Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Xarici İşlər nazirinin birinci müavini, Rusiya Federasiyası Prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Vyaçeslav Trubnikov ilə görüşdə söhbəti - 15 may 2001-ci il


Heydər Əliyev: Mən sizi Azərbaycanda salamlayıram. Bu yaxınlarda biz sizinlə bir neçə gün Ki-Uestdə olduq və işlədik. Nəticənin necə olacağını söyləmək çətindir, hər halda, bu, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması sahəsində ATƏT-in Minsk qrupunun işində çox mühüm mərhələ idi. Mən onda da demişdim və oradan qayıtdıqdan sonra Vladimir Vladimiroviç Putinlə telefonla söhbətimdə də demişəm ki, bu, yeni formatdır, özü də başqa keyfiyyətdə işdir. Vyaçeslav İvanoviç, mən bu işdə sizin iştirakınızı xüsusi qeyd etdim. Bu barədə Vladimir Vladimiroviçə də dedim və hesab edirəm ki, bu çox mühüm idi. İndi Rusiya Minsk qrupunun tərkibində lazımi fəallıq göstərir. Mən bu barədə demişəm, lakin çox təəssüf ki, əvvəllər belə olmamışdır. Bunun ümumən təkcə bizim üçün deyil, Minsk qrupunun fəaliyyətinin güclənməsi üçün də böyük əhəmiyyəti var. Ona görə də mən Ki-Uestdəki görüşlərimizi böyük səmimiyyət hissi ilə xatırlayıram. İş də gərgin idi, eyni zamanda, görüş yeri də yeni idi. Hər halda, mənim üçün. Yəqin siz də orada ilk dəfə olurdunuz.

Vyaçeslav  Trubnikov: Bəli, ilk dəfə idi.

Heydər Əliyev: Mən Kubada olmuşam. Kuba oradan uzaqda deyildir. Amma bu adada olmamışdım. Maraqlı yerlərdir. Prezident Vladimir Vladimiroviç Putinin salamını mənə yetirdiyinizə görə sağ olun, mənim də salamımı, ən xoş arzularımı ona çatdırın. Lap bu yaxınlarda, ayın 10-da biz onunla telefonla danışdıq və mən xahiş etdim ki, siz imkan tapıb buraya gələsiniz. O, həmişəki kimi, yenə də sözünün üstündə durdu və dedi ki, siz yaxın günlərdə burada olacaqsınız. Mən onu nəzərdə tuturam ki, biz çox mühüm məsələ barəsində fikir mübadiləsini davam etdirməliyik. Bilirsiniz ki, ondan sonra bəzi görüşlər olmuşdur. Kavano buraya gəlmişdi, bizim onunla uzun sürən görüşümüz oldu. Sonra Minsk qrupunun həmsədrləri Vyanaya toplaşdılar. Sonra mənə məlum oldu ki, Minsk qrupunun həmsədrləri Nyu-Yorkda prezident Köçəryanla da görüşmüşlər. Yeri gəlmişkən, ayın 18-də biz Minsk qrupunun həmsədrlərini Azərbaycanda gözləyirik. Gərək ki, sonra onlar Ermənistana da getməyi planlaşdırırlar.

İndi bu işin belə fəal, intensiv getməsini mən nəinki bəyənir və dəstəkləyirəm, həm də buna çox şadam. Gərək iş elə getsin ki, əməli nəticələr əldə olunsun. Yoxsa ki, Cenevrə görüşü zamanı və sonra nəyinsə imzalana biləcəyi barədə bəzi inandırmalar, əlbəttə, adamlarda çox böyük ümid doğurur. Çünki respublikamızın sakinləri Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə nizama salınacağına artıq daxilən hazır idilər. Odur ki, indiki halda, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu cür intensiv işi və eyni zamanda Rusiyanın fəaliyyətinin güclənməsi, təbii olaraq, razılıq hissi doğurur.

Vyaçeslav  Trubnikov: Cənab Prezident, səmimi qəbula görə Sizə təşəkkür edirəm.

Həmsədrlər qrupu çərçivəsində Rusiyanın roluna və fəallığımıza yüksək qiymət verdiyinizə görə də sağ olun. Əmin olun ki, bu fəallığın azalmaması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Biz işi irəlilətmək üçün bir çox istiqamətlərdə işləyirik. Mən tamamilə razıyam ki, əsassız olaraq böyük ümidlər vermək lazım deyildir. Bu, həmişə çaşdırır, həmişə karıxdırır. Bu, ictimai rəyi də çaşdırır. Bu, əhalini də çaşdırır, Azərbaycanda da, Ermənistanda da, bütövlükdə dünyada da mövcud olan siyasi qüvvələri çaşdırır. Biz yəqin ki, realist olmalıyıq. Biz Sizinlə Ki-Uestdə, bax, bu barədə danışdıq. Bu, olduqca vacibdir. Lakin ən başlıcası, bu gün göstərilən səylərin intensivliyini itirməməkdir. Bu gün hər hansı real dincliklə nizamasalmanın axtarışı yolunda əngələ çevrilən ümdə problemlərin həlli yollarını aramaq lazımdır. Əgər bütün diqqəti başlıca problemlərin həlli üzərində cəmləşdirsək, yəqin ki, bu, nəticə etibarilə bizə bir qərara gəlmək imkanı verəcəkdir. Əgər bu gün biz ikinci dərəcəli problemlər barədə söhbətlərə vaxt itirsək, zənnimcə, vaxtı, sadəcə, hədər yerə sərf etmiş olarıq. Əgər biz bu problemin həllini istəyiriksə, işə ciddi girişməliyik. Bunu etmək niyyətindəyiksə, onda, görünür, ən başlıca məsələlərə yanaşmaq lazımdır. Onlar ən mürəkkəb, ən ağır məsələlərdir və buna görə də onların sabah həll olunacağını güman etmək özünü aldatmaq, xülyaya qapılmaq demək olardı və biz xalqımız, ictimai rəy qarşısında da qeyri-səmimi olardıq. Odur ki, mürəkkəb vəziyyətlərdən real çıxış yolları axtaracağıq. Ən başlıcası, səyləri dayandırmamaqdır.

Mən burada məmnunluqla demək istəyirəm ki, Ki-Uestdən sonra ötən dövrü hədər keçirməmişik. Biz Minsk qrupu çərçivəsində görüşmüşük, üçüncü ölkələrin nümayəndələri ilə söhbət etmişik. Məsələn, mənim İran səfiri ilə ciddi, uzun söhbətim olmuşdur. Nizamasalmanın İranın mənafelərinə hər hansı bir şəkildə təsir göstərə biləcək cəhətləri onu da narahat edirdi. Zənnimcə, razılaşdığımız kimi, amerikalı tərəfdaşlarımız Türkiyə ilə yəqin ki, işləmişlər. Qonşularının bu ən mürəkkəb məsələsinin necə həll ediləcəyini Türkiyə də nəzərə almaya və özü üçün əhəmiyyətli saymaya bilməz. Biz vaxtı hədər yerə itirməmişik. Mən demək istəmirəm ki, indi bizdə qərarın hazır variantları var. Bu da qeyri-səmimilik və özünüaldatma olardı. Lakin Vyana danışıqlarında olmuş Aleksey Nikolayeviç hesab edir ki, nizamasalma danışıqlarının indiki mərhələsinin izah olunması üçün az iş görülməmişdir.

Biz Ki-Uestdəki formatı mütləq saxlamaq niyyətindəyik. O, səmərəli olduğunu göstərdi. Demək istəyirəm ki, biz Cenevrədə mütləq görüşəcəyik, iki prezidentin - Azərbaycan prezidentinin və Ermənistan prezidentinin bu və ya digər ölkə üçün nəyin məqbul ola biləcəyi barədə düşünə bilməsi üçün həmsədrlərin Cenevrəyə yeni variantlar, yeni təkliflər gətirməsinə çalışacağıq. Bildiyiniz kimi - mən burada Vladimir Vladimiroviçə istinad edirəm - həm bu, həm də digər tərəfi razı salacaq hər hansı qərar Rusiya üçün məqbul olacaqdır. Biz bunun üçün maksimum mümkün olan işləri görməyə hazırıq və ən başlıcası isə, əgər bu qərarlar hər iki tərəfi razı salsa, biz nizamasalmanın təminatçısı olmağa hazırıq. Zənnimcə, bu, az əhəmiyyətli amil deyildir - hər halda, Rusiyanın Azərbaycan kimi qonşusu var.

Heydər Əliyeviç, Şimali Qafqazdakı problemlərimizə münasibətinizə görə biz Sizə çox minnətdarıq. Bu, Rusiya üçün, istər Çeçenistan olsun, istərsə də Dağıstan, fərqi yoxdur - Şimali Qafqazda sülh və təhlükəsizlik üçün çox ciddi problemdir. Odur ki, problemlərimizi dəstəkləməyiniz, əlbəttə, bütövlükdə Qafqazda sülhün möhkəmlənməsi işinə böyük töhfədir. Güman edirəm ki, heç də az əhəmiyyəti olmayan Qafqaz dördlüyü formatında da, bizim də çox böyük ümid bəslədiyimiz üçlük formatında da qarşıdakı Minsk görüşləri, əlbəttə, Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması işini irəlilədəcəkdir. Biz buna çox ümid bəsləyirik, çünki nəinki səlahiyyətə malik, həm də, ən başlıcası, çox böyük təcrübəyə və siyasi məsuliyyətə malik adamlar bir araya gələcəklər. Biz bunu əsas tuturuq ki, Minskdəki bu görüş Minsk qrupunun həmsədrləri kimi, bizə də nəsə verməlidir. Bundan sonra işi irəlilətmək asan olacaqdır. Biz buna çox ümid bəsləyirik.

Heydər Əliyev: Minsk görüşünə mən də böyük ümidlər bəsləyirəm. Siz burada, Bakıda çoxdan olmayıbsınız?

Vyaçeslav  Trubnikov: Deməzdim ki, çoxdan olmamışam. Buna baxmayaraq, bu gün başqa vəzifədə gəlmişəm. O vaxt siz məni Xarici Kəşfiyyat Xidmətinin direktoru kimi qəbul etmişdiniz. Burada bizim Sizinlə ciddi, uzun sürən söhbətimiz oldu. Mən bunu da səmimiyyətlə xatırlayıram. Bu gün biz Bakının ponoramını seyr etdik. Deməliyəm ki, təəssüratımız olduqca yaxşıdır. Şəhər tikilir, gözəlləşir. Sahil parkı çox gözəl görünür. Ötən dəfə o çox da gözəl görünmürdü. Elə İçərişəhər də gözəldir.

Heydər Əliyev: Vyaçeslav İvanoviç, sağ olun. İndi Biz sizinlə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması probleminə daxil olan məsələlər barəsində fikir mübadiləsi aparacağıq.