Rusiya Federasiyasının prezidenti zati-aliləri cənab Vladimir Putinə - 24 may 2003-cü il


Hörmətli Vladimir Vladimiroviç!

Sankt-Peterburqun 300 illik yubileyi münasibətilə Sizi, bütün Rusiya xalqını ürəkdən təbrik edirəm.

Bu əlamətdar hadisəyə həsr olunmuş yubiley təntənələri bir daha təsdiq edir ki, Sankt-Peterburq həqiqətən dünya tarixinin, siyasətinin, elm və mədəniyyətinin tanınmış mərkəzlərindən biridir.

Sankt-Peterburqun təkrarsız simasında öz əksini tapmış bütün 300 illik tarixi onun Rusiya dövlətçiliyinin inkişafında və möhkəmlənməsində, rus mənəviyyatının zənginləşməsində xüsusi yerinin və rolunun inkaredilməz sübutudur.

Sankt-Peterburq Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə də mühüm rol oynamışdır. Azərbaycanın yüksək ixtisaslı mütəxəssislərinin, görkəmli siyasi və ictimai xadimlərinin parlaq bir nəslinin yetişməsi bu şəhərin adı ilə bağlıdır.

Mən Sizin doğma şəhərinizdə keçirdiyim gənclik çağlarımı həmişə böyük məmnunluq hissi ilə xatırlayıram.

Əziz Vladimir Vladimiroviç!

Əminəm ki, Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş yubiley təntənələri xalqımızın rifahı, regionda sülh və sabitlik naminə Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir.

Bir daha Sizi, bütün Rusiya xalqını bu bayram münasibətilə təbrik edirəm. Hamıya xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 31 may 2003-cü il.