"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfi qəbul edərkən söhbətindən" (Tehran, 9 iyun 2000-ci il) sənədinə tarixi arayış


Pakistan Azərbaycan Respublikasının ən əsas strateji müttəfiqlərindən biridir. Azərbaycanın müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il iyunun 9-da yaradılıb. Pakistan Respublikası beynəlxalq təşkilatlarda daim Azərbaycanla sıx əməkdaşlıq edib. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nın qəbul etdiyi 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.

1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycana rəsmi səfərə gəlib. 1996-cı ilin aprelində isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda səfərdə olub. Dövlət başçılarının səfərləri iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qalxmasına təkan verib və müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb. Tərəflər Ermənistan - Azərbaycan Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birlərini müdafiə etdiklərini bəyan ediblər.

Azərbaycan - Pakistan münasibətlərinin sıx və strateji xarakteri 2000-ci ilin iyununda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Pakistan Prezideti Pərviz Müşərrəfin Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının müşavirəsində görüşü zamanı da təsdiq edilib. Hər iki dövlət başçısı qarşılıqlı əlaqələrin dostluq və müttəfiqlik əsasında qurulduğunu təsdiq edib.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Pakistanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf 2004-cü ilin iyulunda Azərbaycana rəsmi səfərə gəlib. Prezident Sarayında iki ölkə prezidentinin görüşündə dövlət başçıları Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulan qarşılıqlı faydalı əlaqələrin səviyyəsindən razı qaldıqlarını vurğulayıblar. Prezident İlham Əliyev Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin rəsmi İslamabad tərəfindən daim dəstəklənməsi faktını məmnunluqla vurğulayıb.

Görüşdə həmçinin, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, Azərbaycanla Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri, beynəlxalq və regional təhlükəsizlik problemləri və tərəfləri maraqlandıran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

2005-ci ilin aprelində Azərbaycan Prezidenti Ilham Əliyev Pakistana rəsmi səfər edib. Pərviz Müşərrəf və İlham Əliyev təkbətək görüşüblər. Görüşdə rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığa böyük önəm verildiyi, Pakistanda bu sahənin sürətlə inkişaf etdiyi vurğulanıb. Prezident Pərviz Müşərrəf iki ölkənin müxtəlif regional və beynəlxalq qurumlarda əməkdaşlığının, ticarət dövriyyəsinin artırılmasının, birbaşa uçuşların təşkil olunmasının əhəmiyyətindən danışıb. O, TRASEKA layihəsində iştirak edən Pakistana dəstək verdiyinə görə Azərbaycana və prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezidentlər Kəşmir və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Tərəflər problemin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını, bu sahədə Azərbaycan və Pakistanın bir-birini beynəlxalq təşkilatlarda daim dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini vurğulayıblar.

Azərbaycan Prezidentinin Pakistana səfəri çərçivəsində iki ölkə arasında təhsil, mədəniyyət, nəqliyyat, rabitə və informasiya texnologiyaları, aviasiya, maliyyə sahələrinə aid 6 saziş imzalanıb.

2006-cı ilin fevralın 9-da Heydər Əliyev Fondunun Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün inşa etdirdiyi yeni məktəb binası istifadəyə verilib. Fondun bu layihəsi 2005-ci ildə Pakistanda baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaradıb. Layihə çərçivəsində qısa müddətdə inşa olunan yeni təhsil ocağında müasir tələblər cavab verən sinif otaqları, fənn kabinetləri, kitabxana və idman zalı valı fəaliyyət göstərər.

2008-ci il iyunun 19-da prezident İlham Əliyev Pakistan Parlamentinin sədri Muhammadmian Sumronun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Pakistan arasında münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulanıb.

2008-ci ilin sentyabrında Pakistanda hakimiyyət dəyişikliyi baş verib. Avqustun 18-də keçmiş prezident Pərviz Müşərrəf istefa verib. Sentyabrda keçirilən prezident seçkilərində Asif Əli Zərdari Pakistanın yeni prezidenti seçilib. O, Pakistanla dost münasibətləri saxlayan dövlətlərlə, o cümlədən Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edib. 

Tarixi arayış 18 sentyabr 2008 -ci ildə yeniləşdirilib.