirəcəyik.

Gennadi Seleznyov: Çox sağ olun. Heydər Əliyeviç, eşitmişəm ki, ATƏT-in MinsK qrupunun həmsədrləri tezliklə yenə buraya gələcəklər. Onların təkliflərində yenilik olacaq, yoxsa, hər il olduğu kimi eyni təkliflərdir?

Heydər Əliyev: Bilirsinizmi, onlar dəfələrlə gəliblər, indi də sentyabrın 27-28-də Ermənistanda və Azərbaycanda olacaqlarını vəd edirlər. Allah eləsin ki, hansısa təkliflərlə gəlsinlər, mən bunu çox istəyirəm. Hər dəfə mən də, ictimaiyyətimiz də Rusiyanın, Birləşmiş Ştatların və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu nümayəndələrinin gəlişini ümidlə gözləyirik. Mən sizə dedim, onlar 1997-ci ildə iki təklif irəli sürdülər. Biri ilə biz razılaşdıq, Ermənistan razılaşmadı. İkincisi ilə biz razılaşdıq, Ermənistanda da razılığa doğru proses gedirdi, sonra isə hər şey pozuldu.

Sizə hər şeyin aydın olması üçün deməliyəm ki, üç il əvvəl, - yeri gəlmişkən, bu Rusiyanın təşəbbüsü idi, - ATƏT-in Minsk qrupu birdən-birə ümumi dövlət haqqında layihə irəli sürdü. Ümumi dövlət nə deməkdir? Azərbaycan ərazisində olan Dağlıq Qarabağ dövlətə çevrilir, Azərbaycan da dövlətdir. Bir-biri ilə əlaqəsi olmayan ümumi dövlət. Onlar belə izah etdilər ki, guya bu zaman bizim ərazi bütövlüyümüz pozulmayacaq. Axı, bu, yalandır. Biz bununla heç cür razılaşmadıq. Yeri gəlmişkən, mən bilirəm, bu layihənin müəllifi Rusiya XİN idi.

Lakin Ermənistan dərhal onunla razılaşdı.

Gennadi Seleznyov: Bu, hətta federasiya da deyil? Hansısa konfederasiyadır, eləmi?

Heydər Əliyev: Xeyr, federasiya yox, ümumi dövlət. Nə ümumi dövlət? Dünyada, ümumiyyətlə, belə praktika yoxdur! Deyəsən, sizi yordum?

Yuri Nikiforenko (Dövlət Dumasının deputatı): Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana bütöv səhifələr həsr edib və xoş sözlər yazmışdır.

Heydər Əliyev: Çox yaxşı. Məgər mən bunu inkar edirəm? Rusiya mətbuatında belə xoş sözlər çox dərc olunur.

Gennadi Seleznyov: Heydər Əliyeviç, indi təməli qoyulmuş Bakı-Ceyhan neft kəməri haqqında çox söz-söhbət gedir. Lütfən deyin, Bakı-Novorossiysk neft kəmərindən gələcəkdə istifadə olunmasını necə təsəvvür edirsiniz? Bildiyimə görə, onun haqqında sazişin müddəti hər il uzadılır. Elədirmi?

Heydər Əliyev: Biz Bakı-Novorossiysk neft kəmərindən istifadə edirik.

Gennadi Seleznyov: Yəni, o, bağlanmayacaq?

Heydər Əliyev: Yox, yox. Biz onunla Novorossiyskə neft vuracağıq. Amma onun gücündən tam istifadə olunmur, çünki biz onun vasitəsilə öz neftimizi, yəni neft şirkətimizin çıxardığı nefti ixrac edirik. Biz bu barədə əvvəlcədən razılaşmışıq. Konsorsiumun hasil etdiyi neft də əvvəllər digər boru kəmərləri olmadığına görə Bakı-Novorossiysk boru kəməri ilə göndərilirdi. Ona görə də o vaxt kəmər tamamilə doldurulurdu, hərçənd o vaxt da çətinliklər çəkirdik, çeçenlər onu dəfələrlə bağlamışdılar. Sonra dolayı sahə çəkildi. Biz neftin bu boru kəməri ilə göndərilməsini davam etdirəcəyik. Bundan əlavə, biz RuSiyadan ildə 4 milyard kubmetr qaz alırıq, elektrik enerjisi alırıq, özü də onların haqqını dərhal ödəyirik, bizim Rusiyaya heç bir borcumuz yoxdur.

Gennadi Seleznyov: Heydər Əliyeviç, sağ olun. Rusiyaya səfərinizin uğurlu olmasını arzulayırıq. Biz isə burada, Azərbaycanda eyni uğurla işləyəcəyik.

Heydər Əliyev: Bizdə, Azərbaycanda, Bakıda vəziyyət sabitdir, yaxşıdır, siz mənsiz də burada özünüzü mənimlə olduğunuz kimi hiss edəcəksiniz. Axşam Bakını gəzməyə çıxın, seyr edin, burada heç kimi öldürmürlər. Biz burada çox yaxşı qayda-qanun yaratmışıq.

"Azərbaycan" qəzeti, 24 sentyabr 2002-ci il.