Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki cənab Viktor Sadovniçiyə təşəkkür məktubu - Bakı şəhəri, 5 fevral 2001-ci il


Hörmətli Viktor Antonoviç!

Mənə "M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru" adı verilməsi haqqında Moskva Dövlət Universiteti elmi şurasının qərarını dərin məmnunluq hissi ilə qarşıladım. Təhsilin, elm və mədəniyyətin, xalqlarımız arasında dost-luq münasibətlərinin inkişafı naminə fəaliyyətimi yüksək qiymətləndirdiyinizə görə sizə təşəkkür edirəm.

Rusiyanın qocaman ali məktəbi, dünya elm və təhsilinin mərkəzlərindən biri olan Moskva Dövlət Universitetinin Azərbaycan iqtisadiyyatının, təhsilinin, elm və mədəniyyətinin müxtəlif sahələrində uğurla çalışan yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına verdiyi töhfəni yüksək qiymətləndirirəm. İnanıram ki, Moskva və Bakı universitetləri arasındakı çoxillik dostluq və əməkdaşlıq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə, Moskva Dövlət Universitetinin bütün professor-müəllim heyətinə və tələbələrinə səadət, firavanlıq və uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti