Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Boris Nikolayeviç Yeltsinin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqi - Kreml, Qranovit Palatası, 3 iyul 1997-ci il


Əziz Boris Nikolayeviç!

Hörmətli dostlar, xanımlar və cənablar!

Boris Nikolayeviç, Rusiya Federasiyasına rəsmi səfərə dəvətinizə görə mən Sizə təşəkkür edirəm. Bu, Azərbaycan prezidenti kimi mənim Rusiyaya ilk rəsmi səfərimdir və şadam ki, bu səfər artıq yaxşı nəticələrlə əlamətdardır. Qonaqpərvərliyə görə, Azərbaycan prezidentinin səfərinin həyata keçirilməsi üçün yaradılmış səmimi mühitə, dostluq mühitinə görə, bizə, Azərbaycan xalqına dostluq hisslərinə - buraya gəldiyimiz andan qarşılaşdığımız hisslərə görə mən sizin hamınıza təşəkkür edirəm.

Bu gün Rusiya prezidentinin və Azərbaycan prezidentinin səmərəli söhbətləri, danışıqları, nümayəndə heyətlərinin danışıqları və söhbətləri oldu. Bu danışıqlar və söhbətlər çox mühüm sənədlər imzalamağa imkan verdi. Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə Azərbaycan üçün son dərəcə böyük tarixi əhəmiyyətə malikdir. Biz bu sənəddə çox şey, o cümlədən də bunu görürük ki, iki suveren dövlət - Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini beynəlxalq hüquq normaları əsasında, dostluq əsasında, qarşılıqlı surətdə faydalı əməkdaşlıq əsasında, hər iki tərəfin mənafeləri naminə səmərəli əməkdaşlıq əsasında qururlar. İmzalanmış olan bütün digər sənədlər də böyük əhəmiyyətə malikdir və hamısı birlikdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün yaxşı normativ-hüquqi zəmin yaradır.

Biz bunların hamısını yüksək qiymətləndiririk, ona görə ki, müstəqil dövlət kimi, Azərbaycan Respublikası bütün ölkələrlə öz münasibətlərini qarşılıqlı fayda əsasında qurmağa çalışır. Ancaq Rusiya Federasiyası ilə bizim münasibətlərimizin xüsusi xarakteri, xüsusi əhəmiyyəti var. Tarixi dostluğumuzun, tarixi keçmişimizin və əvvəlki nəsillərdən bizə qalan və rus xalqı ilə Azərbaycan xalqı, Rusiya ilə Azərbaycan xalqları arasında dostluq kimi səciyyələndirilən hər şeyin bizim üçün xüsusi əhəmiyyəti var. Biz hesab edirik ki, indi bu sənədlərin imzalanmasından sonra biz münasibətlərimizin yeni mərhələsinə daxil oluruq və əmin edirəm ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin Rusiya və Azərbaycanın mənafeləri naminə inkişaf etməsi və möhkəmlənməsi üçün Azərbaycan əlindən gələni əsirgəməyəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına dair danışıqlar prosesinin fəallaşacağı barədə prezident Boris Nikolayeviç Yeltsinin bəyanatını böyük minnətdarlıqla qəbul etdim. Biz ümid edirik ki, Minsk konfransının həmsədri və həm Azərbaycana, həm də Ermənistana çox yaxın, bilavasitə münasibəti olan ölkə kimi Rusiyanın səyləri konkret əməli nəticələrə gətirib çıxaracaqdır.

Mən bu gün bir daha bəyan etmək istəyirəm ki, biz bu münaqişənin sülh yolu ilə aradan qaldırılmasını istəyirik. Üç ildən çoxdur ki, atəşkəs rejimi davam edir. Biz hərbi əməliyyatların yenidən başlanmasını istəmirik və öz tərəfimizdən buna yol verməyəcəyik. Ancaq eyni zamanda belə vəziyyət daimi xarakter daşıya bilməz. Ona görə Minsk konfransının həmsədri kimi bu məsələdə Rusiyanın səylərinin müstəsna əhəmiyyəti var və xalqımız Minsk konfransının fəaliyyətinə, həmsədrlərin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın fəaliyyətinə xüsusi ümidlə baxır və bundan çox şey gözləyir. Bu gün Boris Nikolayeviçlə söhbət zamanı və onun indicə verdiyi bəyanatla əlaqədar bizim bu ümidlərimiz möhkəmlənmişdir.

Bəli, xalqlarımızın dostluq və əməkdaşlığının zəngin tarixi var və biz bunu yüksək qiymətləndiririk. Bir dövlətin tərkibində birgə yaşadığımız illərdə və dostluğumuzun keçmiş dövrlərində Azərbaycan xalqının əldə etdiyi yaxşı nə varsa, biz bunu heç vaxt unutmayacağıq. Rusiya, Rusiyanın alimləri, elm və mədəniyyət xadimləri Azərbaycan elminin, mədəniyyətinin, maarifinin, iqtisadiyyatının inkişafına çox böyük yardım və kömək göstərmişlər. Xalqımız bunu bilir və çox yüksək qiymətləndirir. Mən Boris Nikolayeviçlə tamamilə razıyam ki, Zaqafqaziyada dostluq çox yüksək qiymətləndirilir. Biz keçmişdə olan dostluğumuzu və indi sizinlə birlikdə yaratdığımız və bundan sonra da yaradacağımız dostluğu da yüksək qiymətləndiririk.

Boris Nikolayeviç, bu gün əlamətdar gündür - Sizin yenidən Rusiya Federasiyasının prezidenti seçilməyinizin ildönümüdür. Bunun Rusiya üçün xüsusi əhəmiyyəti var və Müstəqil Dövlətlər Birliyi ölkələri üçün xüsusi əhəmiyyəti var. Keçmişdə biz hamımız birlikdə Sovetlər İttifaqının tərkibində olmuşuq. Amma biz hamımız birlikdə eyni vaxtda dövlət müstəqilliyi əldə etmiş, müstəqil dövlətlər olmuşuq. Biz hamımız birlikdə keçid dövrünü, siyasi və iqtisadi islahatların həyata keçirilməsi dövrünü yaşayırıq.

Bu islahatların həyata keçirilməsində Rusiyanın böyük təcrübəsi var. Rusiyanın simasını dəyişdirən və keçmiş Sovetlər İttifaqına daxil olan bütün ölkələrin, dövlətlərin simasını dəyişdirən siyasi və iqtisadi islahatların təşkilində və həyata keçirilməsində Boris Nikolayeviç Yeltsinin necə böyük rolu olduğunu biz hamımız yaxşı bilirik. Buna görə də hesab edirəm ki, keçən il iyulun 3-də Boris Nikolayeviç Yeltsinin ikinci dəfə Rusiya Federasiyasının prezidenti seçilməsi Rusiya üçün, Rusiyanın bütün xalqları üçün çox mühüm hadisədir. Müstəqil Dövlətlər Birliyi ölkələri üçün də bunun böyük əhəmiyyəti var.

Biz Müstəqil Dövlətlər Birliyini ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirməyin və möhkəmləndirməyin, şübhəsiz ki, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməyin mühüm vasitəsi sayırıq. Boris Nikolayeviç, Siz MDB-nin fəaliyyətini təkmilləşdirmək üçün böyük səy göstərirsiniz. Biz hesab edirik ki, əgər MDB təkmilləşərsə, əsl beynəlxalq təşkilata xas olan cəhətləri getdikcə daha çox əxz edərsə, o zaman MDB birlik ölkələrinə böyük kömək göstərə bilər. Biz bunu istəyirik və Müstəqil Dövlətlər Birliyinin beynəlxalq hüquq normaları, prinsipləri əsasında inkişaf etməsi və möhkəmlənməsi üçün öz tərəfimizdən hər şeyi edəcəyik. Boris Nikolayeviç, biz bu işdə Sizə böyük yer veririk, neçənci dəfədir ki, Sizi yekdilliklə Müstəqil Dövlətlər Birliyi Ölkələri Dövlət Başçıları Şurasının sədri vəzifəsinə irəli sürürük. Bu baxımdan Sizin ikinci dəfə Rusiya Federasiyasının prezidenti seçilməyinizin böyük əhəmiyyəti var.

Boris Nikolayeviç, bu hadisənin ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Burada iştirak edənlərin hamısını bu hadisə münasibətilə təbrik edir və Boris Nikoklayeviç, Sizə cansağlığı, xoş həyat və tarixi missiyanızı həyata keçirməkdə uğurlar diləyirəm. Rusiyada keçirilən islahatlar, MDB ölkələrindəki islahatlar bizim gələcəyimizdir. Sizə demək istəyirəm ki, biz Azərbaycanda buna müstəsna dərəcədə böyük əhəmiyyət veririk, islahatlar yolu ilə gedirik və bu yoldan dönməyəcəyik. Bu, bizim əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı əsasdır.

Rusiya Federasiyasının prezidenti, hörmətli Boris Nikolayeviç Yeltsinin sağlığına badə qaldırıram. Rusiya Federasiyasının şərəfinə, rus xalqının şərəfinə, Rusiyanın gələcək tərəqqisi şərəfinə, Rusiya-Azərbaycan dostluğu şərəfinə, Rusiya ilə Azərbaycan arasındakı dostluğun şərəfinə, Sizin sağlığınıza badə qaldırıram.