Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinlə görüşündən sonra bəyanatı - 30 noyabr 1999-cu il


Bu gün Azərbaycan prezidenti ilə Rusiya hökumətinin sədri arasında bizim ilk görüşümüz oldu.

Mən Vladimir Vladimiroviçlə ilk dəfə görüşürəm və bu görüş mənim təşəbbüsümlə keçirildi, hərçənd biz belə başa düşdük ki, o tərəfin də bu cür arzusu var idi.

Şəxsən mən bu görüşdən və söhbətdən məmnunam. Biz Rusiya ilə Azərbaycan arasında münasibətlərə aid çox geniş səpkili məsələləri müzakirə etdik.

Bizdə bu qədər məsələlərin olmasına yəqin ki, heç kəskin şübhəsi yoxdur. Biz məsələlərin hamısını müzakirə edə bilmədik, lakin onların bir qismini müzakirə etdik. Şadam ki, mənim fikirlərimin də, Vladimir Vladimiroviçin fikirlərinin də başlıca xətti bundan ibarətdir ki, biz, - Azərbaycan da, Rusiya da, - bu münasibətləri dərinləşdirmək və inkişaf etdirmək, bu işə mane olan və ya əngəl törədən, yaxud sadəcə təsir göstərən hər hansı kiçik maneələri aradan götürmək niyyətindəyik və bunun üçün səylə çalışırıq.

Hesab edirəm ki, münasibətlərimizi dərinləşdirmək və inkişaf etdirmək üçün böyük ehtiyat mənbələrimiz var. Mən bu mövqedə möhkəm dayanmışam. Rusiya ilə münasibətlər bizim üçün üstün əhəmiyyətə malikdir. Rusiya ilə Azərbaycan bir çox onilliklər və hətta yüzilliklər ərzində bir-biri ilə bağlı olmuşdur. Biz iki yüz il bir dövlətin tərkibində olmuşuq. Ona görə də həm iqtisadi, həm elmi, həm mədəni, həm də insani əlaqələr yaranmışdır. Bütün bu əlaqələr indi insanlar üçün də, dövlətlər üçün də - Rusiya Federasiyası üçün və Azərbaycan üçün əzizdir.

Biz belə bir yekdil fikirdə olduq ki, nə varsa, onun əsasında biz daha da irəliləməli və bu münasibətləri dərinləşdirmək və inkişaf etdirmək üçün əlavə tədbirlər həyata keçirməliyik.

"Azərbaycan" qəzeti, 1 noyabr 1999-cu il.