Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Prezidenti Jak Şirak ilə görüşdə bəyanatı - Paris, Yelisey sarayı, 27 mart 1997-ci il


Cənab prezident, hörmətli Jak Şirak!

Fransa torpağında, əzəmətli və qədim Yelisey sarayında yenidən görüşdüyümüz bu anda görkəmli musiqiçi, böyük ictimai xadim, bizim dostumuz Mstislav Rostropoviçin 70 illik yubileyi mərasimlərinə şəxsən dəvət olunduğum üçün təşəkkürümü bildirirəm.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə münasibətdə sizin ölkənizin mövqeyinin dəyişməz qaldığına, yəni münaqişəyə Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, Dünya Birliyi tərəfindən qəbul olunmuş normalar əsasında son qoyulmasına dair bəyanatınızı bu gün bir daha eşitmək bizim üçün çox xoşdur.

Fransa böyük dövlətdir. Fransanın dünyada böyük nüfuzu var və ona görə də bu problemin həlli üçün imkanları böyükdür. Xüsusən də indi, ATƏT-in Minsk qrupunun həmsədri olandan sonra. Biz çox ümid edirik ki, Siz Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcək, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması barəsində öz mövqeyinizi dəyişməyəcəksiniz. Bizim üçün bunun böyük əhəmiyyəti var.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2000, 9-ci cild, səh.82.