Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Prezidenti İcra Aparatı rəhbərinin müavini, prezidentin xarici siyasət idarəsinin rəisi Sergey Prixodkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 22 noyabr 2000-ci il


Heydər Əliyev: Sergey Eduardoviç, mən sizi Azərbaycanda salamlayıram. Sizin əvvəllər burada olub-olmadığınızı bilmirəm.

Sergey Prixodko: Mən buraya ilk dəfədir gəlirəm.

Heydər Əliyev: Ona görə də deyirəm ki, xatırlamıram. Çox şadam ki, siz gəlmisiniz. Şadam ki, məhz belə bir missiya ilə gəlmisiniz. Biz Vladimir Vladimiroviç Putinin səfəri barədə, Rusiya prezidentinin ilk səfəri barədə səfirlə bir neçə dəfə danışmışıq. Budur, nəhayət, siz gəlmisiniz ki, planlarımız həyata keçirilsin.

Sergey Prixodko: Hörmətli Heydər Əliyeviç, mən, ilk növbədə, Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin ən səmimi və ən xoş salamlarını Sizə yetirmək istərdim. Dünən, mənim səfərim ərəfəsində biz Azərbaycanla, tərəfdaşımızla, dostumuzla əməkdaşlığın, qarşılıqlı surətdə faydalı olan çoxsahəli fəaliyyətin daha da möhkəmləndirilməsinin bizim üçün, rusiyalılar üçün necə böyük əhəmiyyətli olduğu barədə ətraflı fikir mübadiləsi apardıq. Prezident bu fikirdədir ki, Sizin dəvətinizlə onun Azərbaycana qarşıdakı ilk səfəri bizim istər ikitərəfli əməkdaşlığımızın, istərsə də beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətimizin dərinləşməsində və genişlənməsində həqiqətən yeni mərhələ olacaqdır. Biz hesab edirik ki, Sizin həm beynəlxalq forumlarda, həm MDB çərçivəsində, həm də Moskvaya səfərləriniz zamanı Vladimir Vladimiroviç Putinlə dəfələrlə keçirdiyiniz görüşlər nəticəsində aramızda qarşılıqlı anlaşma, etimad, aşkarlıq sahəsində nəzərəçarpan irəliləyiş yaranmışdır. Digər istiqamətlərdə də irəliləyiş var. Heydər Əliyeviç, biz bu üstünlükdən, istər iqtisadi əlaqələrimizin, istərsə də beynəlxalq aləmdə ünsiyyətlərinizin dərinləşməsi üçün lazımi şərait yaradılması sahəsində, bütün istiqamətlər üzrə irəliləmək üçün şəxsən Sizdə, Azərbaycan rəhbərliyində hiss etdiyimiz istəkdən istifadə etməliyik. Hörmətli Heydər Əliyeviç, buna görə də Sizin bu axşam mənimlə görüşməyə vaxt tapdığınıza görə, həmkarlarınızın ilk dəqiqələrdən mənə göstərdikləri qayğıya görə Sizə səmimi minnətdarlığımı bildirirəm və əminəm ki, Moskva ilə münasibətlərin dərinləşməsinə yönəldilmiş xeyirxahlıq və səylər prezidentimizin qarşıdakı səfərinin uğurla keçməsini hökmən təmin edəcəkdir.

Heydər Əliyev: Sağ olun. Əgər biz maraqdan danışmalı olsaq, onda yəqin ki, bu səfərə Rusiya tərəfindən daha çox biz maraq göstəririk, çünki biz müstəqillik əldə edəndən Rusiya prezidentinin Azərbaycana səfəri olmamışdır.

Sergey Prixodko: Biz borcluyuq...

Heydər Əliyev: Halbuki dəvətlər çox olmuşdur. Buna baxmayaraq, biz Rusiya ilə öz münasibətlərimizi genişləndirirdik və bu münasibətləri xarici siyasətimizdə ən öncül istiqamət hesab edirdik və hesab edirik. Təbii ki, mən Moskvada MDB-nin iclaslarında tez-tez olurdum. 1997-ci ildə isə Rusiyaya rəsmi səfər etmişdim. O zaman Boris Nikolayeviçdən xahiş etmişdim ki, Azərbaycana səfərə gəlsin. Amma şərait imkan vermədi, nə etmək olar. Bütün bunlar artıq tarixdə, keçmişdə qalmışdır. Ancaq Vladimir Vladimiroviç Rusiyanın prezidenti seçildikdən sonra mənim onunla çox görüşlərim olmuşdur, bundan əvvəl, o, hökumətin sədri olduğu vaxtlarda da olmuşdur. Mən onunla Kiyevdə, Kuçmanın andiçmə mərasimi zamanı keçirdiyimiz söhbəti də xatırlayıram. Biz razılığa gəlmişdik ki, görüşək, amma imkan olmadı. Razılaşmışdıq ki, nahardan sonra görüşək. Nahardan sonra biz görüşə yollandıq, hamı çıxıb getmişdi, biz isə qalmışdıq. Hamı düşünürdü ki, görəsən, biz haraya getmişik.

Sergey Prixodko: Məncə, Siz iki saatdan çox söhbət etdiniz.

Heydər Əliyev: Siz orada idiniz?

Sergey Prixodko: Mən söhbətin birinci hissəsində oldum, sonra Siz, əslində, ikilikdə daha iki saat söhbət etdiniz.

Heydər Əliyev: Buna görə də fikir mübadiləsi üçün kifayət qədər imkan var idi. Ancaq hər halda, rəsmi səfərin öz əhəmiyyəti, öz statusu var. Bu, birincisi. İkincisi isə, mən Moskvanı, hətta Rusiyanı yaxşı tanıyıram. Vladimir Vladimiroviç də ölkənin rəhbəri olmazdan əvvəl bir dəfə burada olmuşdur. Təəssüf ki, o vaxtlar mən burada deyildim. Onun burada nəyi görüb-görmədiyini bilmirəm, hər halda o, müəyyən təsəvvürə malikdir. Rəsmi səfərin isə başqa əhəmiyyəti var. Ona görə də biz bu səfərin olmasını çox istəyirik və açığını deyim ki, onun tez bir zamanda həyata keçirilməsini gözləyirik və arzulayırıq.

Mən sizinlə razıyam. Mən də eynilə bu fikirdəyəm. Mən bunu Vladimir Vladimiroviçə də demişdim. İndi yəqin hesab etmək olar ki, Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərində yeni mərhələ açılıır. Yəni keçmişdə pis bir şey olmamışdı, amma münasibətlərimizi belə bir vəziyyətdə saxlamaq nə Rusiya üçün əlverişlidir, nə də Azərbaycan üçün. Buna görə də Vladimir Vladimiroviçin səfərə necə əhəmiyyət verdiyini bilirəm. O da mənim buna necə əhəmiyyət verdiyimi bilir, siz də bilirsiniz. Odur ki, rəsmi səfər çox vacibdir, bu, məsələni müzakirə etməyə, lazımi sənədləri imzalamağa və münasibətlərimizi irəlilətməyə imkan verəcəkdir. Çünki biz dost olmuşuq, dostuq, dost olacağıq. Özü də, sadəcə olaraq, dildə deyil, sözün məhz həqiqi mənasında dostuq. Ona görə də şadam ki, siz məhz bu məqsədlə gəlmisiniz, bu, çox yaxşıdır, onu nəzərdə tuturam ki, biz səfərə sizinlə birlikdə hazırlaşa, hansı sənədləri imzalayacağımız barədə düşünə bilərik və sair. Mən sizi salamlayıram. Vladimir Vladimiroviç Putinə mənim salamımı və ən xoş arzularımı yetirin, deyin ki, mən onu səbirsizliklə gözləyirəm.

"Azərbaycan" qəzeti, 23 noyabr 2000-ci il.