"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Norveç ölkələri arasında sənədlərin imzalanması mərasimindən sonra bəyanatı" (Oslo, 24 aprel, 1996-cı il) sənədinə tarixi arayış


Azərbaycan və Norveç Krallığı arasında diplomatik münasibətlər 1992-ci ilin iyununda yaradılıb. İki ölkə arasında əməkdaşlıq 90 - cı illərin əvvəllərindən bu ölkənin "Statoyl" neft şirkətinin Azərbaycanda fəaliyyətə başlamasından sonra genişlənib.

Norveç Qaçqınlar Şurası və Krallığın digər humanitar təşkilatları Azərbaycanda Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından çıxarılmış qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün əhəmiyyətli layihələr həyata keçirib. Norveçin enerji sahəsi üzrə qurumları ölkədə xüsusilə fəaldır.

Azərbaycan Prezidenti Heydər Əliyev 24-27 aprel 1996-cı ildə Norveç Krallığında səfərdə olub. Bu səfərdə Azərbaycan və Norveç ölkələri arasında dostluq, əməkdaşlıq və ölkənin "Statoyl" şirkətinin Azərbaycanda fəaliyyətinin növbəti mərhələsini nəzərdə tutan sazişlər imzalanıb. Bundan başqa, vergi və kapital qoyuluşları barədə də müqavilələr bağlanıb. Heydər Əliyev həmin müqavilələrin imzalanması mərasimindəki bəyanatında bu razılaşmaları Azərbaycan Respublikası üçün tarixi hadisə adlandırıb.

Azərbaycan Prezidenti Norveçin Oslo və Stavanger şəhərlərində ölkənin iri neft infrastrukturları ilə tanış olub.

Sonrakı dövrlərdə də Azərbaycan-Norveç əməkdaşlığı səmərəli şəkildə davam edib. 2004-cü ilin oktyabrında Norveçin xarici işlər naziri Yan Petersen Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi Azərbaycanda səfərdə olub. 2005-ci ilin mayında onun iştirakı ilə Nyu-Yorkda Norveç Krallığının BMT İnkişaf Proqramının (UNDP) Azərbaycan da daxil olmaqla Qafqazdakı layihələri üçün 10 milyon dollar ayırmasına dair müqavilə imzalanıb (http://www.reliefweb.net/)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il iyunun 5-də Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini, xanım Anita Utsetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında energetika sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb və bu əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Tarixi arayış 3 aprel 2008-ci ildə yeniləşdirilib.