Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə bəyanatı - 5 may 1997-ci il


Rəsmi səfər Türkiyənin prezidenti cənab Süleyman Dəmirəlin dəvəti ilədir. Mən Türkiyədə son dəfə 1994-cü ildə rəsmi səfərdə olmuşam. Doğrudur, bu müddətdə həm Türkiyədə, həm Azərbaycanda, həm də beynəlxalq təşkilatların toplantılarında Türkiyə rəhbərləri ilə çox görüşlərimiz olubdur və indiyə qədər dövlətlərarası, hökumətlərarası bir çox sənədlər də imzalamışıq. Ancaq indi belə bir rəsmi səfərin həyata keçirilməsi zərurəti həm Türkiyə, həm də Azərbaycan tərəfindən qərara alınıbdır. Ona görə də mən rəsmi səfərə gedirəm. Bütün sahələrdə - həm iqtisadi əməkdaşlıq sahəsində, həm də elmi, mədəni və başqa sahələrdə ikitərəfli Türkiyə-Azərbaycan əlaqələrinin daha da genişlənməsi, inkişaf etməsi ilə bağlı geniş danışıqlar aparacaq və bir çox sənədlər imzalayacağıq. Hansı sənədlər olacağını imzalayanda görəcəksiniz. Mən bu dəvəti çox böyük məmnuniyyəflə qəbul etmişəm və çox böyük hörmət, ehtiram hissi ilə Türkiyəyə səfər edirəm.