"Azərelektromaş" Elm-İstehsalat Birliyinin Nəsrulla Nəsrullayev adına Bakı Elektrik Maşınqayırma zavodunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Bakı, 16 oktyabr 1997-ci il) sənədinə tarixi arayış


16 oktyabr 1997-ci ildə Bakı Elektrik Maşınqayırma zavodunun 50 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib və Azərbaycan Prezidenti Heydər Əliyev bu tədbirdə çıxış edib.

Azərbaycanın elektrotexnika sənayesinin inkişafında Bakı Elektrik Maşınqayırma zavodu mühüm rol oynayıb. Bu zavod Azərbaycanda elektrotexnika sənayesinin ilk və ən böyük müəssisəsidir. Tikintisinə 1945-ci ildən başlanan zavodda 1947-ci ildə ilk məhsulu "TM-50/-6" və "TM-100-/6" markalı güc transformatorları olmaqla, elektrik mühərrikləri, generatorlar, qazma maqnit stansiyaları, mancanaq dəzgahları üçün idarəedici bloklar, kiçik güclü səyyar elektrik stansiyaları, gücü 100 kilovata qədər və daha yüksək asinxron mühərrikləri, onlar üçün idarəetmə blokları, generatorları, yağ açarları və digər avadanlıqlar istehsal olunub. Zavod 1956-cı ildən elektrik mühərriklərinin istehsalı üzrə ixtisaslaşmağa başlayıb.

Ötən əsrin 80-ci illərinin əvvəllərində müəssisədə genişləndirmə işləri aparılıb. 1961-1964-cü illərdə zavod Xankəndi elektrotexnika, Bakı elektrik avtomatları, Quba kiçik elektrik mühərrikləri, Bakı elektrik ştampları və Bakı elektrik quraşdırma məmulatları zavodları əsasında mərkəzləşdirilib. 1976-cı ildə zavodun istehsalı olan 49 məhsul SSRİ Dövlət Keyfiyyət nişanı ilə buraxılıb. Bu o vaxtkı göstəricilərə əsasən həmin məhsulların dünya bazarında rəqabət üstünlüklərinə malik olması demək idi.

Azərbaycan keçmiş SSRİ zamanı bu ölkənin neft maşınqayırması sənayesi məhsullarının 70%-ni istehsal etməklə mərkəz rolunda çıxış edirdi. Bu isə o vaxtkı göstəricilərə və istehsal potensialına görə dünyada ABŞ-dan sonra ikinci yer demək idi.

Yüksək elmi-texniki bazaya və kadr potensialına malik bu zavod keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən ictimai-siyasi və sosial-iqtisadi böhranla əlaqədar olaraq öz fəaliyyətini məhdudlaşdırıb. 1996-cı ildən başlayaraq zavodda yenidən canlanma başlanıb.

Zavodda xarici avadanlıqlar quraşdırılıb. Avtomatlaşdırma və mexanikləşdirmə nəticəsində əmək məhsuldarlığı ildən-ilə artıb. Müəssisə hazırladığı məhsulları MDB dövlətləri ilə yanaşı, 40-dan çox xarici ölkəyə göndərir. Ayrı-ayrı sexlərin bazası əsasında yeni istehsal sahələri yaradılıb. Bir sözlə, zavod respublikanın ən böyük müəssisələri cərgəsinə daxil olub. Zavodda 200 nəfərə yaxın ixtisaslı fəhlə və mütəxəssis çalışır.

Müəssisə son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda elektrik mühərrikləri istehsalı və təmiri sürətlənib. 2001-ci ilin mayından açıq səhmdar cəmiyyətə çevrilən müəssisə məhsulun keyfiyyətinə görə sifarişçilərin rəğbətini qazanıb.

Zavodun yaradılmasının 50 illik yubileyinə həsr olunan tədbirdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev ölkənin sənaye potensialının müasir dünya bazarının rəqabət prinsiplərinə müvafiq inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, öz çıxışında deyib: "Azərbaycanda aparılan iqtisadi islahatlar, torpaq islahatı, torpağın xüsusi mülkiyyətə verilməsi, iqtisadiyyatın sərbəstləşdirilməsi, iqtisadiyyatda insanlara sərbəstlik verilməsi, özəlləşdirmə - bunlar hamısı respublikamızın həyatında böyük müsbət dəyişikliklər yaradıbdır. Ancaq bunlar hələ bizim gördüyümüz işlərin ilk nəticələridir". 

Qeyd edək ki, 22 mart 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə bir çox iri istehsal müəssisələri, o cümlədən Nəsrulla Nəsrullayev adına Bakı Elektrik Maşınqayırma zavodu özəlləşdirilməyə açıq élan edilib. Bundan sonra özəlləşdirilən müəssisə hazırda açıq tipli səhmdar cəmiyyət kimi fəaliyyətini davam etdirir. (http://bizimasr.media-az.com/)

Tarixi arayış 12 mart 2008-ci ildə yeniləşdirilib.