Yaponiya Milli Neft Korporasiyası adından Azərbaycan Prezidenti şərəfinə rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Tokio, 25 fevral 1998-ci il


Möhtərəm cənab prezident!

Yaponiyanın iri neft şirkətlərinin hörmətli rəhbərləri!

Hörmətli səfir, hörmətli dostlar!

Sizi ürəkdən salamlayıram və Yaponiyaya rəsmi səfərimin həyata keçirilməsi, ölkənizdə olmağımız və sizinlə görüşlərlə əlaqədar çox məmnun qaldığımı bildirirəm.

Bu gün biz sizinlə görüşərək əməkdaşlığımızın daha da genişləndirilməsi məsələlərini müzakirə etdik, açıq, dostcasına söhbət apardıq və düşünürəm ki, biz öz əməkdaşlığımızda necə irəliləmək barədə çox yaxşı razılığa gəldik.

Yaponiyanın neft şirkətləri Yaponiya-Azərbaycan iqtisadi əlaqələrinin həyata keçirilməsində ilk cığır açanlardır. Yaponiya ilə Azərbaycanı nəinki iqtisadi sahədə, həm də həyatın başqa sahələrində birləşdirən körpünü məhz siz salmısınız.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Yaponiyadan Azərbaycana birinci olaraq Yaponiyanın neft şirkətləri gəldilər. Onlar yaxşı əlaqələr və əməkdaşlıq yaratmışlar. İllər, onilliklər ötəcək, Yaponiya-Azərbaycan münasibətləri daha böyük inkişaf tapacaqdır, biz çox geniş miqyasda əməkdaşlıq edəcəyik, adamlarımız bir-birinə çox tez-tez qonaq gedib gələcəklər. O vaxt bunu başa düşəcək və qiymətləndirəcəklər ki, bu əlaqələrin, dostluğun, əməkdaşlığın bünövrəsini Yaponiyanın məhz neft şirkətləri qoymuşlar.

Mən sizin Azərbaycana gəlişinizi salamladım, əməkdaşlığımızın başlanması və inkişaf etməsi üçün mümkün olan bütün işləri gördüm. Əmin ola bilərsiniz ki, mən buna gələcəkdə də fəal kömək göstərəcəyəm.

Azərbaycan qədim neft məmləkətidir, onu həm də odlar yurdu adlandırırlar. Dünyada ilk dəfə olaraq 1848-ci ildə Azərbaycanda sənaye üsulu ilə neft çıxarılmağa başlandı, o vaxt ilk iri neft quyusu fontan vurdu. Azərbaycan bütün dünyada neft sənayesinin inkişafı işinə böyük töhfə vermişdir. XX əsrin əvvəllərində bütün dünyada neft hasilatının 90 faizi Azərbaycanın payına düşürdü. Azərbaycan nefti Rusiyanın və keçmişdə onun tərkibinə daxil olmuş bütün ölkələrin sənayecə inkişafında çox böyük rol oynamışdır. İndi Azərbaycanın neft sənayesinin inkişafında yeni mərhələ başlanmışdır. Bu mərhələ biz azadlıq, dövlət müstəqilliyi əldə etdikdən və öz təbii ehtiyatlarımızın, yeraltı sərvətlərimizin, öz ölkəmizin, öz taleyimizin sahibi olduqdan sonra başlanmışdır.

Böyük neft və qaz ehtiyatlarına malik olduğumuza görə biz qısa bir müddətdə, zənnimcə, dünyanın bir çox ölkələri ilə çox möhkəm, yaxşı əməkdaşlıq münasibətləri yaratdıq, bir sıra müqavilələr bağladıq və nəhayət, Yaponiya ilə, Yaponiyanın neft şirkətləri ilə yaxşı əməkdaşlıq yaratdıq. Hər hansı iqtisadi əməkdaşlıq kimi, bizim əməkdaşlığın da əsasını qarşılıqlı faydalılıq prinsipi təşkil edir. Bu əsasda biz sizinlə bəzi müqavilələr bağlamışıq və əməkdaşlığımızı davam etdirəcəyik.

Yaponiya öz neftinə malik deyil, amma onda bir çox elə şeylər var ki, bunlar başqa ölkələrdə, o cümlədən, Azərbaycanda yoxdur. Yaponiya iqtisadi, maliyyə, texniki və texnoloji cəhətdən yüksək inkişaf etmiş ölkədir. Bütün dünyada, xüsusən 50-ci illərdən etibarən insanlar Yaponiyanın iqtisadi inkişafının yüksək sürətini çox diqqətlə izləyirlər. Azərbaycanda biz də sizə səmimi münasibət hissləri bəsləyirik və Yaponiyanın necə inkişaf etdiyini, onun bütün dünyada elmi-texniki tərəqqini necə inkişaf etdirdiyini böyük məmnunluqla izləmişik və izləyirik. Yaponiyanın elmi-texniki kəşfləri və elmi-texniki tərəqqisi bütün dünyada tərəqqi və iqtisadiyyatın inkişafına olduqca böyük müsbət təsir göstərmişdir və göstərir. Hörmətli prezident, siz bütün bunlarla haqlı olaraq fəxr edirsiniz. Sizin dostlarınız kimi, biz də sizin uğurlarınıza şadıq. Sizə ürəkdən yeni-yeni uğurlar arzulayıram.

Biz Yaponiyanın tarixinə yaxşı bələdik və Yaponiyanın, yaponların çox böyük əməksevərliyi və yüksək intellekti hamını heyran qoyur, heyrətləndirir və sevindirir. Sizin təcrübənizdən, indiyədək etmiş olduğunuz və bu gün etdiyiniz nə varsa, onların hamısından bütün dünyada fəal istifadə edilir, sizin təcrübənizdən biz də fəal bəhrələnməyə çalışırıq.

Azərbaycan qədim və çox zəngin tarixə malikdir. Çoxəsrlik tarixi ərzində Azərbaycan xalqı dünya sivilizasiyasına olduqca böyük töhfə vermişdir. Lakin bir çox onilliklər, yüzilliklər ərzində Azərbaycanın iqtisadi və intellektual imkanlarından xalqımız istifadə etməmişdir. Mən onu nəzərdə tuturam ki, biz azadlığa, müstəqilliyə malik deyildik. İndi biz belə inkişaf üçün imkan əldə etmişik və dünyanın bir çox ölkələri ilə son dərəcə yaxşı, sıx, mehriban əlaqələr yaratmışıq. Bununla bağlı biz Yaponiya ilə münasibətlərimizə böyük əhəmiyyət veririk. Biz Yaponiya ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik, xalqlarımız arasında dostluğu möhkəmlətmək istəyirik. Biz sizin təcrübənizdən fəal bəhrələnmək istəyirik, bununla yanaşı, Azərbaycanda sizi maraqlandıra biləcək dəyərli hər bir şeyi sizin sərəncamınıza verməyə hazırıq.

Dediyim kimi, əməkdaşlığımızın əsasını neft sənayesi sahəsində başlanmış olan əməkdaşlıq təşkil edir. Əminəm ki, bu əməkdaşlığın böyük gələcəyi var. Əmin ola bilərsiniz ki, biz etibarlı tərəfdaşlarıq. Biz inanırıq ki, Yaponiya Azərbaycan üçün də etibarlı və səmimi tərəfdaşdır. Biz ümumi səylərlə irəliləyəcəyik.

Dünən də, bu gün də mənim çoxsaylı görüşlərim, ən əvvəl Yaponiyanın işgüzar dairələri ilə görüşlərim oldu. Bu gün mən əlahəzrət Yaponiya imperatoru ilə görüşüb onunla çox maraqlı söhbət etdim. Qarşıda görüşlər, Yaponiya ilə Azərbaycan arasında danışıqlar və mühüm sənədlər imzalanması durur. Arxada qalan iki gün onu göstərir ki, səfər uğurla keçir. Hörmətli dostlar, siz də maksimum şərait yaradırsınız ki, səfər həqiqətən uğurlu keçsin.

Sizlərdən bir çoxu ilə mən Azərbaycanda, Bakıda görüşmüşəm. İndi isə Yaponiyada, Tokioda görüşürəm. Ümidvaram ki, bu görüşlər Azərbaycanda da, Yaponiyada da davam etdiriləcəkdir. Sizlərdən hər birinizi Azərbaycanda yenidən görməyimə şad olaram. Ümidvaram ki, siz bu imkandan istifadə edəcəksiniz.

Yaponiya xalqına səmimi qəlbdən xoşbəxtlik, firavanlıq, sülh və uğurlar arzulamaq istəyirəm. Sizə, Yaponiyanın iri neft şirkətlərinə yeni müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, siz Yaponiyanı mühüm neft dövlətinə çevirəcəksiniz.

Sizin sağlığınıza, Yaponiyanın şərəfinə, ölkənizin, xalqınızın tərəqqisi şərəfinə, Yaponiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın daha da genişlənməsi şərəfinə badə qaldırıram!

"Azərbaycan" qəzeti, 26 fevral 1998-ci il