Azərbaycan Prezidenti Heydər Əliyevin Ermənistan prezidenti Robert Koçaryanla təkbətək görüşündən sonra bəyanatı - 7 sentyabr 2000-ci il


Bu, Ermənistan prezidentinin və Azərbaycan prezidentinin növbəti görüşüdür. Siz bilirsiniz ki, birbaşa dialoq keçən ilin əvvəlində başlayıb, indi davam edir. Şəxsən mən bu gün deyə bilərəm ki, bu, faydalıdır, lazımdır. Baxmayaraq ki, ötən vaxt razılığa gəlmək üçün kifayət qədər idi, amma, təəssüf ki, hələlik bu, mümkün olmamışdır.

Ancaq müsbət cəhət budur ki, biz müxtəlif variantları müzakirə edirik, aramızda daha çox qarşılıqlı anlaşma, etimad yaranır. Biz bunu əsas tuturuq ki, əvvəla, münaqişənin həlli sülh yolu ilə olmalıdır, indən belə hansısa böyük və hətta kiçik hərbi əməliyyatlara başlamaq yolverilməzdir. İkincisi, konkret əməli nəticələrə nail olmaq üçün kompromislər lazımdır.

Biz bu kompromislər barəsində hər dəfə danışırıq, amma şəxsən mən hələlik kompromislər haqqında razılığa gələ bildiyimizi deyə bilmərəm. Qarşılıqlı kompromislərə getməli olduğumuzu biz çoxdan həll etmişik. Ancaq həm bu tərəfdən, həm də digər tərəfdən kompromislərin həddi və bunların hansı sahələrdə ola biləcəyi məsələsinə gəldikdə isə, hələlik öyünə bilmərik.

Prezident Robert Koçaryan və mən bu dialoqu davam etdirmək barədə razılığa gəlmişik. Əlbəttə, problemin həllini tapmaq üçün bütün başqa imkanlardan, o cümlədən həmsədrlərin, Minsk Qrupunun imkanlarından istifadə edəcəyik. Şəxsən mənim qəti mövqeyim belədir ki, tarix bizim üzərimizə çox mühüm, məsul missiya - Ermənistan-Azərbaycan münaqişəsini həll etmək Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq missiyası qoymuşdur. Bu, Cənubi Qafqazda tam sülh və sabitliyin yaranması üçün çox mühüm amil olacaqdır. Bu. həm erməni xalqına, həm də Azərbaycan xalqına böyük fayda gətirəcəkdir.

Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik.