Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin faşizm üzərində qələbənin 56-ci ildönümü – Qələbə bayramı münasibətilə təntənəli mərasimdə müharibə veteranlari ilə söhbəti - 9 may 2001-ci il


Məzahir Abbasov (tarix elmləri doktoru, Respublika Veteranlar Şurası Nəsimi rayon şöbəsinin sədri): Cənab Prezident, 1995-ci il yadınızdadır, ad gününüz münasibətilə Sizi təyyarədə təbrik etdik. Yenə də təbrik edir, Sizə cansağlığı, uzun ömür arzulayırıq. Azərbaycanı işıqlı yola ancaq Siz çıxardınız. Biz veteranlara bu bayramı yenidən Siz bəxş etdiniz. 1993-cü ilə qədər biz çox əziyyət çəkdik. Sonra Siz veteranlar haqqında qanun qəbul etdiniz. Orada yazdınız ki, 9 May Qələbə günü kimi qeyd olunsun. Azərbaycanın 25 min 250 nəfər Böyük Vətən müharibəsi veteranı o vaxtdan başlayaraq bu bayramı yenidən yüksək əhval-ruhiyyə ilə keçirir, Sizə dua edirlər.

Heydər Əliyev: Yenə də kitablar yazırsan. Dünən sənin kitablarını aldım.

Məzahir Abbasov: Bəli. Kitablarımdan Sizə də verdim.

Heydər Əliyev: İndi görürsən, bu orden və medallardan əlavə, müstəqil Azərbaycanın da mükafatları var.

Məzahir Abbasov: Bəli, mən bunları şərəflə daşıyıram. Mən Yeni Azərbaycan Partiyasının üzvü deyiləm. Ancaq Sizin şəkliniz həmişə mənim ürəyimin üstündədir.

Dürrə Məmmədoмa (Böyük Vətən müharibəsi veteranı): Cənab Prezident, Sizə uzun ömür arzulayırıq. Siz bütün veteranlara ikinci həyat bəxş etdiniz. Siz xalqımızın yeganə inamı, ümidisiniz. Sabah Sizin anadan olan gününüzdür. Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Heydər Əliyev: Sağ olun. Mən səni 30 ildir görürəm. 30 ildir ki, dəyişilmirsən. 30 il bundan qabaq da belə idin.

Dürrə Məmmədoмa: Cənab Prezident, bir gün Şeyx Şamilin yubileyi ilə əlaqədar keçirilən tədbirə gedirdim. Mən avtobusa minəndə iki qadın oturmuşdu. Dedilər ki, Heydər Əliyevlə Dürrə xanım heç vaxt qocalmırlar. Mən onlara dedim ki, ay xanımlar, azərbaycanlı deyilsiniz, maşallah deyin. Çünki günün 24 saatı nə möhtərəm prezidentimizə, nə də mənə bəs edir. Sizə möhkəm cansağlığı diləyirik.

Məzahir Abbasov: Cənab Prezident, biz bir qələbə gününü, erməni faşizmi üzərində qələbəni də səbirsizliklə gözləyirik. Allah qoysa, Sizin rəhbərliyinizlə, köməyinizlə onu da qeyd edəcəyik.

Heydər Əliyev: İnşallah, onu da qeyd edəcəyik.

                                                                                                                      * * * 
Heydər Əliyev daha sonra tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşdü, 9 May Qələbə günü münasibətilə onları təbrik etdi.

Heydər Əliyev: Yaxşı nəvə və nəticələri var. Gözəl-gözəl qızlardır.

Həzi Aslanov (Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi): Cənab Prezident, icazə verin, Həzi Aslanovun ailəsi adından Sizə dərin minnətdarlığımızı bildirim. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Qələbə bayramı və ad gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Heydər Əliyev: Sağ olun. Görürsünüz, abidənin ətrafını da gözəl düzəldiblər.

Həzi Aslanov: Cənab Prezident, dərin minnətdarlığımızı bildiririk.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi  önündə nitq
 

Əziz veteranlar!

Hörmətli xanımlar və cənablar!

Sizi, bütün Azərbaycan xalqını, Azərbaycanın bütün vətəndaşlarını Qələbə günü münasibətilə, alman faşizmi üzərində qələbənin 56-cı ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə, bütün Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq, rifah arzulayıram.

Bu Qələbə günü bütün dünya ölkələri üçün əlamətdar bir hadisədir. Çünki 1945-ci ilin may ayının 9-da alman faşizmi üzərində qələbə çalındı, faşizmin bütün bəşəriyyətə gətirdiyi və gətirəcəyi bəlaların qarşısı alındı. Ona görə də bu Qələbə gününü dünyanın hər yerində qeyd edirlər. O ölkələr ki, İkinci dünya müharibəsində alman faşizminə qarşı mübarizə ediblər və hətta İkinci dünya müharibəsinə qatılmayan insanlar da, ölkələr də, dövlətlər də yaxşı bilirlər ki, əgər 1945-ci ilin may ayında alman faşist qüvvələri o vaxt Almaniyada sovet ordusunun hərbi əməliyyatlarına rəhbərlik edən marşal Jukov və onun silahdaşları qarşısında təslim haqqında akta imza atmasaydılar, faşizm bütün dünyanı bürüyəcəkdi.

Faşizm dünyaya nə qədər faciələr gətirib, insanlara nə qədər bəlalar gətirib - bunu hamı yaxşı bilir. İkinci dünya müharibəsi məhz alman faşizminin, Hitler ordusunun dünyaya hakim olmaq iddiası ilə başlandı. Məlumdur ki, onlar çox qısa bir zamanda Avropanın bir çox ölkələrini işğal etdilər, xalqları əzdilər. Ondan sonra isə Sovetlər İttifaqına qarşı, yəni həm hərbi nöqteyi-nəzərdən, həm də insanların vətəni qorumaq ruhu, vətənpərvərlik hissləri nöqteyi-nəzərindən onlar üçün ən qorxulu ölkəyə, xalqa qarşı hücum etdilər. Müharibə çox ağır getdi. İkinci dünya müharibəsi bütün Avropanı, hətta təkcə Avropanı yox, bir çox başqa qitələri də bürümüşdü. Məlumdur ki, Uzaq Şərqdə bu müharibəyə Yaponiya da qoşulmuşdu. Avropanın faşistləşmiş bəzi dövlətləri də bu müharibəyə qoşulmuşdu. Ancaq insanların yaşamaq arzusu, bəşəriyyətin belə bir təhlükənin qarşısını almaq üçün birləşməsi alman faşizmi üzərində qələbə çalınmasının əsasını yaratdı və beləliklə də, XX əsrdə bütün dünya, bəşəriyyət bu faciədən xilas ola bildi.

Sovetlər İttifaqı alman faşizminin darmadağın edilməsi və onun üzərində qələbə çalınmasında həlledici və aparıcı rol oynamışdır. Məlumdur ki, Hitler ordusunun hərbi hissələri qəflətən Sovetlər İttifaqının sərhədlərini pozaraq hücuma başlayandan sonra və bu hücumu çox sürətlə apardıqlarına görə, o vaxt Sovetlər İttifaqının Avropa hissəsi alman faşist ordusu tərəfindən zəbt edilmişdi. Artıq Hitler ordusu Moskvanın lap yaxınlığında idi. Stalinqradda ölüm-dirim müharibəsi gedirdi. Hitler ordusu Qafqaz dağlarına gəlib çıxmışdı və tarixdən hamıya yaxşı məlumdur ki, Qafqazı, xüsusən Azərbaycanı, Bakını zəbt etmək, işğal etmək Hitlerin müharibə strategiyasının əsas istiqamətlərindən biri idi. Ancaq vətənpərvər insanlar və bir ittifaqa daxil olmuş ölkələrin, yəni SSRİ, Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın, habelə zəbt olunmağına baxmayaraq, Fransanın birgə səyləri nəticəsində alman faşizmi, Hitler ordusu darmadağın oldu.

Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, qələbənin çalınmasında Azərbaycan xalqının da, Azərbaycan Respublikasının da payı var, haqqı var. Özü də çox böyük payı var. Bu da ondan ibarətdir ki, o vaxt Azərbaycan Respublikasının əhalisindən 600 minə qədər döyüşçü ordu sıralarına səfərbər olundu, onlar qəhrəmancasına vuruşdular, rəşadət göstərdilər və Azərbaycan oğlunun hansı yüksək mənəvi, fiziki keyfiyyətlərə, vətənpərvərlik hisslərinə malik olduğunu sübut etdilər. Biz həmin müharibədə böyük qəhrəmanlıqlar göstərmiş və Sovet İttifaqı Qəhrəmanı adı almış öz həmvətənlərimizi bu gün xatırlayırıq.

Biz bu gün Azərbaycanın qəhrəman oğlu, müharibə başlayandan həlak olana qədər ön cərgədə, cəbhədə vuruşaraq qəhrəmanlıq göstərmiş sərkərdənin - iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə toplaşmışıq. Bu heç də təsadüfi deyildir. Çünki biz burada qəhrəmanlıqda ən yüksək səviyyəyə çatmış general Həzi Aslanovun məzarı qarşısında qələbənin 56-cı ildönümünü bayram edərək Azərbaycanın bütün mərd oğullarının şücaətinə, vətənin qorunmasında göstərdikləri qəhrəmanlıqlara münasibətimizi, yüksək hörmət və ehtiramımızı bildiririk. Eyni zamanda Həzi Aslanovun məzarı qarşısında baş əyərək Böyük Vətən müharibəsində, İkinci dünya müharibəsində həlak olmuş həmvətənlərimizin hamısının ruhu qarşısında baş əyirik.

Alman faşizmi üzərində qələbə çalınmasının Azərbaycan üçün xüsusi əhəmiyyəti bir də ondan ibarətdir ki, Azərbaycan vətəndaşları, mərd, qəhrəman Azərbaycan oğulları cəbhədə vuruşan zaman bu müharibədə qələbəni təmin etmək üçün ən vacib vasitələrdən biri olan neft və neft məhsullarının hasilatı, istehsalı ilə məşğul olurdu. Onlar gecə-gündüz neft buruqlarında, mədənlərdə neft hasilatı ilə məşğul idilər, neft məhsulları istehsal edirdilər. Bütün bunların hamısını arası kəsilmədən cəbhəyə göndərirdilər. İndi bəzi kinoxronika nümunələrinə baxarkən bir tərəfdən təəccüb edirsən ki, belə bir qəhrəmanlıq, doğrudan da, ağlasığmaz bir şeydir.

İkinci tərəfdən də, fəxr edirsən ki, Azərbaycan həm cəbhədəki döyüşçülərinin qəhrəmanlığı ilə, həm də arxa cəbhədəki insanların fədakarlığı ilə qələbəyə böyük töhfə vermişdir. İkinci dünya müharibəsi süvarilərin müharibəsi, piyadaların müharibəsi deyildi. Bu, motorlar müharibəsi idi. Bu, qırıcı təyyarələr müharibəsi, bombardmançı təyyarələr müharibəsi idi. Ancaq əgər neft məhsulları olmasaydı, bunlar işləyə bilməzdilər və qələbəni təmin edə bilməzdilər. O vaxt bütün Sovetlər İttifaqında hasil olan neftin 70 faizindən artığı Azərbaycanda, Bakıda hasil edilirdi və Xəzər dənizi vasitəsilə cəbhəyə göndərilirdi.

Təsəvvür edin, Hitler ordusunun hissələri gəlib Qafqazda durmuşdular, Dağıstanın sərhədlərinə yaxınlaşmışdılar. Bakıya hücum etmək istəyirdilər. Məlumdur ki, Hitler ordusunun bir neçə təyyarəsi gəlib Azərbaycanın səmasına çıxmışdı. Artıq bütün dünyaya məlumdur ki, Hitlerin ad gününə hazırlanmış böyük tortun üzərində Azərbaycanın xəritəsi, Bakı göstərilmişdi. Həmin o vaxt deyilmişdi ki, əgər Bakını ələ keçirə bilsək, qələbəni artıq əldə etmiş olacağıq. Bunda həqiqət var. Çünki Stalinqrad ağır vəziyyətdə müharibə aparırdı. Şimali Qafqaz Hitler ordularının işğalı altında idi. Uralda, Orta Asiyada, başqa yerlərdə silahlar, tanklar, təyyarələr hazırlanırdı. Ancaq bütün bu motorların işləməsi üçün əsas şərt neft, neft məhsulları idi. Ona görə də Hitler buraya can atırdı, Bakını zəbt etmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Çünki vətəni qoruyan döyüşçülər mərdlik göstərdilər və Hitler ordusu Azərbaycana daxil ola bilmədi.

Ondan sonrakı dövr məlumdur. Xüsusən Amerika Birləşmiş Ştatları ilə, Böyük Britaniya ilə ittifaq bağlanandan və 1944-cü ildə Hitler ordusuna qarşı Avropada və Şimali Afrikada ikinci cəbhə açılandan sonra sovet ordusunun ardıcıl hücumları başlandı. Sovet ordusu Hitler ordusunu nəinki Sovet İttifaqının hüdudlarından çıxardı, eyni zamanda Avropada, xüsusən Şərqi Avropada alman qoşunlarını darmadağın etdi və o xalqları da azadlığa çıxardı.

Müharibənin tarixi böyükdür. Bu haqda çox danışmaq olar. Ancaq mən bir neçə məqamları xatırladaraq, həm bugünkü nəsillərə, həm də gələcək nəsillərə İkinci dünya müharibəsinin nə qədər dəhşətli, nə qədər ağır və bütün bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu bir daha yada salmaq istəyirəm. Demək olar ki, İkinci dünya müharibəsi dünya tarixində aparılan müharibələrin həm miqyasca, həm də vurduğu zərərlərə görə, insan tələfatına görə ən böyüyüdür. Faşistlər işğal etdikləri yerlərdə hər şeyi darmadağın edirdilər. Təkcə Sovetlər İttifaqından döyüşlərdə, işğal edilmiş torpaqlarda 27 milyon insan həlak olmuşdu. Azərbaycandan cəbhəyə gedən 600 min nəfərdən 300 mini qayıtmamışdır. Hamı bunlardan dərs almalıdır, nəticə çıxarmalıdır.

Doğrudur, İkinci Dünya müharibəsindən sonra böyük müharibələr yoxdur. Amma dünyanın müxtəlif yerlərində lokal müharibələr baş veribdir. Lakin, təəssüflər olsun ki, bu lokal müharibələr baş veribdir. Lakin, təəssüflər olsun ki, bu lokal müharibələri aparanlar, yaxud onlara təşəbbüs göstərənlər İkinci dünya müharibəsindən özləri üçün nəticə çıxarmayıblar.

Dünyanın bir neçə bölgələrində hərbi münaqişələr var. Onlardan biri də Qafqazdır, Cənubi Qafqazdır. Xüsusən, Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması. Həmin o alman faşistləri kimi, Hitler kimi, hitlerçilər kimi, ermənilər də işğal edilmiş yerlərdə hər şeyi dağıdıblar. Əsrlər boyu yaşayıb-yaradıb, qurub özlərinə şəhərlər, yaşayış məntəqələri salmış, istehsal müəssisələri, təhsil müəssisələri yaratmış insanların, demək olar ki, 100-200 illik zəhməti nəticəsində meydana gəlmiş şəhərlər, kəndlər darmadağın olubdur. Erməni işğalçılarının Hitler ordusundan, alman faşizmindən heç də fərqi yoxdur. Ona görə də mən deyirəm ki, bəzi ölkələr, dövlətlər, xalqlar İkinci dünya müharibəsindən və onun nəticələrindən özləri üçün nəticə çıxarmalıdırlar.

Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcək, ərazi bütövlüyü bərpa olacaqdır. Yerindən-yurdundan didərgin düşmüş həmvətənlərimiz öz torpaqlarına qayıdacaqlar. Ancaq bu, işin birinci hissəsidir. Buna nail olmalıyıq və nail olacağıq. Amma işin ikinci hissəsi ondan ibarətdir ki, həmin o darmadağın olunmuş torpaqlarda yenidən həyat qurmaq, insanların yaşaması üçün şərait yaratmaq lazımdır. Azərbaycanın taleyi XX əsrin sonunda çox ağır və çətin olub, bu gün də çətindir. Amma bununla belə, biz gələcəyə nikbinliklə baxırıq.

Hitler və onun ordusu dünyada demək olar, ən böyük hərbi-texniki potensial toplayaraq İkinci dünya müharibəsini başladı və bunun nəticəsində də məğlub oldu, məhv oldu. Faşizm bütün dünya tərəfindən bir faciə, bir vəba kimi insanların hafizəsində yaşayacaqdır. Ancaq bəşəriyyət bir daha imkan verməz ki, faşizm meydana gəlsin. Eləcə də indi müxtəlif yerlərdə müharibə aparanlar və xüsusən, öz ölkəmiz haqqında, Azərbaycana təcavüz edənlər haqqında demək istəyirəm, onlar bilməlidirlər ki, onlara heç vaxt bəraət qazandırılmayacaqdır. Onlar hesab etməsinlər ki, bu gün Şuşanın işğalını bayram edirlər və bu da onlar üçün əbədidir. Yox! Çoxəsrlik tarix belə hadisələri artıq kitablarda əks etdiribdir. Bunlar hamısı məlumdur - təcavüzkar həmişə cəzalandırılmalıdır. Təcavüzkar öz cəzasını almalıdır. İnsanları vəhşicəsinə öldürən, xəstəxanaları, məktəbləri dağıdan, evləri yandıran insanlar cəzalarını almalıdır və alacaqlar.

Bu gün bizim veteranların bir qrupu buradadırlar. Onlar bizim cəmiyyətimizdə ən hörmətli insanlardır. Onlar canlarını qoyublar, özlərini oda atıblar, güllə qarşısına atıblar. Çoxu həlak olubdur. Amma həlak olmayanlar da yaralar alıblar, çox əziyyətlər çəkiblər. Nə böyük xoşbəxtlikdir ki, onlar bu gün də bizimlə bir yerdədirlər, yaşayırlar. Allahdan arzu edirəm ki, onlar daim yaşasınlar. Ona görə veteranlara, həm müharibə veteranlarına, həm də İkinci dünya müharibəsində Azərbaycanda fəaliyyət göstərmiş insanlara, əmək veteranlarına, - mən bunları bərabərləşdirirəm, - xüsusi qayğı göstərilməlidir, onlara həmişə hörmət edilməlidir, onların vətəni qorumaq, faşizm üzərində qələbə çalmaq sahəsində xidmətləri heç vaxt unudulmamalıdır.

Burada veteranlarla görüşəndə bir neçəsi mənə deyir ki, Siz bizə bayramımızı qaytardınız. Bilirsiniz, mən doğrudan da bununla fəxr edə bilərəm. Çünki 1991-92-93-cü illərdə Azərbaycanda Qələbə bayramının keçirilməsi qadağan edilmişdi. Mənim xatirimdədir, Naxçıvanda işlədiyim zaman biz həmişə Qələbə bayramını qeyd edirdik, veteranlarla görüşürdük. Orada da cəbhədə vuruşmuş, qəhrəmanlıq göstərmiş çox insanlar var. Onlarla yığışırdıq. Ancaq, təəssüflər olsun ki, o vaxt özlərini "böyük demokrat" adlandıran Xalq Cəbhəsinin nümayəndələri hakimiyyəti onlara düşmən gözü ilə baxırdılar.

Mənim yadımdadır, Naxçıvanda işləyəndə Xalq Cəbhəsinin nümayəndələrindən birini Naxçıvan Muxtar Respublikasının baş naziri qoymuşdum. Veteranlar onun yanına gedirdilər, o da bunları qovurdu. Sonra isə deyirdi ki, ilanın yarpızdan zəhləsi getdiyi kimi, mənim də veteranlardan zəhləm gedir. Görün, nə qədər mənfur fikirli, nə qədər mənəviyyatdan kənar olan insanlar idilər. Əlbəttə ki, onlar özlərini "demokrat" adlandıraraq, bilmirlər, yaxud da bilmək istəmirlər ki, - bütün bunların hamısı tarix kitablarında yazılıbdır, - 1941-1945-ci illər Azərbaycan xalqı üçün nə qədər ağır illər olubdur. Mən o illəri yaşamış adamam. İndi bəzən bir yerdə elektrik işığı olmayanda, bir yerdə qaz gəlməyəndə, nə bilim, bir yerdə nəsə çatmayanda hay-küy edirlər və belə bir termin meydana çıxıb, "kütləvi aksiya" keçirmək istəyirlər.

Amma o vaxt mən özüm də o həyatı görmüşəm, o insanları da görmüşəm. Biz elektrik işığının nə olduğunu bilmirdik, qazın nə olduğunu bilmirdik. Xatirinizdədir, adi çörəyi kartoçka ilə alırdıq. Mən hələ arxa cəbhədə olanları deyirəm. İşləyən adama 600 qram çörək verirdilər. İşləməyən adama, yəni ailə üzvünə 400 qram çörək verirdilər. Bundan savayı heç bir şey yox idi. İnsanlar bununla yaşayırdı. Mənim özüm də bu həyatı görmüşəm.

Həmin bu "demokratların", - əlbəttə, onlar demokrat olan deyillər, - ataları, babaları o cür əziyyətləri çəkiblər, vətəni qoruyublar, saxlayıblar və əziyyət çəkərək, çox şeylərdən məhrum olaraq, Azərbaycanı bu cür gözəl bir diyara çeviriblər. Bəs, necə ola bilər ki, sən bunlara nəinki hörmət etməyəsən, hətta nifrət hissi yaradasan. Bu, o deməkdir ki, onlar öz atasına, öz anasına belə hisslə yaşayan insanlardılar.

Xatirimdədir, burada veteranlardan bir qismi məlumat almışdı ki, biz Naxçıvanda 9 May Qələbə bayramını keçiririk. Onlar burada imkanları olmadığına görə oraya, Naxçıvana gəlirdilər. Buradan təyyarə ilə uçub, çətinliklərlə gəlirdilər. Nə üçün? Bu bayram gününü qeyd etmək üçün. Bu bayram günü hamımız üçün əzizdir və biz gənclərə də tərbiyə verməliyik ki, onlar üçün də əziz olsun. Amma bu insanlar üçün ən əzizdir.

Mənim xatirimdədir, 1993-cü ilin may ayının 9-da biz səhərdən Qələbə bayramını keçirməyə hazırlaşırdıq. Şəhərdə müəyyən işləri gördük, Şəhidlər xiyabanına getdik, başqa işləri gördük. Ondan sonra gəlib salona toplaşarkən gördüm ki, başda mərhum Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov olmaqla bir dəstə müharibə veteranı bayramı məhz bizimlə keçirmək üçün gəliblər. Mən buna sevindim. Amma onlar nə qədər sevindilər! Mən bunu gördüm və şahidi oldum.

Təəssüflər olsun ki, biz belə dövrləri yaşamışıq. Çox təəssüflər olsun. Ancaq belə dövrlər müvəqqətidir. Bu, heç vaxt daimi ola bilməz. Xalq bunlara yol verə bilməz. Biz tariximizin heç bir səhifəsini unutmamalıyıq. Tariximizin faciəli səhifələri də var. Bəli, xalqımıza təcavüz olubdur, repressiyalar olubdur. Buradan, Azərbaycandan günahsız adamlar sürgün ediliblər, ailələr dağılıb, günahsız adamlar öldürülüblər. Bu da var. Bunu da unutmamalıyıq. Ancaq İkinci dünya müharibəsini və İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbə çalmaqda bilavasitə iştirak edən insanları heç vaxt unutmamalıyıq. Biz nə qədər varıq, siz varsınız, əziz veteranlar, sizə qayğı olacaq, sizə hörmət olacaqdır. Siz Azərbaycanın ən mötəbər adamlarısınız. Amma bu gün buraya az gəlmisiniz. Deyirlər, qalanları o biri rayonlarda yığışıblar.

Əziz veteranlar!

Mən sizi bir də təbrik edirəm, hər birinizə cansağlığı arzu edirəm. Veteranlarımız nə qədər əziyyət çəkiblərsə də, bir o qədər də iradəli adamlardırlar. Baxıram, bəziləri heç qocalmır da. İndi mən Zoya xanımla, - sənin əsl adın Dürrədir, - sənə o vaxt Zoya deyirdik, - görüşürəm. Deyirəm, səni 30 il bundan qabaq da görmüşəm, elə beləsən. Nə cür idinsə, indi də eləsən. Mən başa düşürəm, niyə belədir. Çünki bunlar bərkə-boşa düşmüş adamlardır. O ağır dövrü keçirən adam, mütləq daha da möhkəm olur, daha da iradəli olur. Hansısa xəstəlik gəlirsə, onun qarşısını özü alır. Mən arzu edirəm ki, siz bundan sonra da yaşayasınız, müstəqil Azərbaycanın həyatında fəal iştirak edəsiniz. Siz də bilin ki, həm dünyadan gedənləri, həm də bu gün yaşayanları xalq, millət, dövlət heç vaxt unutmayacaqdır. Sizi bir daha təbrik edirəm, hamınıza cansağlığı arzu edirəm. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər