BMT-nin ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 10 dekabr 1998-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Sizi Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Ümumdünya insan hüquqları bəyannaməsinin 50-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

İkinci Dünya müharibəsindən sonra yaranmış Birləşmiş Millətlər Təşkilatı dünyada böyük müharibələrin qarşısının alınması, sülhün, əmin-amanlığın qorunub saxlanılması, müstəmləkəçiliyin ləğv olunması, hər bir insanın rahat yaşaması üçün çox xidmətlər göstərmişdir.

Birləşmiş Millətlər Təşkilatının böyük xidmətlərindən biri də 50 il bundan öncə bəşər tarixində ilk dəfə olaraq Ümumdünya insan hüquqları bəyannaməsinin qəbul edilməsidir. Bu bəyannamə qəbul edilərkən ona 50-55 dövlət səs vermişdir. Ancaq ötən 50 il ərzində bu bəyannamə dünyanın demək olar ki, əksər ölkələrinin, dövlətlərinin dövlət idarəetməsinin, quruluşunun əsas prinsipinə çevrilmişdir. Bunlar böyük nailiyyətdir.

Biz bu bəyannamənin 50 illik yubileyini bu gün təntənəli surətdə qeyd edərkən Birləşmiş Millətlər Təşkilatına minnətdarlığımızı bildiririk, Birləşmiş Millətlər Təşkilatını, onun baş katibini bu münasibətlə təbrik edirik.

Məndən əvvəl çıxış edən natiqlər Ümumdünya insan hüquqları bəyannaməsinin Azərbaycanda həyata keçirilməsi və onun müsbət nəticələri haqqında çox ətraflı məlumat verdilər, dəyərli fikirlər dedilər. Mən bütün bu fikirlərə və son illərdə Ümumdünya insan hüquqları bəyannaməsindən irəli gələn prinsiplərin Azərbaycanda həyata keçirilməsi ilə əlaqədar görülən işlərə verilən qiymətə görə sizə təşəkkür edirəm.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəsi cənab Ercan Murat həm Ümumdünya insan hüquqları bəyannaməsi, həm də Azərbaycanda son illər görülən işlər haqqında dəyərli fikirlər söylədi və bizim işimizə müsbət qiymət verdi. Mən bunu qiymətləndirirəm və bu münasibətə görə təşəkkür edirəm.

Azərbaycanda insan hüquqlarının qorunması, Ümumdünya insan hüquqları bəyannaməsinin tələblərinin həyata keçirilməsi son yeddi il ərzində təmin olunubdur. Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini elan edən andan, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Ümumdünya insan hüquqları bəyannaməsinə qoşulmuşdur. Beləliklə, əgər bu bəyannamənin 50 illik tarixi varsa, Azərbaycan bu bəyannamə ilə əlaqədar yeddi il ərzində fəaliyyət göstərir. Ancaq hamımıza məlumdur ki, bu yeddi ilin də hamısında biz bu bəyannamənin tətbiq olunmasını təmin edə bilməmişik.

Həqiqət ondan ibarətdir ki, Ümumdünya insan hüquqları bəyannaməsinin həyata keçirilməsinə biz son illərdə başlamışıq və burada artıq qeyd edildiyi kimi, çox işlər görülmüşdür. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada insan hüquqlarına aid bütün maddələrin əks olunması Azərbaycanın məhz insan hüquqlarının qorunması yolu ilə getməsinə əyani sübutdur. Bundan sonra qəbul olunan qanunlar da bunu göstərir və ən əsası isə - bizim bu sahədəki əməli işimiz bunu göstərir.

1998-ci il Azərbaycan üçün demək olar ki, Ümumdünya insan hüquqları bəyannaməsi, insan hüquqları ili olubdur. 1998-ci ildə Azərbaycanda görülən işlər, qəbul olunan qərarlar və həyata keçirilən tədbirlər ictimaiyyətə məlumdur. Bu gün bu barədə burada deyildi.

Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik.

Bu gün biz Ümumdünya insan hüquqları bəyannaməsinin 50-ci ildönümünü qeyd edərək artıq gələcək vəzifələrimiz haqqında danışmalı və düşünməliyik. Çünki üzərimizə düşən vəzifələr böyükdür, çoxdur. Ötən illərdə görülən işlər Azərbaycanda insan hüquqlarının bütün sahələrdə təmin olunmasına hələ gətirib çıxarmayıbdır. Bu da təbiidir. Çünki qısa bir zamanda buna nail olmaq mümkün deyildir. Bu gün biz Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsinin ötən 50 il müddətində dünyada keçirilməsini nəzərdən keçiririk. Görürük ki, bəyannamə, insan hüquqlarının dövlət prinsiplərinə çevrilməsi və onların tətbiq olunması dünyanın müxtəlif ölkələrində müxtəlif zaman, vaxt tələb edibdir.

Bizim vəzifəmiz ondan ibarətdir ki, tutduğumuz yolla ardıcıl olaraq gedək. Mən bu gün bəyan edirəm ki, Azərbaycan dövləti, hökuməti bundan sonra da Azərbaycanda insan hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edir və bu prinsiplə yaşayacaq, işləyəcəkdir.

İnsan haqlarının qorunmasında hakimiyyət orqanlarının üzərinə çox vəzifə düşür. Təbiidir, hər bir insan cəmiyyətdə həm öz hüquqlarını təmin etməlidir, həm də cəmiyyətdə insan hüquqlarının qorunmasına səylər göstərməlidir. Bu, hər bir Azərbaycan vətəndaşından tələb olunur. Ancaq hakimiyyət orqanları, hakimiyyət orqanlarında vəzifə daşıyan insanlar - Azərbaycan vətəndaşları insan hüquqlarının qorunması və təmin olunması üçün xüsusi məsuliyyət daşıyırlar. Hesab edirəm ki, əgər vəzifəli şəxslər, hakimiyyət orqanlarında çalışan insanlar insan hüquqlarının qorunmasını özlərinin əsas vəzifəsi kimi dərk edə bilsələr biz bu sahədə çox nailiyyətlər əldə edə bilərik.

Mən bu gün Azərbaycanda bütün hakimiyyət orqanlarından, dövlət, hökumət orqanlarında vəzifə daşıyan bütün vətəndaşlardan insan hüquqlarının qorunması ilə əlaqədar üzərinə düşən vəzifələrin yerinə yetirilməsini tələb edirəm. Bəyan edirəm ki, biz bu məsələni həmişə diqqət mərkəzində saxlayacağıq və hər bir vəzifəli şəxsin işini onun bu sahədəki vəzifələrini yerinə yetirməsi ilə qiymətləndirəcəyik.

Hesab edirəm ki, əgər vəzifəli şəxslər vətəndaşların hüquqlarının qorunmasına ciddi yanaşsalar biz çox şeylərə nail ola bilərik. Təəssüflər olsun ki, bir çox hallarda, - bunu bu gün etiraf etmək lazımdır, - vəzifəli şəxslər hesab edirlər ki, qanun onlar üçün deyildir. Biz belə faktların şahidiyik. Bu gün bəyan edirəm ki, belə faktlarla ciddi mübarizə aparılmalıdır. Belə şəxslər hakimiyyət orqanında işləyə bilməzlər. Onlar öz işlərindən kənarlaşdırılmalıdır. Biz hər bir vətəndaşın hüququnun qorunmasına çalışmalıyıq.

Təbiidir, vətəndaşlarımız içərisində cinayət edənlər də var, qanunu pozanlar da var, başqalarının hüquqlarına təcavüz edənlər də var, ümumiyyətlə qanuna, hüquqa riayət etməyənlər də vardır. Hakimiyyət orqanlarının, vəzifəli şəxslərin vəzifəsi bütün bunlarla mübarizə aparmaqdır. Ancaq bu mübarizəni apararkən qanuna riayət etmək, qanun çərçivəsində hərəkət etmək, qanun əsasında fəaliyyət göstərmək lazımdır. Mən inanıram ki, Azərbaycanın vətəndaşları, Azərbaycanda hakimiyyət orqanlarında çalışanlar insan hüquqları məsələsini həmişə diqqət mərkəzində saxlayacaqlar.

Bizdə bu sahədə təbliğat da geniş olmalıdır, hüquq təhsili də gücləndirilməlidir. Biz hüquq haqqında danışarkən bilməliyik ki, əgər vətəndaşlar qanunu bilmirlərsə, öz hüquqlarını, nəyi edə bilərlər, nəyi edə bilməzlər - bunu bilmirlərsə onlardan qanuna tabe olmağı tələb etmək də ədalətli olmur.

Biz keçmişdə, yəni sovet hakimiyyəti dövründə qanunlar əsasında yaşamadığımıza görə insanlarda hələ qanunu bilmək, qanunu öyrənmək, qanuna riayət etmək vərdişi yaranmayıbdır. Bu vərdiş də bir günə, iki günə yarana bilməz. Demək, biz çalışmalıyıq ki, bu proses inkişaf etsin. Bu prosesi özbaşına da buraxmaq olmaz. Biz bu prosesə təsir göstərməliyik. Biz bu prosesi istiqamətləndirməliyik. Bunun üçün də hüquq təhsili təkcə məktəblərdə, yaxud universitetlərdə olmamalıdır, cəmiyyətin bütün sahələrində olmalıdır.

Biz bu gün 50 illik yubileyi qeyd edərkən, hesab edirəm, gələcək üçün əsas qənaətimiz ondan ibarət olmalıdır ki, Azərbaycan vətəndaşlarını hüquqi təhsil nöqteyi-nəzərindən inkişaf etdirək. Bu, böyük bir işdir. Mənə belə gəlir ki, bu işi mütəşəkkil və ardıcıl surətdə aparmaq üçün proqram da yazmaq lazımdır və onun həyata keçirilməsini təmin etmək lazımdır.

Bir sözlə, Azərbaycan müstəqil dövlət kimi Ümumdünya insan hüquqları bəyannaməsinə sadiqdir və bundan sonra da sadiq olacaqdır. Biz həyatımızın bütün sahələrində və xüsusən dövlət quruculuğu prosesində Konstitusiyada həkk olunmuş insan hüquqlarına aid bütün maddələrin həyata keçirilməsini təmin edəcəyik. Konstitusiyanın maddələrindən irəli gələn vəzifələri həyata keçirmək üçün bundan sonra da yeni qanunlar qəbul edəcəyik və beləliklə Azərbaycanı həqiqətən demokratik, hüquqi, dünyəvi dövlət edəcəyik.

İnsan hüququ hər bir insanın hüququdur, eyni zamanda hər bir xalqın hüququdur. Biz ölkənin daxilində insan hüquqları ilə əlaqədar nöqsanların aradan qaldırılmasına və insan hüquqlarının bərqərar olmasına səlahiyyətliyik və bunu təmin edə bilərik. Ancaq Azərbaycan xalqının hüquqlarının pozulması, tapdalanması isə bizim xalqımızı incidən və narahat edən haldır. Bu, eyni zamanda Dünya Birliyini, Birləşmiş Millətlər Təşkilatını da narahat etməlidir. Bu da burada deyildiyi kimi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir qisminin işğal olunması, bu müharibədə insanların həlak olması, bütün hüquqlarının pozulması və bir milyondan artıq azərbaycanlının yerindən-yurdundan zorla çıxarılması ilə əlaqədar bütün hüquqlarının pozulmasıdır. Təəssüflər olsun ki, dünyanın insan hüquqları ilə məşğul olan bir çox beynəlxalq mərkəzləri bu sahəyə diqqət yetirmirlər, bəziləri hətta bu sahəni insan hüquqlarının pozulması kimi qiymətləndirə bilmirlər. Bu, bizi çox narahat edir. Ona görə də bu gün Ümumdünya insan hüquqları bəyannaməsinin 50-ci ildönümünü bayram edərək, biz Birləşmiş Millətlər Təşkilatından, ATƏT-dən və insan hüquqları ilə məşğul olan bütün beynəlxalq təşkilatlardan, onların mərkəzlərindən tələb edirik ki, Azərbaycan xalqının hüquqlarının kütləvi surətdə pozulmasına son qoyulsun.

Xalqımız dözümlü xalqdır və torpaqlarımızın işğal olunmasına da biz hələ ki, dözürük. İnsanların bütün hüquqlardan məhrum olaraq çadırlarda yaşamasına da biz dözürük. Xalqımıza edilmiş bu təcavüzə və hüquqlarımızın tapdanmasına da dözürük. Dözürük ona görə ki, biz sülhsevər xalqıq. Müstəqil Azərbaycan dövləti sülhpərvər siyasət tərəfdarıdır və Ermənistan-Azərbaycan münaqişəsini də biz sülh yolu ilə həll etmək istəyirik. Ona görə də biz beynəlxalq təşkilatlarla, xüsusən ATƏT-lə, onun Minsk qrupu ilə, Minsk qrupunun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa ilə sıx əməkdaşlıq edirik. Bu əməkdaşlığın müsbət nəticələrinə də inanırıq. Ancaq eyni zamanda məsələnin gecikməsi və beynəlxalq aləmin, Dünya Birliyinin get-gedə bu hərbi təcavüzü unutması, insan hüquqlarının bu qədər tapdalanmasına göz yumması bizim hər birimizi, bütün Azərbaycan xalqını narahat edir. Bu da təbiidir. Güman edirəm, Birləşmiş Millətlər Təşkilatı da, ATƏT də, bütün beynəlxalq təşkilatlar da məhz bu gün, məhz bu il ümumiyyətlə dünyada insan hüquqlarının kütləvi pozulması ilə əlaqədar ciddi tədbirlər görməlidirlər, biz bunu tələb edirik.

Məmnuniyyətlə demək olar ki, Azərbaycanda 1998-ci ildə Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illik yubileyi ilə əlaqədar çoxsaylı tədbirlər bizim cəmiyyətimizə, vətəndaşlarımıza fayda vermişdir. Konfranslar, elmi sessiyalar, müxtəlif yığıncaqlar və elə bu təntənəli mərasim - hamısı birlikdə Azərbaycanda cəmiyyətin, hər bir vətəndaşın diqqətini insan hüquqları probleminə cəlb edir. Bu, özü-özlüyündə bizim ümumi işə çox böyük fayda verir. Mən bunların hamısından məmnun olduğumu bildirərək, indiyə qədər görülən işləri yüksək qiymətləndirdiyimi bir daha bəyan edirəm və sizi, Azərbaycanın bütün vətəndaşlarını Ümumdünya insan hüquqları bəyannaməsinin 50-ci ildönümü münasibətilə təbrik edirəm. Hər bir Azərbaycan vətəndaşına ən əsas hüquq - yaşamaq hüququ, xoşbəxt yaşamaq hüququ arzu edirəm. Sizin hamınıza bu ümumbəşəri işdə uğurlar diləyirəm.
 
Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər