Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam İnqilabinin ildönümünə həsr olunmuş mərasimdə çıxışı - "Gülüstan" sarayı, 3 fevral 1996-cı il


Hörmətli səfir, hörmətli xanımlar və cənablar!

İran İslam İnqilabının 17-ci ildönümü münasibətilə hamınızı ürəkdən təbrik edirəm. İran xalqına, orada olan bacı-qardaşlarımıza xoşbəxtlik və səadət arzulayır və bütün işlərində uğurlar diləyirəm.

İran İslam İnqilabı İran ölkəsinin həyatında böyük dəyişikliklər meydana gətiribdir. 17 ildir ki, İran xalqı İslam İnqilabı bayrağı altında yaşayır, yaradır və öz ölkəsini xoşbəxt gələcəyə aparır. Biz İran İslam İnqilabının həm baş verməsini, həm də onun sonrakı nəticələrini həmişə dəstəkləmişik, buna hörmət və ehtiramımızı bildirmişik və bu gün də bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, İran İslam İnqilabının İran xalqına bəxş etdiyi nemətlər bundan sonra da xalqı, milləti daha firavan həyata gətirib çıxaracaqdır. İran dünyanın, xüsusən Şərqin ən böyük, əzəmətli və qədim dövlətlərindən biridir. İranın çox zəngin, qədim tarixi var və İran xalqı öz tarixi ənənələri ilə, dünya mədəniyyətinə, elminə verdiyi dəyərli töhfələrlə daim fəxr edir və bu gün də fəxr edə bilər.

İran ilə Azərbaycan arasında olan əlaqələrin tarixi böyükdür. Bu, çoxəsrlik tarixdir. Xalqlarımız əsrlər boyu yan-yana, bir yerdə yaşamış, bir kökdən olaraq, eyni ənənələrə malik olaraq bir-birinə həmişə dayaq durmuşlar. Azərbaycan xalqı milli azadlığını əldə edəndən sonra, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra İran ilə Azərbaycan arasındakı əlaqələr dövlət səviyyəsinə qalxıb və qarşılıqlı surətdə faydalı dövlətlərarası əlaqələrə çevrilibdir. Biz bu əlaqələri çox əhəmiyyətli hesab edirik və Azərbaycanın müstəqil dövlət olduğu dörd il ərzində İran ilə Azərbaycan arasında yaranmış və daim inkişafda olan əlaqələri yüksək qiymətləndiririk.

Dediyim kimi, xalqlarımızın dostluğu və qardaşlığının tarixi qədim dövrlərdən gəlir. Milli ənənələrin eyni, oxşar olması, bir dinə mənsub olmağımız və başqa tarixi köklərimiz bizi həmişə birləşdiribdir. İndi müstəqil Azərbaycanın İran İslam Respublikası ilə çox böyük sərhədi var. Biz qonşuyuq, həm də bir-birinə çox böyük hüsn-rəğbət bəsləyən qonşuyuq. Biz İran İslam Respublikasına, İran xalqına həmişə böyük hörmət və ehtiramla yanaşmışıq və yanaşırıq. Eləcə də İran xalqı, İran dövləti tərəfindən Azərbaycana olan böyük hörmət və ehtiramı hiss edirik.

Eyni zamanda qeyd etmək istəyirəm ki, bu dostluğu, qardaşlığı inkişaf etdirmək, möhkəmləndirmək üçün çox böyük ehtiyat mənbələrimiz var və bunlardan istifadə edərək əməkdaşlığımızı genişləndirəcəyik, dostluğumuzu daha da möhkəmləndirəcəyik və bunların hamısını sarsılmaz edəcəyik. Biz Azərbaycanda İranla münasibətlərimizi məhz belə görürük.

Bu münasibətlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış yüksək səviyyəli bir çox sənədlərdə öz əksini tapıbdır. İran İslam Respublikasının prezidenti hörmətli cənab Haşimi Rəfsəncaninin Azərbaycana rəsmi səfəri zamanı və mənim İran İslam Respublikasına səfərim vaxtı biz çox sənədlər imzalamışıq, dostluq və əməkdaşlıq müqaviləsi bağlamışıq. Biz bu sənədlərə, müqavilələrə sadiqik, bundan sonra da sadiq olacağıq, dostluğu, qardaşlığı, əməkdaşlığı gələcəkdə də inkişaf etdirəcəyik. Bizi İranla bağlı hər şey maraqlandırır - onun həm qədim mədəniyyəti, tarixi abidələri, böyük ədəbi, mədəni irsi və bizim bir-birinə bənzəyən, yaxud eyni olan adət və ənənələrimiz maraqlandırır.

Bundan əlavə, İranda azərbaycanlılar da yaşayır. Onlar İranın vətəndaşlarıdır, onun xalqının bir hissəsidir, eyni zamanda azərbaycanlı kimi bizim soydaşlarımızdır, biz də onların soydaşlarıyıq. Bunlar hamısı ölkələrimizin bir-birinə daim dost, qardaş olmasının əsasını yaradıbdır və bizim də borcumuz bunları inkişaf etdirməkdən ibarətdir.

Həzrəti Ayətüllah Xomeyninin rəhbərliyi altında baş vermiş İran İslam İnqilabı, qeyd etdiyim kimi, İran xalqı üçün yeni böyük səmərələr gətirib, nəticələr veribdir. Bu gün də İran İslam Respublikasının sükanı çox etibarlı əllərdədir. Həzrəti Ayətüllah Xomeyninin işinin davamçısı Həzrəti Ayətüllah Xamneyi cənabları, İran İslam Respublikasının prezidenti hörmətli Haşimi Rəfsəncani cənabları və başqa dostlarımız İran İslam Respublikasına çox məharətlə rəhbərlik edirlər və İran ilə Azərbaycan arasında olan dostluq əlaqələrinə çox böyük diqqət göstərir, bu əlaqələrin möhkəmlənməsinə çalışırlar. Biz bunların hamısını çox yüksək qiymətləndiririk. Öz tərəfimizdən, Azərbaycan tərəfdən bildirmək istəyirəm ki, biz həmişə hesab edirik ki, bizim hörmət və ehtiramımız İranın Azərbaycana olan hörmət və ehtiramından üstündür. Biz belə hesab edirik. Amma siz nə cür hesab edirsiniz, - bu, öz işinizdir. Biz isə belə hesab edirik. Əminəm ki, bu dostluq, qardaşlıq əlaqələri gündən-günə möhkəmlənəcək, inkişaf edəcəkdir və biz bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Bu gün əlamətdar bir gündür və xüsusən biz Ramazan ayı içərisindəyik. Güman edirəm ki, buraya toplaşanlar arasında oruc tutanların hamısı iftarını açıbdır. İran İslam Respublikasının bayramı münasibətilə burada ikinci dəfə iftar aça bilərlər ki, sabah sübhdən orucunu daha da yaxşı tuta bilsinlər. Mən sizin hamınızı eyni zamanda Ramazan ayı münasibətilə təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, Ramazan ayını ləyaqətlə başa çatdıracaqsınız.

Hər birinizin orucunun qəbul olunmasını Allahdan diləyirəm. Sizi bir daha ürəkdən təbrik edirəm, böyük Allahdan İran İslam Respublikasına, onun xalqına yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun! Sağ olun.