Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyanın daxili işlər naziri Boris Qrizlovla görüşdə söhbətindən - 23 oktyabr 2001-ci il


Heydər Əliyev: Boris Vyaçeslavoviç, sizi və bütün nümayəndə heyətinizi Azərbaycanda salamlayıram. Şadam ki, Rusiyanın və Azərbaycanın daxili işlər orqanları arasında əlaqələr son vaxtlar xüsusilə fəallaşmışdır. Bir çox məsələlərdə, ilk növbədə, terrorizmlə və digər xüsusi təhlükəli cinayətlərlə mübarizə məsələlərində birgə əməkdaşlığımız Azərbaycan üçün də, Rusiya üçün də, şübhəsiz, faydalıdır.

Deyə bilərəm ki, son vaxtlar, bir ildən artıqdır Rusiyanın və Azərbaycanın müxtəlif orqanları, idarələri arasında əməkdaşlıq, qarşılıqlı fəaliyyət güclənmişdir. Biz belə əməkdaşlığı həmişə istəmişik və istəyirik, amma bəzən adekvat cavab almırdıq. Vladimir Vladimiroviç Putin prezident seçildikdən və xüsusən bu ilin əvvəlində onun Azərbaycana rəsmi səfərindən sonra bütün xətlər üzrə əlaqələrimiz çox fəallaşmışdır. Demək istəyirəm ki, Rusiyanın və Azərbaycanın daxili işlər nazirlikləri arasında əməkdaşlıq xüsusilə səmərəlidir. Biz çox razıyıq ki, siz, - mən Rusiyanın daxili işlər orqanlarını nəzərdə tuturam, - Azərbaycanda cinayət törədərək Rusiyada gizlənən bəzi cinayətkarların Rusiya ərazisində axtarışı və yaxalanması ilə fəal məşğul olursunuz. Eyni işi burada, Azərbaycanda bizim Daxili İşlər Nazirliyimiz də görür.

Rusiya böyük ölkədir. Əlbəttə, orada cinayətkarların gizlənə biləcəyi yerlər var. Azərbaycan kiçik ölkədir, buna baxmayaraq, cinayətkarlar, xüsusən Şimali Qafqazda terror aktları törədənlər burada da gizlənirlər. Burada onlar özlərinə sığınacaq tapmağa çalışırlar, lakin hüquq-mühafizə orqanlarımız rusiyalı həmkarları ilə əlaqə şəraitində çox fəal işləyirlər.

Zənnimcə, sizin səfəriniz və Sizinlə Azərbaycanın daxili işlər naziri naziri Ramil Usubov, - o, Sizinlə bundan əvvəl də görüşmüşdür, - arasında olmuş danışıqlar və söhbətlər xüsusi təhlükəli cinayətlərlə, yəni terrorizmlə, narkotik maddələrin qanunsuz yayılması ilə birgə mübarizədə, xüsusən Şimali Qafqazda daha sabit vəziyyətin təmin edilməsi üçün göstərdiyimiz səylərin güclənməsinə kömək edəcəkdir. Mən buna şadam və vaxt tapıb Azərbaycana gəlməyinizi qiymətləndirirəm. Bilirəm ki, işləriniz çoxdur, məsələləriniz çoxdur, axı, ölkəniz çox böyükdür. Buna baxmayaraq, nazirimizin dəvətini qəbul etməyinizi və buraya gəlməyə imkan tapmağınızı Rusiya tərəfindən, xüsusən Daxili İşlər Nazirliyi tərəfindən Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlığı həqiqətən inkişaf etdirmək istəyi kimi qiymətləndirirəm.

Son vaxtlar başqa xətlər üzrə münasibətlərimiz də yaxşı inkişaf edir. Biz bu münasibətlərin daha da inkişaf etməsini istəyirik və bu, təbii istəkdir. Hüquq-mühafizə orqanlarının xətti ilə əməkdaşlıq isə xüsusi əhəmiyyətə malikdir. Xüsusən də beynəlxalq terrorizm, narkotik maddələr alveri kimi cinayətlər və digər təhlükəli cinayətlər geniş yayıldıqda birgə fəaliyyətin və sıx əməkdaşlığın müstəsna əhəmiyyəti var. Ümidvaram ki, bu gün həmin məsələləri müzakirə etdiniz. Yəqin ki, təkcə onları yox, başqa məsələləri də. Lakin mən yalnız bunlara toxunuram, çünki onlar bizi xüsusilə narahat edir. Mən sizi bir daha salamlayıram.

Boris Qrizlov: Hörmətli Heydər Əliyeviç, Sizinlə görüşmək imkanı yaratdığınıza görə təşəkkürünü bildirmək istəyirəm. Bu, bizim üçün çox mühüm görüşdür. Fürsətdən istifadə edib, Azərbaycanın dövlət müstəqilliyinin oktyabrın 18-də qeyd olunmuş 10 illiyi münasibətilə Sizi və dövlətinizi bir daha təbrik etmək istərdim.

Bu gün biz cinayətkarlıqla mübarizə sahəsində qarşılqlı fəaliyyətin gücləndirilməsi məsələlərini daxili işlər naziri Ramin İdrisoviçlə müzakirə etdik. Hesab edirəm ki, bu məsələləri çox konstruktiv müzakirə etdik və nəticədə 2002-ci ilin işləri haqqında protokol imzaladıq. Hazırda bizim iki təməl sənədimiz var. Bunlar idarələrarası qarşılqılı fəaliyyət haqqında 1996-cı il tarixli saziş və sərhəd rayonlarında qarşılqılı fəaliyyət haqqında 2000-ci il tarixi sənəddir. Biz 2001-ci ildə ilk dəfə illik prtotokol imzalamışdıq və indi 2002-ci ildə qarşılıqlı fəaliyyətimizin gücləndirilməsi məsələlərini həmin formatda müzakirə etmişik. Bugünkü müzakirələrdən belə nəticəyə gəldik ki, bir sıra məsələləri gələn ilə qədər təxirə salmaq olmaz və odur ki, biz artıq indi, cari il çərçivəsində bəzi məsələlər barədə razılığa gəlmişik. Məsələn, bir aydan sonra MDB ölkələri daxili işlər nazirləri şurasının iclasını keçirmək nəzərdə tutulur. Düşünürəm ki, birgə təşəbbüsümüz sayəsində beynəlxalq terrorizmlə mübarizənin gücləndirilməsinə dair bir sıra əlavə məsələləri də müzakirə edəcəyik. Bunu hazırkı şərait tələb edir.

Biz sərhədboyu rayonlarda qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələlərini müzakirə etdik. Həm beynəlxalq terrorizmlə mübarizə, həm də narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə əlaqədar şərait qarşılqılı fəaliyyətin məhz sərhədboyu rayonlarda gücləndirilməsini tələb edir. Narkotiklərlə mübarizəyə gəldikdə isə, narkotiklərin yayılmasının qarşısının alınması bu gün dövlətlərimiz üçün ən mühüm məsələdir. Vəziyyət, doğrudan da, çox ağırdır və biz Əfqanıstandan və İrandan narkotiklərin daşındığı bir məkandayıq. Bu sahədə sıx əməkdaşlığımızı daha da möhkəmləndirmək lazımdır. Biz narkotiklərin tapılması üçün Rusiyada yeni cihazların və avadanlığın işlənib hazırlanması barədə danışdıq. Ramil Usubov Azərbaycan DİN-in nümayəndə heyətinin noyabr ayında Moskvada keçiriləcək yeni polis avadanlığı və polis texnikası növləri sərgisində iştirak etməsi barədə dəvətimizi qəbul etdi. Biz orada birgə işləyib hazırladığımız cihazların və avadanlığın qarşılqılı fəaliyyəti və istifadə olunması imkanlarını müzakirə etməliyik.

Bu da mühüm istiqamətdir və zənnimcə, onu qarşılqlı fəaliyyət şəraitində inkişaf etdirmək lazımdır.

Biz Xəzər dənizində vəziyyətlə, xüsusən biosferin qorunub saxlanması ilə bağlı məsələ qaldırdıq. Brakonyerlərin vəhşicəsinə məhv etdikləri nərə balığı ilə əlaqədar vəziyyət sizin dövləti də, bizi də narahat edir. Biz qanunsuz surətdə əldə olunan məhsulun, - həm balığın, həm də kürünün, - Rusiyadan Azərbaycana və Azərbaycandan Rusiyaya ötürülməsi imkanının qarşısını almaq üçün, cinayətkar aləmin kanallarını kəsmək üçün gələn ildən Rusiyadakı texnikadan istifadə etməklə, sizdəki informasiyadan istifadə etməklə birgə keşik çəkilməsinin mümkünlüyü barədə məsələləri müzakirə etdik.

Biz informasiya mübadiləsinə dair məsələləri müzakirə etdik, bunlar da çox vacib məsələlərdir. Bizim nümayəndə heyətinə kriminal milis xidmətinin nümayəndəsi, bu xidmətin rəhbərinin müavini də daxildir. Ekspertlərin bilavasitə qarşılıqlı əlaqə şəraitində müzakirə edə biləcəkləri məsələlər də çox mühümdür.

Biz daxili işlər nazirlikləri nümayəndələrinin mübadiləsi məsələsini də müzakirə etdik. Azərbaycan DİN-in nümayəndəsi artıq Rusiyada işləyir, gələn ildən isə biz Rusiya DİN-in nümayəndəsini buraya işləməyə göndərəcəyik. Biz bu məsələni Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Timofeyeviçlə müzakirə etdik. Bizə elə gəlir ki, o, səfirliyin ərazisində yer ayıracaqdır. Azərbaycanın daxili işlər orqanları ilə bizim nümayəndəmiz arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi daha operativ məlumat mübadiləsi aparmağa imkan yaradacaqdır. Bir sözlə, zənnimcə, nəzərdə tutduğumuz bu cür tədbirlər cinayətkarlıqla mübarizə məsələlərinin həllinə əlavə təkan verəcəkdir.

Biz Azərbaycan ərazisində rusiyalı qaçqınlar olmasına aid məsələlərə də toxunduq. Onlar əsasən Çeçenistan Respublikasının sakinləridir.

Biz güman edirik ki, onların arasında nanəcib vətəndaşlar da ola bilər. Ona görə də məhz məlumat mübadiləsi məsələləri - kriminal milis xidmətlərinin həll etdikləri məsələlər burada ön sıraya çıxır. Biz bu qaçqınların bizdə, Rusiyada qəbulu məsələlərini həll etməliyik. Bu proses terrorçularla bağlı ünsürlərin aşkara çıxarılması ilə yanaşı getməlidir. Bu məsələ də müzakirə olundu və biz başa düşürük ki, o, çox ciddi məsələdir və onu yaxın vaxtlarda həll etmək lazımdır. Bizim bugünkü işgüzar görüşümüz hər iki tərəfə çoxlu fayda verdi. Biz nazirlər səviyyəsində artıq neçənci dəfədir ki, görüşürük. Sonuncu görüş Moskvada olmuşdur. Onda Ramil Usubov Rusiya DİN İdarəetmə Akademiyası kursantlarının andiçmə mərasimində, - onların arasında Azərbaycandan 15 kursant vardı, onlar da and işirdilər, - iştirak edirdi. Biz kadr hazırlığı məsələlərini də müzakirə etdik. İndi Rusiya DİN-in sistemindəki ali məktəblərdə Azərbaycandan cəmi 50 kursant oxuyur. Biz hər il qəbulu 20 nəfərə çatdırmağa hazırıq. Beləliklə, Rusiya ərazisində ali məktəblərimizdən birində eyni vaxtda təhsil alan adamların sayı ildə 80 nəfəri keçəcəkdir. Düşünürəm ki, bu da faydalıdır. Ona görə də faydalıdır ki, Rusiyada təhsil səviyyəsi, həqiqətən, yüksəkdir. Təhsilin səviyyəsi DİN sistemindəki ali məktəblərdə çox yüksəkdir, odur ki, Rusiyada təhsil verməklə əlaqələrimizi, münasibətlərimizi, sadəcə olaraq, möhkəmləndirəcəyik, bizdə işlənib hazırlanan metodikaları vahid şəklə salacağıq və onları başlıca işimizdə - cinayətkarların yaxalanmasında və cinayətkarlığın artmasının qarşısına sədd çəkilməsində tətbiq edəcəyik.

Ona görə də mənə elə gəlir ki, görüş kifayət qədər konstruktiv oldu və biz görüşün nəticələrinə dair protokol imzaladıq. Mətbuat bizi yordu, jurnalistlər çoxlu sual verdi, biz onları cavablandırdıq.

Heydər Əliyev: Sağ olun. Bəli, siz qısa müddətdə həqiqətən, çoxlu məsələ müzakirə etmisiniz. Bu, çox yaxşıdır.

Lakin ən başlıcası budur ki, qarşılqlı razılıq var, əməkdaşlıq və qarşılıqlı fəaliyyət niyyəti var. Mən bunların hamısını bəyənirəm və bəyan edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi ümumi mənafelərimiz naminə sizinlə, Rusiyanın Daxili İşlər Nazirliyi ilə bundan sonra da fəal əməkdaşlıq edəcəkdir.

Siz bir məsələyə toxundunuz. Çox məsələyə toxundunuz, amma bir məsələnin, həqiqətən, olduqca böyük əhəmiyyəti var. Onların hamısı əhəmiyyətlidir. Ancaq mən, sadəcə olaraq, diqqəti buna cəlb etmək istəyirəm. Bu, Xəzərin bioloji ehtiyatları məsələsidir.

Bilirsiniz ki, Xəzərin bioloji ehtiyatları amansızcasına talan edilir. Özü də bütün Xəzəryanı ölkələr tərəfindən talan olunur - həm Azərbaycan, həm Türkmənistan, həm Qazaxıstan, həm də Rusiya tərəfindən. Heç bir ölkə deyə bilməz ki, onun ərazisi çərçivəsində Xəzər dənizində hər şey öz qaydasındadır. Ümumiyyətlə, bu, çox mürəkkəb və çətin problemdir. Sovet İttifaqı illərində mən burada, sonra da Moskvada işləyərkən, vahid bir dövlət və Xəzərin balıq ehtiyatlarının mühafizəsi sahəsində çox ciddi qayda-qanun olduğu vaxtlarda da brakonyerlik vardı və barkonyerliklə mübarizə hüquq-mühafizə orqanlarımızın fəaliyyətində mühüm istiqamətlərdən biri idi. İndi isə Xəzərin sahilində bir deyil, beş dövlət var. Ona görə də bizim timsalımızda deyə bilərəm və hesab edirəm ki, digər Xəzəryanı dövlətlərdə də vəziyyət eynilə bu cürdür - lazımi nəzarət yoxdur. Barkonyerliklə mübarizəyə cavabdeh olan şəxslərin özləri bəzən brakonyerliklə məşğul olur, bundan faydalanırlar. Açığını deyəcəyəm, əgər bir neçə il də belə davam etsə, Xəzərdə vəziyyət çox çətin olacaqdır.

Mən keçmiş təcrübəmdən bilirəm ki, brakonyerləri tutmaq çox çətindir, çünki onlar dənizə kiçik katerlə çıxır və sanki heç nə etmirlər, əslində isə, balıq ovlayırlar. Açığını deyəcəyəm, məsələn, Azərbaycanda bazarlarda heç vaxt kürü olmurdu. Bazarlarda heç vaxt indiki qədər qiymətli balıq növləri olmayıbdır. Bir vaxtlar kürü çox nadir məhsul idi, onu əldə etmək mümkün deyildi. Xatirimdədir, 50-ci illərdə burada balaca bir kürü bankası tapmaq problem idi. Çünki hər şey bir mərkəzdə cəmləşdirilmişdi, ümumiyyətlə, Azərbaycanda çoxları kürünün nə olduğunu bilmirdi.

Xüsusilə, nərə, uzunburun balıq, ağ balıq və s. nə olduğunu bilmirdilər. Yadımdadır, bir vaxtlar Xəzərdə çoxlu siyənək balığı vardı. Bu balıq o qədər ucuz idi ki, onu mağazalarda almırdılar. Əvvəla, Azərbaycanda onu çox da yemirdilər, çünki o, araq üçün yaxşı qəlyanaltıdır. Bizdə araq az içildiyindən, siyənək balığı az yeyilirdi. İndi isə siyənək balığını tapa bilməzsən. Bax, əgər Usubova desəm ki, sabah mənə bir neçə siyənək balığı tap, mən siyənək balığı yemək istəyirəm, o, tapmayacaqdır. Eləcə də, bir çox digər növ balıqlar. Halbuki, Xəzərdə qiymətli balıqlar olduqca çoxdur. Əlbəttə ki, ən qiymətliləri uzunburun balıq, nərə balığı və ağ balıqdır. Bunlar dünyada da ən qiymətli balıqlardır. Belə çıxır ki, biz bütün bu işi başlı-başına buraxmışıq. Bir vaxtlar hər respublikanın nə qədər balıq ovlaması üçün kvota vardı, İran üçün məhdudiyyətlər çox böyük idi. Çünki bizim dənizdə sərhədimiz vardı, onlar bu sərhədi keçə bilməzdilər. İndi isə bunların hamısı pozulmuşdur. Ona görə də siz, - mən Xəzəryanı ölkələrin daxili işlər orqanlarını nəzərdə tuturam, - vaxt tapıb bu məsələni ayrıca müzakirə etməli, hər bir respublikada vəziyyəti öyrənməlisiniz. Əlbəttə, hərə sübuta yetirməyə çalışacaq ki, məndə vəziyyət belə deyildir. Hesab edirəm ki, vəziyyət hər yerdə eyni cürdür. Azərbaycanda da, Türkmənistanda da, Qazaxıstanada da, başqa ölkələrdə də belədir. Əgər siz bu istiqamətdə bir şey edə bilsəniz, böyük iş görmüş olarsınız. Bu, hansısa cinayətkarların yaxalanmasından da artıq işdir. Təkrar edirəm, Xəzər dünyada nadir dənizdir, onun bioloji ehtiyatları da nadirdir və bu ehtiyatlar talan edilir. Təəssüf ki, bu məsələni MDB-də heç kim bir dəfə də olsun qaldırmayıbdır, indi siz onu qaldırdınız və mən bu məsələni xatırladım. Hesab edirəm ki, biz təkcə daxili işlər nazirlikləri çərçivəsində deyil, bəlkə də MDB-nin Xəzəryanı dövlətləri başçıları çərçivəsində - burada isə dörd dövlət var, - vahid qayda-qanun, nəzarət yaratmalı və bunu İrana da təklif etməliyik. Bu, çox mühüm məsələdir.

Sizin müzakirə etdiyiniz bütün digər məsələlər də çox vacibdir. Mən bunların hamısını alqışlayır və bir daha bildirirəm ki, bizim tərəfimizdən əməkdaşlıq gücləndiriləcək və davam etdiriləcəkdir. Artıq əməli nəticələr var. Mən çox minnətdaram ki, müxtəlif vaxtlarda və son vaxtlar Rusiya ərazisində gizlənmiş bir çox təhlükəli cinayətkarlar tutulmuş və bizə təhvil verilmişdir. Bu yaxınlarda, bir neçə gün əvvəl...

Ramil Usubov (Azərbaycanın daxili işlər naziri): Xüsusi təyinatlı polis dəstəsinin keçmiş üzvü Moskvada yaxalanmış, Zaqatalada cinayətlər törətmiş üç cinayətkar da Dağıstanda tutulmuşdur.

Heydər Əliyev: Mən buna görə minnətdaram və ümidvaram ki, gələcəkdə də belə olacadqır.

Xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı prezident Vladimir Vladimiroviç Putinə yetirəsiniz. Onun bu ilin əvvəlində Azərbaycana rəsmi səfəri əməkdaşlığımız və qarşılqlı fəaliyyətimiz üçün olduqca əlverişli şərait yaratmışdır. Bundan sonra bir çox istiqamətlərdə əməkdaşlığımız güclənmişdir və hesab edirəm ki, belə oxşar yanaşma, yəni həm bu, həm də digər tərəfdən eyni cür yanaşma olduqda, əməkdaşlığımızı inkişaf etdirmək üçün böyük ehtiyatlarımız, böyük imkanlarımız var.

Boris Qrızlov: Heydər Əliyeviç, çox sağ olun. Mən öz tərəfimdən diqqətinizi ona cəlb etmək istərdim ki, Buynakska basqında təqsirli bilinən cinayətkarlar bu il birgə səylərimiz nəticəsində yaxalanaraq Rusiyaya ekstradisiya edilmişlər. Daxili İşlər Nazirləri Şurasının bu il keçirilmiş iclasında biz bu əməliyyatı xatırladıq. Doğrudan da, biz sıx qarşılqlı fəaliyyət göstəririk və bir-birimizin qarşısında qoyduğumuz məsələlərin həll edilməsinə heç bir maneçilik yoxdur. Biz çoxlu tapşırıqlar veririk, alırıq və bütün məsələlər bu tapşırıqlar çərçivəsində həll olunur. Cinayətkarlıqla mübarizə sahəsinə, Azərbaycan Daxili İşlər Nazirliyinə xeyli vaxt ayırdığınıza görə Sizə şəxsən təşəkkürümü bildirmək istəyirəm. Bu, çox xoşdur. Prezident Vladimir Vladimiroviç Putinin də bayram münasibətilə təbrikini və ən xoş arzularını bir daha da Sizə çatdırmaq istəyirəm. İlk dəfə gəldiyim bu gözəl şəhəriniz barədə öz fikrimi söyləmək istərdim. Çox gözəl, cazibədar, başlıcası isə qaynar şəhərdir. Küçələrdə qələbəlikdir, insanların üzü gülür, xoşdur ki, şəhər tikilir, inkişaf edir. Bu, doğrudan da, nikbin hisslər oyadır. Bir sözlə, təəssuratlarımız çox xoşdur. Bizi qəbul edib dinlədiyiniz üçün üçün bir daha sağ olun.

Heydər Əliyev: Sağ olun.

"Azərbaycan" qəzeti , 24 oktyabr 2001-ci il.