Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya paytaxtı Moskva şəhərinin meri Yuri Lujkov başda olmaqla Moskva hökumətinin nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 29 mart 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab Yuri Mixayloviç Lujkov, Moskva Bələdiyyə İdarəsi nümayəndə heyətinin hörmətli üzvləri, dostlar!

Sizi Azərbaycanda salamlayıram və Moskva ilə Azərbaycan arasında əməkdaşlığın müvəffəqiyyətlə davam etməsi ilə əlaqədar çox məmnun olduğumu bildirirəm. Buna görə də bu gün mer, dostumuz Yuri Mixayloviç Lujkov başda olmaqla, Moskva hökumətinin mötəbər nümayəndə heyətini qəbul etməyimizə şadıq. Azərbaycana xoş gəlmisiniz!

Səfərinizin proqramında Bakıda, Azərbaycanda çox qısa müddətdə olmaq nəzərdə tutulur. Buna baxmayaraq, bu, əməkdaşlığımızın gedişi barədə, mövcud problemlər barədə bir daha fikir mübadiləsi etmək və əməkdaşlığın inkişafı üçün işlərin hər iki tərəfdən gücləndirilməsindən ötrü tədbirlər görmək üçün gözəl imkandır.

Biz bilirik ki, Moskva Rusiya Federasiyasının paytaxtı olmaqla yanaşı, öz uğurlarına görə, iqtisadi islahatların həyata keçirilməsinə görə, iqtisadiyyatın inkişafına görə Rusiyada xüsusi yer tutur. Moskvada bazar iqtisadiyyatının formalaşması, iqtisadi və sosial sahələrdə islahatların genişlənməsi və dərinləşməsi üçün çox işlər görülür. Odur ki, Moskva ilə əməkdaşlıq, bir tərəfdən, münasibətlərimizin inkişafı üçün, iqtisadiyyatda, elmdə, mədəniyyət və təhsildə qarşılıqlı fayda baxımından, digər tərəfdən, təcrübə mübadiləsi üçün Azərbaycandan ötrü böyük əhəmiyyətə malikdir. Məsələn, Moskvanın təcrübəsi bizim üçün böyük maraq doğurur və biz Moskvada islahatların aparılması sahəsində görülən bütün işləri diqqətlə izləyirik. Elə bugünkü görüş də odan ötrüdür ki, bu barədə daha çox məlumat əldə edək. Zənnimcə siz də Azərbaycanda müəyyən şeylər öyrənə bilərsiniz, çünki sizin gördüyünüz işlərlə, təbii ki, respublikamızın şəraitini nəzərə alaraq biz də məşğuluq.

Bizim üçün Azərbaycan üçün, azərbaycanlılar üçün Moskva həmişə elm, mədəniyyət, təhsil, tərəqqi şəhəri olmuşdur. Azərbaycanın ən yaxşı adamlarının, ziyalılarının, iqtisadiyyatın müxtəlif sahələrində alışan mütəxəssislərin bir çox nəsilləri Moskvada təhsil almış, orada böyük hazırlıq keçmiş, işləmişlər və müstəqil Azərbaycanın inkişafı naminə ölkəmizdə öz fəaliyyətlərini bu gün müvəffəqiyyətlə davam etdirirlər.

Bir çox digər məsələlər də var ki, burada da əməkdaşlığımız çox səmərəli və faydalı ola bilər. Buna görə də sizin gəlişinizə şadam. Sizi salamlayıram və Yuri Mixayloviç, Sizə söz verirəm.

Yuri Lujkov: Heydər Əliyeviç, buraya gəlmək dəvətinə görə çox sağ olun. Nümayəndə heyətimizə Sizin diqqətinizi, bu görüşə ayırdığınız vaxtı çox yüksək qiymətləndiririk.

Biz buraya həqiqətən qısa müddətə gəlmişik. Lakin bəlkə də bu, sazişlərimizin necə yerinə yetirildiyinə yığcam qiymət verildiyini vurğulamaq üçün nümayəndə heyətimizin işgüzar əhval-ruhiyyədə olduğunu təsdiq edir. Çünki bu sazişlər mühüm, konkretdir və həyatımızın, fəaliyyətin, biznesin, mədəniyyətin, təhsilin müxtəlif sahələrinə aiddir, öz məqsədləri baxımından xeyli dərəcədə xeyirxahdır. Ona görə ki, bu sazişlərdən hər birində, onların hər bölməsində xoş işgüzar təməllər və faydalı nəticələr əldə etmək arzusu var.

Sazişlərdə ticarətin həcmlərini artırmaq nəzərdə tutulur, lakin bu gün biz, təəssüf ki, problemlərdən danışmalıyıq. Əmtəə dövriyyəsini yüksək səviyyədə saxlamaq üçün ümumi istəyimiz və buna olan obyektiv tələbat səylərimizlə tam həcmdə təmin edilmir və indi əmtəə dövriyyəsinin həcmi artmır. Bu, bizi narahat edir.

Biz özümüzə deyə bilərik ki, hər halda yaşayırıq. Lakin əgər biz həyatımızı yaxşılaşdırmaq, iş yerlərinin sayını artırmaq, daha çox sabitliyi təmin etmək istədiyimizi deyiriksə, onda, əlbəttə, məqsədlərimiz bunlara imkan verən qərarlarla bağlı olmalıdır. Heydər Əliyeviç, mənə elə gəlir, mən əminəm ki, bu qərarlar obyektiv cəhətlərin özündə deyil, meydana çıxan problemlərin düyününü necə açmağımızdır.

Bu gün Baş nazir bizi qəbul etdi və bizə bu işdə, mən əminəm, müsbət nəticələnəcək bəzi məsələlərdən danışdı. Kiçik sahibkarlıq biznesinin inkişafı üçün bizdə yaxşı, dəyərli meyllər yaranmışdır və burada deyə bilərəm ki, görüşümüz bu inkişafa köməklə bağlı olmalıdır. Bəlkə də çox yüksək səviyyədə hər hansı qərarlar qəbul etmək tələb olunmur, amma sahələri, istiqamətləri bəyənmək, dəstəkləmək, təklif etmək faydalı məsələdir. Əlbəttə, bütün bunların necə təşəkkül tapdığına vaxtaşırı yekun vurmaq da lazımdır.

Mən buraya gələndə yolda ZİL avtomobilinin "Bıçok" adlanan yeni nümunəsini gördüm. O, orta təbəqə üçün, sahibkarlar üçün yaxşı avtomobildir və onu Bakının yollarında görmək mənə xoş idi. Mənə dedilər ki, onları yaxşı alırlar.

Deməli, biz yeni texnikaya dair, Moskvada istehsal olunan avtomobillərə dair öz təkliflərimizlə Azərbaycan bazarına daha tez-tez gəlmək barədə müraciət etməyi çox istərdik. Xüsusən də ona görə ki, bu maşınlar ucuzdur, onlara yaxşı bələddirlər. Dediyim kimi, onlara "Belarus" traktorunun mühərrikləri qoyulur, yəni onlar keçmiş Sovet İttifaqının istənilən ölkəsində çox yaxşı məlumdur və buna görə də həqiqətən maraq doğurur.

Əlbəttə, hesab edirəm ki, təhsillə bağlı sazişlər, məsələlər xüsusən son vaxtlar, Siz təqdir etdikdən sonra çox irəli getmişdir. Əvvəla, tələbələrin təhsili haqqında və kvotalar haqqında birgə qərarımız həyata keçirilir və azərbaycanlı gənclər Rusiyanın ali məktəblərində təhsil alacaq gənclərin daha bir qrupu haqqında bu gün qərar qəbul olundu. Yaxşı işdir, onu biz Sizinlə birlikdə müəyyən etmişik, xeyir dua vermişik. Bu iş irəliləyir.

Xalq təhsili sahəsində əlaqələrimiz barədə. Biz indi böyük bir təyyarə ilə gələrək, rusdilli məktəblər üçün, o cümədən rus dili fakültativ olaraq öyrədilən məktəblər üçün özümüzlə çox böyük miqdarda dərslik gətirmişik. Heydər Əliyeviç, rus dilində təhsil məsələlərində, təhsilin rus dilində olduğu məktəblərin say və potensialının azalmaması üçün Sizin tutduğunuz mövqeni biz yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, çox ətraflı düşünülmüş, perspektivli və düzgün mövqedir. Biz bu mövqeyə müstəsna minnətdarlıqla yanaşırıq.

Cari il Puşkinin anadan olmasının 200 illiyi olduğuna görə, bu yubileyi iyunun 6-da qeyd edəcəyik, - biz buraya Puşkinin adı ilə bağlı kifayət qədər zəngin çeşiddə ədəbiyyat gətirmişik. Bütün bunlar çox yaxşıdır.

Heydər Əliyeviç, ildə məhdud miqdarda, 20 nəfər ağır xəstənin müalicəsinə kömək haqqında qərarlarımız radikal surətdə artıqlaması ilə yerinə yetirilmişdir və bu gün biz onların sayını 480 nəfərə çatdırmaq istədiyimizi bildiririk. Yəni biz Azərbaycandan olan xəstələri qəbul edirik və burada heç bir məhdudiyyət məncə yoxdur. Zənnimcə, bu, çox düzgün və faydalıdır. Ona görə çox düzgündür ki, səhiyyə sahəsində ən güclü qüvvələr, institutlar hələ ittifaq vaxtında Moskvada cəmləşdirilmişdir və Moskva MDB ölkələrinin vətəndaşlarına müalicə üçün imkan yaratmalıdır.

Nəhayət, mədəniyyət sahəsində yaxşı əlaqələrimiz var. Onlar çox intensiv olmasa da, hər halda, daimi və mehriban əlaqələrdir. İndiki halda Respublika Mədəniyyət Nazirliyinin və bizim Mədəniyyət Komitəsinin həyata keçirdikləri xətti qeyd etmək istərdim. İndi biz çox mühüm bir tədbirin - Moskvada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinə hazırlaşırıq. Biz Moskva şəhərinin ən dəbdəbəli günlərinin keçirilməsinə hazırlaşırıq. Biz Moskva şəhərinin ən dəbdəbəli salonlarını apreldə qonaqlarımızın sərəncamına verməyə hazırıq. Bu bayram elə bir əzəmətli bayramdır ki, heç də təkcə mədəniyyət xadimlərini deyil, başqalarını da həmişə çox sıx birləşdirir. Heydər Əliyeviç, tədbirlər, mədəniyyət günləri keçirilən salonlar adətən tamaşaçılarla dolu olur. Əgər Siz bizə qəti olaraq xeyir-dua verirsinizsə, onda aprelin üçüncü ongünlüyündə biz bu tədbiri keçirməyə hazırıq. Əlbəttə, bu tədbir dövlətlərarası xarakter daşıyacaqdır, belə ki, bu mədəniyyət günlərində biz müxtəlif tədbirlər həyata keçirəcəyik. Mədəniyyət günlərinin açılışından əvvəl dövlət xadimləri çıxış edib ümumi məqsədlərimiz, vəzifələrimiz və perspektivlər barədə mövqelərini bildirəcəklər.

İndi biz Bakıya Moskva hökumətinin böyük bir nümayəndə heyəti ilə gəlmişik. Tanınmış biznesmenlər gəliblər və bu gün onlardan hər birinin öz mövzusu, öz istiqaməti var və günün sonunda biz hökumət rəhbərliyi ilə birlikdə görülmüş işə yekun vuracaq, Bələdiyyə İdarəsi ilə işləyəcəyik. Ümumi və maraqlı cəhətlər çoxdur. Biz təcrübə mübadiləsi aparırıq. Məsələn, araq-şərab məhsulu üzərində dövlət inhisarının tətbiqi probleminin həlli üzrə öz təcrübəmizi öyrətmişik. Sovet İttifaqında araq-şərab məhsulundan büdcəyə mədaxilin payı 43 faizə çatırdı. Sonra bu pay azaldı, təxminən dörd il əvvəl isə Moskvada bu göstərici 0.8 faizə çatdı. Halbuki əvvəllərinə qədər içirdilərsə, indi də bir o qədər içirlər. Deməli, 40 faiz ilə 0.8 və ya 1 faiz arasındakı bu fərq dövlətin cibindən çıxıb. Cinayətkarlar dünyasının cibinə, yaxud qanunsuz istiqamətə gedirdi. Moskvada biz güclü ir qərar qəbul etdik və indi pay artıq 11 faizədək qalxmışdır. Bu gün öyrəndim ki, bu təcrübədən burada istifadə edilmişdir, normativ baza, mexanizm müəyyənləşdirilmişdir və xeyli gəlir götürülür. Bu isə büdcə, vəziyyətin özünün sağlamlaşması deməkdir. cinayətkarlar dünyasına gedən çox güclü pul axını dayandırılır. Bunların hamısı çox yaxşıdır.

Çıxışımı qurtararaq ümumən deyə bilərəm ki, Azərbaycanla bizim, Moskva hökumətinin çox yaxşı, gözəl, səmimi münasibətlərimiz yaranmışdır. İşgüzar əlaqələr, şəxsi ünsiyyətlər çox səmimi və intensivdir. Başqa yerlərdə yalnız elan edilənlərin əksəriyyəti burada artıq həyata keçirilir. Biz bundan elə xüsusi heyranlıq duymuruq, lakin deyirik ki, bu işə başlamışıq, o, öz nəticələrini verir və biz onu genişləndirmək istəyirik.

Heydər Əliyeviç, nümayəndə heyətimizə göstərdiyiniz diqqətə görə, bizə şəxsi mehriban münasibətinizə görə bir daha çox sağ olun. Biz bunu hiss edirdik və Sizə - millətin rəhbərinə, atasına, postsovet məkanında ən yüksək nüfuza malik rəhbərə uğurlar, cansağlığı arzulamaq istəyirik. Çünki bütün bunlar Azərbaycanın xeyrinə, Rusiyanın xeyrinə və ümumi işimizin xeyrinə işləyir.

Heydər Əliyev: Sağ olun, Yuri Mixayloviç. Moskva ilə Azərbaycan arasında əməkdaşlığın nəticələri barədə məlumata görə, Moskvada Azərbaycan gənclərinə özünün bütün dünyada məşhur olan və Azərbaycanda böyük nüfuza malik ali məktəblərində təhsil almaq imkanı verildiyinə görə sizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, Moskvanın tibb ocaqları müalicəyə kəskin ehtiyacı olan azərbaycanlıların müalicəsini təmin edir. Bizim tərəfimizdən meydana çıxan bütün məsələlərə Moskvanın həmişə xoş münasibət göstərməsinə görə də sizə təşəkkür edirəm.

Sizin kimi, mən də hesab edirəm ki, Moskva ilə Azərbaycan arasında əməkdaşlıq sazişləri imzalandıqdan sonra ötən vaxt ərzində az iş görülməmişdir. Bununla yanaşı, hələ çox iş görmək olar. Siz "Bıçok" avtomaşınlarından danışdınız. Mən heç bilmirdim ki, bizdə, Bakının küçələrində belə avtomaşın var. Görünür, buna cavabdeh olan Abbas Abbasov təqsirkardır, o, məlumat vermir. Bununla belə, bu, yaxşı haldır. Yəni vacib deyil ki, prezidentin bundan xəbəri olsun. Sərbəst ticarət, sərbəst sahibkarlıqdır. İş də burasındadır ki, keçmişdə - sizinlə eyni sistemdə yaşadığımız vaxtlarda biz hər şeyi bilməli idik, çünki bizsiz heç nə etmək olmazdı. İndi isə azadlıqdır. Adamlar ticarət edir, öz sərvətlərini mübadiləsini həyata keçirirlər və sair. Bakıda, Azərbaycanda biz ticarət üçün tam sərbəst şərait yaratmışıq. Deyə bilmərəm ki, biz bu sahədə hər şey etmişik, amma hər halda, çox iş görmüşük. Əgər azərbaycanlılar "Bıçok" avtomobilini - yeri gəlmişkən, onun haqqında siz ötən dəfə, ZİL-in yenidən qurulmasına və yeni minik avtomobilləri buraxılmasına dair öz planlarınızdan söhbət açarkən danışmışdınız və mən sizin planlarınızı xatırlayıram, - alırsa, onda məmnunluqla demək olar ki, planlarınız həyata keçirilmişdir və Azərbaycan Moskvada buraxılan ZİL avtomobillərinin satışında iştirak edir.

Bu, yaxşı nümunədir, lakin düşünürəm ki, yeganə deyildir. Azərbaycanda Rusiyadan, xüsusən Moskvadan gətirilən müxtəlif mallar, məhsullar olduqca çoxdur. Bununla belə, imkanlar daha genişdir, əgər indi siz bizim mağazalarla tanış olsanız, görərsiniz ki, Moskvanın mağazalarında olduğu kimi, burada da hər şey var. Onları dünyanın bütün ölkələrindən gətirirlər. Sahibkarlar - ticarətlə məşğul olan adamlar gətirirlər. İstərdik ki, Moskvadan daha çox gətirsinlər. Ancaq, şübhəsiz, istərdik ki, biz də Azərbaycandan Moskvaya öz məhsullarımızı aparıb, orada sata bilək. Bu sazişlərdə Moskvaya satışa kənd təsərrüfatı məhsulları - meyvə, tərəvəz və başqa məhsullar aparılması xüsusi nəzərdə tutmuşdur. Yeri gəlmişkən, belə məhsullar Moskvaya və Azərbaycana dünyanın bir çox ölkələrindən, bəzən çox uzaq ölkələrindən gətirilir. Görünür, burada müəyyən tədbirlər görmək lazımdır ki, məsələn, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsulları, xüsusən meyvə və tərəvəz Moskvaya satışa göndərilə bilsin. Bu, yəqin daha ucuz olar və zənnimcə, keyfiyyət də pis olmaz.

Belə faktlar çoxdur. Hesab edirəm ki, onların üzərində bizim də, sizin də nümayəndələr, şübhəsiz, işləyəcəklər. Dediyiniz kimi, günün sonuna yaxın Baş nazirin yanında yekun vurmaq və bundan sonra görüləcək işləri müəyyənləşdirmək olar.

Aydındır ki, sizinlə birlikdə bir müddət əvvəl başladığımız iş bizim istədiyimiz kimi dərhal həyata keçirilə bilməz. Lakin vacib olan budur ki, irəliləyiş, inkişaf var və bu cür görüşlər daha böyük nəticələrə nail olmaq üçün nə kimi işlər görülməsini nəzərdən keçirməyə imkan verir.

Biz Moskva ilə bütün sahələrdə fəal əməkdaşlıq mövqelərində möhkəm dururuq və onun uğurlu olması üçün öz tərəfimizdən hər şeyi edəcəyik.

Mədəniyyət günləri barədə. Buna konkret surətdə baxmaq lazımdır. Zənnimcə, indi bu məsələni də müzakirə etmək olar, biz mədəniyyət xadimlərini, Azərbaycan mədəniyyətini Moskvada təqdim etmək imkanlarına həmişə şadıq. Bir sözlə, əgər belə imkan olarsa, biz ondan yəqin ki, istifadə edəcəyik.

Yuri Mixayloviç, iqtisadi əməkdaşlıq, mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq bizim əlaqələrimizin əsas istiqamətləridir. Bizim bu əməkdaşlığa ehtiyacımız var və onu inkişaf etdirəcəyik.

Bununla bərabər, bu görüşdən istifadə edərək və Yuri Mixayloviç, Rusiya Federasiyasında Sizin görkəmli, fəal və nüfuzlu siyasi xadimlərdən biri olduğunuzu nəzərə alaraq, Rusiya ilə qarşılıqlı münasibətlərimizin problemləri barədə də bir neçə kəlmə demək istərdim.

Məlumdur ki, Moskva ilə əməkdaşlığın özü Rusiya Federasiyası ilə əməkdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malikdir. Çünki Moskva paytaxtdır, Rusiyada deyildiyi kimi, öz miqyaslarına görə də, əhəmiyyətinə görə də çox mühüm yer tutur. Əməkdaşlığımız müvəffəqiyyətlə inkişaf edir və biz Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etməsi, genişlənməsi və dərinləşməsi, Rusiya Federasiyası ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi mövqelərində möhkəm dayanmışıq. Bu, bizim qəti, prinsipial, strateji mövqeyimizdir.

Bax, Siz qeyd etdiniz ki, Azərbaycanda rusdilli məktəblərin sayı azalmır, əvvəllər olduğu səviyyədə qalmaqdadır. Sağ olun ki, özünüzlə dərsliklər gətirmişsiniz. Əlbəttə, bizim onlara ehtiyacımız var, çünki bizdə tədrisi rus dilində olan məktəblər çoxdur. Həm də orada təkcə rus millətindən olan uşaqlar deyil, rus dilində təhsil almaq istəyən azərbaycanlılar da oxuyurlar. Bu, Azərbaycanın köhnə ənənəsidir. Yeri gəlmişkən, bu ənənə indi də mövcuddur və biz bundan ötrü şərait yaradır, keçmiş Sovetlər İttifaqının bəzi respublikalarında olan hallara yol vermirik. Həmin respublikalarda rus dilində təhsil məhdudlaşdırılır, bu hallar bizdə - Cənubi Qafqazda, Zaqafqaziyada da, başqa ölkələrdə də var. Yəni bunun özü də müəyyən dərəcədə göstəricidir ki, biz Rusiya ilə, rus xalqı ilə əməkdaşlığımızı, dostluğumuzu fəaliyyətimizin mühüm strateji istiqaməti kimi qiymətləndiririk.

Bununla bərabər, təəssüf ki, əməkdaşlığa mane olan hallar da var. Rusiyanın Cənubi Qafqazda, Zaqafqaziyada heç də bərabər siyasət yeritməməsi ilə əlaqədar Rusiyaya bəzi etirazımızı, narazılığımızı bildirməyimiz artıq faktdır. Əlbəttə, biz çox narahatıq ki, Rusiya, - mən Rusiya Federasiyasının Müdafiə Nazirliyini, digər strukturlarını nəzərdə tuturam - Ermənistanı böyük miqdarda silahla, hərbi texnika və döyüş sursatı ilə təchiz edir. Yuri Mixayloviç, sizə belə bir fakt məlumdur ki, 1997 - ci ilin əvvəllərində Rusiyanın hökumət, dövlət orqanlarının özləri, Rusiya Prezidenti Aparatının özü ötən əvvəlki üç ildə Rusiya Müdafiə Nazirliyi tərəfindən Ermənistana qanunsuz olaraq, qeyri-leqal yolla bir milyard dollarlıq silah göndərilməsi faktının üstünü açdılar. Bu, məlum olduqda, məsələ Dövlət Dumasında müzakirə edildikdə biz, əlbəttə, çox narahat olduq və Rusiya rəhbərliyinə müraciət etdik. Şəxsən mən prezident Boris Nikolayeviç Yeltsinlə görüşdüm. Biz bu məsələni müzakirə etdik, o söz verdi və həqiqətən bütün müvafiq orqanlara məsələni araşdırmağı, tədbirlər görməyi tapşırdı. Təbii ki, mən ona rəsmi müraciət göndərdim.

Bu, 1997-ci ilin əvvəllərində olmuşdu. Həmin ilin ortalarında mənim Rusiyaya rəsmi səfərim oldu, biz çox mühüm sənədlər imzaladıq. Artıq onda hiss etdik ki, vəziyyət bir qədər dəyişmişdir, Rusiya hökumətinin bəzi strukturları bu faktı, görünür, birtəhər ört-basdır etməyi qərara almışlar. Buna görə də danışıqlarımız zamanı ortaya belə bir məsələ çıxdı ki, guya Sovetlər İttifaqının parçalandığı vaxtlarda Ermənistana nisbətən Azərbaycanda daha çox silah qalmışdır. Elə bunu da üç ildə Rusiya tərəfindən Ermənistana bir milyard dollarlıq silah göndərilməsi ilə əlaqələndirməyə başladılar.

Əlbəttə, biz belə bir mövqe ilə razılaşmadıq. Çünki bunun digəri ilə heç bir əlaqəsi yoxdur. Bir də ona görə ki, Azərbaycanda daha çox silah qaldığı barədə məlumat həqiqətə uyğun deyildir. Buna baxmayaraq, məsələnin aydınlaşdırılması üçün Rusiya tərəfinin təkidi ilə Rusiya-Azərbaycan-Ermənistan birgə komissiyası yaratmağı təklif etdilər. Yəni o vaxt biz belə bir qənaətə gəldik ki, əgər Rusiya bunda təkid edirsə, onda qoy bu komissiya aydınlaşdırsın görək nə üçün, hansı yolla son üç ildə Rusiya Ermənistana bir milyard dollarlıq silah göndərmişdir və Zaqafqaziyanın hər bir ölkəsinə 1992-ci ildən bəri, Sovetlər İttifaqından nə qədər silah qalmışdır.

Komissiyanı yaratdılar, biz öz nümayəndəmizi - Baş nazirin birinci müavini Abbas Abbasovun namizədliyini irəli sürdük. Rusiya tərəfi öz nümayəndəsini gec olsa da, hər halda müəyyənləşdirdi. Amma Ermənistan bunu etmədi, beləliklə komissiya heç bir iş görmədi, məsələ həll edilməmiş qaldı. Bu, bizi indiyədək həyəcanlandırır, narahat edir. Biz hesab edirik ki, Rusiya hökuməti bu məsələyə dəqiq cavab verməlidir.

İkinci məsələ də bu səpgidədir. Təəssüf ki, son illər Rusiya Federasiyası Ermənistan ərazisindəki hərbi bazalarında öz hərbi qüvvələrini artırmağa başlamışdır. Əvvəla, biz öz mövqeyimizi bildirərək demişdik ki, hesab edirik, Rusiya Federasiyasının Zaqafqaziyada, xüsusən Azərbaycanla hərbi münaqişədə olan Ermənistanda hərbi bazalar saxlamağa ehtiyacı yoxdur. Biz Rusiya tərəfindən Ermənistana silah göndərilməsinə nə üçün belə ağrılı münasibət göstəririk? Ona görə ki, Ermənistanla Azərbaycan hərbi münaqişə vəziyyətindədir. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, bu torpaqlardan bir milyon azərbaycanlı qovulub, didərgin salınmışdır və onlar çadırlarda yaşayırlar. Odur ki, bu münaqişənin həll edilmədiyi bir vaxta, - 1994-cü ildə biz atəşi dayandırırıq, atəşkəs haqqında saziş imzaladıq, məsələnin dincliklə tənzimlənməsinə dair danışıqlar aparırıq. Minsk konfransının həmsədri kimi Rusiya bu məsələnin dincliklə tənzimlənməsində vasitəçi olduğu halda, nə Azərbaycana, nə də Ermənistana heç bir hərbi yardım göstərməməlidir. Yeri gəlmişkən, Rusiya prezidenti Yeltsinin 1993 - cü il tarixli fərmanı var və bu, Rusiya silahlarının hərbi münaqişə zonalarına göndərilməsini qadağan edir. Rusiya prezidentinin bu fərmanı da pozulur.

Bir halda ki, Ermənistanla Azərbaycan hərbi münaqişədə olduğuna görə hesab edirik ki, Ermənistanda xarici bazalar var, o cümlədən Rusiya bu rəyə hesablaşmır və bu barədə müvafiq normaları pozur. Son bir neçə ayda, bəlkə də yarım ildə Rusiya Ermənistan ərazisindəki hərbi qüvvələrini daha da artırmağa başlamışdır. Oraya S- 300 raketləri, MİQ - 29 təyyarələri göndərmişlər, həm də bu təyyarələrin iştirakı ilə hərbi manevrlər keçirilmişlər. Biz narazılığımızı, etirazımızı bildirmişik. Ancaq buna heç kim məhəl qoymur.

Bilirsinizmi, mən bununla əlaqədar prezident Boris Nikolayeviç Yeltsinə məktub yazdım. Bu yaxınlarda o, mənə məktub göndərdi və məktubda göstərir ki, Rusiya tərəfi nə etmək barədə düşünür. Bununla bərabər, bu yaxınlarda mən Rusiya xarici işlər nazirinin müavini cənab Draçevskini qəbul etdim, onunla ətraflı söhbət oldu. Lakin Azərbaycanın müdafiə naziri bu günlərdə Moskvada oldu, MDB ölkələri müdafiə nazirlərinin görüşündə iştirak etdi. Rusiyanın Müdafiə Nazirliyi bütün bunlara məhəl qoymur. Cavabları da bizi təəccübləndirir - gəlin, sizə də S-300 raketləri, MİQ - 29 təyyarələri göndərək. Bu, təəccüblü bəyanatdır. Məgər Rusiyanın o qədər raketləri, o qədər təyyarələri var ki, onları hər yerə göndərir? Bu, nəyə gərəkdir?

Silahlanmaq yox, əksinə, silahsızlaşmaq lazımdır. Xüsusən də Zaqafqaziyada. Zaqafqaziya onsuz da çox ağır vəziyyətdədir.

Yuri Mixayloviç, bütün bunları sizə ona görə deyirəm ki, Rusiyadakı siyasi nüfuzunuzu bilirəm. Təkrar edirəm, Rusiyanın çox görkəmli siyasi xadimi, bu baxımdan da çox fəal xadim kimi sizə böyük hörmətlə yanaşırıq. Mənə elə gəlir ki, bunları ilk mənbədən eşitmək, bu baxımdan narahatlığımızdan xəbər tutmaq və bu cür hərəkətlərin Qafqazda, xüsusən olaraq, Rusiya ilə Azərbaycan arasında dostluğu və əməkdaşlığın daha da möhkəmlənməsinə kömək etmədiyini bilmək sizin üçün maraqlı olacaqdır.

Bunun bəlkə də mövzuya dəxli yoxdur, ancaq bunu sizə demək istəyirəm. Əlbəttə, mən hər hansı bir cavabla ümid bəsləmirəm, sadəcə olaraq sizi məsələdən agah edirəm.

Yuri Lujkov: Heydər Əliyeviç, mən sizin narahatlığınızı, əlbəttə, başa düşürəm və demək istərdim ki, şəxsən Rusiya prezidentinə çatdıracağam. Ötən həftə, cümə axşamı günü onunla uzun sürən görüşümüz oldu və biz bundan sonra tez-tez görüşmək barədə razılığa gəldik. Onunla sabah çətin ki, görüşüm, çünki sabah onun müraciəti oxunacaq və bütün günü prezident müraciətilə bağlı olacaqdır. Lakin prezidentdən məni qəbul etməsini xahiş edəcəyəm və Sizi narahat edən hər şeyi ona çatdıracağam və bunu, əlbəttə, müvafiq tövsiyələrlə edəcəyəm.

Heydər Əliyev: Azərbaycana gəlməyinizlə əlaqədar bir daha təşəkkürümü bildirmək istəyirəm. Sizin bu gəlişiniz münasibətlərimizin daha da inkişaf etməsinə böyük imkan yaradır.

Bilirəm ki, proqramınız gərgindir, çünki Siz Azərbaycana, Bakıya çox az vaxt ayrımısınız. Buna baxmayaraq, biz sizinlə bu gün bir daha görüşəcəyik.