Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya hökuməti sədrinin müavini fövqəladə hallar naziri Sergey Şoyqunu qəbul edərkən söhbətindən - 31 mart 2000-ci il


Heydər Əliyev: Şadam ki, siz vaxt tapıb respublikamıza gəlmisiniz. Mənə dedilər ki, sizinlə artıq çoxdan danışıqlar aparılırdı ki, buraya gələsiniz, bizim qarşılaşdığımız və Rusiyada çox yaxşı təşkil edilmiş bəzi məsələlərlə tanış olasınız. Şadam ki, siz gəlmisiniz.

Şərifov mənə məlumat verdi ki, siz bəzi əsas problemlərimizlə tanış olmağa macal tapmısınız. Bu, əsasən, bizi çox narahat edən torpaq sürüşməsi məsələsidir. Şəhərin bu gün olduğunuz hissəsində yaxınlarda baş vermiş hadisə, əlbəttə, şəhərə də, respublikaya da çox böyük ziyan vurmuşdur, bizdə ümumi narahatlıq doğurur.

Ancaq məsələ təkcə bundan ibarət deyildir. Rusiyada, sizin idarədə, nazirliyinizdə böyük təcrübə var. Mətbuatın, televiziyanın verdiyi məlumatlardan görünür ki, siz bütün bu işlərlə fəal və çox uğurla məşğul olursunuz. Buna görə də burada sizinlə görüş, fikir mübadiləsi, şübhəsiz, ölkələrimiz arasında - Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın mühüm hissəsidir. Bir sözlə, sizi salamlayıram və şadam ki, biz görüşürük.

Sergey Şoyqu: Əgər buraya səfərimizin hazırlanmasının müddətindən danışmalı olsaq, onda deməliyəm ki, bu, Rusiya diplomatiyasının bütün tarixi ərzində ən qısa müddətdir. Belə ki, hər şey cəmi üç həftə ərzində baş verdi. Mən dəvət aldım və üç gündən sonra səfər üçün hər şey hazır oldu. Lakin Rusiyada prezident seçkiləri, - zənnimcə, başqalarına nisbətən sizə daha aydındır ki, bu kifayət qədər ciddi işdir, - oldu və mən buraya səfərimi bir həftəliyə təxirə salmaq məcburiyyətində qaldım.

Azərbaycan mütəxəssisləri ilə ilk ünsiyyətlərimiz Bakı metrosundakı faciədən sonra oldu. Məhz o zaman Azərbaycanda müvafiq bölmə və ya nazirlik yaradılması barədə söhbət getdi. Əlbəttə, o vaxt biz mümkün olan bütün yardımı, habelə metodiki və sənədlərlə yardım göstərdik. Yəni biz bu işin təşkilinə doğru necə getdiyimizdən, bunun üçün hansı tədbirlər gördüyümüzdən danışdıq.

Bu gün biz torpağın sürüşdüyü yerlərə baxdıq, onlara mütəxəssislərimiz də baxdılar. Baş nazirlə bir az əvvəl belə bir razılığa gəldik ki, alimlər qrupu bununla məşğul olmağı davam etdirəcək, başlıcası isə, onlar bu işi axıra çatdıracaqlar. Yəni bu, hər şeydən öncə, sürüşmə ilə əlaqədar nə kimi işlər görülməsi haqqında layihə sənədləri, tövsiyələr hazırlanmasından ibarət olacaqdır, hər halda mən bilən, bu, həm də bizimlə birlikdə gəlmiş Rusiya Elmlər Akademiyası İnstitutu direktorunun rəyidir. Nə kimi işlər görüləcəyi barədə təsvvür var və onları indi ancaq kağız üzərinə köçürmək qalır.

Heydər Əliyeviç, əgər gələcək əməkdaşlıqdan danışmalı olsaq, onda sizdən üç məsələ barəsində xahiş etmək istərdim.

Birincisi, hələ ötən ilin yanvarında biz fövqəladə hallar aradan qaldırılarkən qarşılıqlı yardım haqqında Xarici İşlər Nazirliyi vasitəsilə ikitərəfli saziş göndərmişdik. Təbii ki, fövqəladə hallar dinc xarakter - təbii, texnogen xarakter daşıyır. İstərdik ki, bizim tərəf də, sizin tərəf də prosedur prosesini bir qədər sürətləndirsinlər və bu sahədə ikitərəfli saziş imzalaya bilək. Bu saziş bizim işimizi də, təbii olaraq, sizin mütəxəssislərin işini də xeyli yüngülləşdirərdi.

Bir çox formal hallar belə sazişlərlə aradan qaldırılarsa, bu cür vəziyyətlər yarananda işləmək bizim üçün daha asandır. Siz yəqin ki, bilirsiniz - ötən il biz Türkiyədə, Yunanıstanda, Kolumbiyada, Tayvanda, Əfqanıstanda baş vermiş zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün işləmişdik. Biz Çində, Monqolustanda və bir çox digər ölkələrdə də işləmişik. Zaman gömrük qaydalarının xilasetmə bölmələri sərhədi keçməsinin sadələşdirilməsi, üçüncü ölkəyə yardım göstərilərkən tranzit keçidinin sadələşdirilməsi nəzərdə tutulan bu cür sazişin əhəmiyyəti dərhal nəzərə çarpır. Yəni, bu, çox böyük, mühüm və gərəkli işdir. Buna görə də ikiqat təəssüflənirik ki, 50-dən artıq ölkə ilə bu cür saziş imzalamışıq, amma Azərbaycanla imzalanmayıbdır. İstərdik ki, cari ildə bu saziş sizin ölkənizlə imzalansın.

İkincisi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin fovqəladə hallar nazirlərinin zirvə görüşündə Azərbaycanın nümayəndə heyəti də iştirak edirdi. Lakin o vaxt müxtəlif səbəblər üzündən bu nümayəndə heyəti iştirakçıların imzaladıqları sazişə qoşulmadı. Əsas səbəb yenə də bürokratik əngəllə bağlı idi. Təəssüf ki, fövqəladə hallarla məşğul olan orqan kimi bu sazişi imzalamaq səlahiyyətinə malik orqan yox idi və indi də yoxdur. Yəni Xarici İşlər Nazirliyi deyirdi ki, bu, onun funksiyası deyil, Daxili İşlər Nazirliyinin funksiyasıdır və sair. Zənnimcə, indi bütün bu bürokratik əngəllər aradan qaldırılmışdır və bu sazişə qoşulmaq olar, çünki o, çox böyük əhəmiyyətə malikdir. O mənada ki, həmin saziş əsasında görülən bütün işlər çox praktiki, tətbiqi xarakter daşıyır.

Bu saziş çərçivəsində biz Qara Dəniz Xilasetmə Mərkəzi yaradılmasına başlamışıq və bu sahədə kifayət qədər irəliləmişik. Artıq indi biz oraya beş gəmi göndərmişik, həmin mərkəzi dənizə tökülən neft məhsullarının yığılması üçün avadanlıqla, dalğıc avadanlığı ilə təchiz etmişik və bu təchizatı davam etdiririk.

Əlbəttə, biz Azərbaycanda mövcud olmuş güclü strukturu bərpa etmək istərdik. Yadınızdadırsa, - Siz xatırlamamış olmazsınız, çünki mən hələ məktəbdə oxuyarkən Sizin yaddaşınıza həmişə heyran qalırdım, - sualtı işlər üzrə xüsusi təyinatlı bölmə vardı. Qazma işləri ilə, sualtı boru kəmərləri çəkilməsi ilə məşğul olanlardan ibarət bölmə idi. O, çox sanballı bölmə idi və əlbəttə, onu bərpa etmək lazımdır. Bu, bizim ölkəmizin də, sizin ölkənizin də xeyrinədir. Çünki vaxtilə valideynlərimiz də, ata-babalarımız da başa düşmüşdülər ki, bu, son dərəcə gərəklidir. Biz bunu bir qədər unutduq və əlbəttə, indi onu bərpa etmək vacibdir.

Hər halda, bizdə, Rusiyada bu struktura tələbat çox böyükdür. 2000 su səddindən keçən Tolyatti-Odessa Ammiak kəmərini göstərmək kifayətdir. Ona daim nəzarət gərəkdir. Bu isə sualtı işlər deməkdir. İndi neft işləri ilə əlaqədar Novorossiyskdə geniş miqyasda həyata keçirilən tikinti işlərini göstərmək kifayətdir. Bu da böyük iş aparılmasını tələb edir.

Əlbəttə, Baltik dənizində kimyəvi silahların basdırılması ilə bağlı olan problem zərərli maddələrin Ukrayna ərazisində Krımda basdırılması ilə də bağlı olan problem də bu qəbildəndir - bilirsiniz ki, sonuncu ilə əlaqədar orada böyük problemlər var. Bu sahədə olduqca çox iş var və biz onları azərbaycanlı həmkarlarımızla birlikdə görmək istərdik. Üstəlik, fövqəladə hallar üçün, xüsusən texnogen xarakterli fövqəladə hallar üçün nə sərhədçilər var, nə də gömrükxanalar. Bunu Çernobıl da, Bhopal da, bir çox digər fövqəladə hallar da göstərdi.

Əlbəttə, bu sahədə indi olduğu kimi, sərhədlərə, dini etiqada, milliyyətə, saçın və dərinin rənginə məhəl qoymadan birgə işləmək gərəkdir.

Heydər Əliyeviç, şəxsi bir xahişim də var. Bilirəm ki, dörd il bundan əvvəl Azərbaycanda Fövqəladə Hallar Nazirliyi yaradılması məsələsi qarşıya çıxmışdı. Biz, öz tərəfimizdən, bu nazirliyin yaradılmasına hər cür kömək göstərməyə və dəstək verməyə hazırıq. Biz ali məktəblərimizə, akademiyamıza dinləyicilər qəbul etməyə hazırıq. İndi orada əslində bütün MDB ölkələrindən olan dinləyicilər var. Biz texniki yardım göstərməyə, fövqəladə hallar barəsində xəbərdarlıq edilməsi, onların qarşısının alınması, proqnozlaşdırılması və nəticələrinin aradan qaldırılması sahəsində elmi araşdırmalarımızı bölüşməyə hazırıq.

Bu sahədə həqiqətən çox işlər görülmüşdür. Gördyümüz işlərə verdiyiniz yüksək qiymətə görə Sizə bir daha təşəkkür edirəm. Ola bilsin, televiziya ilə ən yaxşı halları göstərirlər. Amma piz məqamlar da var.

Heydər Əliyeviç, mənim üç xahişim bunlardan ibarətdir.

Heydər Əliyev: Zənnimcə, hər üç xahişin yerinə yetirilməsi tamamilə mümkündür. Əvvəla, bilmirəm, saziş məsələsi bizdə nə üçün uzanmışdır? Sən bilirsənmi?

Abid Şərifov: Bizdə bir saziş hazırdır və bütün nazirliklərlə razılaşdırılmışdır. İkinci sazişi isə artıq protokola daxil etmişik və onu ən yaxın vaxtda razılaşdırıb rəsmiləşdirəcəyik.

Heydər Əliyev: Sözün qısası, görünür, burada səbəb həqiqətən bürokratizmdədir. Çünki bu məsələdə prinsipial etiraz və ya hər hansı şübhə ola bilməz. Birincisi, biz Rusiya Federasiyası ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək mövqelərində prinsipcə, necə deyərlər, möhkəm dayanmışıq. Bu sahə daha vacibdir, fövqəladə hallar həmişə olubdur. Amma keçmiş vaxtlarda biz onları bəlkə də çox hiss etmir, onlara əhəmiyyət vermirdik. Son illərdə, bəlkə də onilliklərdə nəinki MDB məkanında, həm də bütün dünyada çoxlu fövqəladə hallar olubdur və onlar bir çox ölkələrin, bir çox orqanların səylərini birləşdirməyi tələb edir. Ona görə də bu, bizə hər şeydən çox lazımdır.

Rusiyada dediyim kimi, fövqəladə hallar üzrə güclü struktur mövcuddur - sizdə təcrübə də var, elm də. Sizdə hər şey var. Bizdə isə, təəssüflər olsun, bütün bunlar hələlik bizim istədiyimiz səviyyədə deyildir. Ancaq burada bunu müəyyən dərəcədə başa düşmək olar. Biz Sovetlər İttifaqının tərkibində olarkən heç bir respublika bu barədə düşünmürdü. Çünki bunların hamısı mərkəzləşdirilmişdi. Haradasa nə isə baş verən bütün məsələləri mərkəz həll edirdi və heç bir problem olmurdu.

Yadımdadır, 1965-ci, yaxud 1966-cı ildə, mən hələ respublikanın rəhbəri olmazdan əvvəl Bakıda güclü leysan yağışları yağdı. Belə yağışlar nə ondan əvvəl, nə də sonra olmamışdır. Çox şey dağıldı. Amma nə olsun? Biz dərhal İttifaq hökumətinə müraciət etdik, buraya SSRİ Nazirlər Soveti sədrinin müavini başda olmaqla komissiya gəldi, onlar baxdılar, yardım göstərilməsi üçün lazım olan hər şeyi göndərdilər, hesablayıb pul ayırdılar. Yəni, həmin hadisəni xatırlamaqda məqsədim bunu deməkdir ki, keçmişdə respublikaların bu sarıdan qayğısı yox idi, çünki hər şey mərkəzləşdirilmiş qaydada həll edilirdi.

İndi isə biz müstəqil dövlətik və öz xidmət idarələrimiz olmalıdır. Amma kiçik dövlətin, əlbəttə, hər şeyi ola bilməz. Rusiya kimi bir dövlət bütün sahələrdə, o cümlədən də fövqəladə hallarla bağlı problemlərin həlli sahəsində güclü potensiala malikdir. Bizim isə bu baxımdan imkanlarımız məhduddur. Ona görə də bu saziş onlara deyil, bizə gərəkdir. Əgər onun bağlanması ləngidilirsə, bu, onların deyil, bizim ziyanımızadır.

Odur ki, bu məsələni qaldırdığınıza görə sizə təşəkkür edirəm və məsələni mümkün qədər tez həll etməyi, hazırlamağı və bu barədə məlumat verməyi tapşırıram.

İkincisi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sazişin imzalanması barədə. Gəlin, imzalayaq.

O ki qaldı nazirliyə, onu yaratmaq lazımdır. Mən bunu Nazirlər Kabinetinə bir neçə dəfə tapşırmışam. Əgər onlar bunu ləngitsələr, onda mən fərman verəcəyəm və onu baş nazirin müavini vəzifəsindən azad edib, fövqəladə hallar naziri təyin edəcəyəm.

Sergey Şoyqu: Yaxşı olar ki, hər iki vəzifəni aparsın.

Heydər Əliyev: Belə də olar. Amma mənim göstərişimin yerinə yetirilməsini ləngitdiklərinə görə cəzalandırmaq istəyirəm.

Sergey Şoyqu: Bəli, yadımdadır. Metropolitendə baş vermiş hadisələrdən sonra Sizin tapşırığınızla nümayəndə heyəti gəldi, biz danışdıq, zəruri ləvazimatın, qalan bütün şeylərin siyahısını tutduq. Amma sonra onlar çıxıb getdilər və...

Heydər Əliyev: Yox, yox, bunu hökmən etmək lazımdır. Doğrudur, siz həm nazir vəzifəsini, həm də hökumət sədrinin müavini vəzifəsini yerinə yetirirsiniz...

Sergey Şoyqu: Həm də "Yedinstvo" hərəkatının lideri vəzifəsini.

Heydər Əliyev: Bu artıq başqa məsələdir. Bu barədə söhbət ayrıca olmalıdır. Bu, sizin ictimai işinizdir. Televiziyanın verdiyi xəbərə görə, siz bu işlə axşam saat 6-dan sonra və istirahət günləri məşğul olursunuz. Yoxsa, siz yalnız saat 6-dək işləyirsiniz? Axşam saat 8-dək və ya 9-dək işləmirsiniz? Biz belə işləməli oluruq.

Bir sözlə, biz bunu hökmən edəcəyik. Mən baş nazirə də, sənə də (Abid Şərifova müraciət edir) demişəm ki, təkliflərinizi verin. Əgər konkret namizəd tapa bilməsək, o, əvəzçilik yolu ilə nazir də ola bilər. Vacib olan budur ki, struktur yaradılsın. Struktur yaradılarsa, bütün bunlar lazımınca qaydasına düşəcəkdir.

Qaldırdığınız üç məsələnin hamısı bizim xeyrimizədir. Mən bunda sizin bizə kömək etmək istəyinizi görürəm. Buna görə də sizə təşəkkür edirəm. Mənə elə gəlir ki, bütün bu məsələlərin həlli mümkündür. Mən hər şeyi Şərifova tapşırıram və o, həll edib mənə məlumat verməlidir.

Buraya gəldiyinizə görə sizə bir daha təşəkkür etmək istəyirəm.

"Yedinstvo" hərəkatına gəldikdə isə, sizi uğurunuz münasibətilə təbrik edirəm. Sizin hərəkat Rusiyanın həyatında fenomen olmuşdur, çünki Rusiyada uzun illər ərzində mövcud olmuş, təşəkkül tapmış struktura, təcrübəyə və sairəyə malik hərəkatlar var. Rusiya parlamentinə seçkilərdə onların böyük qələbə qazanacağını söyləyirdilər. "Yedinstvo" hərəkatı isə seçkiqabağı prosesin gedişində yaranmışdır. Amma birdən elə nəticələr barədə məlumat aldıq ki, sən demə, siz öz vəzifənizin öhdəsindən uğurla gəlmisiniz.

Əlbəttə, biz də sizin bu təcrübənizi öyrənmək istərdik. Çünki bu, həqiqətən çox maraqlı fenomendir. Yeri gəlmişkən çoxları bunu sizin şəxsi fəaliyyətinizlə bağlayırlar. Rusiyada necə olduğunu bilmirəm, amma ictimai rəy belədir ki, siz o adamsınız ki, nazir vəzifəsini yerinə yetirərək hər yerə getməklə bərabər, bu hərəkata başçılıq edə və yaxşı nəticəyə nail ola bilmisiniz. Bir sözlə, sizi bu münasibətlə təbrik edirəm.

Ümumiyyətlə sizi - mən sizin hökuməti, dövləti nəzərdə tuturam - Dumaya uğurlu seçkilər münasibətilə təbrik edirəm. Həqiqətən, siz bu dəfə seçkiləri ötən dəfəkilərə nisbətən daha yaxşı keçirdiniz. Əlbəttə, Rusiyada prezident seçkilərinin çox uğurla keçirilməsi münasibətilə də təbrik edirəm. Bizim proqnozlarımız doğru çıxdı.

Yəqin yadınızdadır ki, yanvarın 25-də MDB ölkələri dövlət başçılarının iclası olmuşdur. İclasda biz - dövlət başçılarının hər biri Vladimir Vladimiroviç Putini dəstəklədiyimizi bildirmişdik. Sonra isə mətbuat konfransı oldu. Orada biz Putini dəstəklədiyimizi açıq şəkildə söylədik. Amma düşünmürdük ki, bizim dəstəyimiz yeganə qüvvədir. Lakin biz öz ümidimizi məhz bununla ifadə etmişdik. Çünki çox istəyirik ki, Rusiyada vəziyyət sabit olsun, Rusiya demokratiya yolu ilə getsin, bir sıra hallarda ləngiyən bütün islahatları ölkəniz həyata keçirsin.

Ümumiyyətlə, bu baxımdan Rusiya MDB ölkələri arasında həmişə öndə olmalıdır. Təəssüf ki, son illər çox şey ləngimişdir. Buna görə də hiss edirdik, Vladimir Valdimiroviç Putin məhz o adamdır ki, həmin vəzifələri yerinə yetirə bilər. Biz öz fikrimizi sölədik və şadam ki, birinci dövrədə qələbə qazanıldı.

Mən ona təbrik məktubu göndərdim, elə həmin gün onunla telefonla danışdım və onu təbrik etdim.

Əlbəttə, biz Vladimir Putinin prezident seçilməsi ilə əlaqədar Rusiyada dəyişikliklər baş verəcəyinə böyük ümidlər bəsləyirik, onu nəzərdə tuturuq ki, bu, bir çox digər məsələlərin də həllinə kömək edəcəkdir. Əvvəla, təbii olaraq Rusiya ilə MDB ölkələri, o cümlədən Azərbaycan arasında əməkdaşlıq məsələlərini irəlilədəcəkdir. İkincisi, bu, əməkdaşlığımızı daha səmərəli etməyə imkan verəcəkdir. Üçüncüsü, biz hamımız cürbəcür regional münaqişələrdən əziyyət çəkirik. Bu münaqişələr çoxdur. Şimali Qafqazda çox mürəkkəb, çətin bir problemi həll etməyiniz bütün dünyanın gözləri qarşısında baş verir, biz bunu görürük, müşahidə edirik.

Bununla yanaşı, digər regional problemlər, münaqişələr də var. Məsələn, bizdə Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında münaqişə mövcuddur və o yalnız Rusiyanın fəal iştirakı ilə həll edilə bilər. Bir də ona görə ki, Rusiya Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması vəzifəsi də elə bu qrupun, onun həmsədrlərinin üzərinə qoyulmuşdur.

Təəssüf ki, Rusiyada işlərin ləngiməsi sülh danışıqları prosesinə də təsir göstərmişdir. Son vaxtlar Minsk qrupu həmsədrlərinin fəaliyyəti ilə yanaşı biz bir sıra birbaşa görüşlər də keçirmişik, Ermənistan prezidenti Koçaryanla mənim aramda - Azərbaycan prezidenti arasındakı görüşləri nəzərdə tuturam. Sanki biz məsələnin müəyyən həllinə artıq yaxınlaşmışıq və bu işə Rusiyanın, Birləşmiş Ştatların və Fransanın da fəal qoşulması lazım idi. Amma Rusiyada işlər ləngidi və bu da öz növbəsində danışıqlar prosesinə təsir göstərdi.

Doğrudur, sonra başqa səbəblər də meydana çıxdı - Ermənistanda terror aktı və sairə. Lakin bütün bunlar artıq arxada qalmışdır. Qarşıda isə bizim üçün mühüm vəzifələrdən biri - Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, əlbəttə, bütün beynəlxalq hüquq normalarını gözləmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək şərti ilə aradan qaldırmaq vəzifəsi durur. Bunlar çox mühüm məsələlərdir və mən bu barədə ona görə danışıram.

İndi Rusiya Çeçenistanda terrorçulara, separatçılara qarşı döyüş əməliyyatları apararaq, öz ərazi bütövlüyünü təmin etməyə, - biz bunu həmişə dəstəkləmişik və dəstəkləyirik, - çalışır. Belə ki, əgər Rusiya və ya hər hansı bir başqa ölkə ayrı-ayrı regionlar, yaxud ayrı-ayrı etnik qruplar və sairə tərəfindən bölünüb parçalansa, onda bütün dövlətlər tədricən dağılıb gedər. Buna görə də təsadüfi deyil ki, ATƏT-in 1975-ci il Helsinki aktında çox mühüm bir prinsip - hər bir ölkənin ərazi bütövlüyünün təmin olunması prinsipi təsbit edilmişdir.

Ona görə də siz Şimali Qafqazda, Çeçenistanda bununla məşğul olursunuz və öz hüququnuzu, beynəlxalq hüquq normalarını əsas tutaraq buna nail olmağa çalışırsınız. Biz də öz hüququmuzdan istifadə etmək istəyirik. Biz də istəyirik ki, bu məsələnin nizama salınmasının əsası beynəlxalq hüquq normaları olsun. Əlbəttə, bu məsələdə Rusiyanın fəal yardımı gərəkdir. Ona görə də Rusiyada vəziyyətin sabitləşməsi, rəhbərliyin təmizlənməsi, - mən yeni prezident seçilməsini nəzərdə tuturam və biz buna, təkrar edirəm, çox böyük ümidlər bəsləyirik, zənnimcə, digər regionlarda da, xüsusən Cənubi Qafqazda məsələlərin ardıcıl şəkildə həllinə təkan verəcəkdir. Çünki son vaxtlar regionumuza - Cənubi Qafqaza Rusiya da çox böyük maraq göstərir.

Yanvar ayında Moskvada Vladimir Vladimiroviç Putinin xahişi ilə biz, - Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycan prezidentləri, - Rusiyanın və Cənubi Qafqazın məhz əməkdaşlığı probleminə dair xüsusi görüş keçirdik. Lakin bu əməkdaşlıq yalnız o halda real, səmərəli ola bilər ki, Cənubi Qafqazda sülh olsun, ən əvvəl Ermənistanla Azərbaycan arasında sülh olsun. Bu olmasa, onda Rusiyanın Cənubi Qafqaz ilə və ya Cənubi Qafqaz ölkələrinin öz arasında səmərəli əməkdaşlığı barədə söhbətlər, sadəcə, mücərrəd bir şey olacaqdır.

Bir sözlə, biz öz ölkəmizin, regionumuzun, bütün Müstəqil Dövlətlər Birliyinin mənafelərini əsas tutaraq çox şadıq ki, Rusiyada belə dəyişikliklər baş vermişdir və əlbəttə, konkret əməli tədbirlər gözləyirik.

Ona görə də fürsətdən istifadə edərək, mənim salamımı və ən xoş arzularımı Vladimir Vladimiroviç Putinə yetirməyinizi, mənim bu sözlərimi ona çatdırmağınızı xahiş edirəm, hərçənd mən bunları ona telefonla söhbətimiz zamanı demişdim.

Sergey Şoyqu: Əlbəttə, mən Sizin sözlərinizi çatdıracağam. Bilirəm ki, Siz lap bu günlərdə Vladimir Vladimiroviçlə telefonla danışmış və bu problemə də toxunmusunuz. İndiki halda mən Rusiyanın yeni prezidentinin Cənubi Qafqazın, bizim üçün isə Şimali Qafqazın problemlərinin həllinə aid rəyini ancaq təsdiq edə bilərəm.

Şimali Qafqazda apardığımız antiterror əməliyyatı barəsində tutduğunuz mövqeyə görə Sizə minnətdarıq. Şübhəsiz ki, Sizin mövqeyiniz təmkinlidir, Şimali Qafqazda vəziyyətin tezliklə sabitləşməsi istəyinə yönəldilmişdir.

Əməkdaşlığın qalan bütün məsələlərinə gəldikdə, bunlar kifayət qədər çoxdur. Bunlar həm ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişin, - onun da vaxtı artıq çoxdan çatıbdır, - imzalanması məsələsidir, həm də sərhəd rayonları, ticarət, ixrac-idxalın həcmi ilə, - bunu da heç olmasa, 1989-cu ilin səviyyəsinə qaldırmaq lazımdır - bağlı məsələlərdir. Hərçənd 1989-cu ilə görə yekun vurmaq çətindir, çünki o vaxt biz bir ölkə idik. Lakin hər halda əlbəttə, bu barədə də düşünmək lazımdır.

Ən başlıcası isə budur ki, küçələrin, meydanların adlarını dəyişdirmək olar, amma insanların beyinlərini dəyişdirmək mümkün deyildir. İnsanlar öyrəndiklərini bundan sonra da edəcəklər. Biz hamımız bir ölkədə böyümüş və yaşamışıq. Buna görə də mənə elə gəlir ki, yalnız çox məhdud düşüncəli adamlar deyə bilərlər ki, biz bir gündə və ya bir ildə tamam başqa insanlar olacağıq.

Mən bu gün baş nazirə dedim ki, indi Azərbaycanda rus məktəbləri işlədiyinə görə, bu məktəblərdə nəinki rus uşaqları, həm də azərbaycanlı uşaqları oxuduqlarına görə Rusiya hökuməti sizə minnətdardır. Çünki bu gün söhbət ondan getmir ki, burada yalnız məscidlər olmalıdır. Burada pravoslav məbədləri də var.

Əlbəttə, bütün bunlar insanları bir-birindən uzaqlaşdırmamalı, əksinə, yaxınlaşdırmalıdır. Belə münasibətlər şərt olmamalıdır - məsələn, biz rus məktəbləri açmışıq, siz isə bunun əvəzində bir şey verin. İstəsək də, istəməsək də bu, bizim xarakterimizdədir. Amma mənə elə gəlir ki, bunu insanların özləri etmişlər və bundan sonra da edəcəklər.

Sizin kimi mən də çox ümid edirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərə siyasi sahədə də ticarət-iqtisadi sahədə də, hərbi-texniki sahədə də, bir çox digər sahələrdə də yeni dinamika veriləcəkdir. Bu gün sizinlə danışdıqlarımız yəqin ki, bax, bu əməkdaşlığın cəhətlərindən biridir. Zənnimcə, o, lazımi səpkidə və lazımi yerdə olacaqdır. O, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın ümumi mənzərəsindədir.

Məncə, Sizin arxanızdakı divardan asılmış rəsm əsəri bu gün gördüyüm sürüşmənin baş verdiyi dağın üstündən çəkilmişdir. Mənə belə gəlir.

Heydər Əliyeviç, nümayəndə heyətimizi qəbul etməyə vaxt tapdığınıza görə Sizə təşəkkür edirəm və Moskvada da, Bakıda da yeni-yeni görüşlərimiz olacağına çox ümid bəsləyirəm.

Bu gün məndən soruşdular ki, Heydər Əliyeviçi axırıncı dəfə nə vaxt görmüşəm. Sizi Moskvada MDB-nin zirvə toplantısında gördüyüm yadımdan çıxmışdı və dedim ki, biz ATƏT-in İstanbulda zirvə toplantısında görüşmüşdük. Amma, demə, Moskvada görüşmüşdük.

Həmkarımla başqa əməkdaşlarla da yeni görüşlərimizə ümid bəsləyirəm. İnanıram ki, onlar Sizin tapşırığınızı yerinə yetirəcək və Fövqəladə Hallar Nazirliyini ən yaxın vaxtlarda yaradacaqlar.

Sağ olun, Heydər Əliyeviç.

Heydər Əliyev: Sağ olun.

"Azərbaycan" qəzeti, 1 aprel 2000-ci il.