Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri (24-28 fevral 1998-ci il)


Azərbaycanla sıx münasibətlər və geniş partnyorluq əlaqələri yaradan dövlətlərdən biri Yaponiyadır. Yaponiyanın Xəzər bölgəsi və Azərbaycana marağı əsasən iqtisadi amillərlə bağlıdır. Bu ölkə bölgədəki mürəkkəb geostrateji proseslərə bir qayda olaraq qoşulmasa da, regional enerji, iqtisadi və transmilli layihələrdən kənarda qalmaq istəmir. Yaponiya həm də Azərbaycana ən çox əvəzsiz kredit və güzəştli yardım edən dövlətlərdən biridir. Yaponiya Böyük İpək yolunun bərpasının təşəbbüskarlarındandır.

İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın Baş naziri Ryutaro Haşomotonun dəvətilə bu ölkəyə rəsmi səfərinin rolu çox böyükdür.

Fevralın 25-də İmperator sarayında Azərbaycan Prezidentinin Gündoğar ölkəyə səfərinin əsas hadisələrindən biri - Yaponoya imperatoru Akihito ilə görüşü baş tutub. Tərəflər ikitərəfli münasibətlərin hazırki səviyyəsindən razılıqla bəhs edib, onun böyük perspektivə malik olduğunu vurğulayıblar.

Fevralın 26-də Prezident Heydər Əliyev Yaponiyanın Baş naziri Ryutaro Haşimoto ilə görüşüb. Baş nazirin iqamətgahında keçirilən görüşdə Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiya ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib. Baş nazir isə öz növbəsində qeyd edib: «Yaponiya Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında sülh yolu ilə aradan qaldırılmasına tərəfdardır. Yaponiya Azərbaycanın haqq işini müdafiə edir, bir ölkənin digər ölkənin ərazisini zor gücü ilə ələ keçirməsini qətiyyətlə pisləyir».

Görüşdən sonra Yaponiya-Azərbaycan sənədlərinin imzalanma mərasimi olub. Mərasimdə bəyanatla çıxış edən Prezident Əliyev bildirib: «Hesab edirəm ki, bu sənədlərin, xüsusən Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq, ticarət əməkdaşlığı haqqında bəyanatların və digər sənədlərin imzalanması ilə ölkələrimizin əməkdaşlığında yeni mərhələ açılır. Mən bəyan edirəm ki, biz öz üzərimizə götürdüyümüz btün öhdəlikləri yerinə yetirəcək və etibarlı tərəfdaşlar olacağıq».

Fevralın 26-da Azərbaycan Prezidenti həmçinin, Yaponiya Parlamenti Nümayəndələr Palatasının sədri İto Soikxiro ilə görüşüb. Tərəflər bu rəsmi səfərin Yaponiya-Azərbaycan münasibətlərinin durmadan inkişafı üçün yeni mərhələ açacağını bildiriblər.

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Yaponiyanın xarici işlər naziri Keyzo Obuçi və Yaponiya Parlamenti Müşavirlər Palatasının sədri Sauto Çüro ilə görüşüb.

Ümumiyyətlə, Azərbaycan Prezidenti Heydər Əliyev Yaponiya hökumətinin üzvləri, parlamentin hər iki palatasının rəhbərləri, işgüzar darələrin nümayəndələri ilə üst-üstə 48 maraqlı və faydalı görüş keçirib.

Yaponiyanın Baş naziri ilə birgə imzalanan iki mühüm sənəd - Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq haqqında və Yaponiya ilə Azərbaycan arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında birgə bəyanatlar böyük əhəmiyyətə malikdir. Bu bəyanatlarda iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əsas prinsipləri və istiqamətləri öz əksini tapıb. Qarşılıqlı məsləhətləşmələr haqqında Yaponiyanın və Azərbaycanın xarici işlər nazirlikləri arasında saziş, «Şimal» elektrik stansiyasının tikintisi üçün 20,7 milyard iena məbləğində kredit verilməsi haqqında Yaponiya Xarici İşlər Nazirliyi ilə Azərbaycan hökuməti arasında saziş, Azərbaycana təmənnasız olaraq 400 milyon iena məbləğində yardım verilməsi haqqında notalar, «Azərikimya» Dövlət Şirkətində etilen istehsalı zavodunun tikintisi üçün Azərbaycan hökumətinin təminatı altında kredit ayrılması haqqında Yaponiyanın «Eksimbank»ı ilə saziş, Xəzər dənizinin Azərbaycan sektorundakı «Kürdaşı» neft yatağına dair layihədə Yaponiyanın «Mitsui» şirkətinə 15 faizlik iştirak payı verilməsi haqqında saziş də mühüm əhəmiyyət daşıyan sənədlər idi.

Azərbaycan Prezidentinin Yaponiyaya rəsmi səfəri bu ölkənin və dünyanın aparıcı media qurumları tərəfindən diqqətlə izlənilib. Prezident Heydər Əliyev səfər dövründə «Asaxi Simbun», «Nikkey Simbun», «Sankey Simbun», «Yomiuri Simbun» qəzetlərinə, «Röyter» agentliyinin Tokio müxbirinə, En-Eyç-Key telekanalına və «Asahi» teleşirkətinə müsahibələr verib.

Son dərəcə uğurlu səfər Azərbaycanı həm siyasi, həm iqtisadi, həm də coğrafi-siyasi vəziyyəti baxımdan Yaponiyaya tanıtdı.