Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çinə rəsmi səfər zamanı Pekində mətbuat konfransında bəyanatı - 8 mart 1994-cü il


Hörmətli xanımlar və cənablar!

İkinci gündür ki, biz Pekindəyik. Mən buraya dövlət səviyyəsində rəsmi görüşə Çin Xalq Respublikası sədrinin dəvəti ilə gəlmişəm. Mənimlə birlikdə Azərbaycan nümayəndələrinin böyük bir qrupu da gəlmişdir. Çin rəhbərliyi ilə kifayət qədər səmərəli görüşlərimiz olmuşdur.

Dünən rəsmi qarşılanma mərasimi oldu və ÇXR sədri cənab Tszyan Tszeminlə danışıqlar aparıldı. Bu danışıqlar bir sıra sənədlərin imzalanması ilə başa çatdı. İkitərəfli münasibətlərə dair məsələlər barəsində biz Çin Xalq Respublikasının sədri ilə ətraflı fikir mübadiləsi etdik. Belə bir yekdil qənaətə gəldik ki, Çin ilə Azərbaycan arasında münasibətlər hərtərəfli şəkildə və daha müvəffəqiyyətlə inkişaf etdirilməlidir. Ticarət, iqtisadiyyat, elm, mədəniyyət, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları əldə olunmuş razılaşma nəticəsində imzaladığımız sənədlərdə əksini tapmışdır. Biz beynəlxalq vəziyyətin aktual məsələləri barəsində də fikir mübadiləsi etdik. Çin Xalq Respublikasının öz beynəlxalq siyasətində tutduğu mövqeyinin, xüsusən istiqlaliyyət qazanmış və müstəqil inkişaf yoluna qədəm qoymuş ölkələrin müqəddəratı ilə bağlı mövqeyinin bizim üçün çox böyük əhəmiyyəti var.

Biz bu məsələdə və dövlətlərin ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, suverenlik, istiqlaliyyət məsələlərində mövqe və baxışlarımızın tamamilə uyğun gəldiyini aşkara çıxardıq. Mən Azərbaycanın həyatı və indiki vəziyyəti haqqında ÇXR sədrinə müfəssəl məlumat vermək imkanına malik oldum. Mən təxminən altı ildən bəri Azərbaycanla Ermənistan arasında gedən müharibə barəsində, uydurma Qarabağ münaqişəsi barəsində və hərbi əməliyyatları dayandırmaq, müharibəyə son qoymaq və məsələni danışıqlar yolu ilə, sülh və razılıq əldə olunması yolu ilə həll etmək cəhdlərimiz barədə ətraflı məlumat verdim.

Bu gün Dövlət Şurasının baş naziri cənab Li Penlə görüşdük. ÇXR sədri ilə fikir mübadiləsi etdiyimiz bütün məsələlər cənab Li Penlə söhbətimizin mövzusuna çevrildi. Biz bir daha yəqin etdik ki, beynəlxalq və ümumən daxili siyasətdə Çin Xalq Respublikası rəhbərliyinin mövqeyi yekdil, sabitdir. Söhbətlərimizdə biz Çin Xalq Respublikasında uzun illər ərzində həyata keçirilmiş iqtisadi islahatlara maraq göstərdik, bu gün bizdə buna maraq var. İstər Çin Xalq Respublikasının sədri ilə, istərsə də ÇXR-in baş naziri ilə söhbətlərimizdə həmin məsələlərə böyük diqqət yetirildi. Bu gün isə islahatlar üzrə nazirlə görüşdük.

Biz onunla iqtisadi islahatların həyata keçirilməsi məsələləri barəsində ətraflı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, səfərimiz davam edir. Hələ sabah Pekində görüşlər olacaq, sonra isə biz Şanxaya gedəcəyik. Yeri gəlmişkən deyim ki, Şanxay şəhərinə getmək təklifini dünən bizimlə görüş zamanı ÇXR sədri irəli sürmüşdür.

Səfərimizin ilkin yekunları haqqında demək olar ki, biz razıyıq. Qeyd etdiyim kimi, çox faydalı, maraqlı söhbət və danışıqlarımız oldu. Biz - Çin Xalq Respublikasının sədri və mən ölkələrimiz arasında əməkdaşlığın prinsipləri haqqında bəyannamə imzaladıq. Dövlətlərarası əlaqələrə dair daha yeddi sənəd imzalandı. Bu sənədlər Çin ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafını müəyyənləşdirir. Bu da əhəmiyyətlidir ki, biz ölkəmizdə, bütövlükdə bölgəmizdə vəziyyət barəsində respublikamıza qarşı erməni təcavüzü nəticəsində Ermənistanla Azərbaycan arasında gedən müharibə barəsində və bölgəmizə aid bir çox digər məsələlər barəsində Çin Xalq Respublikasının rəhbərliyinə məlumat verə bildik.

Bu, mühüm yekundur ki, müstəqil Azərbaycan Respublikası prezidentinin Çin Xalq Respublikasına ilk səfəri baş tutmuş, iki ölkənin ali rəhbərliyi səviyyəsində səmimi münasibətlər bərpa edilmiş və bölgədə vəziyyət barədə Çin rəhbərliyinə məlumat vermək mümkün olmuşdur. Nəzərə almaq lazımdır ki, ÇXR-in bölgəmizdən çox uzaqda yerləşməsi informasiyanın dolğun və hərtərəfli olmasını tələb edir.

Azərbaycan gənc müstəqil dövlətdir, öz tarixinin çətin mərhələsini yaşayır. Buna görə də çox vacibdir ki, Azərbaycanla Çin kimi böyük dövlət arasında yüksək səviyyədə əlaqələr yaradılmış və münasibətlərimizin daha da müvəffəqiyyətlə inkişaf etməsi üçün perspektiv açılmışdır. Biz buna böyük əhəmiyyət veririk, çünki Çin Xalq Respublikası dünya iqtisadi sistemində mühüm yer tutur, beynəlxalq həyatda və dünya siyasətində böyük nüfuza malikdir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Sizə Azərbaycanda vəziyyət barəsində, ölkəmizdə görülən tədbirlər, respublikanın qarşısında duran problemlərin həlli barəsində, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü və uydurma Qarabağ problemi barəsində qısaca məlumat vermək istərdim.

Azərbaycan öz istiqlaliyyətini Sovet İttifaqı dağıldıqdan sonra əldə etmişdir. Müstəqil dövlət olmaq arzusu təxminən 200 il çar Rusiyası imperiyası tərkibində, sonra da Sovet İttifaqının tərkibində olmuş, xalqımızda həmişə yaşamışdır. Hər hansı bir xalq kimi, Azərbaycan xalqı da həmişə azadlığa və istiqlaliyyətə can atmışdır. Odur ki, istiqlaliyyətin əldə edilməsi onun üçün çox mühüm tarixi hadisəyə çevrilmişdir. Bununla bərabər, müstəqil Azərbaycanın qarşısına, təbii olaraq, sosial-iqtisadi inkişafla, tam suverenliyin, müstəqilliyin, dövlətçiliyin bərqərar edilməsi ilə, dünya birliyində bərqərar olmaqla bağlı çox mürəkkəb problemlər çıxmışdır. Bütün bu məsələlər ötən iki il ərzində Azərbaycanda mürəkkəb daxili siyasi vəziyyətdə və Ermənistan tərəfindən hərbi təcavüzlə əlaqədar, təbii olaraq, mürəkkəb şəraitdə həll edilmişdir.

Azərbayçan iqtisadiyyatı dərin böhran keçirir. Əlbəttə, bu böhran xalqın həyat səviyyəsinə, rifahına çox mənfi təsir göstərir. Böhran keçmiş Sovet İttifaqında son illər ərzində getmiş proseslərdən yaranmış və təbii olaraq, təkcə Azərbaycan üçün deyil, keçmiş Sovet İttifaqının müstəqil dövlətlərə çevrilən, demək olar, bütün respublikaları üçün səciyyəvidir. Dediyim kimi, bu böhran Azərbaycanda bir də ona görə dərinləşir ki, Azərbaycan Ermənistan Respublikası tərəfindən təcavüz nəticəsində müharibə vəziyyətindədir. Uydurma Dağlıq Qarabağ problemi ilə əlaqədar təxminən altı il bundan əvvəl yaranmış hərbi münaqişə çox geniş miqyas almış və ona gətirib çıxarmışdır ki, erməni silahlı birləşmələri hazırda Azərbaycan ərazisinin, demək olar, 20 faizini işğal etmişdir. İşğal edilmiş rayonların bir milyon nəfərdən çox sakini qaçqına çevrilmiş, öz ev-eşiyindən, var-dövlətindən məhrum olmuş, Azərbaycanın digər bölgələrində yerləşdirilmişdir. Onlar ağır vəziyyətdədirlər.

Təəssüf ki, son illər Azərbaycanda daxili siyasi vəziyyət də sabit olmamışdır. Ermənistanla müharibə və müxtəlif siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi respublikada hakimiyyətin dəyişməsinə gətirib çıxarmışdır. Belə mürəkkəb vəziyyət axırıncı dəfə ötən ilin yayında yaranmış və onda Azərbaycan vətəndaş müharibəsi həddində olmuşdur. Lakin bu prosesləri, zənnimizcə, dəf etmək mümkündür. İndi ölkədə daxili siyasi və ictimai-siyasi vəziyyət sabit, normaldır. Lakin bütün bunlar Azərbaycanın sosial-iqtisadi vəziyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi və əlavə çətinliklər yaratmaya bilməzdi. Azərbaycanda daxili siyasət sahəsində hazırda demokratik hüquqi dövlət quruculuğu prosesi gedir. Azərbaycanda bütövlükdə demokratiyanın, siyasi plüralizmin, çoxpartiyalı sistemin inkişafı üçün, insan hüquqlarının müdafiəsi, şəxsiyyətin azadlıqlarının, vicdan, dini etiqad azadlığının, sahibkarlıq, təşəbbüskarlıq azadlığının təmin edilməsi üçün əlverişli şərait yaranmışdır. Müstəqil Azərbaycan dövləti sözün tam mənasında azadlıq və demokratiya prinsipləri əsasında demokratik cəmiyyət qurur.

Hazırda respublikada 40-dək siyasi partiya, - onlar sərbəst fəaliyyət göstərirlər, - 600-dən çox qəzet qeydə alınmışdır. Yeddi milyon nəfər əhalisi olan Azərbaycan kimi kiçik bir ölkə üçün bu, kifayət qədər böyük rəqəmdir. Əlbəttə, partiyalar da, mətbuat da öz fikirlərini azad ifadə etmək hüquğuna malikdirlər. Bəzi partiyalar və mətbu orqanları müxalifətdədir və bu mövqelərdən çıxış edirlər. Bütün bunlar respublikamızın demokratik inkişafı üçün tam sərbəstlik və azadlıq olduğuna dəlalətdir.

Azərbaycan çoxmillətli dövlətdir. Onun bütün vətəndaşları milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidələrindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər. Hər bir Azərbaycan vətəndaşının özünü azad və bərabərhüquqlu hiss etməsi üçün ən əlverişli şərait yaradılır.

Öz xarici siyasətində Azərbaycan dünyanın bütün ölkələri ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi prinsiplərini əsas tutur. Biz artıq bir sıra dövlətlərlə diplomatik münasibətlərə malikik. Respublika Birləşmiş Millətlər Təşkilatının üzvüdür, bir çox beynəlxalq təşkilatlara daxildir, beynəlxalq həyatda yaxından iştirak etmək və dünya birliyində layiqli yer tutmaq niyyətindədir. Bizim buraya, Çinə gəlməyimiz, ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycanın bütün dünya ölkələri ilə əlaqələr yaratmağa çalışdığına konkret sübutdur; bu prinsip ÇXR ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının əsasını təşkil etmişdir.

Ermənistanın respublikamıza hərbi təcavüzü ilə bağlı müharibə Azərbaycan üçün ağır problemdir. Ermənistan bu müharibəyə Azərbaycan ərazisinin bir hissəsini - Dağlıq Qarabağı qoparmaq və onu Ermənistana birləşdirmək məqsədilə başlamışdır. Müharibə bütövlükdə bölgəmizdə vəziyyəti mürəkkəbləşdirmiş, Azərbaycan və Ermənistan xalqlarını böyük müsibətlərə düçar etmişdir. Təəssüf ki, hərbi əməliyyatlar də davam edir, adamlar həlak olur, qan tökülür. Bu, təkrar edirəm, Azərbaycan Respublikası üçün ən ağır amildir. Azərbaycan müharibə istəmir və hərbi əməliyyatların dayandırılmasına, məsələnin ancaq sülh yolu ilə həll edilməsinə çalışır. Azərbaycanın işğal edilmiş ərazilərindən erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılması, respublikamızın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması ən mühüm, daha doğrusu, labüd şərtdir.

Təəssüflər olsun ki, bəzi dairələrdə, dünyanın bəzi ölkələrində bu münaqişəni Dağlıq Qarabağda yaşayan erməni əhalisinin guya muxtariyyət almaq cəhdi ilə bağlayırlar. Bu, həqiqətə uyğun deyildir və belə fikir, görünür, bəzi yerlərdə fəal erməni təbliğatı və dünya ictimaiyyətinə yalan məlumat verilməsi nəticəsində yaranmışdır. Erməni əhalisi Dağlıq Qarabağda muxtariyyətə malik idi, yəni bu bölgə Azərbaycanın tərkibində təxminən 70 il muxtar vilayət kimi mövcud olmuşdur. Orada əhalinin təqribən 70 faizini ermənilərin, 30 faizini isə azərbaycanlıların təşkil etdiklərini nəzərə alaraq, Dağlıq Qarabağa muxtar vilayət statusu verilmişdir. Bu münaqişə ona görə yaranmamışdır ki, muxtariyyət yox idi, əksinə, ona görə yaranmışdır ki, Ermənistan Respublikasında və Dağlıq Qarabağda müəyyən dairələr Dağlıq Qarabağı Ermənistana birləşdirməyə can atırdılar. Təbii ki, Azərbaycan əz ərazisinin bir hissəsinin qoparılıb digər respublikaya birləşdirilməsi ilə razılaşa bilməzdi. Münaqişənin yaranmasına səbəb də məhz bu olmuşdur.

Biz onu əsas tuturuq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü tamamilə təmin edilməlidir. Özgə ərazisi barəsində iddiamız yoxdur, hərçənd tarixən bunun üçün əsas var. Lakin öz torpağımızı heç vaxt heç kəsə verməyəcəyik. Biz hərbi əməliyyatların dayandırılmasına və Ermənistanla Azərbaycan arasında qarşılıqlı münasibətlərin dinc yolla, danışıqlar yolu ilə nizama salınmasına çalışırıq və əlbəttə, əmin edirik ki, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarına Azərbaycan Konstitusiyası ilə və respublikanın dövlət orqanları tərəfindən təminat verilir. İşğal edilmiş ərazilərdən erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılması təklifi qəbul olunarsa, Azərbaycan tərəfi Dağlıq Qarabağın statusu məsələsinə də baxa bilər.

Biz bütün məsələləri beynəlxalq təşkilatların - Birləşmiş Millətlər Təşkilatının, BMT Təhlükəsizlik Şurasının, ATƏM-in, bu problemin həlli üçün ATƏM-in tərkibində xüsusi olaraq yaradılmış Minsk qrupunun köməyi ilə həll etməyə çalışırıq. Məlumdur ki, BMT-nin Təhlükəsizlik Şurası bu məsələyə dəfələrlə baxmış və Azərbaycanın işğal olunmuş rayonlarından erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul etmişdir.

Lakin erməni tərəfi bu qətnamələrə tam etinasızlıq göstərir. ATƏM-in və xüsusən onun Minsk qrupunun bu istiqamətdə fəaliyyəti də indiyədək heç bir nəticə verməmişdir. Halbuki istər ATƏM, istərsə də Minsk qrupu dəfələrlə qərarlar qəbul etmiş, Azərbaycanın işğal olunmuş rayonlarından erməni qoşunlarının çıxarılmasına dair hətta xüsusi cədvəllər tərtib etmişdir. Lakin onlar da nəticəsiz qalmışdır. Beləliklə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərəkətləri və beynəlxalq təşkilatların qərarlarını yerinə yetirmək istəməməsi aşkar şəkildə sübut edir ki, erməni tərəfi öz məqsədinə nail olmağa, yəni Azərbaycanın ərazi bütövlüyünü pozmağa, respublikamızın sərhədlərini dəyişdirməyə can atmaqdadır. Biz bununla, əlbəttə, heç vaxt razılaşa bilmərik. Qeyd etmək lazımdır ki, Ermənistanın bu cür mövqeyi əsasən bununla bağlıdır ki, o, bəzi xarici dairələrin, bəzi ölkələrin köməyindən istifadə edir və buna görə də BMT Təhlükəsizlik Şurasının, ATƏM-in və digər beynəlxalq təşkilatların qərarlarını qulaqardına vurur.

Bax, bu xəritə Ermənistanın təcavüzünün miqyasını çox aydın göstərir. Bu, Azərbaycandır, bu, həmçinin Azərbaycanın tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasıdır, bu isə Ermənistandır. Qırmızı rənglə qeyd edilmiş bu ərazi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətidir. O, tamamilə erməni silahlı birləşmələrinin nəzarəti altındadır. Dediyim kimi, burada əhalinin 30 faizi azərbaycanlılardır və onlar oradan çoxdan qovulmuşlar. Onlar təxminən 50 min nəfərdir. Hazırda Dağlıq Qarabağın ərazisində bir nəfər də azərbaycanlı yoxdur, erməni əhalisi isə burada qalmaqdadır.

Erməni silahlı qüvvələri təcavüzün miqyasını genişləndirərək, Azərbaycanın Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını işğal etmişlər. Bu isə, dediyim kimi, respublikanın ərazisinin təxminən 20 faizinə bərabərdir. Həmin zonanın bir milyon nəfərdən çox azərbaycanlı sakini qaçqına çevrilmişdir. Onlar respublikanın digər rayonlarında, xeyli hissəsi isə Bakıda yerləşdirilmişdir. Təhlükəsizlik Şurasının xatırlatdığım dörd qətnaməsi məhz Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı rayonlarına aiddir.

Bu rayonları işğal etməklə erməni silahlı birləşmələri, bir tərəfdən, birbaşa əlaqəni, həmin ərazinin Ermənistana birləşdirilməsini əslində təmin etmiş, digər tərəfdən isə, Azərbaycanın İranla təqribən 140 kilometr uzunluğunda dövlət sərhədini nəzarət altına almışlar. Baxın, bura İrandır. Zənnimcə, ayrıca sübut etməyə lüzum yoxdur ki, bu, hərbi təcavüzdür, bir ölkə tərəfindən digər ölkə ərazisi zor gücünə qəsb olunmuşdur. Görünür, dünya birliyinə sübut etməyə lüzum yoxdur ki, bu hərbi təcavüzə son qoymaq gərəkdir.

Təkrar edirəm: biz bu problemin dinc yolla həll edilməsinə çalışırıq, öz sülhsevər təşəbbüslərimizi və tədbirlərimizi davam etdirəcəyik. Amma yaranmış vəziyyətlə razılaşa bilmərik. Dinc vasitələr bir nəticə vermədiyinə görə, hazırda Azərbaycan ordusunun hissələri ərazilərimizi hərbi yolla azad etmək üçün kifayət qədər uğurlu əməliyyatlar aparırlar. Bu yaxınlarda Rusiya Federasiyası Müdafiə Nazirliyinin vasitəçiliyi ilə martın 1-dən atəşi dayandırmaq və qəsb edilmiş ərazilərdən Ermənistanın işğalçı qoşunlarının çıxarılmasına dair sülh danışıqları aparmaq haqqında razılaşma əldə olunmuşdur. Biz sazişin prinsiplərinə ciddi əməl edirdik, lakin martın 3 və 5-də erməni silahlı birləşmələri Azərbaycan hərbi hissələrinin mövqeləri üzərinə güclü hücuma keçmişlər. Hərbi hissələrimiz onları layiqincə dəf etmişlər. Bütün bunlar istər erməni tərəfindən, istərsə də biz tərəfdən yeni itkilərə, qan tökülməsinə gətirib çıxarmışdır.

Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir. Çin rəhbərləri ÇXR sədri, Dövlət Şurasının baş naziri ilə danışıqlarımız zamanı Çin tərəfi belə bir mövqeyi bir daha təsdiqləmişdir ki, sərhədlərin zor gücünə dəyişdirilməsinə və hər hansı ölkənin ərazi bütövlüyünə qəsd edilməsinə yol vermək olmaz. Biz BMT-nin sənədlərində, beynəlxalq hüquqla təsbit olunmuş və dünyanın bütün ölkələri tərəfindən təsdiqlənmiş bu prinsiplərə əsaslanaraq, respublikamızın ərazi bütövlüyünə və sərhədlərinin pozulmazlığına nail olacağıq. Əlbəttə, burada biz dünya birliyinin, beynəlxalq təşkilatların, dünya ölkələrinin, o cümlədən də Çin Xalq Respublikasının köməyinə möhtacıq. Deməliyəm ki, ÇXR-in BMT-dəki, xüsusən, onun daimi üzv olduğu Təhlükəsizlik Şurasındakı nümayəndə heyəti Ermənistanın Azərbaycana qarşı hərbi təavüzü ilə bağlı məsələlərə baxılarkən həmişə ədalətli mövqe tutur.

Odur ki, mən burada olmağımdan istifadə edərək, bu ədalətli mövqeyə görə Çin rəhbərliyinə minnətdarlığımızı bildirdim. Mən bu salona toplaşan jurnalistlərə Azərbaycanın daxili vəziyyəti barədə, respublikanın həll etdiyi problemlər barədə, Azərbaycanın xarici siyasəti barədə, burada, Pekində keçirdiyimiz görüşlərin yekunları barədə kifayət qədər məlumat vermişəm. Buna görə də daha vaxtınızı almayacağam. Əgər suallar varsa, mən onlara cavab verməyə hazıram.

Sual: Münaqişənin nizama salınmasında Rusiyanın rolu, Rusiya -Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi perspektivləri necədir?

Cavab:  Mən sualınızın ikinci hissəsindən başlayacağam. Hazırda Azərbaycan - Rusiya münasibətləri normaldır, yaxşıdır. Bu yaxın vaxtlaradək çətinliklər olmuşdur. O da Azərbaycanın keçmiş rəhbərliyinin mövqeyi üzündən idi. Ötən ilin ikinci yarısından bəri bu münasibətlər qaydaya salınmağa başlanmışdır. Mən Moskvaya getmiş, Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinlə, baş nazir Viktor Stepanoviç Çernomırdinlə, ölkənin digər rəhbərləri ilə görüşmüşəm. Biz həmin vaxtadək Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərlə mövcud olmuş maneələri aradan qaldırmaq tədbirləri barədə razılığa gəlmişik. Təkrar edirəm, bu münasibətlər normal xarakter, dostluq xarakteri daşıyır.

O ki qaldı münaqişənin nizama salınmasında Rusiyanın roluna, Rusiya bu prosesdə daim iştirak edir. Bildiyiniz kimi, bu münaqişə 1988-ci ilin əvvəlində yaranmışdır və onu aradan qaldırmaq üçün Sovet İttifaqı çərçivəsində cəhdlər edilirdi. Lakin münaqişəni aradan qaldıra bilmədilər. Daha doğrusu, mənə elə gəlir ki, aradan qaldırmaq istəmədilər, halbuki bunu Sovet İttifaqı çərçivəsində etmək mümkün idi. Bundan ötrü real imkanlar vardı. Bir sözlə, Rusiyanın keçmiş Sovet İttifaqının hüquqi varisi olduğunu nəzərə alsaq, Rusiya həmin vaxtdan bu prosesə qoşulmuşdur.

Rusiya həm ATƏM-in, həm də Minsk qrupunun üzvüdür. Minsk qrupu isə, dediyim kimi, bu problemlə xüsusi məşğul olur. Bundan əlavə, Rusiya öz təşəbbüsü ilə də çıxış edir. Məsələn, fevralın 18-də Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın müdafiə nazirləri protokol imzalamışlar. Protokolda Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının çıxarılması nəzərdə tutulur. Martın 1-dən atəşin dayandırılması haqqında razılaşma əldə edilmiş, həm də nəzərdə tutulmuşdur ki, üç gündən sonra isə qoşunların çıxarılmasına başlanacaqdır. Lakin belə şey olmadı. Nə deyə bilərəm? Rusiya bu prosesdə iştirak edir, amma nəticə hələlik yoxdur.

Sual: Cənab prezident, iki sualım var. Son vaxtlar Çin dəfələrlə bildirmişdir ki, o, Dağlıq Qarabağ ətrafında münaqişənin həllində çox fəal iştirak etməyə hazırdır. Ola bilsin, hətta güman ki, sizin bu məsələ barəsində danışıqlarınız olmuşdur. Soruşmaq istərdim, bu hazırlıq nəinki Təhlükəsizlik Şurasında və digər təşkilatlarda fəal mövqe, həm də hər hansı digər formalar - bilavasitə münaqişə zonasında sulhyaratma, vasitəçilik formaları deməkdirmi? Bu, mənim birinci sualımdır.
  
İkinci sual: danışıqlarınız zamanı Çin tərəfindən Azərbaycan üçün iqtisadi yardımdan, konkret kreditlərdən söhbət getmişdirmi? Sağ olun.

Cavab: Birinci sual barəsində bayaq dedim ki, Çin BMT Təhlukəsizlik Şurası çərçivəsində çox prinsipial və ədalətli mövqe tutur. Bu münaqişənin nizama salınması üçün ATƏM çərçivəsində xüsusi proseslər həyata keçirilir. Çin isə Avropa biriyinə daxil deyildir. Burada hər hansı konkret vasiqəçilik barədə məsələ qaldırılmadı. O ki qaldı Çinin Azərbaycana yardımına, inkişaf etdirdiyimiz əməkdaşlıq, şübhəsiz, qarşılıqlı fayda xarakteri daşıyacaqdır. Bununla bərabər, Çin Azərbaycana kredit formasında da yardım göstərmək imkanına malikdir.

Sual: Çindən hər hansı silah, hərbi yardım alınması barədə söhbət getmişdirmi?
 
İkinci sual: bizə indicə "Erməni nasizmi" adlı kitabça payladılar. Siz burada dediniz ki, regionunuzdakı hadisələr haqqında dünya ictimaiyyyətinə dolğun, hərtərəfli informasiya çatdırmaq yaxşı olardı. Belə nəşrləri siz informasiya hesab edirsiniz, yoxsa, bu, daha çox təbliğatdır?

Cavab: Birinci sualınızla əlaqədar bildirirəm ki, Çin tərəfindən hərbi yardım göstərilməsi barədə heç bir söhbət olmamışdır. Buna zərurət də yoxdur. Nə qədər çətin olsa da, Azərbaycan bu məsələnin öhdəsindən gəlir və zənnimcə, gələcəkdir.

O ki qaldı kitabça barədə dediyinizə, əgər siz erməni tərəfinin, demək olar, bütün ölkələrdə, beynəlxalq təşkilatlarla apardığı təbliğatla yaxşı tanış olsaydınız, yəqin ki, həmin kitabçanı belə qarşılamazdınız. Erməni tərəfi beynəlxalq təşkilatlarda, dünyanın bütün ölkələrində belə kitabçaları, materialları yüz qat artıq yayır. İndiki münaqişədə Azərbaycanın və Ermənistanın qeyri-bərabər vəziyyətdə olması da məhz ondan irəli gəlir ki, erməni tərəfinin başqa ölkələrlə ictimai rəyə təsir göstərmək üçün çox böyük imkanları var. Azərbaycanın isə belə imkanları əslində yoxdur. Siz Avropada, ABŞ-da, Rusiyada, o cümlədən Moskvada necə güclü erməni diasporu olduğunu yaxşı bilirsiniz. Onun hətta Rusiya mətbuat orqanları vasitəsilə ictimai rəyi çaşdırmaq üçün necə səy göstərdiyi də sizə məlumdur. Ona görə də qoy bu kitabça sizi o qədər də karıxdırmasın. O, həqiqətən çox obyektiv yazılmışlır, təbliğat xarakteri deyil, məhz informasiya xarakteri daşıyır.

Diqqətinizə görə sağ olun, görüşənədək.