Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Baş naziri Yevgeni Primakovla təkbətək görüşdəki söhbətindən - Moskva, Rusiya Federasiyasının Hökumət Evi, 3 aprel 1999-cu il


Yevgeni Primakov:  Xoş gəlmisiniz, Heydər Əliyeviç. Sizinlə görüşmək mənə məmnunluq verir.

Heydər Əliyev:  Xoş gördük, Yevgeni Maksimoviç, Sizi görməyimə çox şadam.

Yevgeni Primakov:  Rusiya xalqı, Rusiya hökuməti müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

Heydər Əliyev:  Mən inanıram ki, xalqlarımız ənənəvi dostluq əlaqələrimizi daha da möhkəmləndirmək əzmindədir. Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətləri inkişaf etdirmək üçün yeni imkanlardan səmərəli istifadə olunması olduqca zəruridir.

Yevgeni Primakov:  Elədir, Heydər Əliyeviç, bu olduqca vacibdir.

Heydər Əliyev: Mənə elə gəlir ki, biz əlbəttə, bir çox sahələrdə əməkdaşlığımızı yenidən bərpa etməliyik. Lakin iqtisadiyyat sahəsində əməkdaşlığı nəinki davam etdirmək, hətta daha da dərinləşdirmək xüsusilə önəmlidir.

Yevgeni Primakov: Biz əməkdaşlığımızı daha da genişləndirməyin vacibliyini yaxşı dərk etdiyimiz üçün bu işlərin həyata keçirilməsini sürətləndirməliyik.

Heydər Əliyev: Bubelədir. Lakin bunun üçün çox mühüm bir problem - Dağlıq Qarabağ problemi həll edilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi aradan götürülməli, bu problemin doğurduğu məsələlər araşdırılmalı, Azərbaycan torpaqlarında əmin-amanlıq bərpa olunmalıdır.

Yevgeni Primakov: Doğru buyurursunuz, cənab prezident. Biz bu ağır problemin sülh yolu ilə aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq.

Heydər Əliyev: Azərbaycan dövləti də, Azərbaycan xalqı da münaqişənin sülh yolu, danışıqlar vasitəsi ilə həll edilməsinə üstünlük verir. Buna görə ATƏT-in Minsk qrupunun fəaliyyətinə ümidimiz çoxdur.

Yevgeni Primakov: Rusiya dövləti də Sizin kimi əmindir ki, münaqişənin Minsk qrupu çərçivəsində sülh yolu ilə həll edilməsi xüsusi əhəmiyyət daşıyır.

Heydər Əliyev: Onu da deməliyəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda Minsk qrupu həmsədrlərinin səylərinin artırılması olduqca vacibdir. Biz bu işin uğurla həyata keçirilməsi üçün hər cür mümkün imkanlardan istifadə etməyə hazırıq.

Yevgeni Primakov: Mən bilirəm ki, Siz atəşkəs rejimini əldə etməklə problemin həll olunması yolunda ilk addımlarınızı atmışsınız. Minsk qrupu həmsədrlərinin münaqişənin aradan götürülməsi üçün səylərinin artırılması fikri ilə mən tamamilə şərikəm. Bu, vacib şərtdir. Lakin bu münaqişə tam aradan qaldırılanadək atəşkəs rejimi qorunub saxlanmalıdır.

Heydər Əliyev: Biz bunu yaxşı dərk edirik və imkan daxilində atəşkəsə əməl edəcəyik. Lakin Rusiya - həm MDB Ölkələri Dövlət Başçıları Şurasının sədri kimi, həm də Minsk qrupunun həmsədri kimi Azərbaycana və Ermənistana daim eyni münasibət göstərməli və hansısa tərəfə heç vaxt xüsusi yardım və ya kömək etməməlidir. Biz Rusiyanın gizli olaraq Ermənistana külli miqdarda müasir hərbi silahlar verməsindən xəbərdarıq və bu bizi olduqca narahat edir. Azərbaycan Respublikasının prezidenti kimi, mən dövlətimizin və xalqımızın adından Rusiyanın bu addımını bir daha qətiyyətlə pisləyirik və bunun regionun digər ölkələri üçün də böyük təhlükə yaratdığını nəzərinizə çatdırırıq.

Yevgeni Primakov: Mən Sizin narahatlığınızı başa düşürəm. Rusiya hökuməti Azərbaycan-Rusiya münasibətlərinin müsbət istiqamətdə genişləndirilməsi üçün əlindən gələni etməyə hazırdır. Biz MDB-də islahatlar aparılmasının perspektivləri baxışından bu əlaqələrin inkişaf etdirilməsinə səy göstərəcəyik.

Heydər Əliyev: Azərbaycan-Rusiya - siyasi-iqtisadi -mədəni əlaqələrinin genişləndirilməsi və daha da dərinləşdirilməsi həm Azərbaycan, həm Rusiya, həm də bütövlükdə bütün region üçün əhəmiyyətlidir. İstər bilavasitə regionda, istərsə beynəlxalq aləmdə baş verən və hər iki tərəfi maraqlandıran hadisələr ətrafında fikir mübadiləsini davam etdirmək olduqca vacibdir. Mən əminəm ki, müstəqil dövlətlərimizin bütün sahələrdə əməkdaşlığının möhkəmləndirilməsi, regionda baş verən münaqişələrin aradan götürülməsi naminə həm Azərbaycan, həm Rusiya dövlətləri bütün mövcud imkanlardan səmərəli istifadə edəcəklər.