Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının İcra Hakimiyyətinin başçısı Pərviz Müşərrəfi qəbul edərkən söhbətindən - Tehran, 9 iyun 2000-ci il


... Pərviz Müşərrəf: Cənab prezident, Sizə təşəkkür edirəm. Sizinlə görüşməkdən məmnunluq duyduğumu bildirirəm. Biz Azərbaycan ilə daha sıx münasibətlər qurmaq, əməkdaşlığımızı daha da genişləndirmək əzmindəyik və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini tamamilə dəstəkləyirik.

Cənab prezident, Kəşmir məsələsində Pakistana daim dəstək verdiyinizə görə öz növbəmizdə Sizə təşəkkürümüzü bildiririk.

Mənimlə görüşmək üçün vaxt ayırdığınıza görə Sizə bir daha minnətdarlıq edirəm. Mən Sizinlə çox məhsuldar bir görüş keçirmək və danışıqlar aparmaq arzusundayam.

Heydər Əliyev: Çox sağ olun, Sizə təşəkkür edirəm. Mən də Sizinlə görüşməyimdən çox məmnunam.

Pakistan ilə Azərbaycan arasında çox yaxşı dostluq əlaqələri vardır. Pakistan bizim üçün dost bir ölkədir. Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman respublikamızın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Pakistan olmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bəyanatınıza görə mən sizə bir daha təşəkkür edirəm. Bu münaqişə başlayandan Pakistan Azərbaycanı həmişə dəstəkləyibdir. Buna görə sizə təşəkkür edirəm. Biz də Kəşmir problemi ilə əlaqədar sizi həmişə dəstəkləmişik və bu gün də dəstəkləyirik.

Hesab edirəm ki, Azərbaycan-Pakistan əlaqələri ötən illərdə xeyli inkişaf edibdir. Pakistanın Azərbaycanda, Azərbaycanın isə Pakistanda səfirliyi vardır. Mən sizin ölkənizdə rəsmi ziyarətdə olmuşam. Sizin ölkənin keçmiş prezidenti Faruq Leqari isə vaxtilə Azərbaycana rəsmi səfərə gəlmişdi. Yəni belə yüksək səviyyədə görüşlərimiz olubdur. İndi Sizinlə, Pakistanın hökumət başçısı ilə yenidən görüşmək mənim üçün çox xoşdur. Hesab edirəm ki, bizim əməkdaşlığımız bundan sonra daha da sürətlə inkişaf etməlidir...