Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Ermənistan Respublikasının Prezidenti Robert Koçaryanın kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinqi - Sədərək rayonu, 11 oktyabr 1999-cu il


Robert Koçaryan  (jurnalistləri göstərərək Azərbaycan prezidenti Heydər Əliyevə dedi): Səbirsizliklə gözləyirlər, biz deyək ki, bütün problemlər həll olunub və ilaxır.

Görüşlər lazımdır. Biz bütün məsələlər kompleksini müzakirə etdik. Mən deməliyəm ki, nizamlamaya doğru irəliləmək asan deyil, çoxlu problemlər var. Deməliyəm ki, bugünkü görüş indiyədək görülmüş işləri bir qədər yekunlaşdırdı. Təəssüflər olsun, уеnə də deməyə məcburam ki, indiki halda biz təfsilat barədə danışa bilmərik. Ancaq, zənnimcə, yaxın vaxtlarda siz daha ətraflı məlumat alacaqsınız.

Hesab edirəm, bir cəhət də çox mühümdür ki, biz bir-birimizlə görüşmək üçün Cenevrəyə, yaxud daha harayasa getmir, sərhəddə görüşürük. Heydər Əliyeviçin söylədiyi kimi, bura bir vaxtlar iki respublikanın rəhbərlərinin görüş yeri idi, burada hətta mitinqlər də keçirilirdi. Hələlik bu qədər deyə bilərəm.

Heydər Əliyev: Bax, bu yerdə erməni və Azərbaycan xalqlarının mitinqini keçirirdik.

Mən prezident Koçaryanın dedikləri ilə tamamilə razıyam. Biz bu problemi kifayət qədər ətraflı təhlil etdik. Siz bilirsiniz ki, münaqişə uzun müddətdir davam edir, on iki il bundan öncə meydana çıxmışdır, müxtəlif mərhələlərdən keçibdir. Bir çox beynəlxalq təşkilatlar - Birləşmiş Millətlər Təşkilatı da, ATƏT də bununla məşğul olublar, 1992-ci ildən ATƏT-in Minsk qrupu bu işlə məşğul olur. Yeri gəlmişkən, Minsk qrupunun həmsədrləri indi bu işlə məşğuldurlar.

Müxtəlif təkliflər, müxtəlif variantlar olub, Amma bunlar bizi heç cür razılığa gətirə bilməmişdir. Məsələnin sülh yolu ilə həlli imkanlarını tapmaq üçün biz prezident Robert Koçaryanla bir daha ətraflı götür-qoy etdik, müzakirə etdik. Əlbəttə, münaqişə mürəkkəbdir, çox vaxt keçib, asanlıqla, bir dəfəyə razılığa gəlmək mümkün deyildir. Ancaq mən hesab edirəm ki, bizim sonuncu görüşlərimiz, Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə görüşləri faydalı olmuşdur. Bəlkə də əvvəlcə, biz bu dialoqa başlayanda, məsələnin həlli üçün belə faydalı əməkdaşlıq edə biləcəyimizi təsəvvür etmək çətin idi.

Biz çox şeyi nəzərdən keçirdik. Amma qərarlara gəlib çatmaq üçün уеnə vaxt lazımdır, yenə görüşlər, yenə danışıqlar lazımdır. Əlbəttə ki, qarşılıqlı kompromislər lazımdır. Qarşılıqlı kompromislər olmadan bu məsələni həll etmək çətin ki, mümkün olsun. Robert Setrakoviç, mən düşünürəm ki, kim hansı kompromislərə gedə bilər. Bir sözlə, bizim görüşlərimiz hələ davam edəcəkdir.

Mən razıyam. Bu gün bundan artıq çətin ki, bir şey deyə bilək. Diqqətinizə görə sağ olun. Sağ olun ki, buraya gəlmisiniz. Mən Ermənistandan gələnləri, ilk növbədə prezident Robert Koçaryanı və onun nümayəndə heyətini burada, Azərbaycan torpağında salamlayıram. Ermənistandan gəlmiş mətbuat nümayəndələrini salamlayıram və bu problemə, bizim görüşümüzə göstərdikləri diqqətə görə bütün jurnalistlərə - Ermənistan və Azərbaycan jurnalistlərinə təşəkkür edirəm.

Robert Koçaryan:  Mən bir-iki kəlmə əlavə etmək istəyirəm. İki prezidentdən biri kompromislər barədə danışdı. Mən də deməliyəm ki, bəli, biz əsasən məhz kompromislərin dərəcəsini, başqa sözlə, danışıqlar prosesində bir-birimizə yaxınlaşmağı müzakirə etdik. Nizamlama da elə bu deməkdir. Yoxsa, elə çıxar ki, prezident Əliyev kompromislər barədə dedi, prezident Koçaryan isə yox. Ona görə də deyilənlərlə razıyam və əlbəttə ki, qonaqpərvərliyə görə təşəkkür edirəm. Amma bilmirəm, bizə qoyun veriblər, ya yox?

Heydər Əliyev: Qoyun çoxdur, çünki mən buraya gələndə yolda çoxlu qoyun kəsirdilər. Hesab edirəm ki, bax, elə buradaca qoyun kəsib bizə kabab verə bilərlər, onda biz qəti razılığa gələrik.

Robert Koçaryan: Gələn dəfə səhər yeməyi, nahar, yaxud şam yeməyi lazımdır. Bura mənim xoşuma gəldi.

Heydər Əliyev: Bəli, bu mümkündür. Bura yaxşı yerdir. Görüşü burada təşkil edənlər sağ olsunlar, şərait yaxşıdir. Onu da deyə bilərik ki, bu otaq Cenevrədə görüşdüyümüz otaqdan pis deyildir. Sizin maşınınız buradadır?

Robert Koçaryan: Bəli.

Heydər Əliyev: Sağ olun, yaxşı yol, xudahafiz.