Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Azərbaycandakı səfiri Aleksandr Bloxinlə söhbətindən - President sarayı, 17 dekabr 1999-cu il


Heydər Əliyev: Mən sizinlə yenidən görüşməyimə şadam. Təəssüf edirəm ki, bu görüş Sizin bu rolunuzda axırıncı görüşdür. Buna baxmayaraq, gələcəkdə də əməkdaşlıq edəcəyimizə ümid bəsləyirəm, o mənada ki, Rusiya Federasiyasının səfiri kimi Azərbaycanda olduğunuz dövrdə Siz Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı, əməkdaşlığın genişlənməsi üçün az iş görməmisiniz. Buna görə də mən Sizi salamlayıram.

Aleksandr Bloxin: Heydər Əliyeviç, məni qəbul etdiyinizə görə çox sağ olun.

Bugünkü görüş həqiqətən qeyri-adi görüşdür. Burada olduğum dörd il yarım ərzində salonlarda kifayət qədər tez-tez görüşmüşük və elə görünürdü ki, bu, normal haldır, növbəti görüş də olacaqdır. Lakin bugünkü görüş hər halda mənim üçün kədərlidir. Çünki nə qədər və nələr etdiyim barədə, necə deyərlər, mən mühakimə yürütməliyəm. Mühakiməni ən əvvəl siz yürütməlisiniz, azərbaycanlılar, ötən bu dörd il yarımda burada tapdığım bir çox dostlar yürütməməlidirlər. Hər halda mənə elə gəlir ki, mən burada, Azərbaycanda hamının gözünə vicdan rahatlığı ilə baxa bilərəm. Çünki başa düşürəm ki, buradan gedərkən prezidentin gözlərinə, xalqın gözünə baxmamaq, zənnimcə, ən ağır cəza olardı. Mən deyirəm ki, buradan vicdan rahatlığı ilə gedirəm, çünki bilirəm, ötən dörd il yarımda bu ölkədə nə etmişəmsə, həmişə elə qərarlar tapmağa çalışmışam ki, onlar Rusiya üçün də, Azərbaycan üçün də qarşılıqlı surətdə faydalı olsun.

Heydər Əliyeviç, o ki qaldı Sizin şəxsi xidmətlərinizə, mən bu barədə bəlkə də çox gözəl danışa bilməmişəm. Lakin ona görə yox ki, mən bu xidmətləri görmürdüm, yaxud qiymətləndirmirdim. Nə etmək olar, bəlkə də təbiətim belədir. Amma bu gün mən bunu açıq və vicdanla deyə bilərəm, çünki çıxıb gedirəm və heç kəs məni qınaya bilməz ki, mən prezident haqqında hansısa sözləri ona görə deyirəm ki, o, nə isə etsin. Yox, buna görə danışmıram. Mən tam səmimiyyətlə belə hesab edirəm ki, Azərbaycanda olduğum bu dövr həyatımda yəqin ən mühüm, ən məsul və maraqlı dövrdür. Bütün bu dörd il yarımda bir prezident kimi, bir inan kimi Siz mənim həyatımda hər hansı şəkildə həmişə iştirak etmisiniz; elə bir insan ki, mən ona təkcə səfir olaraq vəzifəmə görə deyil, sadəcə ona görə hörmət edirəm ki, kimlər nə desə də, Sizin Azərbaycan üçün böyük işlər apardığınızı görmüşəm.

Mən görürdüm ki, Siz nə işlər görmüsünüzsə, bunların hamısı Azərbaycanın rifahına yönəldilmişdir. Mən bunun qarşısında baş əyir və Sizə səmimi qəlbdən "Sağ olun" demək istəyirəm, çünki bütün bu dörd il yarım mənim üçün böyük və həqiqi məktəb olmuşdur. Çox şadam ki, vaxtilə məni məhz Azərbaycana göndəriblər, həyat məni Sizinlə rastlaşdırdı, böyük siyasətçinin nə olduğunu gördüm.

Mən Sizinlə işləyərkən Rusiya və Azərbaycan üçün nə isə faydalı iş görməyə çalışır, eyni zamanda Sizin necə işlədiyinizi görürdüm. Bu, həqiqətən də istənilən insana layiq olan həyatdır. Mayakovskinin sözləri yadınızda olar: "Həyatı qurmağı kimdən öyrənmək barədə düşünən gənc". Mən Mayakovskinin sözlərini başqa şəkildə ifadə edərək belə deyərdim: "Bunu bir an da düşünmədən, yoldaş Əliyevdən öyrənərdi". Heydər Əliyeviç, Siz həqiqətən böyük siyasətçi və əsl insansınız. Bunu deməkdən utanmıram və belə demək mənə xoşdur, çünki indi heç kim məni tərif söyləməkdə təqsirləndirməz - çünki buradan gedirəm.

Heydər Əliyeviç, çox-çox sağ olun. Ümid edirəm ki, dekabrın 18-də mənim hələ bakılılarla görüşmək imkanım olacaqdır. Çox ümid edirəm ki, Siz həmin gün Musiqili Komediya Teatrına təşrif buyurmaqla bizi şərəfləndirəcəksiniz. Mənim bakılılarla, Bakı ilə salamatlaşmaq imkanım olacaqdır. Yesenin Bakı ilə salamatlaşarkən nə düşündüyünü bilmirəm, amma yəqin ki, buna bənzər hiss keçirmişdir. Ona görə ki, Bakı həqiqətən mənim həyatımın bir hissəsi, yaddaşımın bir hissəsidir. Sonrakı taleyimdən asılı olmayaraq, bunu həyatımdan, yaddaşımdan qoparmaq mümkün deyildir.

Onu deyirəm ki, bu, mənim həyatımın xüsusi bir dövrüdür. Ona görə də Sizə böyük minnətdarlıqla yanaşıram. Sizə müraciətlə etdiyim xahişlər - həmvətənlərim olan konkret insanlardan tutmuş hansısa siyasi məsələlərə qədər geniş dairəni əhatə edən bu xahişlər diqqətdən kənarda qalmamışdır. Hər halda Sizə şəxsən müraciət etdiyim xahişlər cavabsız qalmamışdır. Bu, hər bir səfir üçün çox mühümdür. Çünki əgər səfirin sualları cavabsız qalırsa, bu o deməkdir ki, nəyi isə axıradək götür-qoy etmir. Bir sözlə,Sizin sayənizdə mən Rusiya Federasiyasının prezidenti, ümumən ölkəm tərəfindən üzərimə qoyulmuş vəzifənin öhdəsindən gəlmək imkanına malik olmuşam.

Heydər Əliyeviç, çox-çox sağ olun.

Heydər Əliyev: Hesab edirəm ki, Rusiya Federasiyasının səfiri kimi Azərbaycanda olduğunuz dörd ildən artıq müddətdə Siz Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün az iş görməmisiniz. Onu da deyə bilərəm ki, Siz ölkənizi layiqincə təmsil etmiş, onun mənafelərini layiqincə qorumuş, Rusiya Federasiyasının səfiri kimi Sizə həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirmisiniz.

Rusiya böyük ölkədir. Hər hansı ölkədə Rusiyanın səfiri olmaq böyük şərəfdir. Xüsusən də Azərbaycan kimi bir ölkədə, sahəsinə görə bəlkə o qədər də böyük olmayan, ancaq Rusiya ilə çox sıx tarixi əlaqələrə malik, öz xüsusiyyətlərinə malik və Qafqaz regionunda, - həm də təkcə Qafqazda yox, - əhəmiyyəti olan ölkədə. Ona görə də hesab edirəm ki, Siz Moskvaya alnıaçıq qayıda bilərsiniz.

Birgə işimizə gəldikdə, bəlkə də sizin üçün işləmək məhz ona görə çətin deyildi ki, Azərbaycanda dövlət siyasəti, Azərbaycan prezidenti olaraq mənim siyasətim həmişə və bu gün də siyasi, iqtisadi, humanitar, mədəni, elmi sahələrdə, bütün sahələrdə Rusiya ilə münasibətlərin möhkəmlənməsinə və inkişafına yönəldilmişdir.

Bu, o qədər də sadə deyildir, o mənada ki, keçmiş SSRİ-nin digər ölkələri kimi, Azərbaycan da Rusiyanın həmişə xüsusi bir yer tutduğunu Sovet İttifaqının böyük bir hissəsindən ayrılaraq müstəqillik əldə etmişdir.

Biz XIX və XX əsrlərdə Rusiya ilə birlikdə olmuşuq. Xüsusən də bu yüzilliyin 20-ci ilindən, yəni Sovet İttifaqının tərkibində olduğumuz və çox sıx bağlı olduğumuz vaxtdan bəri. Buna görə də indi bir-birimizdən ayrılmaq, Azərbaycanın, zənnimcə, bizim kimi digər ölkələrin də Rusiyadan ayrılması, öz müstəqil həyatını qurması, özünün müstəqil daxili və xarici siyasətini təmin etməsi, bununla yanaşı, Rusiya ilə münasibətləri saxlaması və möhkəmlətməsi o qədər də asan bir məsələ deyildir.

Dağlıq Qarabağla əlaqədar 1988-ci ildən etibarən baş vermiş və sonra Ermənistan-Azərbaycan münaqişəsinə çevrilmiş hadisələr, 1990-cı il yanvarın 20-də baş vermiş hadisələr Azərbaycan əhalisinin geniş təbəqələrinin sovet quruluşuna, Sovet İttifaqına, sovet hökumətinə münasibətinə çox mənfi təsir göstərmişdir. Bəziləri isə bu gün də Rusiyanı keçmiş Sovet İttifaqı ilə eyniləşdirirlər. Odur ki, bir çox hallarda istifadə etməyə səy göstərilmiş və bu gün də səy göstərilən həmin yaralar münasibətləri qurmaq yolunda həmişə böyük problem olmuşdu. Bu, həmin işi görməyin necə çətin olduğunu göstərir. Amma bir prezident kimi mən öz prinsipial xəttimdən heç zaman dönməmişəm.

Ola bilsin ki, xarici siyasətimizdə nə isə Rusiyada kimlərinsə xoşuna gəlməmişdir və bu gün də xoşuna gəlmir. Ancaq hesab etmirəm ki, bu, dövləti xarakter daşıyır. Əksinə, bu, subyektiv mülahizə və təzahürlərin nəticəsidir. Başlıca strateji xətt isə bundan ibarətdir ki, Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır.

Azərbaycanda biz Rusiya ilə münasibətlərə üstün əhəmiyyət vermişik və veririk. Bundan sonra da belə olacaqdır, xüsusən mənim siyasətimdə. Azərbaycanla Rusiya arasında çox böyük əməkdaşlıq sahəsi var. Burada işlədiyiniz dörd il yarımda siz adamların Rusiyaya, rus mədəniyyətinə, rus dilinə necə böyük hörmət bəslədiyini yəqin hiss etmisiniz.

... Azərbaycan bütün müsəlman Şərqində nümunədir, burada Azərbaycana bərabər elə bir ölkə yoxdur ki, dünyəvi həyat tərzi belə erkən meydana gəlməyə başlasın və tez bir zamanda bütün xalq üçün, bütün cəmiyyət üçün həyat normasına çevrilmiş olsun.

İndi, biz müstəqil dövlət olduğumuz bir vaxtda, təbiidir ki, öz milli dəyərlərimizə, adətlərimizə, milli mədəniyyətimizə, öz dinimizə böyük əhəmiyyət veririk. Bununla yanaşı, dünyəvi dövlət kimi, Avropa ilə sıx bağlı olan dövlət kimi Azərbaycan üçün Avropa ilə bu əlaqə məhz Rusiya vasitəsilə, Rusiya mədəniyyəti vasitəsilə baş vermişdir. Bizim üçün başlıcası xalqımızın inkişafını ümumbəşəri dəyərlər əsasında təmin etməkdir. Ümumbəşəri dəyərlər isə həm bizim milli dəyərlərimizdir, həm Avropa, həm də Rusiya dəyərləridir və bu dəyərlər sintez şəklində Azərbaycanın həyatının əsas məzmununu təşkil edir.

... Son vaxtlar Rusiya mətbuatında təbliğ edilir ki, MDB ölkələri arasında, Cənubi Qafqazda Rusiyanın ən başlıca müttəfiqi Ermənistandır.

Bu, sizin öz işinizdir. Əgər Ermənistanda bütün rus məktəbləri bağlanıbsa, hamının ancaq erməni dilində təhsil alması haqqında qanun qəbul edilibsə və o, sizin əsas strateji və ən yaxşı müttəfiqinizdirsə, nə deyirəm, qoy belə də olsun. İndi Azərbaycan naməlum səbəblərə görə bu kateqoriyaya daxil deyildir. Amma bir baxın, Azərbaycanda nə qədər adam rus məktəblərində oxuyur, özü də onların əksəriyyəti azərbaycanlıdır. Ali məktəblərimizdə rus bölməsi saxlanmışdır. Bu cür çox misallar çəkmək olar. Demək istəyirəm ki, bu kök salmış hisslər heç vaxt yox olmayacaq və Azərbaycanla Rusiya arasında münasibətlər həmişə xoş, səmimi, ən yaxşı münasibətlər olacaqdır. Bir də deyirəm, bu, xarici siyasətimizdə strateji istiqamətdir və biz bunun belə olmasını istəyirik.

... Hər bir müstəqil dövlət bütün ölkələrlə münasibətlər yaratmaq istəyir, hər bir dövlətin öz mənafeləri var. Azərbaycanın mənafeləri hər şeydən əvvəl iqtisadi mənafelərdir, habelə ümumbəşəri dəyərlər əsasında öz xalqının inkişafına yönəldilmiş mənafelərdir.

Bununla yanaşı, Azərbaycan heç nəyə baxmadan Rusiya ilə həmişə dost olacaq, bu dostluğu inkişaf etdirəcək, əməkdaşlığı inkişaf etdirəcəkdir. Zənnimcə, Rusiya Şimali Qafqazda sabitliyi təmin edə biləndə, imkanlar daha çox olacaqdır. Belə ki, Şimali Qafqazda yaranmış vəziyyət iqtisadi əlaqələrimizi olduqca məhdudlaşdırır. Əminəm ki, Rusiya Şimali Qafqazda sabitliyi təmin edə biləcək, öz dövlət suverenliyini, öz ərazi bütövlüyünü müdafiə edə biləcəkdir. Buna heç bir şübhə yoxdur. Bundan sonra ölkələrimiz arasında münasibətlər daha çox inkişaf edəcəkdir.

Demək istəyirəm ki, bütün bu dörd ildən artıq müddətdə bunların hamısında sizin xidmətləriniz var. Bilirəm ki, bir səfir kimi siz öz ölkənizin mənafelərini müdafiə edərək, Rusiyanın mənafelərini qoruyaraq həmişə Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi ruhunda fəaliyyət göstərmisiniz. Mən bunu bilirəm, bunu görmüşəm və bu gün bunu açıq bəyan edirəm.

Bilirəm ki, siz Rusiya Federasiyasının müxtəlif dairələrində yaranmış yalan məlumatın və ya yalan fikirlərin dağılması üçün çox işlər görmüsünüz. Mən bunu bilirəm. Bilirəm ki, siz çalışmısınız. Biz həmişə Rusiya ilə münasibətləri möhkəmlətməyə və inkişaf etdirməyə çalışmışıq və çalışırıq. Rusiyanın səfiri olaraq siz də bu inkişafın hər iki tərəfdən fəal olması üçün çalışmısınız və mümkün olan hər şeyi etmisiniz, əlinizdən gələni əsirgəməmisiniz.

Buna görə də Rusiyanın Azərbaycanda səfiri kimi sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Siz ölkənizi layiqincə təmsil etmisiniz. Bu, çox vacibdir, bu, başlıca cəhətdir. Öz dövlətinin layiqli təmsilçisi olmaq, eyni zamanda olduğun ölkə ilə münasibətləri inkişaf etdirməyi bacarmaq səfir üçün başlıca vəzifədir. Amma bu vəzifəni yerinə yetirməyə heç də hamı müvəffəq olmur. Hesab edirəm ki, siz bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlmisiniz. Bax buna görə də siz cəmiyyətimizdə böyük nüfuz qazandınız, sizə çox səmimi münasibət var. Hesab edirəm ki, siz öz işinizlə burada yaxşı bir iz qoyursunuz. Əgər Rusiya Federasiyası üçün nə kimi işlər gördüyünüzdən danışmalı olsaq, onda deməliyik ki, siz gözəl səfirlik kompleksi - həm bina, həm də yaşayış evi yaratdınız, özü də Bakı şəhərinin ən yaxşı hissəsində. Bu, məni sevindirir, çünki istəyirəm ki, burada hər bir xarici səfirliyin səmərəli fəaliyyəti üçün müvafiq şəraiti olsun, eyni zamanda, hər bir səfirlik binası şəhərimizə, respublikamıza gözəllik versin. Sizin yaratdıqlarınız şəhərimizi bəzəyir, işiniz üçün çox yaxşı şərait yaradır. Digər MDB ölkələrindəki səfirlərin sizin burada gördüyünüz işləri görüb-görə bilmədiyini deyə bilmərəm, əgər kimsə belə işlər görübsə də, fərqi yoxdur, sizin nümunəniz ən yaxşı nümunədir.

Şadam ki, siz bu vəzufədən Rusiya hökumətində daha yüksək vəzifəyə gedirsiniz. Kiminsə səfir vəzifəsindən hökumətdə daha yüksək vəzifəyə irəli çəkilməsi nadir hadisədir. Mən buna çox şadam. Sizi bu münasibətlə təbrik edirəm. Ümidvaram ki, siz öz yeni vəzifənizə başladıqdan sonra da Azərbaycanla əvvəlkitək əlaqə saxlayacaqsınız və ölkəmizdə həqiqi vəziyyətə başqalarına nisbətən daha yaxşı bələd olduğunuza görə, yeni vəzifənizdə də çalışacaqsınız ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər inkişaf etsin, Rusiya-Azərbaycan münasibətlərinə düşmənçilik əhval-ruhiyyəsində olan ayrı-ayrı qüvvələrin süni surətdə yaratdıqları mənfi hallar tədricən aradan qaldırılsın. Çünki Azərbaycanda həqiqi vəziyyəti siz hamıdan yaxşı bilirsiniz. Ona görə də mən buna şadam.

Digər tərəfdən isə, biz deyə bilərik ki, görünür, Azərbaycanda işləmək elədir ki, səfir buradan yüksək vəzifəyə irəli çəkilir. Mən buna şadam. Sizə gələcək işinizdə uğurlar, cansağlığı arzulayıram. Ümidvaram ki, siz bizimlə dostluq əlaqələrini kəsməyəcəksiniz - mən hökumətlə, dövlətlə, burada tapdığınız dostlarla əlaqələri nəzərdə tuturam. Sizi istənilən vaxt Azərbaycana qonaq kimi dəvət edirəm. Sizinlə bizim aramızda rəsmi münasibətlərlə yanaşı, yaxşı şəxsi münasibətlər də yaranmışdır. Mən bunu da qiymətləndirirəm. İstədiyiniz vaxt Azərbaycana qonaq gəlin. Biz sizinlə əlaqə saxlayacağıq, ümidvaram, siz də belə edəcəksiniz.

Aleksandr Bloxin: Sizin sözləriniz adamın canına məlhəm kimi yayılır. Çünki öz dövlətini təmsil etdiyin ölkənin prezidentindən öz işinə yüksək qiymət verildiyini eşitmək səfir üçün bəlkə də ən xoş haldır.

Siz Rusiyanın Azərbaycana münasibətindən danışdıqda, bu sahədəki problemlərdən, mənfi və yaxşı məqamlardan danışdıqda diqqət yetirdim ki, yaxşı cəhətlər qat-qat çoxdur. Mənə elə gəlir ki, əgər Rusiya ilə Azərbaycan öz münasibətlərini qurarkən ötən 200 ildə aramızda olmuş bütün yaxşı cəhətləri həmişə qoruyub inkişaf etdirsələr, bu, gələcək yaxşı qarşılıqlı münasibətlərin rəhni olacaqdır.

Əlbəttə, bütün problemləri həll etmək mümkün olmadı, lakin belə düşünürəm ki, indi Rusiya ilə Azərbaycan arasında münasibətlərin saviyyəsi kifayət qədər yüksəkdir. Sizin Vladimir Vladimiroviç Putinlə görüşünüz məni xüsusilə ruhlandirir, mən onun bu görüşə müsbət münasibət bəslədiyini bilirəm. Deməliyəm ki, bu, ölkələrimiz arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün çox yaxşı əlavə zəmin ola bilər.

Əgər indi varisim məni dinləsəydi, mən ona bütün müsbət cəhətləri, hətta kiçik cəhətləri də qoruyub saxlamağı arzu edərdim, çünki böyük münasibətlər, böyük dostluq bunlardan yaranır.

... Fürsətdən istifadə edərək, səmimi qəbula görə, bu şəhər mənə həm işdə kömək etdiyinə görə, həm də çətin anlarda ürək-dirək verdiyinə görə sizə, bütün bakılılara təşəkkürümü bildirmək istərdim. İnanıram ki, Rusiya və Azərbaycan xalqları arasında dostluğun alternativi sadəcə olaraq mövcud deyildir. Qəti əminəm ki, hansısa siyasi qüvvələr, adamlar bu dostluğa mane olmağa çox cəhd göstərsələr də, onların cəhdləri boşa çıxacaqdır. Əminəm ki, əgər xoş məram olarsa, biz bütün problemləri həll edə biləcəyik.

Heydər Əliyev: Rusiya hökumətinin sədri Vladimir Vladimiroviç Putinlə Kiyevdə olan çox səmərəli söhbətimizi mən də qeyd etmək istərdim. Mən onunla görüşdən, söhbətdən çox məmnun qaldım. Yeri gəlmişkən, söhbət çox çəkdi. Deyərdim ki, bu görüş mənim son vaxtlar Rusiya dövləti rəhbərliyinin nümayəndələri ilə olan əhəmiyyətli görüşlərimdən biridir. Buna görə də hesab edirəm ki, münasibətlərimizin inkişafı üçün bu görüşün çox ciddi əhəmiyyəti olacaqdır.

"Azərbaycan" qəzeti, 18 dekabr 1999-cu il.