Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Mülki Müdafiə İşləri, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması naziri Sergey Şoyqu başda olmaqla nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 8 iyun 2001-ci il


Heydər Əliyev: Sergey Kujugetoviç, sizi burada, Azərbaycanda görməyimə şadam. Bizim sizinlə yaxşı əlaqələrimiz var və bu əlaqələr əhəmiyyətlidir, çünki biz də müxtəlif fövqəladə hallarla qarşılaşırıq. Sizin təcrübəniz bizim üçün çox əhəmiyyətə malikdir. Biz artıq xüsusi nazirlik yaratmaq qərarına gəlmişik, çünki indiyədək Fövqəladə Hallar üzrə Komissiya vardı. Lakin biz islahatlar aparırıq, artıq çox işlər görülmüşdür. İndi bir iş - hər şeyi və bəzi digər şeyləri birləşdirəcək nazirlik yaradılması qalır. Bizdə də bu cür nazirlik yaradılacaqdır, amma bilmirəm, bizdə də sizin kimi nazir olacaqmı? Lakin belə bir nazirlik olacaqdır.

Sergey Şoyqu: Cənab Prezident, xoş sözlərə görə Sizə təşəkkür edirəm. Açığını deyim ki, bizim ötən söhbətimiz kağız üzərində qalmadı, həyata keçirildi. Bu bizim dövlətimizdə də, hər hansı digər dövlətdə də, həqiqətən yeni çox mühüm strukturdur. Vaxtilə biz müxtəlif ölkələrdə uzun illər ərzində toplanmış bütün təcrübəni birləşdirməyə çalışdıq. Deyərdim ki, nəticədə çox yaxşı hibrid alındı. Bizdə, bir tərəfdən, proqnozlarla məşğul olan analitik hissə və tədbir görülməsi ilə, yəni bilavasitə xilasetmə işləri ilə məşğul olan hissə var. Elm böyük hissədən ibarətdir. Əvvəlki görüşümüzdən ötən vaxt ərzində Sizin mütəxəssislər böyük iş görmüşlər. Bir neçə nümayəndə heyəti nazirliyimizə gəlmişdir. Göstərə biləcəyimizi onlara göstərdik, bildiklərimizin hamısını onlarla bölüşdük. Yeni nazirliyin təchizatı üzrə mütəxəssislərin böyük bir qrupu işlədi. Hər şey sahmanlandı, nəzərdə tutulan planların hamısı yerinə yetirildi.

Siz bilirsiniz ki, bizim akademiyada zabitlər - gələcək nazirliyin əməkdaşları oxuyurlar. Ümidvarıq ki, bu il onların sayı iki dəfə artacaqdır. Çünki bu akademiya MDB ərazisində böhranların idarə edilməsi sahəsində, fövqəladə hallar sahəsində mütəxəssislər hazırlayan yeganə təhsil ocağıdır. Sevindirici haldır ki, orada Azərbaycandan olan dinləyicilər də var.

Bundan başqa, Sizinlə ötən görüşümüzdə əldə olunmuş razılaşmanı və meydana gəlmiş ideyanı davam etdirmək və əməli məcraya yönəltmək istərdik - söhbət üçüncü ölkələrdə fövqəladə hallara birgə münasibət göstərilməsindən gedir. Biz buna çox diqqət yetiririk. İndi bizim istehkamçılarımız Kosovoda, Serbiya ərazisində işləyirlər. Biz İspaniyada hazırlıq mərkəzi açmışıq. Minalardan təmizləmə mütəxəssislərini ispanlarla birlikdə hazırlayırıq. Siz bilirsiniz ki, israillilər azad edilmiş Livan ərazilərindən getmişlər, minalanmış sahələr isə qalır. Bu çox böyük problemdir - öz torpaqlarına qayıdan dinc insanlar həlak olurlar. Ona görə də belə bir xahiş alınmışdı və iki həftə əvvəl belə mütəxəssislərin ilk buraxılışı oldu. Bu, üçüncü ölkələrdə böyük fəlakətlər zamanı görülən işlərə də aiddir. Biz burada qarşılıqlı tədbirlər üçün mexanizmi sahmanlayırıq. İsveçrəli həmkarlarımızla belə təcrübəmiz var. Hazırlıq elan edilən kimi, biz onları götürməyə gedirik, çünki onların nəqliyyat təyyarələri yoxdur. Biz onları götürüb zəlzələ zonalarına - Türkiyəyə, Yunanıstana, yenidən Türkiyəyə uçuruq. Amma onlar, təbii ki, bizimlə uzağa uçmurlar. Tayvanda, Kolumbiyada zəlzələlər olmuşdur, bu ölkələr onlar üçün uzaqdır. Bizim üçünsə ümumən əlçatan yerdir. İstərdik ki, Sizin mütəxəssisləriniz də bizim bu işimizə əvvəlcə cəlb edilsin, sonra isə bizimlə birlikdə işləsinlər. Bizə elə gəlir ki, bu, respublikanızda nəzərdə tutduğunuz və bizi həqiqətən sevindirən siyasi xəttin həyata keçirilməsində kifayət qədər vacibdir. Belə işlərdə bir-birinə kömək etmək yaxşıdır.

Heydər Əliyev: Elədir.

Sergey Şoyqu: Biz Uzaq Şərqdə - Çinlə, Yaponiya ilə kifayət qədər fəal məsləhətləşmələr aparırıq. İndi Koreya, Vyetnam ilə çox fəal işləyirik. Sevindirici faktdır ki, strukturumuzu, təcrübəmizi bu ölkələrin mütəxəssisləri Sizin mütəxəssislərlə birlikdə öyrənmişlər. Lakin Yaponiyada Baş nazirlər çox tez-tez dəyişir. Ona görə də onlar nazirliyi, zənnimcə, Sizdən sonra yaradacaqlar.

Heydər Əliyev: Bizdə sabitlikdir.

Sergey Şoyqu: Elədir, bu da sevindirir. Onlar üçün, əlbəttə, çox vacibdir. Çünki onlarda zəlzələlər həmişə baş verir. Özü də təkcə zəlzələlər yox, həm də kifayət qədər ciddi kimyəvi hadisələr, radiasiya hadisələri baş verir. Yaponiya ərazisində sonuncu radiasiya qəzası və ya atmosferə radioaktiv maddələr buraxılması ilə müşayiət olunan qəza iki il əvvəl baş vermişdir. Onda çoxlu adam şüalanmaya məruz qalmışdı. Mən bunu ona görə deyirəm ki, ötən bütün illərdə onlar bizi - mən keçmiş Sovet İttifaqını nəzərdə tuturam - stansiyalarımızı, Çernobıl AES-i, reaktorlarımızı güclü tənqid edirdilər. Çernobıldan sonra belə qəzalar Yaponiyada, Fransada da baş vermişdir. Belə qəzalar Birləşmiş Ştatlarda da olmuşdur. Amma onların miqyası başqadır. Ona görə də indi biz fövqəladə hallarda qarşılıqlı yardım sahəsində imzalanmış sazişlərə, o cümlədən Almaniya və Birləşmiş Ştatlarla imzalanmış sazişlərə yenidən baxılması ilə məşğuluq. Yaxşı ki, yaponlar bu fəlakətin elə ilk saatlarında bizə müraciət etdilər. Mütəxəssislərimiz fəlakətin nəticələrinin aradan qaldırılması barədə onlara məsləhətlər, bütün lazımi izahatlar verdilər.

Əlbəttə, biz istərdik ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi də nəinki sizin ölkənizdə, həm də başqa ölkələrdə bütün fövqəladə hallar zamanı məsləhətlər verə biləcək mütəxəssislərə malik olsun. Bu, əməkdaşlığımızda yeni istiqamətdir və çox fəal inkişaf edir. Prezidentimizin Azərbaycana səfəri buna misaldır. Sizin onunla münasibətləriniz nazirliklər və idarələr arasında əlaqələrimizə də yaxşı təsir göstərir. Hər necə olsa da, həmişə dövlətin birinci şəxsinə, başçısına baxırsan. Dövlətlərin başçıları arasında münasibətlər necədirsə, başqalarının arasında da münasibətlər o cürdür.

Heydər Əliyev: Doğrudur.

Sergey Şoyqu: Heydər Əliyeviç, bizim xidmətə göstərdiyiniz diqqətə görə, nazirlik yaradılması haqqında qərarınıza görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Keçmiş Sovet İttifaqının ərazisində belə bir nazirliyin və onun yaradılması haqqında qərarın olmadığı bir dövlət qalır - bu Gürcüstandır. Hazırda onlarda vəziyyət çətin, ağırdır, mürəkkəbdir. Ona görə də onlarda belə bir nazirliyin nə vaxt yaradılacağını deyə bilmərəm. Lakin Gürcüstanda ildə iki-üç dəfə iş görməyimiz göstərir ki, onların mütəxəssislərə ehtiyacı var.

Heydər Əliyeviç, səhhətinizin yaxşı olmağını, xoş əhval-ruhiyyədə olmağınızı görməyimə çox şadam. Siz dünən gəldiniz?

Heydər Əliyev: Bəli, dünən axşam.

Sergey Şoyqu: Mən də dünən axşam gəlmişəm. Doğrudur, axşam demək çətindir, çünki gecə saat bir idi.

Heydər Əliyev: Mən isə bir qədər əvvəl gəldim.

Sergey Şoyqu: Mən Bağdaddan gəldim.

Heydər Əliyev: Oraya getmişdiniz?

Sergey Şoyqu: Bəli, orada tibbi avadanlıq, texnika, o cümlədən də xilasetmə üzrə çox iş vardı.

Heydər Əliyev: Sizin onlarla bu sahədə əməkdaşlığınız var?

Sergey Şoyqu: Bəli, biz oraya texnika göndəririk. Biz orada həm öz şirkətlərimizlə, həm də Almaniyanın və başqa ölkələrin şirkətləri ilə əməkdaşlıq edirik. Oraya ağır maşınlar göndəririk. Dünən biz prezident Səddam Hüseynlə mina əleyhinə mərkəz yaradılması haqqında razılığa gəldik. Bilirsiniz ki, onların Şimalda çox böyük problemləri, minalanmış sahələri var. Bizim gəlişimizdən iki gün əvvəl mina partlayıb bütöv bir ailə həlak olmuşdur.

Heydər Əliyeviç, bir sözlə, yeni nazirliyin başçısı təyin olunan kimi, əgər etiraz etməsəniz, biz bu işi İraqda dərhal birlikdə görməyə çalışacağıq.

Heydər Əliyev: Sağ olun. Mən sözümün əvvəlində dedim ki, sizin təcrübəniz bizim üçün böyük əhəmiyyətə malikdir. Biz bu nazirliyin yaradılmasında gecikmişik, Nazirlər Kabinetində Fövqəladə Hallar üzrə Komissiyanın olması ilə kifayətlənmişik. Amma həyat göstərdi ki, bu, kifayət deyildir, respublikamızın bir sıra digər strukturlarını da özündə birləşdirən belə bir nazirlik lazımdır. Biz artıq belə bir qərar qəbul etmişik. Düşünürəm ki, ən yaxın vaxtlarda nazir də olacaq, nazirlik də. Şadam ki, bu müddət ərzində sizinlə yaxşı, səmərəli əməkdaşlıq edilir. Deməli, nazirliyimiz təcrübənizdən, dəstəyinizdən və sizdə təhsil alan mütəxəssislərdən və sizdə təcrübə keçmiş mütəxəssislərdən istifadə edəcəkdir. Bu vacibdir.

Yeri gəlmişkən, yadımdadır ki, Sovet İttifaqında, o cür böyük dövlətdə yüzdən çox nazirlik vardı. Ancaq belə nazirlik yox idi. Təəccüblüdür, yüzdən çox nazirlik olduğu halda, belə nazirlik yox idi. Amma indi həyat göstərir ki, belə nazirlik çox gərəkdir və iqtisadiyyatımızın, təkcə iqtisadiyyatımızın deyil, ölkələrimizin bütün həyatının mühüm qurumlarından biridir. Bu illər ərzində sizin nazirlik çox işlər görmüşdür. Yəqin siz haradasa hiss edirdiniz ki, belə nazirlik gərəkdir. Çünki Rusiya ərazisində olduqca çox bədbəxtliklər, cürbəcür fəlakətlər baş vermişdir. Elə götürək Yakutiyadakı axırıncı təbii fəlakəti. Bunu hətta təsəvvürə belə gətirmək çətindir. Heç vaxt, heç kim düşünməzdi ki, Yakutiyada - keçmişdə belə hadisələrin olub-olmadığını bilmirəm, hər halda, yadımda deyil - çay belə vəziyyətə düşə bilər. Axı orada hər şey donur. Mən Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən - mən nəqliyyatın işləri ilə məşğul olurdum - başlıca vəzifəmiz o idi ki, yaz-yay dövründə Lena çayı ilə yükləri bacardıqca tez daşıyaq. Orada bir liman var, mən o limanda olmuşam, biz yükləri oradan göndərirdik. İnsanların qışı keçirə bilməsi üçün lazım olan hər şeyin oraya göndərilməsinə hər gün nəzarət edirdik. İndi isə qış çıxar-çıxmaz belə daşqınlar başlamışdır. Hər halda, çayın belə vəziyyətdə olması yadıma gəlmir.

Hər halda, məsələ, sadəcə, nazirliyin olmasında deyil, həm də ondadır ki, sizin əməli fəaliyyətiniz ziyanın mümkün qədər az olmasında və insanların xilas edilə bilməsində öz rolunu oynadı. Mən keçmiş vaxtları da xatırlayıram. Yeri gəlmişkən, bizdə də əvvəlki illərdə belə hadisələr nə isə az-az baş verirdi. İndi isə tez-tez baş verir. Bilmirəm, bütün bunlar planetdə şəraitin dəyişməsi ilə bağlıdır, yoxsa, nə ilə. Ona görə də Rusiya bu nazirliyi hələ neçə illər əvvəl yaratmaqla çox uzaqgörənlik etmişdir. Maraqlıdır ki, bu illər ərzində Rusiya hökumətində nazir vəzifələrində çox adam dəyişdirilmişdir, Sergey Şoyqu isə həmişə bu vəzifədədir.

Sergey Şoyqu: Sizdə Abbasov kimi.

Heydər Əliyev: Bu müqayisəedilməzdir. Siz həmişə bu vəzifədəsiniz və öz fəaliyyətinizlə təkcə Rusiyada yox, başqa ölkələrdə də, o cümlədən Azərbaycanda da böyük nüfuz qazanmısınız. Rusiyanın hüdudlarından kənarda fəaliyyətinizin coğrafiyası barədə dedikləriniz də mənim fikrimi tamamilə təsdiqləyir. Əslində, mənim fikrim məhz buna əsaslanır. Ona görə də belə düşünürəm ki, biz nazirlik yaranandan və nazir təyin edəndən sonra çətinliklər olmayacaqdır, çünki sizdə belə nazirlik var, belə təcrübə var və Azərbaycana çox dostcasına münasibət bəsləyən belə nazir var.

O ki qaldı Rusiya ilə Azərbaycan arasında münasibətlərə, biz həmişə çalışmışıq və çalışırıq ki, bu münasibətlər çox yaxşı olsun. Prezident Vladimir Vladimiroviç Putinlə mənim aramda yaranmış münasibətlər də, şübhəsiz, əhəmiyyətə malikdir və digər bütün işlərə, sizin dediyiniz kimi, nazirliyinizin xətti ilə də qarşılıqlı münasibətlərimizə müsbət təsir göstərir. Düşünürəm ki, bu münasibətlər möhkəmlənəcək, inkişaf edəcəkdir. Ona görə ki, bu, Azərbaycanın mənafeyi üçün, Rusiyanın mənafeyi üçün, xalqlarımızın mənafeyi üçün gərəkdir. Bizim buna əsla şübhəmiz yoxdur. İndiyədək göstərdiyiniz və yaxın vaxtlarda biz bu nazirliyi yaratdıqdan sonra daha çox göstərəcəyiniz köməyə, yardıma görə sizə bir daha təşəkkür etmək istəyirəm.

Sergey Şoyqu: Heydər Əliyeviç, işimizə yüksək qiymət verdiyinizə görə sağ olun, bir daha sağ olun. Belə düşünürəm ki, bütün bunlar bəri başdan verilmiş qiymətdir.

Heydər Əliyev: Yox, yox. Bu, nəticələrə əsaslanan real qiymətdir.

Sergey Şoyqu: Sağ olun, Heydər Əliyeviç. Biz hər il 8 minədək minanı zərərsizləşdiririk. Bu, 10 ildə təxminən 80 min edir. Bu, bir tərəfdən, böyük rəqəmdir, digər tərəfdən isə, həmin işin miqyası ilə müqayisədə bir damladır. Hətta damla da deyil, zərrəcikdir. Mütəxəssislərin hesablamalarına görə, əgər hər gün təxminən 5 milyon istehkamçı gecə-gündüz işləsə, Yer üzündəki bütün minaları 60 ilə zərərsizləşdirə bilər.

Heydər Əliyev: Bir görün, Yer kürəsini nə günə qoyublar!

Sergey Şoyqu: Mən Sizə dərin hörmət bəsləyirəm, Siz ölkəmizdə böyük hörmətə, nüfuza maliksiniz. İcazə verin, Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bu hədiyyəni Sizə təqdim edim. Heydər Əliyeviç, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin banisi və yaradıcısı kimi, Sizə sağ olun! - deyirik.

Heydər Əliyev: Sizə ən xoş arzularımı bildirirəm. Vladimir Vladimiroviçə məndən salam yetirin.

Nikolay Ryabov (Rusiyanın Bakıdakı səfiri): Heydər Əliyeviç, 12 iyun Rusiyanın milli bayramıdır. Sizdən bu bayrama gəlməyi xahiş edirik, yolunuzu səbirsizliklə gözləyirik. Siz çox yüksək keyfiyyətlərə malik insansınız. Ona görə də Sizi bu bayramda görmək bizim üçün çox xoş olardı.

Aleksey Moskovets (Rusiya Fövqəladə Hallar nazirinin birinci müavini): MDB ölkələrinin Fövqəladə Hallar üzrə Dövlətlərarası Şurasının iki gün ərzində Bakıda iclası keçirilmişdir. İclasın yüksək səviyyədə təşkil edildiyinə görə çox sağ olun.