Azərbaycan - İran münasibətləri


                                                                            
  

Münasibətlərin tarixi: Azərbaycan - İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi İranın tərkibinə qatılıb. Hazırda İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir.

İkitərəfli siyasi münasibətlər: İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir - birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. Vilayətinin səfəri əsasən İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. 8 may 1992-ci ildə Azərbaycan rəhbərliyi Tehranda Ermənistan tərəfi ilə danışıqlar aparan zaman erməni hərbi birləşmələri Şuşa şəhərini işğal edib. 1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan - İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xamneyi, prezidenti Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.

İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani 26-28 oktyabr 1993-cü ildə Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşdə bildirib: «Biz belə fikirdəyik ki, son dövrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan əlaqələrdə müəyyən soyuqluq yaradılmışdı. Bunların aradan götürülməsi üçün biz son vaxtlar, sizə məlumdur ki, lazımi tədbirlər görmüşük. Bundan sonra da bu tədbirləri görmək fikrindəyik». Səfər zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında müqavilələr imzalanıb.


Haşimi Rəfsəncani Bakıda olan zaman Ermənistan qoşunları Azərbaycanın İranla həmsərhəd Zəngilan rayonunu işğal edib. Təcavüz nəticəsində rayonu tərk edən əhali İranın köməyi ilə Araz çayını keçərək bu ölkənin ərazisindən Azərbaycana gəlib.

29 iyun - 2 iyul 1994-cü ildə İrana cavab səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Haşimi Rəfsəncani ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıb. Həmin səfər nəticəsində Azərbaycan - İran arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanıb. Prezident Heydər Əliyev Haşimi Rəfsəncani ilə söhbətində İran İslam Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi məsələsinin aydınlaşdırılmasını, bunun tərəflər arasında qəbul ediləcək bəyanatda göstərilməsini istəyib. Xarici işlər naziri Vilayəti ilə danışıqlardan sonra Ermənistanın təcavüzünü ittiham edən bəyanat imzalanıb.

1995-ci ilin dekabrında Azərbaycana səfər edən İran xarici işlər nazirinin müavini özü ilə birlikdə İranın Ermənistandan aldığı bir neçə azərbaycanlı əsiri də gətirib. O, Haşimi Rəfsəncaninin Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün dəvət məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim edib. 1996-cı lilin mayında Heydər Əliyev Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün İrana səfər edib. Heydər Əliyev Məşhəd hava limanında İran Milli Televiziyasının müxbirinə müsahibə verib.

Bu səfər zamanı İran - Azərbaycan arasında iqtisadi sahədə razılaşmalar əldə edilib. Prezident Heydər Əliyevlə görüşündə Prezident Haşimi Rəfsəncani İranın azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərməyə davam edəcəyini deyib. Heydər Əliyev 1997-ci ildə Azərbaycan tərəfi İranla neft istismarı sahəsində əməkdaşlıq niyyətinin göstəricisi olaraq bu ölkənin neft şirkətini «Şahdəniz» yatağının istismarını nəzərdə tutan müqavilədə iştiraka dəvət edib. 1997-ci ilin dekabrında İslam Konfransı Təşkilatının Tehranda keçirilən dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün İrana səfər edən Heydər Əliyev İranın ali dini rəhbəri Ayətüllah Seyid Əli Xamneyi ilə görüşərkən bildirib: «Azərbaycanlı qaçqınlara etdiyi humanitar yardıma görə İran İslam Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirməklə, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında qeyri-konstruktiv mövqeyindən əl çəkməyən Ermənistana bir çox dövlətlərin siyasi və iqtisadi dəstək verməsindən təəssüfləndiyimi bildirirəm».

İranın o zaman yeni seçilmiş prezidenti Məhəmməd Xatəmi ilə görüşən Heydər Əliyev Azərbaycanın İranla istər ikitərəfli, istərsə də İKT çərçivəsində əməkdaşlığı inkişaf etdirəcəyini bildirib.

İKT-nin Məhəmməd Xatəminin sədrlik etdiyi Tehran konfransında Ermənistanın Azərbaycana təcavüzünü açıq ittiham edən qətnamə qəbul olunub.

Prezident Heydər Əliyevin 2002-ci ilin mayında İrana növbəti səfəri olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi təkbətək görüşdən əvvəl jurnalistlərin suallarına cavablandırıblar.

Səfərdə əsas müzakirə obyekti olan Xəzərin statusu ilə bağlı konkret razılıq əldə olunmasa da, Heydər Əliyev bu səfəri dost ölkəyə səfər kimi qiymətləndirilib. 2003-cü ilin aprelində Prezident Heydər Əliyev Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Kamal Xərrazini qəbul edib. Prezident Heydər Əliyev İrana son səfərini qarşılıqlı münasibətlərdə dönüş nöqtəsi hesab etdiyini bildirib və tərəflər arasında daha sıx iqtisadi əlaqələrə tərəfdar olduğunu deyib.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev İranla dostluq və əməkdaşlıq siyasətini davam etdirib. 2004-cü ilin avqustunda İran prezidenti Məhəmməd Xatəmi Azərbaycana səfərə gəlib. O, bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın Azərbaycanı müdafiə etdiyini bildirən bəyanat verib. Xatəminin səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin bağlanması ilə yanaşı, Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğunun açılması məsələsi də həll edilib. 

2005-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana səfər edib. Səfər zamanı tərəflər arasında sərhəd, maliyyə, mədəniyyət, hidroenergetika və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilələr bağlanıb. 2005-ci ilin dekabrında İran prezidenti Mahmud Əhəmdinejad İrandan Naxçıvana çəkilmiş qaz kəmərinin açılışında iştirak etmək üçün muxtar respublikaya gəlib. Burada Əhmədinejad və prezident İlham Əliyev tərəfindən enerji əməkdaşlığına dair bəyannamə imzalanıb. Daha sonra onlar 2006-cı ilin iyununda İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən zirvə toplantısında görüşüblər. Bu görüşlərdə hər iki prezident iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bəyan ediblər.

Prezident İlham Əliyev 2005-ci ilin sonu və 2006-cı il ərzində beynəlxalq miqyasda kəskinləşən nüvə enerjisi məsələsi ilə bağlı müsahibələrində İrana qarşı sanksiya tətbiq edilməsinin əleyhinə çıxdığını bildirib. O, Azərbaycan ərazisindən heç bir dövlətə qarşı istifadəyə yol verilməyəcəyini bildirib. İlham Əliyev bu məsələnin danışıqlar və qarşılıqlı razılıq əsasında həllinə tərəfdar olduğunu söyləyib.

2007-ci il avqustun 21-də İran Prezidenti Mahmud Əhmədinejad növbəti dəfə Azərbaycanda səfərdə olub. Prezident İlham Əliyevlə söhbətində dövlət başçıları bu səfərin əhəmiyyətli olduğunu vurğulayıblar.

2007-ci il oktyabrın 16-da isə Prezident İlham Əliyev Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısında iştirak etmək üçün İrana gedib. İki dövlətin başçısı arasında görüş olub. Prezidentlər siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə uğurla inkişaf etdiyini bildiriblər.

10 mart 2009-cu ildəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana rəsmisəfər edib. Prezident İlham Əliyev və Prezident Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Səfər zamanı Prezident İlham Əliyev və İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşüb. Görüşdə iki ölkə arasında qonşuluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan-İran münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Prezident İlham Əliyev Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşündə iştirak edib. Zirvə görüşünün yekunlarına dair Tehran Bəyannaməsi qəbul olunub.

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran Prezidenti Mahmud Əhmədinejad 17 noyabr 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdür. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsinin vurğulandığı bu görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyi bildirilmişdir. Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulamış, ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmışlar. Səfərin nəticəsi olaraq Azərbaycanla İran arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani 2014-cü il yanvarın 23-də İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində görüşmüşlər. Görüşdə ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına üçüncü rəsmi səfəri 09 aprel 2014-cü il tarixdə olmuşdur. Prezident İlham Əliyev və iranlı həmkarı Həsən Ruhani arasında təkbətək görüş keçirilmişdir. Azərbaycan Prezidenti İranın ali dini lideri ayətullah Əli Xamenei və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə də görüşmüşdür. Görüşlərin nəticəsi olaraq İranla Azərbaycan arasında «Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu», «Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu», «Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu», «Ordubad» və «Marazad» Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş» imzalanmışdır.

İqtisadi əlaqələr: Azərbaycan - İran ikitərəfli münasibətlərində iqtisadi əlaqələrin xüsusi çəkisi var. 1992-ci ildən indiyədək iki ölkə arasında imzalanan yüzə yaxın sənədin əksəriyyəti iqtisadi münasibətləri əhatə edir. İran Azərbaycanın neft-qaz və neft-kimya sənayesində, bu məhsulların ixracında, sərmayə qoyuluşunda maraqlıdır. «Şahdəniz» üzrə hasilatın pay bölgüsü sazişində İranın NICO şirkəti 10 faiz paya malikdir. Ticarət, energetika, sənaye, tranzit və digər sahələrdə iki ölkə arasında mövcud iqtisadi münasibətlər bir-birini tamamlayır. 1993-cü ildən Bank Melli İranın Bakı filialı fəaliyyət göstərir.

Mədəni əlaqələr: Azərbaycanla İran zəngin mədəni əlaqələrə malikdir. Xaqani, Nizami, Nəsimi, Füzuli kimi klassik Azərbaycan şairləri Azərbaycan və fars dillərində böyük əsərlər yaratmışlar. Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən dünyada şöhrət tapıb. Londonun Viktoriya-Albert muzeyində saxlanan Şeyx Səfi xalçası Təbrizdə toxunub. Bu xalça dövrünün ən iri və əsrarəngiz xalçası adını qazanıb. 1871-74-cü illərdə M.F.Axundzadənin 6 komediyası fars dilinə tərcümə edilərək İranda yayılıb. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulub.

Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Şəhriyar) öz əsərlərini Azərbaycan və fars dillərində yazıb. Azərbaycanda onun «Heydərbabaya salam» poeması, «Türkcə divanı» çapdan çıxıb.

2006-cı il Dekabr ayının 21-də AMEA Mərkəzi Elmi Kitabxanası və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində «Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı» açılıb. «Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı» iki ölkə arasındakı elmi-mədəni əlaqələrin, elmi təcrübə mübadilələrinin, elmi-maarifləndirmə işlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının xarici siyasətində İran İslam Respublikası ilə münasibətlərin tənzimlənməsi hər zaman başlıca istiqamətlərdən olub. Azərbaycan və İran münasibətlərində müxtəlif dövrlərdə anlaşılmazlıq və fikir ayrılıqları baş versə də hər iki tərəf müvafiq fəaliyyətlə qarşılıqlı əməkdaşlığı kifayət qədər yüksək səviyyədə saxlayıb. Bu gün Azərbaycan - İran münasibətləri yüksək səviyyədədir. Hər iki ölkə İKT, EKO kimi beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. İran daima Ermənistanın Azərbaycana təcavüzünü pisləyib.

Ümumi tarixi arayış 5 sentyabr 2014-cü il tarixdə yenilənib