Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Lüksemburqdakı səfirliyi ərazisində böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi önündə çıxışı - 22 aprel 1996-cı il


Hələ Sovet İttifaqının varlığı dövründə, mən Azərbaycanın rəhbəri olarkən SSRİ-nin Lüksemburqdakı səfiri səfirliyin ərazisində yaradılan, bütün müttəfiq respublikalardan eksponatlar qoyulacaq qalereya üçün elə bir şey göndərməyi xahiş etdi ki, o, Azərbaycan tarixini və ya mədəniyyətini əks etdirsin. О vaxt biz bu qalereya üçün Nizami Gəncəvinin heykəlini təqdim etməyi lazım bildik. Bunun böyük mənası var. Axı Nizamı Gəncəvi bütün bəşər sivilizasiyasına məxsusdur. Onun dünya sivilizasiyasına, dünya mədəniyyətinə, dünya ədəbiyyatına verdiyi töhfə hamıya məlumdur. Lakin bununla bərabər, o, azərbaycanlıdır, Azərbaycan şairidir. Odur ki, burada həm ümumbəşəri mədəniyyət, ümumbəşəri dəyərlər, - hesab edirəm ki, onlar bütün Dünya Birliyinin əsasıdır, - həm də milli fərq, milli xarakter vəhdət yaradır. Hər bir xalq ümumbəşəri mədəniyyətə öz töhfəsini vermişdir və verir. Bütün bunlar isə ümumbəşəri dəyərləri əmələ gətirir.

Mən şadam və çox sağ olun ki, bunların hamısı yaxşı vəziyyətdədir. Ümidvaram ki, bundan sonra da belə olacaqdır. Tale elə gətirdi ki, bu səfirlik Rusiyanın səfirliyinə çevrildi. İndiki halda da bu, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız arasında dostluğun rəmzi olacaqdır. Bir baxın, burada nə qədər rəmzlər var. Mən bunların hamısını ümumi sərvətimiz, ümumi dəyərlərimiz hesab edirəm.

Mən sizi salamlayıram və şadam ki, fürsətdən istifadə edərək Rusiya Federasiyası səfirliyinin ərazisindəyəm. Rusiya ilə münasibətlər xarici siyasətimizin çox mühüm istiqamətidir. İstər MDB çərçivəsində əməkdaşlığımız, istərsə də birgə həyatımız, fəaliyyətimiz dövründə, keçmişdə, xüsusən biz vahid bir dövlətin tərkibində olduğumuz illərdə, Rusiya ilə Azərbaycan arasında dostluğun və qarşılıqlı münasibətlərin böyük tarixi ərzində toplanmış olan hər şey bu gün böyük nemət, Azərbaycan xalqı üçün böyük nailiyyətdir. Biz istər Rusiyada, istərsə də Azərbaycanda keçmişdə, adamlarımızın əvvəlkı nəsilləri tərəfindən əldə edilən hər bir nailiyyəti, habelə hazırda bütün sahələrdə xalqlarımız arasında əməkdaşlığın uğurlu inkişafı üçün görülən hər bir tədbiri çox yüksək qiymətləndiririk. Bununla əlaqədar, Lüksemburqa qısamüddətli səfərim zamanı Rusiya səfırliyində olmaq imkanı mənim üçün çox böyük hadisədir. Mən sizi salamlayıram və Rusiya ilə dostluğa və əməkdaşlığa sadiqliyimizi bir daha qeyd edirəm.