Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Norveç ölkələri arasında sənədlərin imzalanması mərasimindən sonra bəyanatı - 24 aprel 1996-cı il


Müstəqil Azərbaycan dövlətinin prezidenti kimi mən Norveçə ilk dəfə səfər etməyimdən çox məmnunam və Norveçin baş naziri hörmətli xanım Brundtlanda bu dəvət üçün təşəkkürümü bildirirəm. Apardığımız danışıqlar və indi imzaladığımız sənədlər Norveç-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün böyük bir mərhələdir və bu, Azərbaycan Respublikası, xalqımız üçün tarixi bir hadisədir.

Norveç ilə Azərbaycan arasındakı əməkdaşlıq, hesab edirəm ki, yaxşı inkişaf edir, ancaq onun bundan sonra daha sürətlə inkişafı üçün böyük imkanlar var. Biz bu gün bu imkanları araşdırdıq. Norveçdə - Osloda mənə və məni müşayiət edənlərə göstərilən diqqətə və qonaqpərvərliyə görə xanım Brundlanda təşəkkür edirəm.

Mən baş nazir xanım Brundtlandı Azərbaycana rəsmi səfərə dəvət etmişəm və onun Azərbaycana gəlməsini səbirsizliklə gözləyəcəyəm. Stavanger şəhərinə də gedəcəyəm və Norveçin neft istehsalı sahəsində yüksək nailiyyətləri, xüsusən yüksək səviyyəli texnologiya ilə tanış olmaq mənim üçün çox maraqlıdır. Bunlar hamısı Norveç - Azərbaycan dostluğu üçün yaxşı imkanlardır.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, VI cild, s.171