Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun Bakının Nərimanov rayonunda məskunlaşmış qaçqınlarla görüşündə çıxışı - 15 iyul 1995-ci il


Hörmətli bacılar, qardaşlar!

Hörmətli həmvətənlər!

Hamınızı ürəkdən salamlayıram. Mən sizin simanızda bütün Azərbaycanı, öz elindən, obasından, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızı salamlayıram və sizi əmin etmək istəyirəm ki, respublikamızın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması üçün, Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı tərk etməsi, ərazilərimizdən çıxarılması, qaçqınlarımızın öz yerinə, yurduna qayıtması üçün əlimizdən gələni edirik və edəcəyik. Buna əmin ola bilərsiniz.

Mən bilirəm ki, siz ağır vəziyyətdəsiniz. Burada sizin vəziyyətiniz o çadırlarda yaşayanların şəraitindən bəlkə də üstündür. Necə də olsa, siz Bakıdasınız, buranın şəraitindəsiniz. Mən çadırlarda olmuşam. Həmin çadırlarda qışda şaxta, yayda isə bundan da isti hava insanları sıxır, onlar xəstələnirlər, həyatdan gedirlər. Bu, bizim xalqımızın faciəsidir. Xalqımız bu faciəyə yeddi il öncə düçar olub və ayrı-ayrı siyasətbazların günahı nəticəsində, dünyada haqq-ədalətin pozulması nəticəsində Azərbaycan xalqının başına bu işlər gəlibdir. Ancaq bilin, Allah heç vaxt imkan verməyəcəkdir ki, bu ədalətsizlik davam etsin. Biz öz xalqımızın qüdrətinə, cəsarətinə inanırıq. Biz ədalətə, insan hüquqlarının və beynəlxalq normaların qorunmasına inanırıq. Güman edirəm ki, o gün gələcək və o vaxt çox uzaq deyil. Biz haqq-ədalət yolu ilə öz torpaqlarımıza qayıdacağıq və hər biriniz doğma yurdunuzda yaşayacaqsınız.

Mən buna tam əminəm. Ona görə də sizdən tam dözümlülük diləyirəm. Mən bilirəm ki, siz dözümlüsünüz. Burada 1992-ci ilin mayında Laçından qaçmış qaçqınlar var. Onlar artıq üç ildir ki, qaçqın vəziyyətindədir. Şuşadan, Dağlıq Qarabağdan qaçqın düşmüş adamlar üç ildən artıqdır ki, bu şəraitdə yaşayırlar. Kəlbəcərdən, Zəngilandan, Qubadlıdan, Füzulidən, Cəbrayıldan, Ağdamdan olan qaçqınların vəziyyətini mən şəxsən bilirəm.

Biz bunu bilirik. Siz bilin ki, işimizin tam əksəriyyəti yalnız və yalnız bir məsələyə müharibəyə son qoymağa, sülh yolu ilə və bütün başqa yollardan istifadə etməklə torpaqlarımızı azad etməyə və qaçqınlarımızı yerlərinə qaytarmağa, ölkəmizdə, cəmiyyətimizdə, müstəqil Azərbaycan dövlətində əmin-amanlıq yaratmağa həsr olunubdur.

Hər birinizin vəziyyəti mənim qəlbimi incidir, sıxır. Mən sizinləyəm. Hesab edin ki, o çadırlarda olan qaçqınlarla da bir yerdə yaşayıram. Bu ağır vəziyyətdə yaşayan hər birinizlə mən bir yerdəyəm. Xalqımız da sizinlə birlikdədir. Ona görə də qəhrəmanlığınıza, şücaətinizə, dözümlülüyünüzə görə sizə təşəkkür edirəm. Bilin ki, sizin bu ağır günlərinizi tarix heç vaxt unutmayacaq və bu çətin günləriniz uzun çəkməyəcək, siz öz yerinizə, yurdunuza, vətəninizə qayıdacaqsınız.

Bu gün Rusiya parlamentinin sədri cənab Şumeyko sizinlə görüşə gəlibdir. Bundan qabaq biz başqa yerdə də olmuşuq. Sizin vəziyyətinizi o da öz gözləri ilə görür. Bütün dünyadan buraya gələn ayrı-ayrı nümayəndələr də görürlər ki, XX əsrin sonunda insanlar belə ağır vəziyyətdə yaşaya bilməzlər. Cənab Şumeyko da görür və güman edirəm ki, özü üçün nəticə çıxarır ki, bu qədər haqsızlığa, bu qədər ədalətsizliyə, insanların hüquqlarının bu qədər tapdalanmasına yol vermək olmaz.

Cənab Şumeyko dedi ki, biz Müstəqil Dövlətlər Birliyindəyik. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olmasına mən təşəbbüs göstərmişəm. Ancaq biz Müstəqil Dövlətlər Birliyinə ona görə girmişik ki, hər bir dövlət bu birlikdən istifadə edib öz istəyinə nail olsun. Yəni öz arzularını yerinə yetirə bilsin. Bizim Azərbaycanın ən böyük arzusu odur ki, Ermənistanın respublikamıza qarşı təcavüzünə son qoyulsun. Ermənistan silahlı qüvvələri işğal etdikləri torpaqlarımızdan geri çəkilsinlər. Biz buna görə MDB-yə girmişik. Əgər biz Müstəqil Dövlətlər Birliyində Ermənistanla bir yerdə olacağıqsa və bu birlik Azərbaycanın bu vəziyyətinə yardım etməyəcəksə, onda bu birlik nəyə lazımdır? Cənab Şumeyko bunların hamısını öz gözləri ilə görür. Mən dünən və sırağa gün onunla ətraflı söhbətlər etmişəm. O, bu məsələlərin hamısına tamamilə düzgün siyasi qiymət verir. Mənimlə danışıqlarında və sizin qarşınızdakı çıxışında da dedi ki, belə vəziyyətə dözmək olmaz.

Biz dəfələrlə demişik ki, - siz də burada dediniz - Azərbaycan xalqı rus xalqına dost və qardaş ölkə kimi, xalq kimi baxır. Azərbaycan xalqı on illərlə, yüz illərlə rus xalqı ilə dostluq edibdir. Bu dostluq və qardaşlıq hissləri bu, gün də davam edir. Bu, azərbaycanlıların qəlbindədir. Bunu heç vaxt silmək olmaz. Eyni zamanda dost dosta gərək kömək əlini uzatsın. Biz hamımız rus xalqından, Rusiyadan umuruq ki, onlar bizə kömək etsinlər. Güman edirəm ki, sizin səsləriniz Moskvada eşidiləcək, cənab Şumeykonun qəlbində öz izini salacaq, onun bu barədə fikirlərinin daha da formalaşmasına kömək edəcək və əminəm ki, Azərbaycan xalqının bu ağır vəziyyətdən çıxmasına yardım edəcəkdir.

Hamı bilir ki, biz sülhsevər xalqıq. Biz istəyirik ki, məsələlərimiz sülh yolu ilə həll olunsun. Daha qan tökülməsini istəmirik. Biz bunu istəmirik. Ona görə də biz sülh yolu ilə gedirik və dünya ictimaiyyətinə, Rusiyaya, rus xalqına, dünyanın bütün böyük dövlətlərinə müraciət edirik. Ancaq bu müraciətlər nəticə verməsə, qoy dünyada heç kəs deməsin ki, biz aciz xalqıq. Biz aciz xalq deyilik. Nəyin bahasına olursa-olsun, öz torpaqlarımızı geri qaytaracağıq. Son damla qanımızadək mübarizə aparıb, bir qarış torpağımızı da yadlara verməyəcəyik. Bunu bilin. Axıradək bilin. Bütün qaçqınlar, bütün xalqımız da bilsin ki, Azərbaycan xalqının iradəsi də var, Azərbaycan xalqının cəsarəti də var, Azərbaycan xalqı öz torpağını güc yolu ilə də qaytara bilər. Ancaq biz bu yolla getmirik. Biz sülhsevərik. istəyirik ki, xalqımızın sülhsevərliyini dünya ictimaiyyəti də dərk etsin. Rusiyada da dərk etsinlər, Rusiyanın dövlət başçıları da dərk etsinlər.

Bunu bilin və mən əminəm ki, bizim hörmətli qonağımız cənab Şumeykonun buraya bugünkü səfəri, sizinlə görüşü bu məsələlərin həll olunması üçün şübhəsiz ki, yeni şərait yaradacaqdır. Mən burada sizin cənab Şumeykoya verdiyiniz müraciətlə tamamilə həmfikirəm. Güman edirəm ki, sizin müraciətiniz Rusiyanın prezidenti cənab Yeltsinə çatdırılacaq, lazımi qaydada diqqətlə baxılacaq və Azərbaycana kömək ediləcəkdir.

Sizin hər birinizə mən bir daha hörmət və ehtiramımı, sevgi-məhəbbətimi bildirirəm. Sizin hər birinizlə mən daim bir yerdəyəm, hamınıza cansağlığı arzulayıram və əmin edirəm ki, biz torpaqlarımızı azad edəcəyik. Müstəqil Azərbaycan Respublikası yaşayacaq, öz ərazi bütövlüyünü təmin edəcək, sərhədlərini bərpa edəcək və gələcəyimiz xoşbəxtdir. Sağ olun!