Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri (5-8 may 1997-ci il)


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına ikinci rəsmi səfəri həm əhatəliliyi, həm də görüşlərin sıxlığı baxımından fərqlənib. Belə ki, Azərbaycan Prezidenti Ankara, İstanbul və İzmir şəhərlərində 22 görüş keçirib.

Mayın 5-də Heydər Əliyevin bu səfərin mahiyyəti ilə bağlı “Çankaya köşkü”ndəki qarşılanma mərasimində mətbuat üçün bəyanatında dediyi kimi: “Biz son illər tez-tez görüşürük. Ancaq hesab edirəm ki, bu rəsmi səfər, görüşlər zamanı əldə etdiyimiz nailiyyətlər əsasında Türkiyə-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq imkanına malik olacağıq. Hesab edirəm ki, bütün sahələrdə əməkdaşlığımızı genişləndırmək və dərinləşdirmək üçün imkanlarımız var. Bir müstəqil dövlət olaraq Azərbaycan Respublikası buna çox böyük ehtiyac duyur”.

Həmin gün Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin görüşü olub. Tərəflər iki ölkə arasında münasibətlərin inkişaf tempindən razı qaldıqlarını bildiriblər.

Mayın 5-də İstanbulda, “Çankaya köşkü”ndə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında sənədlərin imzalanma mərasimi olub. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 8 müqavilə, o cümlədən, “Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında” bəyannamə imzalanıb. Sənədlərin imzalanma mərasimində mətbuat üçün bəyanatında Heydər Əliyev bu sənədi Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yeni mərhələyə qalxmasının göstəricisi kimi dəyərləndirib.

Mayın 5-də Azərbaycan Prezidenti Heydər Əliyevə Türkiyə Respublikasının “Dövlət nişanı”nın təqdim olunması mərasimi olub. Mərasimdə çıxış edən Prezident Heydər Əliyev bildirib: “Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdir”.

Mayın 5-də Heydər Əliyev xarici ölkələrin iqamətgahları Ankarada yerləşən, eyni zamanda Azərbaycanda akkreditasiya olunan səfirləri ilə görüşüb. Görüşdə çıxış edən Heydər Əliyev səfirləri tez-tez Azərbaycana səfər etməyə, ölkədə gedən proseslərlə bağlı obyektiv informasiya toplamağa və təmsil etdikləri ölkələri məlumatlandırmağa çağırıb.

Həmin gün Ankarada Türkiyə Prezidenti Süleyman Dəmirəl Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi ziyafət təşkil edib. Ziyafətdə çıxış edən Heydər Əliyev Azərbaycan xalqının Türkiyə-Azərbaycan dostluğuna daim sadiq qalacağını bildirib.

Mayın 6-da Prezident Heydər Əliyev Ankaranın mərkəzi küçələrindən birinə Azərbaycan prospekti adı verilməsinə həsr olunan mərasimdə çıxış edib. Heydər Əliyev bu hadisəni Türkiyə-Azərbaycan dostluğuna olan münasibət kimi səciyyələndirib.

Mayın 6-da Azərbaycan Prezidenti Heydər Əliyev həmçinin, Ankarada Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin yeni binasının təməlqoyma mərasimində, Türkiyənin Bilkənd Universitetində çıxış edib, Türkiyə Quru Qoşunları Məktəbi ilə tanış olub, tələbələrlə və Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb, bu ölkənin tanınmış jurnalistlərinə müsahibə verib.

Həmin gün Prezident Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə görüşdə çıxış edib. Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinin təcrübəsinin yalnız Azərbaycan üçün deyil, həm də demokratiya, müstəqillik yolu ilə gedən bütün dövlətlər üçün böyük məktəb olduğunu bildirib.

Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub. Heydər Əliyev mayın 6-da Türkiyənin “Samanyolu” və NTV televiziyalarına müsahibə verib, mayın 8-də isə TRT, TQRT, “Samanyolu”, NTV televiziya kanallarının rəhbərləri ilə görüşdə çıxış edərək, onların suallarını cavablandırıb.

Mayın 7-də Azərbaycan Prezidenti İzmir şəhərinə yollanıb. İzmirdə Azərbaycan Prezidentinə “9 Eylül” universitetinin fəxri doktoru diplomu təqdim olunub.

Həmin gün Prezident Heydər Əliyev İzmir valisi Kutlu Aktaşın Azərbaycan Prezidenti şərəfinə verdiyi ziyafətdə çıxış edib. İzmirlə Bakının qardaşlaşması məsələsinə toxunan Prezident Heydər Əliyev bu əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Mayın 7-də Azərbaycan Prezidenti İzmirdə “Bakı parkı”nın açılış mərasimində iştirak edib. Mərasimdə çıxış edən Heydər Əliyev bu təşəbbüsü yüksək qiymətləndirib, onun başqa şəhərlərdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Həmin gün İstanbula qayıdan Prezident mətbuat nümayəndələri ilə görüşdə bəyanat verib və jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ordu quruculuğu, din azadlığı, Bakı-Ceyhan boru kəməri, Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya münasibətləri ilə bağlı suallarını cavablandırıb.

Mayın 8-də İstanbulda Heydər Əliyevə “Fatih” universitetinin fəxri doktoru diplomu təqdim olunub.

Mayın 8-də Türkiyənin iş adamları ilə görüşən Prezident Heydər Əliyev onları Azərbaycan iqtisadiyyatına daha fəal sərmayə qoymağa çağırıb.

Elə həmin gün Azərbaycan Prezidenti İstanbulda İslam Konfransı Təşkilatının Tarix, Kültür, Sənət Mərkəzində çıxış edərək burada aparılan araşdırmaları yüksək qiymətləndirib.

Mayın 8-də rəsmi səfəri başa çatdıran Azərbaycan Prezidenti Heydər Əliyev İstanbulun Atatürk Hava Limanında bəyanat verib: “Səfərimə yekun vuraraq məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu səfər Azərbaycan üçün çox uğurlu oldu. Mən bu səfərdən, aparılan danışıqlardan, imzalanan sənədlərdən, Türkiyənin dövlət, hökumət başçıları ilə görüşlərimdən və bütün başqa görüşlərdən çox məmnunam. Mən Türkiyə Cümhuriyyətinin həyatının bir sıra mühüm səviyyələrində apardığım görüşlərin, danışıqların hamısından çox razıyam”.