Azərbaycanın Rus İcması Qurultayının nümayəndələrinə - Bakı şəhəri, 17 dekabr 1998-ci il


Hörmətli nümayəndələr!

Azərbaycanın rus icmasının birinci qurultayının iştirakçılarını səmimi salamlayaraq, sizin hamınıza xoşbəxtlik, cansağlığı, firavanlıq və qurultayın işində uğurlar arzulayıram. Qurultaymızın BMT-nin Ümumi İnsan Hüquqları Bəyannaməsinin 50 illiyində keçirilməsi bunu bir daha təsdiq edir ki, bizim dövlətimizdə insan, onun maraq və hüquqları diqqət mərkəzindədir.

1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Konstitusiyası cəmiyyətimizin ideya-siyasi və dünya-görüşü əsasını yaratmışdır. Konstitusiya respublikada həyata keçirilən bütün təşəbbüslərə sosial və siyasi istiqamət vermişdir.

Azərbaycan hələ qədimdən bununla məşhurdur ki, müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar bu torpaqda özlərinə ikinci vətən tapmışlar. Tarixi taleyin hökmü ilə Şimali Azərbaycan təxminən iki əsr siyasi, iqtisadi və mənəvi cəhətdən

Rusiya ilə bağlı olmuşdur. Rusiyada Azərbaycan icmasının və Azərbaycanda rus icmasının formalaşması məhz həmin dövrdə baş vermişdir. Müxtəlif etnoslara mənsub vətəndaşların konkret sosial və mənəvi problemlərinin cəmiyyətdə necə həll edilməli olması barədə suala cavabların axtarışları tariximizin indiki mərhələsində kütləvi şüur üçün xüsusi əhəmiyyət kəsb edir.

Şübhəsiz ki, sizin qurultayınız insan və vətəndaş hüquqlarına tam əməl olunmasını dövlətlə birlikdə təmin etməli olan vətəndaş cəmiyyəti təsisatlarının inkişaf etmiş şəbəkəsinin formalaşmasında son dərəcə mühüm mərhələlərdən biridir. Azərbaycan istər öz coğrafi-siyasi mövqeyinə görə, istərsə də burada Qərb və Şərq sivilizasiyalarının ən yaxşı nailiyyətlərini özündə təcəssüm etdirmiş bənzərsiz mədəni ənənələrin formalaşmasına görə postsovet məkanında nadir bir yer tutur. Bir çox onilliklər ərzində rus icması xalqımızın milli mənəvi dəyərlərinin inkişafı üçün xeyli səy göstərmişdir. Keçmişdə Azərbaycanda rus alimlərinin, yazıçıları və maarifçilərinin əməyini son dərəcə yüksək qiymətləndirərək, bu gün həmin tarixi ənənələrin qorunub saxlanması və artırılması üçün görülən işləri də qeyd etmək lazımdır.

İndi, müstəqil, azad Azərbaycan haqqında çoxəsrlik arzularımızın gerçəkləşdiyi bir vaxtda biz ümummilli mənafelər naminə, vətənimizin ərazi bütövlüyünün bərpa olunması naminə daha böyük məqsədyönlülüklə fəaliyyət göstərməliyik. Bu müstəqillik uğrunda, suverenlik uğrunda mübarizədə, Ermənistanın dövlətimizə qarşı törətdiyi müharibədə Azərbaycanın, o cümlədən də rus millətindən olan bir çox qızları və oğulları şəhid olmuşlar. Biz şəhid olanların xatirəsini ehtiramla yad edərək, onlar üçün müqəddəs olan ideallar naminə Azərbaycanda sülhə, bütün Qafqazda sülhə, bütün Azərbaycan xalqı üçün layiqli firavan həyata nail olmalıyıq.

Respublikanın hər bir vətəndaşının milli ənənələrini müqəddəs tutaraq hifz edən, öz qədim və zəngin mədəniyyətini qoruyub saxlayan və artıran azad, müstəqil, demokratik, dinamik inkişaf edən Azərbaycan XXI əsrə inamla qədəm qoyur. Üçüncü minillik ərəfəsində toplaşan qurultaymıza dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi, vətəndaş cəmiyyətinin formalaşması, Azərbaycanın dünya birliyində layiqli yer tutan müasir ölkəyə çevrilməsi üçün möhkəm bünövrə yaratmağa qabil olan qərarlar qəbul etməyi arzulayıram.

Sizə uğurlar olsun!

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM