Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Prezidentinin Yuqoslaviyada böhranın aradan qaldırılması üzrə xüsusi nümayəndəsi Viktor Çernomırdini qəbul edərkən söhbətindən - Prezident sarayı, 20 aprel 1999-cu il


Heydər Əliyev: Hörmətli Viktor Stepanoviç, hörmətli qonaqlar, sizi Azərbaycanda, Bakıda salamlamağa şadam, bizə xoş gəlmisiniz. Təbiidir ki, mən həm Rusiya üçün, həm də Azərbaycan üçün qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməyə şadam.

Viktor Çernomırdin: Sağ olun, Heydər Əliyeviç. Mən Sizə səmimi qəlbdən minnətdaram ki, Siz görüşməyə macal tapdınız. Çünki bu görüş hər cür planlardan kənardır və ancaq razılaşma əsasında keçirilir. Buna görə də hər şeydən öncə Sizə təşəkkür etmək və prezident Boris Nikolayeviç Yeltsindən çox böyük salamı, habelə onun kiçik bir məktubunu yetirmək istərdim. Məktubda o, səfərimizin əsas məqsədini şərh etmişdir.

Heydər Əliyeviç, Sizinlə burada, Bakıda görüşmək mənə bir daha çox xoşdur. Bir daha deyə bilərəm ki, burada çox illər keçirdiyimə görə ürəyim bir qədər qövr etdi. Əslinə qalsa, o keçmiş illərdə mən Azərbaycanın neft məsələləri ilə bağlı azacıq iş görmüşdüm. Mən çox razıyam ki, bizim o əməyimiz hədər getmədi. Neft sənayesi yaşayır və yaşayacaqdır. Mən şadam və Azərbaycanın neft sənayesində nələr baş verdiyini həmişə izləyirəm. Ümidvaram ki, bizdən əvvəl başlanmış işləri biz əslində davam etdirmişik. Biz Artur Rasizadə ilə ötən illərimizi xatırladıq. Mən çox şadam ki, Azərbaycan bu gün də bütün neft işləri sahəsində ön sıradadır.

Heydər Əliyeviç, bizim səfərimiz qeyri-adi plandan kənardır və ilk növbədə və ancaq Balkan böhranı ilə bağlıdır. Prezident mənə bu problemlə məşğul olmağı tapşırıb, indi mən məhz bu problem üzrə xüsusi müvəkkiləm. Bu problem nəinki və əsasən Rusiya üçün, eləcə də bizim hamımız üçün, dünya üçün çox əhəmiyyətlidir. Bu gün Balkan yarımadasında, Avropanın mərkəzində baş verən bütün hadisələr hər halda təhlükəli nümunədir. Bu gün əslində biz hamımız təhlükəli vəziyyətlə qarşılaşmışıq. Buna görə də hesab edirəm ki, hamının ümumi vəzifəsi bu problemin həlli yolunu tapmaqdan ibarətdir.

Mən bir neçə gündür işləyirəm. Biz prezidentin rəhbərliyi ilə işləyir, həmin problem barəsində hökumətin mövqeyini, Rusiyanın mövqeyini işləyib hazırlayırıq. Odur ki, harasa getməzdən, Balkan yarımadasında görüşlər keçirməzdən və ya başqaları ilə görüşməzdən qabaq mən prezidentə əvvəlcə öz yaxın adamlarımızla görüşməyi təklif etdim.

Buna görə də dünən mən İslam Əbdüqəniyeviç Kərimovla çox uzun və ətraflı söhbət etdim. Eduard Şevardnadze ilə danışdım, bu gün biz onun yanında idik. İndi isə Sizin yanınızdayıq. Buradan Ukraynaya getmək istəyirəm. Sonra isə digər yerlərə planlaşdırılmış səfərlər başlanacaqdır.

Mən hesab etmişəm və edirəm ki, Rusiyanın mövqeyi, Sizin mövqeyiniz, başqalarının mövqeyi çox mühüm mövqedir. Çox vacibdir ki, biz gərək belə münaqişlərin həlli mexanizmini tapaq. Bu gün dünyada 100-dək, bəlkə bundan da çox münaqişə var. Onların mənşəyinin təbiəti əslində eynidir - bu gün çox parlaq təzahür edən separatizm. Onu dayandırmaq lazımdır, yoxsa dönməz proseslər başlanacaqdır. Buna isə yol vermək olmaz.

Bizim Rusiyada Çeçenistanla bağlı olmuş problemlər, burada Dağlıq Qarabağ problemi, Abxaziya problemi, başqa yerlərdəki problemlər, Türkiyədəki, Yunanıstandakı, Kiprdəki problemlər - bu sadalamanı davam etdirmək olar. Əslinə qalsa, bütün bu məsələlər məhz həmin problemlə bağlıdır və bir yol tapmaq lazımdır. Ona görə də bizim fikrimizcə, Rusiyanın mövqeyi ondan ibarətdir ki, o, problemin həllində vasitəçi və ancaq vasitəçi kimi iştirak edəcəkdir. Vəssalam. Lakin əgər bu problemi həll etmək məqsədi ilə biz hamımız öz səylərimizi birləşdirsək, onda istərdik ki, bir nəticə olsun. Buna görə də problemin həllinin hansısa ümumi prinsiplərini, yollarını təklif edəcəyimizə çox ümid bəsləyirəm. Biz bu prinsipləri bütün tərəflərə - Yuqoslaviyaya da, NATO ölkələrinə də çatdıracağıq. Biz hesab edirik ki, bu, çıxılmaz vəziyyətdir. Bu gün gedən dağıdıcı proseslər, endirilən raket-bomba zərbələri münaqişənin həllinə gətirib çıxarmayacaq, əksinə, vəziyyəti ancaq mürəkkəbləşdirəcəkdir. Hesab edirik ki, bunu dayandırmaq və bu prosesin həllinə başlamaq lazımdır. Bizim fikrimizcə, adamları öz yerlərinə qaytarmaq, bundan ötrü onlara şərait yaratmaq lazımdır. Yəni əslində, minlərlə insanın müsibətlərinə və kədərinə səbəb olan dağıdıcı prosesi dayandırmaq gərəkdir.

Heydər Əliyeviç, bax, buna görə də mənim deyəcəyim başqa məsələlər yoxdur. Sizin rəyinizi, Sizin məsləhətinizi, Sizin fikrinizi eşitmək istəyirəm. Bu bir həftədə mən bir çox dövlətlərin, o cümlədən NATO-ya daxil olan dövlətlərin rəhbərləri ilə danışmışam. Məndə elə təsəvvür var ki, bu gün hamı başa düşür ki, bu böhranın həlli yolunu tapmaq lazımdır. Amma yəqin ki, istəklə yanaşı, tədbirlər və hərəkətlər də gərəkdir. Sizin yanınıza gəlməkdə əsas vəzifəmiz, əsas məqsədimiz, bax, bundan ibarətdir.

Heydər Əliyev: Mən hər şeydən öncə çox böyük məmnunluq duyuram ki, siz Azərbaycana, Bakıya gəlmisiniz. Xatirinizdədirmi, Rusiya Federasiyası hökumətinin sədri vəzifəsində fəaliyyət göstərdiyiniz dövrdə biz sizi Azərbaycana dəfələrlə dəvət etmişdik, amma arzularımızı həyata keçirmək heç cür mümkün olmurdu, - siz məşğul idiniz, - bizim isə sizinlə görüşməyə böyük ehtiyacımız vardı. Xüsusən də ona görə ki, Azərbaycan, Bakı sizin üçün müəyyən dərəcədə doğma bir yerdir, çünki keçmişdə siz Sovetlər İttifaqının naziri işləyərkən neft və qaz problemləri ilə, - o cümlədən Azərbaycanda, - çox fəal məşğul olurdunuz. Keçmişdə, öz elmi əsərləriniz üzərində işlədiyiniz dövrdə alimlərimizlə sizin əlaqələriniz bizə yaxşı məlumdur. Buna görə də sizin Azərbaycana gəlməyiniz sizin üçün də, bizim üçün də hər cəhətdən çox zəruri idi.

İndi bu yeni vəzifənizlə əlaqədar buraya gəlməyiniz də sizin burada olmağınız, hərçənd qısa müddətdə olmağınız üçün imkandır və biz sizi Azərbaycanda, Bakıda gördük. Odur ki, sizi məhz bununla əlaqədar salamlayıram.

Konkret olaraq haqqında danışdığınız məsələyə gəldikdə, mən nə deyə bilərəm? Bizim ölkəmiz münaqişədən və separatizmdən, ədalətsizlikdən hamıdan çox əziyyət çəkir. Hələ 11 il bundan əvvəl Azərbaycanda münaqişə - Dağlıq Qarabağla bağlı olan və Azərbaycan ərazisinin bir hissəsinə göz dikən Ermənistan tərəfindən törədilmiş münaqişə başlandıqda, adamlar və dövlət xadimləri, o cümlədən və ələlxüsus Sovetlər İttifaqının rəhbərliyi çox uzaqgörməz oldular. Çox uzaqgörməz. Onlar görə bilmədilər ki, o vaxtlar təkcə Sovetlər İttifaqı məkanında deyil, həm də dünyada birinci olan bu münaqişə çox ağır nəticələrə gətirib çıxara bilər. Çünki separatizm çox yoluxucu təzahürdür. Əgər separatçılar bir yerdə nəyəsə nail ola bilirsə, eynilə bu cür əhval-ruhiyyəli, eynilə bu cür niyyətli adamlar digər yerdə də baş qaldırırlar.

Odur ki, separatizm barəsində Dünya Birliyində vahid mövqe olmalıdır. Mən bu məsələ ilə artıq bir çox illər məşğul olaraq yəqin etmişəm ki, bu məsələ, deyək, bu və ya digər böyük ölkənin maraqlarına toxunmadıqda, onlar bundan yan keçir, sanki deyirlər, "bu, bizim işimiz deyil, qoy başqaları məşğul olsunlar". Buna görə də o vaxt Sovetlər İttifaqı rəhbərliyinin, o cümlədən SSRİ-nin o zamankı rəhbəri şəxsən Qorbaçovun buraxdığı səhv Azərbaycana da, Ermənistana da, bütün Qafqaza da, - məgər təkcə Qafqazamı - çox baha başa gəldi. Çünki bu, zəncirvarı bir reaksiya kimi yayıla-yayıla getdi. Bundan sonra keçmiş Sovetlər İttifaqı məkanında abxaz-gürcü münaqişəsi, osetin münaqişəsi, Çeçenistan münaqişəsi, Moldovada münaqişə başlandı, bu yandan da Yuqoslaviya münaqişəsi və bir çox başqaları. Ona görə də bizim buna münasibətimiz tamamilə aydındır - separatizmə yer olmamalıdır. Amma burada hamı vahid mövqe ilə çıxış etməli və elə olmamalıdır ki, bu separatizmə qarşı çıxmaq lazımdır, başqa separatizmə isə göz yummaq və ya onu hətta təşviq etmək və ona kömək etmək olar.

Ona görə də biz bundan çox əziyyət çəkirik. Bax görürsünüzmü, indi Kosova hadisələri, Yuqoslaviya hadisələri bütün dünyanı həyəcana gətirmişdir. Bir fikir verin, bu işə nə qədər ölkə, nə qədər qüvvə cəlb edilmişdir. Əlbəttə, Azərbaycan prezidenti olaraq istəyirəm ki, bu məsələ ədalətlə, dincliklə, bütün beynəlxalq hüquq normalarına əsasən həll edilsin. Bununla bərabər, belə bir hiss keçirirəm - nə üçün neçə illərdir biz öz münaqişəmiz barədə, yəni Ermənistanla Azərbaycan arasında münaqişə barəsində haray qaldırdığımız halda, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi halda, Azərbaycanın 7-8 milyon əhalisindən bir milyonu neçə illərdir öz doğma yerlərindən didərgin salındığı və çadırlarda, çox ağır şəraitdə yaşadığı halda Dünya Birliyi, böyük dövlətlər indiyədək bizim münaqişəmizə lazımi diqqət yetirməmişlər. Yeri gəlmişkən, diqqət yetirmədilər və öz səhvlərinin belə münaqişələrə, xüsusən burada, Qafqazda Ermənistanla Azərbaycan arasında gedən münaqişəyə öz etinasız münasibətinin bəhrələrini görürlər.

Təkrar edirəm, mən istəyirəm ki, Yuqoslaviya münaqişəsi ədalətlə, dincliklə və ona cəlb olunmuş bütün tərəflərin mənafeyinə uyğun həll edilsin. Bununla bərabər, sözün düzü, həmişə peşmançılıqla, təəssüflə düşünürəm: nə üçün bizim regiona belə maraq yoxdur? Nə üçün Dünya Birliyi, böyük dövlətlər, o cümlədən Rusiya və digər Avropa dövlətləri, Amerika Birləşmiş Ştatları - hamı indi onunla məşğul olur, buna nə qədər vəsait sərf edirlər? Niyə buradakı münaqişəni aradan qaldırmaq, burada haqq-ədalətə nail olmaq üçün tədbirlər görmədilər?

Bütün bunlar bu məsələyə mənim ilk reaksiyamdır - deyərdim ki, ağrılı-acılı reaksiyamdır, ona görə ki, mənim dərdim, xalqımın dərdi haradasa Kossovada, başqa yerlərdə olan dərdlərdən daha ağrıyır.

Atəşkəs haqqında saziş bağlamağımızın may ayında beş ili tamam olur. Sazişi ondan ötrü bağladıq ki, atəş olmasın, müharibə olmasın, qan tökülməsin, məsələ sülh yolu ilə həll edilsin. Amma heç cür həll olunmur. Təsəvvür edirsinizmi, atəşkəs haqqında saziş bağlandığı vaxtdan beş il ötür, oradan olan köçkün insanlar isə öz yerlərini hələ xeyli əvvəl tərk etmək məcburiyyətində qalmışdılar. Onlar altı, yeddi ildir çadırlarda yaşayırlar. Amma məsələ həll edilmir.

Yeri gəlmişkən, Minsk qrupu, Minsk konfransı ATƏT-in qərarına əsasən bu məsələ ilə məşğul olur. Viktor Stepanoviç, siz 1996-cı ildə ATƏT-in Lisabon zirvə görüşündə çox fəal iştirak etdiniz. Yadınızdadırmı, biz sizinlə necə fəal əməkdaşlıq edirdik? Mən şəxsən sizə və bütün Rusiya nümayəndə heyətinə təşəkkür edirəm ki, o vaxt Rusiya nümayəndə heyətinin rəhbəri kimi siz Rusiyanın adından düzgün, prinsipial mövqe tutmuşdunuz. Ermənistanın pozucu mövqeyi qərar qəbul etməyə imkan vermirdi. Lakin o vaxt siz və Lissabon zirvə görüşünün digər iştirakçıları - Ermənistan istisna olmaqla, 54 dövlətdən 53-ü Ermənistanla Azərbaycan arasında münaqişənin dincliklə nizama salınması üçün orada qəbul edilmiş prinsiplərə səs verdiniz. Bu fürsətdən istifadə edərək, o vaxt bizimlə fəal əməkdaşlığa görə, Rusiya Federasiyası adından tutduğunuz düzgün, çox doğru, ədalətli mövqeyə görə sizə bir daha təşəkkür etmək istəyirəm. Əslində, sizin bu mövqeyiniz Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə nizama salınmasının prinsiplərini müəyyənləşdirmiş həmin sənədin qəbul olunmasına kömək etdi, çox mühüm kömək etdi.

Lakin ondan sonra iki ildən çox vaxt ötsə də, bu prinsiplər həyata keçirilmir. Ermənistan pozucu mövqe tutur, Minsk konfransının həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa isə heç nə edə bilmirlər. Ermənistan istəmir - odur ki, heç kim heç nə edə bilmir. İndi də hər dəfə bizə deyirlər ki, gedin, Ermənistanla özünüz razılığa gəlin. Əəgr Ermənistanla razılığa gəlmək mümkün olsaydı, onda Minsk konfransı nəyə gərək idi, nəyə gərək idi ki, dünyanın üç böyük dövləti bu məsələnin tənzimlənməsi üzrə Minsk konfransının həmsədrləri olsunlar? Həmsədr olmağına oldular, böyük dövlətlər çox geniş imkana, hər şeydən çox böyük təsirə malikdirlər, məsələ isə həll edilmir.

Buna görə də mənim, necə deyərlər, ürəyim ağrıyır, bütün bunlardan ürək ağrısı ilə danışıram, çünki görürəm ki, hansısa digər münaqişə ilə məşğul olurlar, bu işə bütün dünya cəlb edilmişdir, bizim münaqişə isə artıq unudulmuşdur, onunla heç kim məşğul olmaq istəmir və deyirlər - get ermənilərlə razılığa gəl. Ermənilər deyirlər: bilirsinizmi, sizin ərazinizin 20 faizini işğal etmişik, bizim şərtlərimizlə razılaşın. Biz isə onlarla razılaşa bilmərik. Üstəlik, 1996-cı ilin dekabrında Lissabon zirvə görüşü prinsiplərinin qəbul edilməsində çox mühüm rol oynayan Rusiya təəssüf ki, 1998-ci ilin noyabrında bu məsələnin həlli üçün ümumi dövlət barədə tamamilə aydın olmayan və qeyri-müəyyən bir təklif irəli sürür. Gör nə uydurublar? Dünyada, dünya praktikasında, beynəlxalq hüquqla "ümumi dövlət" adında şey yoxdur. Demə, biz Azərbaycan ərazisində ümumi dövlətə malik olmalıyıq - Azərbaycanla birlikdə Dağlıq Qarabağ. Bu, Dağlıq Qarabağa müstəqillik verməyə bərabərdir. Onu belə pərdələmək nəyə gərəkdir? Bu da Rusiya Federasiyasının təklifidir. Yeri gəlmişkən, onu Amerika Birləşmiş Ştatları da, Fransa da dəstəkləmişlər. Noyabrda biz bunu rədd etdik, ancaq indiyədək heç nə yoxdur - yəni "siz rədd etdiniz, indi gedin fikirləşin".

Viktor Stepanoviç, bu, əlbəttə, sizə aid deyildir, amma bununla bərabər bütövlükdə Rusiyaya aiddir. Ona görə də bu bizi narahat edir və həyəcanlandırır.

İndiki halda Kosovo, Yuqoslaviya probleminə gəldikdə isə, - artıq bir aydır ki, bu münaqişə ilə əlaqədar hərbi qarşıdurma gedir, - açığını desək, öz problemlərimizə başımız o qədər qarışıb ki, hətta düşünməyə belə imkanımız yoxdur ki, bəs Kosovada nə etmək lazımdır, bəs Yuqoslaviya nə etməlidir?

İkincisi. Məndən bəzən soruşurdular, zənnimcə, bizim hətta mənəvi haqqımız yoxdur ki, bu işdə iştirak edək və ya bu məsələ barəsində öz rəyimizi söyləyək. Çünki biz öz münaqişəmizi heç cür həll edə bilmirik, - mən Ermənistan-Azərbaycan münaqişəsini nəzərdə tuturam.

Bu məsələ barəsində nə deyə bilərəm? Biz ATƏT-in prinsiplərini, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq, əlbəttə ki, separatizmin hər hansı formasının əleyhinəyik, - bu gün bir daha bəyan edirik, - əleyhinəyik. Burada hər halda konyuktura deyil, məhz beynəlxalq hüquq işləməlidir. Axı, biz dəfələrlə, o cümlədən MDB-də belə hallarla qarşılaşırıq ki, hər hansı bir sənədi qəbul etmək lazım gəldikdə, orada separatizmin pisləndiyini yazmaq zəruri olduqda, Ermənistan etiraz edir və sənədi qəbul etmək mümkün olmur. Ona görə də bu gün bəyan edirəm ki, biz separatizmin hər hansı formasının əleyhinəyik. Separatizm beynəlxalq hüququ pozur, separatizm Dünya Birliyini dağıdır, biz onun əleyhinəyik.

Bununla bərabər, biz etnik təmizləmənin də əleyhinəyik. Əleyhinəyik. Biz Miloşeviçin Kosovoda həyata keçirdiyi etnik təmizləmə ilə razılaşa bilmərik, biz bunun əleyhinəyik. Viktor Stepanoviç və bizim bütün əziz qonaqlarımız, biz ondan da, bundan da - separatizmdən də, separatizmin nəticələrindən də əziyyət çəkirik, yəni Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda, Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədərək həyata keçirdiyi etnik təmizləmədən, bəzilərinin köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan rayonlarından adamlarımızı qovaraq orada törətdikləri etnik təmizləmələrdən əziyyət çəkirik.

Əlbəttə, indi Dünya Birliyi çox narahatdır - Miloşeviç Kosovodan albanları qovub çıxarır, hamı onların barəsində düşünür. Ermənistan silahlı qüvvələri adamları Azərbaycanın doğma torpaqlarından, Dağlıq Qarabağın özündən - Dağlıq Qarabağ Azərbaycanın doğma torpağıdır - Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan, - bir baxın, neçə inzibati rayondur, - qovub didərgin salanda, bu adamlar hər şeyi atıb gedəndə, orada nə qədər insan həyatını itirəndə, nə qədər əmlak itirəndə isə heç kim səsini qaldırıb demədi ki, bu, etnik təmizləmədir. Ona görə də biz - bu etnik təmizləmələrin faciəsini görmüş ölkəyik, xalqıq. Biz Miloşeviçin və onun hökumətinin Kosovoda etnik təmizləmə hərəkətlərinə heç cür haqq qazandıra bilmərik. Bilmərik.

Burada vəziyyət son dərəcə ağır, ziddiyyətlidir. Bir tərəfdən, yolverilməz separatizm, digər tərəfdən soyqırımı, etnik təmizləmə var. Nə o, nə də digəri yolverilməzdir. Buna görə də bizim mövqeyimiz belədir: onu da dayandırmaq lazımdır, bunu da dayandırmaq lazımdır. Məsələni ədalətlə həll etmək gərəkdir.

Viktor Stepanoviç, məsələn, biz sizin iştirakınızla qəbul olunmuş ATƏT-in həmin sənədini təqdim edirik. Orada Dağlıq Qarabağ üçün Azərbaycanın tərkibində yüksək dərəcədə özünüidarə nəzərdə tutulur. Biz bununla razıyıq, özü də, dünya praktikasında olan ən yüksək statusa razıyıq. Amma bu, keçmir. ATƏT qəbul etmişdir, Ermənistan isə razılaşmır - bu, keçmir. Orada isə Miloşeviç Kosovonun muxtariyyətini ləğv etmişdir. Niyə ləğv etmişdir? O, Kosovonun muxtariyyətini ləğv edərkən nə üçün heç kim onu dayandırmadı? Onu dayandırmadılar. O, öz "hüquq"unun tam təsdiqinə nail olmaq üçün etnik təmizləməni indi də davam etdirir. Biz Dağlıq Qarabağa yüksək özünüidarə statusu veririk. Mən hətta "muxtariyyət" sözünü işlətmirəm, çünki onlar bunu heç yaxına buraxmaq istəmirlər. Dağlıq Qarabağ üçün yüksək özünüidarə statusu. Qoy Dünya Birliyi, böyük dövlətlər - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, başqaları bizə bu işi həyata keçirməyə kömək göstərsinlər. Amma heç kim kömək etmir.

Təkrar edirəm, buna görə də bizim mövqemiz belədir ki, Kosovo albanları özünüidarə hüququna, muxtariyyət şəklində və ya bilmirəm, daha nə şəklində, - bu, həmin məsələ ilə məşğul olan adamların işidir, - özünüidarə hüququna malikdirlər. Mən öz prinsipial mövqeyimi, dövlətimizin mövqeyini bildirirəm.

Bununla bərabər, mövcud formadakı separatizm yolverilməzdir. Separatizmin olmaması üçün adamlara lazımi muxtariyyət, hüquq vermək gərəkdir. Onlar isə bunu da vermirlər. Separatizmi də yatıra bilmirlər, ona görə də adamları məhv etmək yolu ilə, etnik təmizləmə yolu ilə gedirlər.

Viktor Stepanoviç, bizim münasibətimiz bax, belədir. Mən bu barədə bir qədər həyəcanla danışıram, siz məni başa düşürsünüz.

Viktor Çernomırdin: Sizinlə razılaşmaya bilmərəm. Mən bu məsələ barəsində də bir çox iclasların, müşavirələrin iştirakçısıyam. Yadımdadır, belə bir güclü qərarın qəbul edilməsi üçün necə çətinliklər çəkməli, necə tədricən inandırmalı olduq. Mən ancaq təəssüf edə bilərəm ki, bu gün bütün bunlar yerinə yetirilmir.

Mən burada heç kimə haqq qazandırmaq niyyətində deyiləm və bu gün məhz burada baş verənlər barəsində belə həyəcanla və ürək ağrısı ilə danışmaqda tamamilə haqlısınız. Bu, həqiqətən ilk siqnal idi, amma o vaxt buna diqqət yetirmədilər, lazımi əhəmiyyət vermədilər. Budur, bu da nəticəsi. O, həqiqətən ilk siqnal idi. Dünyada deyə bilmərəm, ancaq hər halda Avropa qitəsində ilk siqnal olmuşdur. Biz belə şey görməmişdik. Bəlkə də kürd problemi ilə əlaqədar olmuşdu - bu problem çoxdan mövcuddur.

Buna görə də bu məsələdə mən Sizinlə razıyam və məni buraya gətirən bəlkə də məhz həmin səbəbdir. Dünya Birliyi nəhayət başa düşməlidir - biz ya bu problemin həllinin açarını tapacağıq, ya belə problemlərin həlli mexanizmini tapacağıq, ya da Dünya Birliyi anlayacaq ki, nə separatizmə, nə də etnik təmizləmələrə yol verməmək üçün qərarları həm də zor gücünə qəbul etmək lazımdır. Mən sizinlə razıyam, separatizm də, etnik təmizləmələr də - bunların hamısı normalardan kənara çıxmaq deməkdir. Nə o, nə də digəri baş verməməlidir. Nə ona, nə də digərinə yol vermək olmaz, onu da, bunu da islah etmək lazımdır.

Buna görə bəlkə də bu bir daha təsdiq edir ki, biz bu gün Dünya Birliyinə bir daha müraciət etməliyik ki, - əslində, mən də istəyirəm, - biz ya hər şeyi uçurub dağıtmalı və suveren dövlətin yerində rəqs meydançası düzəltməli, hamısı və hər şeyi - canlıları da, cansızları da məhv etməliyik, bilmirəm, onda nə olacaq, - ya da əvvəl-axır biz münaqişələrin həlli yollarını axtaracağıq. Biz özümüz Çeçenistan problemlərini gördük, bu, baha başa gəldi. Ən bahası bu idi ki, bir çox insanlar həyatlarını itirdilər, onların hamısı rusiyalıdır. Siz həyəcanla danışırsınız və mən Sizi başa düşürəm. Buna görə də bir daha yəqin edirəm ki, məhz təsirli bir iş görülməlidir.

Siz nüfuzlu bir dövlətin rəhbərisiniz, Sizi nəinki yaxın ətrafınızda, yaxın xaricdə, - indi belə demək dəbdədir, - həm də dünyada tanıyırlar. Bu gün biz ucadan bəyan etməliyik - əgər qərarlar qəbul ediriksə, onları məntiqi sonluğa çatdırmaq lazımdır. Deməli, hər şeyi yerinə qoymaq, nə soyqırımına, nə də vəhşicəsinə hücumlara və raket-bomba zərbələrinə yol verməmək üçün, - bunlar kədərdən savayı heç nə gətirmir, - bu açarları və mexanizmləri axtarıb tapmaq gərəkdir. Başa düşürəm ki, adamlar beş ildən çoxdur çadırlarda yaşayırlar, lakin bu, beş il bundan əvvəl deyil, xeyli qabaq başlayıbdır. O vaxt elə düşünürdülər ki, hər şey bu gün-sabah qurtaracaqdır. Amma bir baxın, illər ötüb keçmişdir, adamlar isə hələ də əziyyət çəkirlər.

Odur ki, bu məsələnin, əlbəttə, həllini tapmaq lazımdır. Heydər Əliyeviç, Sizin mövqeyiniz çox əhəmiyyətlidir. O, çox əhəmiyyətlidir və səslənməlidir.

Mən Sizə Rusiyanın mövqeyi haqqında danışdım. Hər şeydən əvvəl, vasitəçilər kimi biz bu münaqişənin həllində iştirak etməyə çağırmalıyıq. İştirak etməliyik. İnsanların öz yerlərinə qayıtmasının, təhlükəsizliyinin təmin olunması üçün biz sülhyaratma qüvvələrinin tərkibində iştirak etməyə hazırıq. Mühüm cəhətlər çoxdur. Bu, elə bir incə prosesdir ki, Siz onu məndən pis yox, daha yaxşı bilməlisiniz. Bu münaqişələrin həlli üçün dünya ictimaiyyətinin bütün qüvvələrini birləşdirmək yəqin ki, indi həmişəkindən daha vacibdir. Buna görə də mən Sizi başa düşürəm. Sizə bəlkə də həqiqətən daha ağır gəlir. Siz bu problemlə neçə illərdir məşğul olursunuz və onu həll edə bilmirsiniz. Mən ancaq təəssüflə deyə bilərəm ki, Minsk qrupu hər şeyi məntiqi sonluğa fəallıqla çatdırmır. Halbuki, indi bu istiqamətdə real addımlar gərəkdir. Heydər Əliyeviç, çox ümidvaram ki, Sizin səsiniz, olduqca mühüm səsiniz Miloşeviçə, digər dövlətlərin rəhbərlərinə çatdırılacaqdır. Mən görüşəcəyim adamlarla bu barədə hökmən danışacağam və onları buna çağıracağam ki, məsələni, nəhayət, lazımınca həll etmək lazımdır. Yoxsa, bu, daha da artacaq, biz qazandığımızdan çox itirəcəyik.

Heydər Əliyev: Viktor Stepanoviç, mən mövqeyimizi şərh etdim, ancaq bir daha konkretləşdirə bilərəm. Bizim mövqeyimiz, Azərbaycanın mövqeyi belədir - hər bir dövlətin ərazi bütövlüyü pozulmazdır. Biz ərazi bütövlüyünə tərəfdarıq. Bununla bərabər, biz ərazi bütövlüyünün təmin olunması naminə törədilən soyqırımının əleyhinəyik, etnik təmizləmənin əleyhinəyik. İkincisi, biz hesab edirik ki, əgər hər hansı dövlətdə etnik qrup varsa və o, beynəlxalq hüquq, ATƏT-in prinsipləri əsasında müəyyən bir hüquq iddiasındadırsa, bu qrupun özünüidarəyə hüququ var. Yəni biz Kosovoya müstəqillik verilməsinin əleyhinəyik, biz Yuqoslaviyanın ərazi bütövlüyünə tərəfdarıq. Lakin biz buna da tərəfdarıq ki, Kosovoda yaşayan albanlar özünüidarə statusuna malik olsunlar. Elə status ki, o, həm Yuqoslaviyanın bütövlüyü prinsiplərinə, həm də milli, etnik istəklərə və prinsiplərə uyğun olsun.

Bizim prinsipial mövqeyimiz bax, belədir. Əslinə qalsa, mövqeyimiz ATƏT-in 1975-ci il Helsinki Aktının prinsipləri ilə tam uyğun gəlir. Təkrar edirəm, məsələn, bizim MDB-nin sənədlərində və digər sənədlərdə ərazi bütövlüyü məsələsi ortaya çıxdıqda, Ermənistan imza atmır və buna görə sənəd ya qəbul edilmir, ya da xüsusi bir rəy olur. Bax bu yaxınlarda, aprelin 2-də biz Moskvaya toplaşdıq və dövlət başçılarının görüşündə bir sənəd - gələcək əməkdaşlığın prinsipləri haqqında bəyannamə təqdim edildi. Orada bir çox məsələlər, o cümlədən ərazi bütövlüyü məsələsi var. Amma Ermənistan ərazi bütövlüyünə qarşı etirazını bildirdi. Yaxşı ki, sənədi qəbul etdik. Bəzən də elə olur ki, Ermənistan etirazını bildirir deyirlər, gəlin, qəbul etməyək. Yaxşı ki, bu dəfə sənədi qəbul etdik, ancaq Ermənistanın xüsusi rəyi ilə. Bəs nəyə görə Ermənistan ərazi bütövlüyünün əleyhinədir? Ona görə ki, o, Azərbaycanın ərazi bütövlüyünü pozmuşdur və hesab edir ki, bu qanunidir, Azərbaycanın ərazi bütövlüyü pozulmalıdır. Ermənistanın ərazi bütövlüyü pozulsa, bilmirəm, o nə edəcəkdir. Biz, məsələn, Rusiya Federasiyasının ərazi bütövlüyünə tamamilə tərəfdarıq və buna görə də Rusiyada hər hansı separatizmi və ya kiminsə Rusiya Federasiyasının tərkibindən çıxıb dövlət müstəqilliyi əldə etmək arzusunu dəstəkləmirik. Biz bunun əleyhinəyik.

Buna görə də burada bizim mövqeyimiz tamamilə dəqiq və aydındır. Hesab edirəm ki, məsələni bu prinsiplər əsasında həll etmək lazımdır və heç kimə - nə ona, nə də başqasına üstünlük vermək olmaz.

Əlbəttə, onu da deməliyəm ki, Miloşeviş təqsirkardır. O, bunda təqsirkardır ki, Kosovonun bir çox onilliklər ərzində mövcud olmuş muxtariyyətini ləğv etmişdir. O, bunda təqsirkardır. Odur ki, o, özünün bu təqsirini anlamalı və bu səhvinin nəyə gətirib çıxardığını, yaxud, bilmirəm, düzgün olmayan hərəkətlərinin belə qırğına gətirib çıxardığını dərk etməlidir. Buna görə də hesab edirəm ki, məsələni bu prinsiplər əsasında həll etmək lazımdır.

Lakin mən yenidən öz problemimə qayıdıram. Müharibə gedir, Kosovoda vuruşurlar, Kosovo albanları döyüşürlər, Miloşeviş böyük bir orduya malikdir, müharibə gedir. Müharibə onun nəyinə gərəkdir? Bu qan tökülməsi nəyə gərəkdir? Biz 1994-cü ildə atəşkəsə nail olana qədər bu müharibənin dəhşətlərinə məruz qaldıq. Lakin biz bu gün də arxayın deyilik ki, müharibə başlana bilməz. Hətta bizim bölgəmizdə. Nəyə görə? Ona görə ki, Ermənistan çox güclü silahlanır. Viktor Stepanoviç, bilirsiniz ki, 1997-ci ilin əvvəllərində məhz sizdə belə məlumatlar yayıldı ki, əvvəlki üç ildə Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ermənistana bir milyard dollarlıq silah, döyüş sürsatı, hərbi texnika göndərmişdir. Biz bu məsələni Rusiya Federasiyası qarşısında, prezident qarşısında dəfələrlə qaldırdıq. Rusiya Federasiyasının Prokurorluğuna bu məsələ ilə məşğul olmaq tapşırıldı, amma sonra ört-basdır etdilər. MDB dövlət başçılarının iclasında mən həmin məsələni bu dəfə məhdud bir tərkibdə yenə də qaldırdım, çox açıq dedim: yaxşı, hər halda bir cavab verin - nə üçün Ermənistana bir milyard dollarlıq silah göndərilmişdir və bu silah indiyədək geri qaytarılmır? Heç bir izahat verilmir. Mən yazılı bəyanat verməli oldum, o, dövlət başçılarının iclasında yayıldı.

Yaxud, məsələn, biz açıqca deyirik və fürsətdən istifadə edərək bu gün də deyəcəyəm: Biz başa düşmürük, Ermənistanda hərbi baza Rusiyanın nəyinə gərəkdir? Hərbi baza mövcuddur, indi genişləndirilir, oraya C-300 raketləri, MİQ-29 təyyarələri göndərilir. Mən bu məsələ ilə əlaqədar Boris Nikolayeviç Yeltsinə məktubla müraciət etdim. Mən cavab aldım, cənab Draçevski də mənə deyir ki, bilirsinizmi, bu, Azərbaycana qarşı yönəldilməyibdir. Bununla belə, Ermənistan və Azərbaycan hərbi münaqişə vəziyyətində olduğu halda, Ermənistan ərazisində Rusiya Federasiyasının əlavə silahlı qüvvələri yerləşdirildiyi halda təminat varmı ki, bundan Azərbaycana qarşı istifadə edilə bilməz? Bu, birincisi. İkincisi isə, kimə qarşı istifadə edilə bilər? Məsələn, dövlət başçılarının görüşü zamanı mən Boris Nikolayeviçə birbaşa sual verdim: bu, kimə qarşı yönəldilibdir? Mən cavab almıram. Kimsə bəzən mənə deyir ki, bu, NATO-ya qarşıdır. Amma, sözün düzü, deməyə məcburam ki, bu, ciddi deyildir. Ona görə ki, NATO Qərbdədir, Ermənistan isə burada.

Viktor Çernomırdin: Türkiyə ki yaxınlıqdadır, o, NATO-nun üzvüdür.

Heydər Əliyev: Nə olsun ki? Yoxsa, Ermənistan və ya Rusiya Türkiyədən hansısa hücum olacağını gözləyir?

Viktor Çernomırdin: Bu, prinsipcə Rusiyanın cənub hüdudlarıdır.

Heydər Əliyev: Razı deyiləm. Əgər Türkiyə ərazisindən Ruisyaya hücum olarsa, sizin çox böyük ümumi sərhədləriniz var. Ona qalsa, Qara dəniz vasitəsilə, başqa dənizlər vasitəsilə NATO Rusiyaya hücum etmək üçün çox böyük imkanlara malikdir.

Viktor Çernomırdin: Düşünürəm ki, vəziyyət o yerə gəlib çatmayacaqdır.

Heydər Əliyev:Yaxşı, çatmayacaqsa, onda bu sizin nəyinizə gərəkdir?

Viktor Çernomırdin: Bilirsinizmi, bu, Ermənistan yox, Rusiyadır, Rusiyadır. Bu, Rusiya bazasıdır. Gürcüstanda da Rusiya bazası var.

Heydər Əliyev: Əvvəla, bu Rusiya qoşunlarında xidmət edənlərin 50 faizi ermənidir. Bu, bizə məlumdur. İkincisi isə, mən prinsipcə hesab edirəm ki, əgər Rusiya Ermənistanla Azərbaycan arasında münaqişəni həll etmək istəyirsə, bu zaman, bu münaqişə aradan qaldırılana qədər öz qoşunlarını Ermənistan ərazisində yerləşdirməməlidir. Məncə, buna qarşı heç kim etiraz edə bilməz. Amma Rusiya bununla hesablaşmır. Biz Ermənistanla hərbi münaqişədəyik. Rusiya vasitəçilik edir və bu münaqişəni həll etmək istəyir. Lakin bununla bərabər, Ermənistan ərazisindəki öz silahlı qüvvələrini durmadan artırır. Yox, mən bununla razı deyiləm və bu barədə öz fikrimi bu gün bir daha söyləməyi lazım bilirəm.

Bunun bəlkə də Yuqoslaviya böhranına birbaşa dəxli yoxdur. Ancaq hərə öz dərdindən danışır.

Yaxşı, Viktor Stepanoviç.

Viktor Çernomırdin: Sağ olun, Heydər Əliyeviç. Bu, əsas məsələdir. Mən başa düşürəm ki, burada biz bütün bu cür problemlərə münasibətdə tamamilə yekdilik. Bu, təkcə Yuqoslaviya və Albaniyaya aid deyildir, hamıya aiddir. Bir daha deyirəm. Bu, bizi narahat etməyə bilməz. Biz başa düşürük, məhz sadəcə olaraq iştirak etməmək Rusiya üçün də böyük məsuliyyətdir, çünki bu münaqişə istənilən yerdə başlaya bilər. Bu gün bax buna yol vermək olmaz. Siz tamamilə doğru deyirsiniz ki, nə birini, nə də digərini nəinki sadəcə olaraq dəstəkləmək olmaz, əslində tədbirlər görmək lazımdır. Bu gün orada görülən tədbirləri biz çıxılmaz vəziyyət hesab edirik. Güclü zərbələr endirilir, bütöv şəhərlər, müəssisələr yer üzündən silinir, qan tökülür, minlərlə qaçqın var. Bütün bunlar bir-birinə qarışır və indi atılan hər hansı səhv addım dəhşətli nəticələrə gətirib çıxara bilər. Bu barədə də bir daha deyirəm ki, bəli, burada tədbirlər görmək lazımdır. Düşünürəm ki, bu məsələdə biz Sizinlə yekdilik.

Heydər Əliyev: Yaxşı.

Viktor Çernomırdin: Çox sağ olun, Heydər Əliyeviç.

"Azərbaycan" qəzeti, 21 aprel 1999-cu il.