Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - 22 yanvar 1998-ci il


Hörmətli jurnalistlər, mətbuat, informasiya orqanlarının nümayəndələri!

Mən bir mühüm məsələ ilə əlaqədar mülahizələrimi, fikirlərimi və təkliflərimi bəyan etmək üçün sizinlə görüşə gəlmişəm.

Məlumdur ki, Azərbaycanda son illər cinayətkarlığa qarşı mübarizə güclənibdir. Hakimiyyət, hüquq-mühafizə orqanları dövlətin siyasətini həyata keçirərək ardıcıl tədbirlər keçiriblər və bunlar da öz müsbət nəticələrini veribdir.

1993-cü ildə baş vermiş vətəndaş müharibəsinin qarşısı alındı. Ondan sonrakı dövrdə - 1993-1994-cü illərdə və 1995-ci ilin birinci yarısında respublikamızda demək olar ki, o dövrə, zamana qədər yaranmış kriminogen vəziyyətin aradan götürülməsi üçün ardıcıl işlər görüldü. İndi o illəri xatırlamaq çətin deyildir. Azərbaycanda çoxsaylı cinayətkarlar öz əməllərini cəzasız həyata keçirirdilər. Çoxsaylı cinayətkar qruplar, dəstələr, qeyri-qanuni silahlı dəstələr mövcud idi. Onların bir çoxu ayrı-ayrı qruplara, insanlara, ayrı-ayrı siyasi təşkilatlara məxsus idi. Bunlar da hamısı Azərbaycanda gizli, qanunsuz, çoxsaylı odlu silahların saxlanmasına, işlənməsinə, istifadə edilməsinə gətirib çıxarmışdı.

Məhz buna görə də Azərbaycanda hərc-mərclik, özbaşınalıq var idi. O dövrlərdə insanlar öz həyatlarını qorumaq üçün çox əziyyətlər çəkirdilər. Reket qrupları insanları soyurdu. İnsan oğurlamaq, öldürmək adi bir hala çevrilmişdi. Bunlar bir ilin işi deyildi. Hesab edirəm ki, 1993-cü ildə qədər, ondan əvvəlki illərdə cəzasızlıq, hakimiyyətsizlik, özbaşınalıq nəticəsində Azərbaycanda belə bir vəziyyət yaranmışdı.

Biz vəziyyəti normallaşdırmaq üçün çox işlər görməli olduq, çox çətinliklərlə rastlaşdıq. Ancaq məmnuniyyətlə qeyd edə bilərəm ki, biz bu vəzifələrin öhdəsindən gələ bildik. Ayrı-ayrı cinayətkar qrupları zərərsizləşdirərək, biz eyni zamanda, dövlətə qarşı böyük cinayət edən mütəşəkkil bir qrupla rastlaşdıq. 1994-cü ilin oktyabr ayında respublikamızda hakimiyyətdə olan çox yüksək vəzifəli insanlar tərəfindən Azərbaycanda dövlət çevrilişinə cəhd oldu. Biz bunun qarşısını aldıq. Ancaq indi o hadisədən 3 il keçib. O cinayəti edən adamların bəziləri bu 3 il ərzində hələ də axtarılır, tapılır, ayrı-ayrı ölkələrdə yaxalanır. Hətta o vaxt cinayətin fəal təşkilatçılarından biri bir ay bundan öncə Rusiyanın hansısa bir şəhərində yaxalanıb gətirilmişdir.

Ancaq sevindirici haldır ki, onlar orada-burada nə qədər gizlənsələr də, indi bizim dövlətimiz elə imkanlara malikdir, hüquq-mühafizə orqanlarımız işlərini yaxşılaşdırıblar, ona görə də belə adamlar başqa ölkələrdə də yaxalanıblar.

Amma xatirinizdədir, ondan sonra biz yeni bir böyük silahlı dəstə ilə rastlaşdıq. İndi müxalifətdə olan ayrı-ayrı qruplar belə cinayətkarları bəzən müdafiə etməyə, yaxud da ki, onların hüquqlarının müdafiəsi üçün çalışırlar. Əlbəttə, hər bir insanın hüququ müdafiə olunmalıdır. Bizim buna heç vaxt etirazımız yoxdur. Ancaq eyni zamanda, onu düşünmək lazımdır ki, bu insanlar Azərbaycan xalqına nə qədər zərər vurmuşlar. Bir insan öz cinayətkarlığı ilə yüzlərlə insanın hüquqlarını tapdalamışdır.

Azərbaycanda belə bir böyük mütəşəkkil qrup respublika Daxili İşlər Nazirliyinin tərkibində OMON dəstəsi içərisində yaranmışdı. OMON bir gündə, bir ayda, bir ildə belə vəziyyətə düşməmişdi. Şübhəsiz ki, OMON vaxtilə vətənimizə lazım olan məqsədlər üçün yaranmışdı. Ancaq sonra bu qrup özbaşına buraxıldığına, ona rəhbərlik edilmədiyinə görə, yaxud rəhbərlik edən adamların özləri də cinayətkar olduqlarına görə həmin bu dəstə tədricən böyük bir cinayətkar dəstəyə çevrildi. Dövlətin mənafeyini, insanların hüquqlarını müdafiə etmək, mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq əvəzinə insanlara qarşı təcavüz, cinayətlər etdilər. Onlar insanları soyurdular, insanlara işgəncə verirdilər, insanları öldürürdülər. İndi istintaq aydın edib ki, onların cinayəti təkcə 1995-ci ilin mart ayında etdikləri cinayət deyildi. Bəzilərinin üzərində 5, 6, 7 ölüm cəzası var, daha doğrusu, cəzanı hələ indi alıblar, ölüm hərəkəti var, insanları öldürüblər.

Bəli, məhz buna görə də OMON tədricən cinayətkar bir dəstəyə çevrildi. Cinayətkarlıqdan o qədər həm vəsait toplandı, həm də silahlandı ki, sonra hakimiyyət iddiasına düşdü və dövləti devirməyə çalışdı. Onun da qarşısı alındı, həmin o dəstənin də tör-töküntüləri hələ indiyə qədər axtarılır, tapılır. Bəziləri yaxalanıb, bəziləri isə hələ ki, ayrı-ayrı ölkələrdə gizlənib və Azərbaycana qarşı təxribat dəstələri hazırlamağa çalışırlar. Bunlardan son terrorçu, təxribatçı qrupu - Elçin Əmiraslanovun böyük bir dəstəsi 1996-cı ilin dekabr ayında Azərbaycanda yaxalandı. Onlar artıq mühakimə də olunublar, məhkəmə onların cəzasını veribdir.

Bu cinayətkarların böyük qruplarının ondan sonrakı dövrdə də aşkar olunması, zərərsizləşdirilməsi, aradan qaldırılması və cəmiyyətimizin, ölkəmizin bu cinayətkar qruplardan təmizlənməsi işi ardıcıl surətdə gedib, gedir və bu gün də davam etməkdədir. Bunların da ən əsas nəticəsi ondan ibarətdir ki, nəhayət, Azərbaycanda daxili ictimai-siyasi sabitlik, əmin-amanlıq yaranıbdır.

Hesab edirəm ki, Azərbaycanda cinayətkarlıqla mübarizə uğurludur. Cinayət hallarının sayı xeyli azalıbdır. Ən önəmlisi odur ki, o qatı, mütəşəkkil cinayətkarlığın, çox kütləvi cinayətkarlığın qarşısı tamamilə alınıbdır.

Daxili işlər naziri Ramil Usubov ilin yekunları ilə əlaqədar sabah mətbuat konfransı keçirəcəkdir. O, orada konkret rəqəmlər, faktlar gətirəcəkdir. Maraqlananlar ondan məlumatlar ala bilərlər. Ancaq ümumən desək, respublikamızda əmin-amanlıq yaranıbdır. İnsanlar rahat yaşaya, istirahət edə bilirlər, gəzə bilirlər. Yəqin bunları - 1993, 1994, 1995-ci illərdə olmuş vəziyyətlə indiki vəziyyəti siz özünüz də görürsünüz.

Hesab edirəm ki, bu nailiyyətlərin əsasında respublikada cinayətkarlıqla mübarizə davam etdirilməlidir. Hələ bir çox cinayətlər mövcuddur, onların qarşısı alınmalıdır. Düşünmək ki, ümumiyyətlə, cəmiyyətdə cinayət ola bilməz - bu, mümkün deyil. Ancaq bu, tamamilə elə bir vəziyyətə gətirməlidir ki, cinayət olan kimi onun qarşısı alınsın.

Bu sahədə gördüyümüz işlərlə yanaşı, hesab edirəm ki, biz cəzanın humanistləşdirilməsi sahəsində də bir çox dəyərli addımlar atmışıq və yaxşı nəticələr əldə etmişik. Bu da ondan ibarətdir ki, biz cəza çəkən insanlar haqqında da düşünürük və düşünmüşük. Cəza çəkənlərin bir qisminin əfv olunması, onlara amnistiya verilməsi, onların bağışlanması haqqında lazımi qərarlar qəbul etmişik. Bunların nəticəsində insanların bir çoxu cəzadan, cəza çəkməkdən azad olunub, yaxud da ki, cəzaları yüngülləşibdir.

Yəni biz bir tərəfdən cinayətkarlıqla mübarizəni gücləndirmişik, digər tərəfdən də cəza siyasətinin humanistləşdirilməsi sahəsində çox ciddi, dəyərli addımlar atmışıq, tədbirlər həyata keçirmişik.

Bunlar sizə məlumdur. Ancaq yığcam olaraq xatırlatmaq istəyirəm. Həbsdə olan, cəza çəkən 1705 insan bu son illərdə mənim verdiyim fərmanlar əsasında cəzadan azad olunub, əfv edilibdir. 1996-cı ilin mayında və 1997-ci ilin oktyabrında mənim təşəbbüsümlə Milli Məclis amnistiya haqqında qərar qəbul edibdir. Bu amnistiyanın tətbiq olunması nəticəsində indiyə qədər 17 min vətəndaş cəzadan azad edilibdir. 1997-ci ilin oktyabrında qəbul edilmiş amnistiya hələ ki, tətbiq olunur. O, tətbiq edilib qurtarana qədər cəmi 30 min Azərbaycan vətəndaşı cəzadan azad olunacaqdır. Biz bu sahədə öz işlərimizi davam etdirməyə çalışacağıq.

Hesab edirəm ki, cinayətkarlıqla mübarizənin gücləndirilməsi cinayət hadisələrini öz-özlüyündə azaldacaqdır. Eyni zamanda, bizim cəza siyasətimizin humanistləşdirilməsi də insanlarda cinayətə, cinayətkarlığa qarşı sağlam münasibət yaradacaqdır. Bizim cəza siyasətimizin humanistləşdirilməsi sahəsində bir məsələ də çox mühüm yer tutur. Bu da Azərbaycanda ölüm hökmü və ölüm hökmünün icrası məsələsidir.

Bildiyiniz kimi, ölkəmizdə Azərbaycan Respublikası yaranandan indiyə qədər həm keçmiş sovetlər ittifaqı zamanı, həm də biz müstəqilliyimizi əldə edəndən sonra ölüm cəzası Azərbaycanın cinayət məcəlləsində olubdur və bu gün də var. Ancaq biz ölüm cəzasının da bu son illərdə azaldılması və onun tamamilə ləğv olunması üçün çox işlər görmüşük. Bu, ondan ibarətdir ki, Azərbaycanın cinayət məcəlləsində ölüm cəzası ilə əlaqədar olan bir çox maddələrə 1996-cı ildə baxılıb, mənim təklifimlə Milli Məclisdə qərarlar qəbul olunmuşdur. Bu qərarlara görə Azərbaycanın cinayət məcəlləsində 21 maddədən ölüm cəzası götürülmüşdür. Ondan sonra indiyə qədər cinayət məcəlləsində ən ağır cinayətlər üzrə 11 maddədə ölüm cəzası saxlanılıbdır. Bununla bərabər, 1996-cı ildə qadınlara və 65 yaşına çatmış kişilərə ölüm cəzası hökmü çıxarılması qadağan edilibdir. İndi isə mən növbəti addım atmaq fikrindəyəm. Ancaq bu münasibətlə keçmiş illərin statistikasını da xatırlamaq pis olmazdı.

Mən qeyd etdim ki, ölüm cəzası Azərbaycanın cinayət məcəlləsində həmişə olubdur, məhkəmələr də ölüm cəzası haqqında hökmlər çıxarıblar. Ancaq ölüm cəzası haqqında hökm çıxarmaq və onu icra etmək məsələləri də, şübhəsiz, bir-birindən ayrı şeylərdir.

Keçmiş illərin statistikasına nəzər salsaq, əgər 1988-ci ildən götürsək, Azərbaycanda 1988-ci ildə 5 nəfər ölüm cəzasına məhkum olunmuş, 5 nəfər haqqında ölüm hökmü icra edilmişdir, yəni onlar güllələnmişlər. 1989-cu ildə 6 nəfər, 1990-cı ildə 3 nəfər haqqında ölüm hökmü icra olunmuşdur.

1990-cı ildən 1993-cü ilə qədər Azərbaycanda ölüm hökmü icra edilməmişdir. 1993-cü ildə 9 nəfər barədə ölüm hökmünün icra olunması haqqında fərman verilmişdir, 8 nəfər haqqında ölüm hökmü icra olunmuşdur. Bir nəfər ölüm hökmü icra edilənə qədər özü həbsxanada ölmüşdür.

1988-1989-cu illər haqqındakı rəqəmləri mən təhlil etmək istəmirəm. Dedim ki, onlar az olubdur. 1988, 1989, 1990-cı illərdə 14 nəfər haqqında ölüm hökmü icra edilmişdir. Amma 1993-cü ildə 9 nəfər haqqında ölüm hökmünün icra olunması haqqında fərman verilmiş, 8 nəfər haqqında icra edilmişdir.

1993-cü ilin iyun ayından Azərbaycanda ölüm hökmü icra olunmur. Faktiki olaraq bu cəzanın, hökmün icra edilməsinə biz moratorium qoymuşuq.

Ancaq 1993-cü ildə bu 9 nəfərin haqqında ölüm hökmünün qəbul olunması çox qəribə bir haldır. 1992-ci il iyun ayının 16-da Azərbaycanda prezident səlahiyyətlərini həyata keçirən İsa Qəmbərov məhkəmə tərəfindən ölüm hökmünə məhkum olunmuş 9 nəfərin bağışlanması haqqında vəsatəti rədd edib və bu barədə fərman verib, - demək, ölüm hökmünün icra olunması haqqında fərman veribdir. 1993-cü ilin yanvar ayında prezident Əbülfəz Elçibəy 2 nəfər haqqında ölüm hökmünün icra olunması barədə fərman veribdir.

Çox qəribə bir haldır. Xalq Cəbhəsi və Müsavat hakimiyyəti cəmisi bir il davam edibdir. Ancaq onlar öz fəaliyyətlərinə başlayarkən ölüm haqqında hökmləri icra etməyə can atıblar. Öldürülən, yəni güllələnən bu adamlar Bayıl həbsxanasında güllələniblər. Şübhəsiz ki, məhkəmənin qərarlarına mənim heç bir etirazım ola bilməz, - məhkəmə qərar çıxarıbsa, bu, məhkəmənin işidir. O işin məzmunundan görünür ki, güllələnən bu adamlar cinayət ediblər. Bəlkə də onları ölüm hökmünə düzgün məhkum ediblər, amma onlar başqalarına nisbətən o qədər də təhlükəli adam olmayıblar. Qəribə də burasındadır ki, İsa Qəmbərov 7 nəfərin ölüm hökmünün icrası haqqında fərmanı 1992-ci il iyun ayının 16-da imzalayıbdır.

Məlumdur ki, 1992-ci il iyun ayının 7-də prezident seçkiləri keçirilibdir. Əbülfəz Elçibəy prezident seçilibdir. Mərkəzi seçki komissiyası iyunun 13-də Əbülfəz Elçibəyin prezident seçilməsi haqqında məlumat dərc edibdir. O vaxt mövcud olan prezident seçkiləri haqqında qanuna görə prezident seçilən gündən öz prezidentlik vəzifəsinə başlamış hesab olunur. Demək, iyunun 7-də Əbülfəz Elçibəy prezident seçilmiş, iyunun 13-də mərkəzi seçki komissiyası bu barədə məlumat vermişdir. Xatirimdədir ki, iyunun 17-də Əbülfəz Elçibəyin prezident kimi inauqurasiyası keçirilmişdir. İyunun 16-da, bir gün ondan öncə, Əbülfəz Elçibəy prezident olduğu halda - demək, bu zaman artıq İsa Qəmbərov prezident səlahiyyətini həyata keçirə bilməzdi, - görünür, ən vacib məsələlərdən biri ondan ibarət imiş ki, ölümə məhkum olunmuş 7 nəfər haqqında o hökmün icra edilməsi barədə fərman imzalansın. Bunun arxasında nə var, mən deyə bilmərəm. Amma bu fakt özü-özlüyündə çox böyük təəccüb və narahatçılıq doğuran bir haldır.

Dediyim kimi, sonra isə Əbülfəz Elçibəy artıq prezident olaraq 1993-cü ilin yanvar ayında 2 ölüm hökmünün icra edilməsi haqqında da fərman imzalayıbdır. Bunların hamısı, bu fərmanlar 1993-cü ilin fevral ayında həyata keçirilibdir, yəni bu adamlar güllələniblər. Bir illik hakimiyyət zamanı güllələməklə məşğul olmaq nə humanistlikdən xəbər verir, nə humanistliyə, nə də demokratiyaya uyğundur. Ancaq bu gün humanistlikdən, insan hüquqlarından, demokratiyadan dəm vuranlar hakimiyyət əldə etdikləri zaman bu işlərlə məşğul olublar.

Bildirdiyim kimi, 1993-cü ilin iyun ayından biz Azərbaycanda ölüm hökmlərinin icrasını dayandırmışıq. Bu da heç təsadüfi deyildir. Baxmayaraq ki, o illər bizim üçün çox mürəkkəb, ağır, çətin illər olubdur, - Azərbaycanın dövlətini, müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanda bu dövlətçiliyə olan qəsdlərin qarşısını almaq lazım idi. Şübhəsiz ki, bunlar çox qəti addımlar atmaq, tədbirlər görmək, həyata keçirmək tələb edirdi. Biz bunları etmişdik. Ancaq biz humanistliyimizi də itirməmişdik. Məhz ona görə də biz ölüm hökmünün icrasını dayandırmışdıq.

Ancaq eyni zamanda deyə bilərəm ki, bu ötən dövrdə ölüm hökmünə məhkum olunmuş adamlardan 12 nəfəri mənim fərmanımla bağışlanıbdır. Yəni onların barəsində ölüm hökmü cəza yerlərində uzunmüddətli cəza çəkməklə əvəz olunubdur.

Keçmiş illərdən indiyə qədər məhkəmələr tərəfindən çıxarılmış hökmlərlə, onların əsasında Azərbaycanın həbsxanasında ölüm hökmünə məhkum olunmuş 128 nəfər vətəndaş vardır. Bunların içərisində çox qatı cinayətlər etmiş adamlar da var. Şübhəsiz ki, ölüm hökmünə məhkum olunanlar ən qatı cinayət etmiş adamlardır, amma onların da dərəcəsi vardır. Onların arasında bir neçə insanı öldürmüş, həddindən artıq cinayətkarlıq etmiş, bizim dövlətçiliyimizə, müstəqilliyimizə qarşı, respublikamızın dağılması, parçalanması ilə əlaqədar cinayətlər etmiş adamlar vardır.

Bütün bunlara baxmayaraq, mən bu məsələləri ətraflı təhlil edəndən sonra belə qərara gəlmişəm ki, Azərbaycanın cinayət məcəlləsində ölüm hökmü ilə əlaqədar olan bütün maddələr dəyişilməlidir və Azərbaycanda ölüm hökmü bir cəza kimi ləğv olunmalıdır. Ölüm hökmünə məhkum olunmuş insanların cəzası müvafiq qaydada, uzunmüddətli cəzalarla əvəz edilə bilər.

Beləliklə, 1993-cü ilin iyun ayından ölüm hökmünün icrasına qoyulmuş faktiki moratorium indi isə real olaraq Azərbaycanda ölüm hökmünün ləğv edilməsinə gətirib çıxardı.

Mən bununla əlaqədar Azərbaycanın Milli Məclisinə qanunvericilik təşəbbüsü ilə təqdimat göndərirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın parlamenti, Milli Məclisi bizim bu humanist addımımızı dəyərləndirəcək və mənim təklifimi qəbul edəcəkdir. Beləliklə, Azərbaycanda ölüm hökmü tamamilə ləğv olunacaqdır.

Əmin ola bilərsiniz ki, biz Azərbaycanda cinayətkarlıqla mübarizəni bundan sonra da davam etdirəcəyik və bunun üçün bütün imkanlardan istifadə olunacaqdır. Azərbaycanda bütün vətəndaşların hüquqlarının qorunması, Azərbaycan vətəndaşlarının sərbəst yaşaması üçün əmin-amanlığın təmin edilməsi bizim vəzifəmizdir. Biz bu vəzifəni həyata keçirəcəyik, humanistlik siyasətimizi bundan sonra da davam etdirəcəyik və Azərbaycanda ictimai-siyasi sabitlik gündən-günə möhkəmlənəcəkdir.

Təəssüf ki, bəzi qüvvələr, hətta özlərini siyasi qüvvə hesab edən adamlar yenidən köhnə əhval-ruhiyyə ilə yaşayırlar və silahla, güclə nəyəsə nail olmaq istəyirlər, belə cəhdlər göstərirlər. Bu, bizə məlumdur. Ancaq onlar da, Azərbaycanın bütün vətəndaşları da bilməlidirlər: Azərbaycan dövləti son illərdə öz qüdrətini həm ölkədə, həm də dünyada nümayiş etdiribdir. Biz Azərbaycanda ictimai-siyasi sabitliyi qoruyub saxlamağa qadirik və heç kəsə Azərbaycanın qanunlarını, konstitusiyasını pozmağa yol verməyəcəyik. Azərbaycanın dövləti, onun prezidenti verdiyi sözlərə, andına sadiqdir. Azərbaycan vətəndaşlarının hüquqları və onların əmin-amanlığı daim qorunacaqdır.

Sağ olun. Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 23 yanvar 1998-ci il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər