Azərbaycan Prezidenti Heydər Əliyevin Salyan və Biləsuvar rayonlarının sakinləri ilə, qaçqınlar və məcburi köçkünlərlə görüşdə nitqi - 19 mart 1999-cu il


Əziz bacılar, qardaşlar!

Sizi, çadır şəhərciyində yaşayan bütün soydaşlarımızı xalqımızın əziz bayramı - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə xoş ovqat, şən həyat, səadət, bütün arzularınıza çatmağınızı diləyirəm.

Novruz bayramı insanlara həmişə xoşbəxtlik gətirir, insanları xeyirxah, nikbin edir. Bu Novruz bayramı da Azərbaycan, bütün xalqımız üçün yeni müjdələr gətirir. Sizin hamınıza cansağlığı arzulayıram. Bildirirəm ki, hamımızın yeganə arzusu - Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və işğal olunmuş bütün torpaqlarınızdan zorla çıxarılmış, didərgin düşmüş soydaşlarımızın öz doğma torpağına, elinə - obasına qayıtması bizim və Azərbaycan prezidenti kimi şəxsən mənim müqəddəs vəzifəmizdir. Mən bu vəzifəni yerinə yetirmək üçün bundan sonra da əzmlə çalışacağam.

Bu gün Azərbaycan xalqı bayram edir, şənlənir. Ölkəmizin hər yerində Novruz insanlara səadət gətirir. Amma eyni zamanda, xalqımızın qəlbində qəm də, kədər də vardır. Bu dərd, qəm bizim torpaqlarımızın parçalanması, ərazilərimizin bir qisminin işğal olunması qəmidir. Bu qəm torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olmuş övladlarımızın dərdidir, qəmidir. Bu qəm, kədər hər bir insanın qəlbində onun əzizlərinin bu bayramda olmamasının dərdidir. Bu dərdi hamımız çəkirik.

Bilməlisiniz ki, Azərbaycanın hər bir vətəndaşının vətən, torpaq dərdi bizim ümumxalq dərdimizdir, mənim dərdimdir. Hər bir vətəndaşın öz ailəsinə, öz həyatına məxsus olan kədəri, dərdi Azərbaycan prezidenti kimi mənim özümün dərdimdir.

Adətən Novruz bayramında hər kəs, hər ailə dünyasını dəyişmiş yaxınlarını, doğmalarını xatırlayır. Bu gün biz burada, çadır şəhərciyindəki bu şən gündə torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidləri xatırlayırıq, hər bir ailənin doğmasının, yaxınının həyatını dəyişməsini xatırlayırıq. Ona görə də mən arzu edərdim ki, şəhidlərin xatirəsni bir dəqiqəlik sükutla yad edək.

Allah şəhidlərimizə rəhmət eləsin!

Biz, buraya toplaşanların hamısı bu kədər, qəmlə yanaşı, böyük sevinc hissi keçiririk. Sevinc hissi keçiririk ki, məhz belə bir ağır şəraitdə də çadırlarda, bu şəhərcikdə ayrı-ayrı evlərdə yaşayan insanlar heç vaxt başlarını aşağı dikməyiblər və dikməyəcəklər. Onlar həmişə alnıaçıq, üzüağdırlar, bu dərdin, qəmin içində də öz sevinclərini, məhəbbətlərini bildirirlər, öz şadlıqlarını keçirirlər.

Bu gün belə bir şad gün iki ailənin övladlarının, bəlkə də dörd ailənin övladlarının yeni ailə qurması ilə əlaqədardır, toy şənliyidir. Mən oktyabr ayında burada olanda söz vermişdim ki, sizin şəraitinizin yaxşılaşdırılması üçün mümkün olan tədbirləri görəcəyəm. Bilirsiniz ki, - burada artıq deyildi, - ötən aylarda bu sahədə bir neçə qərar qəbul etmişəm, bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişəm. Bunlar hamısı sizin həyat şəraitinizi, maddi vəziyyətinizi azca da olsa yaxşılaşdırıbdır.

Təbiidir ki, elindən - obasından didərgin düşmüş, çadırda yaşayan insanın problemi heç vaxt tükənmir. Ancaq biz imkan dairəsində əlimizdən gələni etdik və bundan sonra da edəcəyik.

Mən o vaxt sizə söz vermişdim ki, burada toy mərasimi, yaxud başqa ailə mərasimlərini keçirmək üçün müəyyən bir yer də yaratmaq lazımdır. Mənim bu sözlərim artıq həyata keçirilibdir. Görürəm, hesab edirəm ki, burada çox gözəl bir şadlıq evi tikilibdir. Bu gün burada ilk şadlıq, toy mərasimi keçirilir. Mən bundan çox məmnunam və buna çox sevinirəm. Çünki əgər biz hər bir insan üçün yaxşı bir iş görə biliriksə, bu, bizə sevinc gətirir. Burada bir yox, bir neçə belə şadlıq evi olacaqdır. Qoy daim şənlik, şadlıq olsun, toylar, başqa şadlıq mərasimləri keçirilsin. Mən bu gün burada keçirilən ilk mərasimə gəlmişəm və sizinlə bir yerdəyəm. Xoşbəxtəm ki, bu gün, Novruz bayramı ərəfəsində keçirilən toy iki toy mərasimində mən də iştirak edirəm.

Ümumiyyətlə, adətən mən həyatımda demək olar, heç bir toyda olmamışam. Mənim həyatım belə gətiribdir. Bəlkə də gənc yaşlarımda toyda olmuşam, amma sonra dövlət işləri ilə məşğul olduğuma görə toy mərasimlərinə getməyə imkan tapmamışam. Bu gün sizə bildirmək istəyirəm ki, hətta mənim oğlum da, qızım da ailə qurarkən mən onlara toy edə bilmədim. Yəni ona görə yox ki, imkanım yox idi. Ancaq mənim iş şəraitim elə idi ki, hesab edirdim, onlar elə toysuz da öz ailələrini qurub xoşbəxt ola bilərlər. Mən bu gün sevinclə deyə bilərəm ki, toy edə bilmədimsə də onlar gözəl ailə qurublar, mənim nəvələrim var, xoşbəxt yaşayırlar.

Ancaq mən burada, çadır şəhərciyində, soydaşlarımızın ağır şəraitdə yaşadıqları yerdə keçirilən belə toy mərasiminə çox böyük həvəslə, istəklə gəlmişəm. Sizin şad gününüzün mən də iştirakçısıyam.

Mən bu gün toy mərasimində iştirak etdim. Sizə demək istəyirəm ki, belə bir mərasimi birinci dəfədir görürəm. Mən belə mərasimi heç vaxt görməmişdim. Bilmirdim ki, o, necə olur. Çünki mən evlənəndə - bu, çoxdan olubdur - belə şeylər yox idi. Mən bunları sizə danışa bilərəm. Mərhum həyat yoldaşım Zərifə xanımla biz iki-üç il idi ki, evlənmək istəyirdim. Amma o vaxt şəraitimiz yox idi. Sizə deyim ki, mən evlənmək istəyirdim, Zərifə xanımla biz müəyyən vaxt tanış idik. Ancaq mənim evim yox idi. Ona görə də biz iki il gözləməli olduq ki, mən ev alım. Mən sonra ikiotaqlı ev aldım. Demək, evlənmək mümkün idi. O vaxt bir siyasi məsələ də var idi, onu bu gün burada deməyin yeri yoxdur. O zaman - 1950-ci ilin əvvəllərində totalitar rejimin ən qatı vaxtı idi. Bir sıra dairələr bəzi siyasi səbəblərə görə bizim evlənməyimizə razılıq vermirdi. Ona görə də biz müəyyən vaxt gözlədik. 1953-cü ildə Stalin öldü, ondan sonra ölkədə siyasi vəziyyət dəyişdi və 1954-cü ildə mən evləndim.

Ancaq nə təhər evləndim? Biz Bakıda şəhəri gəzirdik. O vaxt Voroşilov küçəsi var idi, indi həmin küçə Yusif Məmmədəliyevin adını daşıyır. Gəlib gördük ki, orada bir ZAQS şöbəsi var. Biz həmin ZAQS-a getdik. Nə şahid, nə də başqa iştirakçı var idi. Heç kəs yox idi. ZAQS-da bir qadın oturmuşdu, ona dedik ki, biz kəbin kəsdirmək istəyirik. Bildirdi ki, yaxşı, gəlin oturun. Heç üzük də yox idi. Biz oturduq. Buradakı kimi belə təntənəli nitqlər olmadı. Həmin qadın bizdən soruşdu ki, ailə qurmağa razısınız? Dedik ki, bəli. Bildirdi ki, buraya imza atın, biz də imza atdıq. Bizim kəbin kağızımızı verdilər. Soruşdum ki, nə edək? O vaxt "Nizami" kinoteatrının yanında bir mağaza var idi, orada yaxşı konfet satırdılar. Yadınızdadır ki, o zaman "Mişka" konfeti var idi, amma baha idi. Biz həmin mağazaya getdik, bir kiloqram "Mişka" konfeti aldım. Sonra oradan piyada dəniz kənarına gəldik. Zərifə xanımın ailəsi orada yaşayırdı. Biz onların evinə gəldik, Zərifə xanımın anasına və qohumlarına dedik ki, artıq kəbin kəsdirmişik. Bildirdim ki, bir kiloqram "Mişka" konfeti gətirmişəm ki, ağzımızı şirin edək.

Bax, o vaxt bizim evlənməyimiz belə olubdur. Ona görə də mən belə şeyləri görməmişəm. Dedim ki, oğlum, qızım da evlənəndə mən belə mərasimlərdə olmadım. Həyat yoldaşım Zərifə xanım Bakıdakı şadlıq evinə, "Səadət sarayı"na gedib, onların kəbinini kəsdirib gətirmişdi, amma mənim xəbərim olmamışdı.

Ona görə də bu toy mərasimi mənim üçün yeni bir şeydir. Yəni bu, yeni yox, adi bir şeydir, amma mən bunu indi görürəm. Elə buna görə də çox sevinirəm ki, belə bir mərasimdə iştirak edirəm, bizim millətimizin, xalqımızın çox gözəl adət-ənənəsinin həyata keçirilməsində iştirak edirəm. Bütün bunlara görə sağ olun, təşəkkür edirəm.

Ancaq mənim əsas sözüm bugünkü gənclərədir. Əziz övladlarımız Kifayət, Azər, Aygün, Tuqay! Bu gün siz həyatınızda ən məsuliyyətli və əhəmiyyətli bir addım atdınız, - öz səadətinizi birləşdirdiniz, ailənizin əsasını qoydunuz.

Siz gəncsiniz. Bəlkə də bu hadisənin sizin hər biriniz üçün nə dərəcədə əhəmiyyətli olduğunu o qədər dərk edə bilmirsiniz. Amma bizim kimi yaşlı, həyatı görmüş adamlar bütün bunları yaxşı bilirlər. Mən arzu edərdim ki, sizin bugünkü addımınız hər birinizə daim səadət, sevinc gətirsin. Arzu edərdim ki, siz bir-birinizə həmişə bugünkü kimi məhəbbətli olasınız. Arzu edərdim ki, həyatınızda birinci növbədə bir-birinizlə səmimi olasınız, bir-birinizə daim yardım edəsiniz. Çalışasınız ki, ailəniz əbədi, möhkəm olsun. Çalışasınız ki, öz ailə həyatınızla ətrafınızda olan insanlara da sevinc gətirəsiniz.

Burada mənim yanımda sizin analarınız Ziba xanım və Ruba xanım oturublar. Ananın zəhməti böyükdür. Siz bəlkə hələ onu da dərindən dərk edə bilmirsiniz. Ancaq nə qədər yaşayacaqsınız, həyatda nə qədər yeni-yeni mərhələlərə çatacaqsınız, valideynlərinizin və xüsusən ananızın qədrini bir o qədər çox biləcəksiniz.

Analarınız, atalarınız sizi yaradıb, sizə həyat verib, böyük çətinliklərə baxmayaraq, sizi bugünkü günə gətirib çıxarıblar. Güman edirəm ki, siz də analarınız kimi sədaqətli, səmimi olacaqsınız. Arzu edirəm ki, ailə səmimiyyəti, insan sədaqəti həmişə sizinlə olsun.

Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir. Mən arzu edərdim ki, siz bu xüsusiyyətlərə həmişə malik olasınız. Qarşıda sizin böyük həyat yolunuz vardır. Siz təhsil alacaqsınız, işləyəcəksiniz, ailə, övladlar sahibi olacaqsınız. Şübhəsiz ki, bütün bunlar sizə həm sevinc gətirəcək, həm də problemlər, çətinliklər yaradacaqdır.

Əlbəttə, asanlıqla ailə quran, hamar yolla gedən hər bir ailə xoşbəxtdir. Ancaq onlar dünyanın problemlərinin çoxunu bilmirlər. Dünyanın, həyatın problemlərinin çoxunu bilən, həyatda bunlarla rastlaşan insanlar yaşadıqca həmişə daha da mətinləşir, qüdrətlənir, həyatı dərindən başa düşür. Mən arzu edirəm ki, siz həyatınızda qarşınıza çıxan problemlərin öhdəsindən gələ biləsiniz, onlar sizi qorxutmasın, çəkindirməsin. Çalışın hər bir çətin vəziyyətdən özünüz çıxasınız. Beləliklə, siz daha da möhkəmlənəcəksiniz, insan kimi daha da formalaşacaqsınız.

Təbiidir ki, gənclərimiz üçün mənim arzum mənəviyyatla əlaqədardır. Azərbaycan xalqının ən gözəl xüsusiyyəti onun yüksək mənəviyyata malik olmasıdır. Arzu edirəm ki, siz millətimizin, xalqımızın gözəl ənənələrini özünüzdə cəm edəsiniz, onlar sizə həmişə düz yol göstərsin, ailənizə, işinizə, vətəninizə, torpağınıza, dövlətinizə sadiq olasınız.

Siz XX əsrin sonunda ailə qurursunuz, XXI əsrin ailəsini yaradırsınız. Siz müstəqil Azərbaycanın vətəndaşlarısınız. Bu, hər bir azərbaycanlı üçün böyük xoşbəxtlikdir. Əmin ola bilərsiniz ki, biz - dövləti idarə edənlər indi artıq elə bir əsas yaratmışıq ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir. Ölkəmizdə həyat şəraiti, insanların rifah halı ilbəil yaxşılaşacaqdır, hər bir insan üçün işləmək, normal yaşamaq imkanları yaradılacaqdır. Şübhəsiz ki, bunlar hamısı işğal olunmuş torpaqlarımızın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlıdır.

Beləliklə, siz azad, müstəqil ölkədə - Azərbaycanda yaşayırsınız və ailənizi qurub inkişaf etdirirsiniz. Bunlar hamısı sizin ailə həyatınızın istədiyiniz kimi olmasına şərait yaradır. Güman edirəm ki, siz bu imkanlardan səmərəli istifadə edəcəksiniz.

Mənim ən əsas tövsiyəm odur ki, bir-birinizi sevin, bir-birinizə sədaqətli olun, valideynlərinizi unutmayın, torpağımıza, ölkəmizə, dövlətimizə sədaqətli olun.

Mən sizə cansağlığı, səadət, gözəl ailə həyatı arzu edirəm. Sağ olun.

Şübhəsiz ki, yeni ailə quran üçün ən dəyərli hədiyyə ailə həyatında əsas, lazımi əşyalardan ibarət ola bilər. Hesab edirəm ki, müasir dünyada indi hər bir adam üçün televizor əsas əşyalardan biri olubdur. Ona görə də mən sizin hər birinizə müasir tələblərə uyğun olan televizor hədiyyə verirəm. Onlar buradadır, gətirilibdir. Güman edirəm ki, onlar sizə dünyada olan hadisələri daha da yaxşı bilmək və ailənizi daha da yaxşı qurmaq üçün kömək edəcəkdir. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər