Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş ümumrespublika müşavirəsində nitqi - Respublika sarayı, 27 iyun 1998-ci il


Hörmətli bacılar, qardaşlar, həmvətənlər!

Xanımlar və cənablar!

Azərbaycan Respublikasının bugünkü respublika müşavirəsi ölkəmizdə mühüm problemlərdən biri olan qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunubdur. Azərbaycanda kütləvi surətdə qaçqın və köçkün problemləri 1988-ci ildən başlayıbdır. Mən son mərhələni nəzərdə tuturam. Bu da Ermənistanın Azərbaycana qarşı torpaq iddiasından - Dağlıq Qarabağ vilayətinə, respublikamızın Ermənistan ilə Azərbaycan arasındakı sərhədlərdə olan bəzi yaşayış məntəqələrinə iddiasından başlanıbdır. Bu iddialar sonra hərbi əməliyyatlara və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə çevrilibdir. Biz artıq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamızın ərazi bütövlüyünün pozulmasını görürük. 1988-ci ildə Ermənistanda Azərbaycana qarşı torpaq iddiaları hərəkatı başlayandan Ermənistanın ekstremist, mürtəce qüvvələri ölkəmizin daxilində olan separatist qüvvələrlə bərabər, bütün bu faciələrin baş verməsinə gətirib çıxardılar.

Bu tarixi mərhələlər sizə məlumdur, ancaq bir daha yadınıza salmaq istəyirəm. İlk dəfə 1988-ci ildə, demək olar, hələ 1986, 1987-ci illərdə Ermənistan Azərbaycanın sərhədindəki yaşayış məntəqələrinin, kəndlərin bəzilərinin guya ona mənsub olduğunu iddia edərək həmin torpaqları zəbt edə bilmişdi. Sonra 1988-ci ildən Ermənistanın bu sahədə təcavüzkar, qəsbkar əməlləri başladı və Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında Ermənistanın təzyiqi, apardığı işlər nəticəsində və respublikamızın o vaxtkı rəhbərliyinin bu məsələlərə diqqət yetirməməsi, məsuliyyətsiz yanaşması nəticəsində Dağlıq Qarabağ vilayəti Azərbaycanın tərkibindən çıxıb Ermənistana daxil olmaq barədə qərar qəbul etdi. Bu, çox ciddi bir hal idi. Ancaq təəssüflər olsun ki, o vaxt Azərbaycanın rəhbərliyi buna lazımi münasibət göstərə bilmədi. Azərbaycanın ərazisinə edilən qəsdin, başlanan təcavüzün qarşısını vaxtında ala bilmədi. Bu da münaqişənin başlanmasına səbəb oldu.

O dövrdəki hadisələr sizə məlumdur. 1988-ci ildə ermənilər özləri törətdikləri bütün cinayətlərdən, təxribatlardan və Azərbaycana qarşı təcavüzkar hərəkətlərindən istifadə edərək, Ermənistanda yaşayan azərbaycanlıların zorla çıxarılmasına, onların qaçqın vəziyyətinə düşməsinə nail oldular. Azərbaycan tərəfi, rəhbərliyi yenə də buna qarşı adekvat addımlar ata, tədbirlər görə bilmədi, ən azı passiv müdafiə mövqeyini tutdu. Beləliklə, Ermənistanda, öz doğma torpaqlarında, diyarlarında yaşayan azərbaycanlılar Ermənistandan kütləvi surətdə çıxarıldılar, qaçqın oldular. Siz bu barədə bilirsiniz ki, XX əsrdə Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və qədim Azərbaycan torpaqlarında vaxtilə yaranmış Ermənistan dövlətinin azərbaycanlıları öz doğma torpaqlarından tədricən çıxarması, onlan deportasiya etməsi haqqında məlumatlar, faktlar bizim qərarlarımızda, fərmanlarımızda, sənədlərimizdə öz əksini tapıbdır. Ermənistan hakimiyyəti əsrin əvvəlindən başladığı bu siyasətə 1988-ci ildə demək olar ki, son nöqtəni qoymağa nail oldu və azərbaycanlılar öz doğma yurdlarından, torpaqlarından zorla çıxarıldılar, qaçqın oldular. Onların bir qismi o vaxtkı Sovetlər İttifaqının respublikalarında, Rusiyada, tam əksəriyyəti isə gəlib Azərbaycanda yerləşdilər. Sonra Ermənistanın Azərbaycana qarşı torpaq iddiası davam etdi. Bunlar hamısı müharibəyə çevrildi, qanlı döyüşlər getdi. Nəhayət, Ermənistanın Azərbaycana hərbi təcavüzü baş verdi. Məhz bunlarm nəticəsində Dağlıq Qarabağda yaşayan azərbaycanlılar o illər, hələ 1989-1990-cı illərdə öz yerlərindən-yurdlarından zorla çıxarıldılar, köçürüldülər. Hətta o illər Orta Asiyada baş vermiş hadisələrlə əlaqədar Azərbaycana pənah gətirmiş, Dağlıq Qara-bağda yerləşdirilmiş Axıska türklərinin bir qismi də oradan zorla çıxarıldılar, köçürüldülər. Beləliklə, 1992-ci ildə Dağlıq Qarabağ vilayətinin ərazisi azərbaycanlılardan demək olar ki, tamamilə təmizləndi, yəni azərbaycanlılar Dağlıq Qarabağ Vilayətinin ərazisindən zorla çıxarıldılar, köçürüldülər. Bununla yanaşı, həmin illər gedən müharibə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan bir neçə rayonunu işğal etdi. Həmin rayonların sakinləri, bizim soydaşlarımız bu işğal nəticəsində öz yerlərini-yurdlarını tərk etməyə məcbur oldular, məcburi köçkün vəziyyətinə düşdülər.

Azərbaycan bu on il ərzində böyük bir faciə içərisində yaşamış, qurbanlar vermiş, insanlar tələf olmuş, böyük itkilərə məruz qalmışlar və bir milyondan artıq azərbaycanlı öz doğma yerindən-yurdundan didərgin, qaçqın, köçkün vəziyyətinə düşərək belə vəziyyətdə yaşayır. Beləliklə, biz qaçqınlar və köçkünlər haqqında danışanda birinci növbədə Ermənistandan zorla çıxarılmış və qaçqın düşmüş insanları nəzərdə tuturuq. Sonra Ermənistan ilə Azərbaycanın sərhədlərində olan bir sıra yaşayış məntəqələri, kəndlər Ermənistan tərəfindən işğal olunduğuna görə həmin yerlərdən zorla çıxarılmış, didərgin düşmüş soydaşlarımızı, Dağlıq Qarabağ vilayətinin ərazisindən çıxarılmış azərbaycanlıları və respublikamızın Dağlıq Qarabağ ətrafında olan inzibati rayonlarının işğalı nəticəsində oradan zorla çıxarılmış soydaşlarımızı nəzərdə tuturuq. Bütün bunlarla bərabər, 1944-cü ildə vaxtilə Gürcüstanla Türkiyə sərhədində olan doğma yurdlarından çıxarılmış Axısxa türkləri sonralar - 1960-1970-ci illərdə Orta Asiyadan köçüb Azərbaycanda məskunlaşmış, artıq respublikamızın vətəndaşlarına çevrilmişlər. Ancaq Axıska türklərinin ikinci belə böyük bir hissəsi Orta Asiyada Fərqanə və Oş hadisələri baş verdiyi zaman oradan köçürülmüş və onların bir qismi Azərbaycana gələrək respublikamızda özlərinə məskən tapmışlar.

Beləliklə, Azərbaycanda əhalinin bir milyondan çoxu qaçqın və köçkün statusuna malikdir. Bunların əksəriyyətinin yaşamaq üçün lazımi şəraiti yoxdur. Məlumdur ki, onlar respublikamızın müxtəlif rayonlarında dövlət binalarında, yataqxanalarda, istirahət evlərində, sanatoriyalarda, məktəblərdə, başqa cürbəcür binalarda - yaşayış üçün normal şəraiti olmayan binalarda yerləşdiriliblər. Onların böyük bir hissəsi neçə ildir ki, çadırlarda, dəmir yolu vaqonlarında yaşayır. Yenə də deyirəm, onların əksər hissəsi çox ağır vəziyyətdə yaşayır. Son illər Azərbaycan bir çox sosial-iqtisadi problemlərlə rastlaşmaqla yanaşı, belə bir ağır, faciəli sosial-iqtisadi, mənəvi, humanitar problemlə də üzləşibdir. Mən deyə bilərəm ki, bu amilə görə dünyada Azərbaycana bərabər bir dövlət tapmaq mümkün deyildir. Hər halda biz öz işlərimizi həmişə keçmişdə Sovet İttifaqına mənsub olmuş respublikalarla müqayisə edirik. Heç bir respublika belə ağır və çətin problemlə rastlaşmayıbdır. Bütün bu problem həmişə Azərbaycan dövlətinin, hökumətinin, ictimaiyyətinin əsas problemi olub və bu gün də əsas problemidir. Bu problemlə biz son beş ildə çox ciddi məşğul oluruq, mümkün olan işləri görürük, lazımi tədbirləri həyata keçiririk. Ancaq şübhəsiz ki, bunlar hamısı yerindən-yurdundan didərgin düşmüş insanların həyatını normal səviyyəyə çatdırmayıb və çatdıra da bilməz. Çünki bu insanların normal vəziyyətdə yaşaması yalnız və yalnız onların öz yerlərinə-yurdlarına qayıtması və müvafiq yaşayış şəraiti yaranması nəticəsində ola bilər. Ancaq bizim apardığımız tədbirlər, gördüyümüz işlər əhalimizin bu hissəsinin vəziyyətini mümkün qədər yaxşılaşdırmaqdan və mövcud çətinlikləri aradan qaldırmaqdan ibarət olubdur.

Ötən bu illər həmin problemlərlə əlaqədar bir çox qərarlar qəbul etmişik, fərmanlar imzalanıbdır, tədbirlər görülübdür. Bu gün isə belə bir müşavirənin çağırılması indiki zərurətdən doğubdur. Bugünkü müşavirənin məqsədi mövcud vəziyyəti - qaçqınların, köçkünlərin vəziyyətini təhlil etmək və problemlərini həll etməkdən ibarətdir, mövcud nöqsanları aradan qaldırmaq üçün tədbirlər görməkdən, Azərbaycanda qaçqın və köçkün vəziyyətində yaşayan insanların özlərini dinləmək və onların fikirlərini bilməkdən ibarətdir. Buna görə də bu gün biz demək olar, ilk dəfə olaraq bütün köçkün və qaçqın əhalinin nümayəndələrini bir yerə yığmışıq, bu salona dəvət etmişik.

Ötən illərdə şəxsən mənim qaçqınlarla, köçkünlərlə çox görüşlərim olubdur. Çadır şəhərciklərində də, onların yaşadıqları, məskunlaşdıqları ayrı-ayrı yerlərdə də, rayonlarda da görüşlərim keçirilibdir. İşğal edilmiş rayonların nümayəndələri ilə görüşlərim olubdur. Belə görüşlər eyni zamanda bəzi xarici ölkələrin başçılarının Azərbaycana səfəri zamanı onlarla birlikdə də həyata keçirilibdir. Bunlarla yanaşı, mən bu məsələ ilə daim maraqlanaraq, vəziyyət haqqında məlumatlar alıram. Ancaq bugünkü müşavirədə daha geniş, ətraflı, düzgün, obyektiv məlumat almaq bizim hamımız üçün lazımdır. Qaçqın və köçkün vəziyyətində yaşayanların nümayəndələri ilə yanaşı, bu müşavirəyə Azərbaycanın dövlət və hökumət orqanlarının rəhbərləri, şəhər və rayonların icra hakimiyyəti başçıları, bu məsələyə münasibəti olan təşkilatların və mətbuatın nümayəndələri də dəvət ediliblər. Mən hesab edirəm ki, biz bu gün dövlət və hökumət orqanlarının bu məsələ ilə məşğul olan məsul şəxslərinin, həm də qaçqın və köçkün vəziyyətində yaşayanların nümayəndələrinin məlumatlarını və fikirlərini dinləyib, bu sahədə işlərimizin bundan sonra daha da yaxşı aparılması üçün lazımi tədbirlər görə bilərik.

Bizim müşavirəmiz tam işgüzar xarakter daşıyır. Mən çox arzu edirəm ki, burada söz demək istəyənlərin hamısı fikirlərini bildirsinlər. Hər bir adama söz demək imkanı veriləcəkdir. Mən çox arzu edərdim ki, çıxış edən şəxslər hər şeyi doğru-düzgün, obyektiv bildirsinlər. Biz Azərbaycanda belə bir ağır problemin olduğunu heç vaxt inkar edə bilmərik. Əksinə, bu, bizim həyatımızın bir hissəsidir və çox çətin, ağır hissəsidir. Heç vaxt inkar etmək olmaz ki, bu sahədə problemlər var. Bu problemlər şübhəsiz ki, vardır. Bunu inkar etmək mümkün deyildir. Heç kəs deyə bilməz ki, bu işlərdə nöqsanlar yoxdur. Nöqsanlar da vardır, - haradasa çoxdur, haradasa azdır. Bu da vardır. Eyni zamanda heç kəs inkar edə bilməz ki, Azərbaycanın dövləti, hökuməti daim məşğuldur və qaçqınların, köçkünlərin yaşaması, əmək fəaliyyətinə cəlb olunması və onların həyatındakı çətinliklərin aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Ancaq bütün bunlara baxmayaraq, mən arzu edərdim ki, bugünkü müşavirəmizdə biz bu problemlə əlaqədar daha da doğru-düzgün təsəvvür əldə edək və gələcək işlərimizi bunun əsasında daha yaxşı qura bilək. Bu sahə ilə məşğul olan şəxslər müşavirədə məlumat verməlidirlər. Mən arzu edərdim ki, bundan sonra qaçqınlar, köçkünlər öz fikirlərini, təkliflərini, arzularını bildirsinlər. Bilirsiniz ki, hələ 1995-ci ildə bu problemlərlə daha da ciddi məşğul olmaq üçün mənim fərmanımla Nazirlər Kabinetində xüsusi vəzifə - Baş nazirin müavini vəzifəsi təsis edilibdir və qaçqınların, köçkünlərin problemi ilə əlaqədar hökumət komissiyasi yaradılıbdır.

Yekun nitqi

Əziz dostlar, bacılar, qardaşlar!

Müşavirə iştirakçılarından çoxsaylı yazılı müraciətlər almışam. Bunların hamısı buradadır. Ancaq saat artıq 7-dir. Əgər səhərə qədər dözə bilərsinizsə, hamıya söz verə bilərəm. Neçə saat dözə bilərsinizsə, o qədər də işləyək. Mən belə başa düşürəm ki, dözə bilərsiniz, amma eyni zamanda hesab edirsiniz ki, daha deyilənlər bəsdir.

Əziz dostlar! Əziz bacılar, qardaşlar!

Mən hesab edirəm ki, bugünkü gün bizim ölkəmizin, xalqımızın tarixinə düşəcəkdir. Çünki Azərbaycana Ermənistanın təcavüzü nəticəsində qaçqınlar və köçkünlər yaranandan indiyə qədər ilk dəfədir ki, burada, möhtəşəm Respublika Sarayında bütün qaçqınların, köçkünlərin nümayəndələri toplaşmış və Azərbaycanın dövlət, hökumət orqanlarının rəhbərləri ilə birlikdə problemləri müzakirə edirlər. Mən şəxsən sizinlə yenidən görüşməyimdən çox məmnunam. Sizinlə görüşmək həmişə məndə çox həyəcan doğurur. Ona görə həyəcanlanıram ki, sizin vəziyyətinizi yaxşı bilirəm və anlayıram. Eyni zamanda ona görə həyəcanlanıram ki, sizi belə mərd, dözümlü, etibarlı insanlar kimi görürəm, sizi qəhrəman insanlar kimi görürəm. Bu gün də çox həyəcanlı gündür. Mən hər bir çıxışı çox diqqətlə dinlədim. Düzdür, bəzi natiqlər vaxtdan çox istifadə etdiklərinə görə digərlərinin çıxış etmək imkanına mane oldular. Ancaq mən bunlara baxmayaraq, hər bir deyilən sözdə səmimiyyət hiss etdim. Mən bu gün fürsətdən istifadə edərək sizə, əziz bacılar, qardaşlar, köçkünlər, qaçqınlar və sizin simanızda, Azərbaycanda yaşayan bütün qaçqınlara, köçkünlərə öz hörmət-ehtiramımı bildirirəm, sizə olan sevgi, məhəbbətimi izhar edirəm və sizi əmin edirəm ki, mən sizin və bütün vətənimizin ən böyük problemi ilə bundan sonra da daim məşğul olacağam.

Azərbaycan dövlət müstəqilliyini əldə edərkən və ondan öncəki illərdə də Ermənistanın təcavüzü ilə rastlaşmışdır və hamıya məlum olan səbəblərdən bu təcavüz Azərbaycan ərazisinin bir qisminin işğalına gətirib çıxarıbdır. İşğal olunmuş Azərbaycan torpaqlarından bizim soydaşlarımız zorla çıxarılıb didərgin düşüblər. O zaman Ermənistanda yaşayan azərbaycanlılar da zorla, böyük təzyiqlər və böyük təcavüzlər nəticəsində qaçqın düşüblər. Qeyd etdiyim kimi, Orta Asiyadan da Azərbaycana gəlib yerləşmiş Axıska türkləri, qaçqınları vardır. Ona görə də Azərbaycanda indi iki problem vardır, - bu, əslində bir problemdir, - birincisi, Azərbaycan torpaqlarının bir qisminin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır, ikincisi də işğal edilmiş torpaqlardan bu ərazilərin sakinlərinin didərgin salınması, zorla çıxarılması, köçkün vəziyyətinə düşməsidir. Qeyd etdim ki, bu, bir problemdir, amma iki hissədən ibarətdir və bir-biri ilə bağlıdır. Biz bu problemləri həll etmək istəyirik. Yəni, bizim qarşımızda duran ali vəzifə, ali məqsədimiz işğal olunmuş torpaqları azad etmək, Azərbaycan ərazisindən Ermənistan silahlı qüvvələrinin hamısını çıxarmaqdır, bunun nəticəsində isə yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına, öz evlərinə, öz yurdlarına qayıtmasıdır. Bilirsiniz ki, biz bu problemlə daim məşğul oluruq.

Bu gün sizə bir daha bəyan etmək istəyirəm ki, bu, Azərbaycan dövlətinin, hökumətinin və şəxsən Azərbaycanın dövlət başçısı, prezidenti kimi, mənim qarşımda duran ən əsas vəzifədir və daim - hər gün, hər saat mənim diqqət mərkəzimdədir. Burada, Bakıda Azərbaycanın başçısı kimi fəaliyyət göstərdiyim beş il müddətində mənim fəaliyyətimin əksər hissəsi yalnız və yalnız bu problemin həll olunmasına həsr edilibdir. Ancaq problem həll olunmayıbdır. Ona görə də biz seçim qarşısındayıq. Nə etməli? Qeyd etdim ki, bizim ali vəzifəmiz, məqsədimiz işğal olunmuş torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və yerlərindən didərgin düşmüş soydaşlarımızı öz yurdlarına qaytarmaqdır. Seçim qarşısındayıq. Hansı yol ilə getməliyik, nə etməliyik? Bunun iki mümkün yolu vardır: bir yol yenidən döyüşləri başlayıb, işğal olunmuş torpaqları müharibə yolu ilə nəyin bahasına olur-olsun azad etmək və sizləri, bütün qaçqınları, köçkünləri öz yerlərinə-yurdlarına qaytarmaq, digər yol həmin məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll etməkdir. Başqa yol yoxdur. Hər halda mən başqa yol görmürəm. Bilirsiniz ki, şəxsən mən ikinci yolu seçmişəm, ona üstünlük vermişəm. Bu məqsədlə də 1994-cü il may ayının 12-də Ermənistanla Azərbaycan arasında 1988-ci ildən gedən hərbi münaqişədə atəşkəs haqqında saziş imzalanıbdır və bu saziş dörd ildən artıqdır yerinə yetirilir. Atəş yoxdur, döyüşlər getmir, qan tökülmür, insanlar tələf olmur, atəşkəs rejimi yaşayır. Ancaq atəşkəs haqqında saziş imzalayarkən biz, şübhəsiz ki, bunu məsələnin sülh yolu ilə həll olunması istiqamətində bir vasitə kimi qəbul etmişik. Bu gün də belə hesab edirik. Bizim ötən dörd il müddətində bu istiqamətdə, bu sahədə gördüyümüz işlər göz qabağındadır, sizə məlumdur. Hesab edirəm ki, çox iş görmüşük və müəyyən nailiyyətlər əldə etmişik. Mən bunu tam məsuliyyətlə, tam qətiyyətlə deyirəm. Çünki, təkrar edirəm, görülən işlər, bizim əməli fəaliyyətimiz, hər gün, hər dəqiqə bu sahədə həyata keçirdiyimiz tədbirlər həm respublika ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin gözünün qarşısındadır. Siz bunları görürsünüz, müşahidə edirsiniz. Ən böyük nailiyyət ondan ibarətdir ki, dörd ildən artıqdır atəş yoxdur. Bu, bizim sülhsevər siyasətə, sülh siyasətinə sadiqliyimizi nümayiş etdirir və həqiqətən məsələnin sülh yolu ilə həll olunmasına üstünlük verdiyimizi nümayiş etdirir. Biz bunun nəticəsində ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti sağ-lamlaşdırdıq.

Siz bu gün bu barədə çox danışdınız. 1988-ci ildən Azərbaycanın daxilində baş vermiş qarmaqarışıqlığı, pozuculuğu, hakimiyyətsizliyi, məsuliyyətsizliyi aradan qaldırdıq, ictimai-siyasi vəziyyəti sabitləşdirdik. Şübhəsiz ki, bilirsiniz, - bu, asan olmadı. Çünki daxildə yaranmış vəziyyətdən öz şəxsi mənafeləri üçün istifadə edən şəxslər, qruplar, cinayətkar dəstələr həddindən ziyadə idi, həddindən çox idi. Onlar artıq belə vəziyyətə öyrənmişdilər və bu yolda özlərinə görə çoxlu mənfəət götürmüşdülər, özlərinə görə "uğurlar" əldə etmişdilər. Ona görə bu, bir-iki adamın qarşısını almaq deyildi. Böyük cinayətkar silahlı dəstələrin, qrupların qarşısını almaq lazım idi, onları zərərsizləşdirmək lazım idi, insanları onlardan xilas etmək lazım idi. Azərbaycan onlardan qurtulmalı idi və biz Azərbaycanın bu qurtuluşuna nail ola bildik. İndi Azərbaycanda daxili vəziyyət sabitdir, insanlar rahat yaşayırlar. Doğrudur, bunu pozmaq istəyənlər də vardır. Siz bu barədə öz fikirlərinizi bildirdiniz. Amma mən bu gün bəyan edirəm ki, heç kəs buna nail ola bilməz. O ağlını itirmiş adamlar heç olmasa qoy ağıllarını yerinə qoysunlar. Beləliklə, bizim əldə etdiyimiz nailiyyət atəşkəsin yaranması, atəşkəsin nəticəsində Azərbaycanda daxili ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi, sakitliyin əldə olunması və bunların nəticəsində də Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi və insanların rifah halının yaxşılaşdırılması üçün lazım olan tədbirlərin görülməsidir. Siz bunları görülən işlərin nəticəsində bilirsiniz, görürsünüz. Ən əsas nəticə ondan ibarətdir ki, biz beynəlxalq ictimaiyyəti Azərbaycanın haqlı olduğuna inandıra bilmişik. Beynəlxalq ictimaiyyətdə Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və səbəbkarları haqqında fikri demək olar ki, çox mənada müsbət istiqamətdə dəyişdirə bilmişik. Yəni ədalətli, obyektiv fikir formalaşdırmağa nail ola bilmişik. Məhz bunların nəticəsində beynəlxalq təşkilatlarda və xüsusən ATƏT-in 1994- cü ilin dekabrında Budapeştdəki zirvə görüşündə, sonra ATƏT-in 1996-cı ildəki Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün müəyyən irəliləmələrə nail olmuşuq. Lissabon zirvə görüşündə qəbul olunmuş qərar, bəyanat nəhayət, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin prinsiplərini müəyyən edibdir. Bu prinsiplər əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ, Fransa 1997-ci ildə və 1998-ci ilin ötən aylarında çox səylər göstərmişlər, konkret təkliflər irəli sürmüşlər. Beləliklə, sülh prosesi gedir. Ləng, çətin gedir, ağır gedir, amma irəliyə gedir. Bunun ləng getməsinin səbəbi də şübhəsiz ki, Ermənistanın bu barədə tutduğu qeyri-konstruktiv mövqeyidir. Ancaq ATƏT, onun Minsk qrupu və Minsk qrupunun həmsədrləri öz səylərini davam etdirirlər və mən ümidvaram ki, bundan sonra da davam etdirəcəklər.

Beləliklə, məsələnin sülh yolu ilə həll olunması bir günün, bir ayın, bir ilin işi deyildir. Bunun üçün vaxt, zaman lazımdır. Dediyim kimi, ötən dörd il müddətində biz xeyli iş görmüşük və mən məsələnin sülh yolu ilə həll olunmasına nikbin əhval-ruhiyyə ilə baxıram. Ancaq mən dedim, - işğal olunmuş torpaqların azad edilməsinin digər yolu da vardır. O yol işğal olunmuş torpaqları döyüşlər, vuruşlar vasitəsilə, müharibə vasitəsilə azad etməkdir. Bu, bizim haqqımızdır. Biz heç bir ölkənin, dövlətin torpağına göz dikməmişik və bu gün də dikmirik. Baxmayaraq ki, XIX-XX əsrlərdə Azərbaycanın xəritəsi Azərbaycanın zərərinə olaraq dəyişilibdir və tarixi torpaqlarımızın bir qismi bu gün bizim müstəqil Azərbaycan Respublikasının ərazisindən kənardadır. Bu, böyük məsələdir. Amma biz isə öz haqqımız uğrunda - Azərbaycan dövlət müstəqilliyini əldə edərkən beynəlxalq təşkilatlar tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ərazimizin bütövlüyü uğrunda mübarizə aparırıq, bu xəritənin üzərində mübarizə aparırıq, yəni bu xəritənin bərpa olunması uğrunda mübarizə aparırıq. Ona görə də mən deyirəm ki, bu, bizim haqqımızdır. Mən bu gün sizə bunu açıq-aydın deyirəm və radio, televiziya vasitəsilə ölkəmizdə bizi dinləyənlər də bunu eşidirlər. Deyirəm ona görə ki, bir daha sizinlə, xalqla məsləhətləşək: hansı yolla getməliyik? Mən sizinlə məsləhətləşməyi daha da vacib hesab edirəm. Çünki siz işğal olunmuş torpaqların sahiblərisiniz. Sizin ata-baba yurdunuz, doğma torpaqlarınız işğal altındadır. Bu, bütün Azərbaycan Respublikasındadır, Azərbaycan xalqınındır. Amma bilavasitə sizin yaşadığmız yerlərdir. Ona görə də mən sizinlə məsləhətləşməyi vacib hesab edirəm: biz hansı yolla gedək? Sülh, danışıqlar yolu ilə, yaxud da özümüzü səfərbər edək, gücümüzü toplayaq, nəyin bahasına olur-olsun torpaqlarımızın azad edilməsinə qalxaq? Fikriniz nədir? Qoy sizin fikirlərinizi bir-iki nəfər uca səslə ifadə etsin.

Yerdən səslər: Cənab prezident, siz bizim ağsaqqalımızsınız. Bu milləti bəladan Siz xilas edə bilərsiniz. Ona görə də Siz nə məsləhət görürsünüz, o da olsun. Biz Sizin arxanızca getməyə hazırıq. Cənab prezident, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, biz torpaqlarımızı nəyin bahasına olursa-olsun almağa hazırıq. Sizin fikriniz bütün xalqın fikridir. Siz hansı yolu göstərirsinizsə, biz o yolla getməliyik. Bütün Azərbaycan xalqı Sizin mövqeyinizi, fikirlərinizi dəstəkləyir.

Möhtərəm prezident, halva-halva deməklə heç vaxt ağız şirin olmur. Burada hərə bir söz danışır. Biri deyir, torpaqlarımızı müharibə yolu ilə alaq. Amma çox adam öz övladını əsgəri xidmətə göndərmir, göndərəndə də gündə gedib oğlunu hərbi hissədən evə gətirib yanında saxlayır. Siyasət ancaq və ancaq sülh siyasəti olmalıdır. Biz Sizin sülh siyasətinizi möhkəm müdafiə etməliyik. İnanırıq ki, Sizin şəxsinizdə, sizin sayənizdə torpaqlarımızı işğaldan azad edəcəyik. Mən bütün anaların, qadınların hamısının adından deyirəm: Biz müharibə istəmirik, buna razı deyilik. İndiyə qədər verdiyimiz şəhidlər bəs deyilmi? Biz sülh istəyirik. Arzu edirik ki, dünya şöhrətli siyasətçi, xalqımızın müdrik oğlu Heydər Əliyev sülh yolu ilə torpaqlarımızı azad eləsin və biz qaçqın və məcburi köçkünləri öz yerimizə-yurdumuza qaytarsın. Cənab prezident, bu yolda Sizə Allahdan kömək diləyirik.

Heydər Əliyev: Aydındır, sakit olun. Mən bəzi sözləri və çox gur səslə danışan insanları eşitdim. Sizin sözlərinizin tam əksəriyyəti onu ifadə edir ki, siz məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarısınız. Mən hesab edirəm ki, məsələnin sülh yolu ilə həll olunması sahəsində hələ böyük imkanlar vardır. Bu imkanlar ondan ibarətdir ki, Azərbaycan bütün dünyaya sübut edib ki, ərazisinin 20 faizinin işğal edilməsinə, böyük itkilər verməsinə baxmayaraq, işğal olunmuş torpaqlarda sizin, Azərbaycanın var-dövlətinin viran olmasına, dağıdılmasına baxmayaraq, biz sülhsevər siyasət aparırıq. Biz bunu dünyaya nümayiş etdirmişik. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirirlər. O mənada yox ki, yüksək qiymətləndirirlər və hesab edirlər ki, biz elə belə vəziyyətdə olmalıyıq. Yüksək qiymətləndirirlər və hesab edirlər ki, məsələni məhz sülh yolu ilə daha da müvəffəqiyyətlə həll etmək olar. Ona görə də mən hesab edirəm ki, məsələnin sülh yolu ilə həll edilməsi sahəsində hələ böyük imkanlar vardır. Biz bu imkanlardan istifadə etməliyik. Mən sizin ümumi fikrinizi cəmləyərək bəyan edirəm ki, bundan sonra da biz məsələnin sülh yolu ilə həll olunmasına çalışacağıq. Ancaq siz də bilin, Azərbaycanın bütün vətəndaşları da, dünya da bilməlidir ki, Azərbaycan heç vaxt öz ərazisinin bir qarışını belə heç bir ölkəyə, başqa dövlətə verə bilməz. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Dağlıq Qarabağa Lissabon sammitinin qərarına görə Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilə bilər. Biz heç vaxt Dağlıq Qarabağın müstəqil olmasına, yaxud da Ermənistana bağlanmasına razı ola bilmərik və buna heç vaxt yol verməyəcəyik.

Azərbaycanın işğal edilmiş torpaqları azad olmalıdır, Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün ərazisindən çıxarılmalıdır. Azərbaycan dövləti bütün ərazisinə tam nəzarət etməlidir və işğal olunmuş torpaqlardan didərgin düşmüş soydaşlarımız yerlərinə-yurdlarına qayıtmalıdır. Mən inanıram ki, biz buna nail olacağıq. Siz öz yerinizə-yurdunuza, doğma torpağmıza qayıdacaqsınız. Biz bu məsələ ilə məşğul olacağıq. Ancaq bu da vaxt tələb edir. Hesab edirəm ki, indiyə qədər hamımız dözmüşük, bundan sonra da dözməliyik ki, məsələni dediyiniz kimi, sülh yolu ilə həll edək. Bu yolda, bu istiqamətdə bu siyasəti aparmaq üçün birinci növbədə mən sizin, işğal olunmuş torpaqlardan didərgin düşmüş bacı-qardaşlarımızın və bütün Azərbaycan xalqının dəstəyinə arxalanıram. Azərbaycan torpaqlarının işğal olunması və sizin yerinizdən-yurdunuzdan didərgin düşməyiniz bizim hamımız üçün dərddir. Bu, bütün xalqın, bizim millətimizin, dövlətimizin dərdidir. Bu, sizin dərdinizdir, amma bu dərdi hamımız çəkirik. Siz hamıdan çox çəkirsiniz. Çünki əgər biz ölkəmizin ərazi bütövlüyünün pozulmasının, əhalimizin bir qisminin yerindən-yurdundan didərgin düşməsinin dərdini çəkiriksə, şəhidlərin, itkilərin dərdini bir yerdə çəkiriksə, amma siz bütün xalqın, vətənimizin dərdini çəkməklə yanaşı, hərəniz öz dərdinizi, ailənizin, evinizin dərdini də çəkirsiniz. Ona görə mən sizi anlayıram. Kim desə ki, hamının dərdi sizin dərdiniz kimidir, bu, doğru, düz olmazdı. Mən bir dövlət başçısı kimi sizin - yerindən, obasından didərgin düşmüş hər bir ailənin, evin dərdini çəkirəm. Amma hər bir ailə öz dərdini daha da əziyyət içində çəkir. Ona görə bu dərdi hamımız bir yerdə çəkirik.

Bilirsiniz, mən də sizin nə qədər əziyyət içində olduğunuzu, nə qədər problemlər içində olduğunuzu yaxşı bilirəm. Bilin, əmin olun ki, hər birinizin dərdi mənim şəxsi dərdimdir, qəlbimi incidir. Mən sizin, xalqımızın hamısının bu dərddən qurtarmasını özüm üçün ən böyük xoşbəxtlik hesab edirəm. Bizim hamımızı incidən və yaralarımızı sızıldadan verdiyimiz şəhidlərdir. Azərbaycan xalqı 1988-ci ildən indiyə qədər çox şəhidlər veribdir. Bu, bizim xalqımızın şəhidləridir. Amma sizlərin, əziz bacılar, qardaşlar, hər birinizin öz ailənizin, evinizin, kəndinizin, qəsəbənizin, rayonunuzun şəhidi vardır. Ona görə də deyirəm ki, sizin dərdiniz hamının dərdindən ağırdır. Mən Azərbaycanın torpaqlarının müdafiəsi yolunda şəhid olmuş bütün övladlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm.

Allah bütün şəhidlərə rəhmət eləsin.

Əminəm ki, biz torpaqlarımızı azad edəndən sonra, sizin yerlərinizə-yurdlarınıza qayıtmağınızı təmin edəndən sonra şəhidlərin xidməti daha da yüksəklərə qalxacaqdır. Biz onları heç vaxt unutmayacağıq. Onlar öz şəhidliyi, qəhrəmanlığı ilə öz adlarını millətimizin tarixinə yazıblar. Bu da böyük şərəfdir. Belə bir dövrdə, belə bir zamanda sizin, elindən-obasından didərgin düşmüş qaçqınların, köçkünlərin vəziyyəti və problemlərinin həll olunması bizim əsas vəzifəmizdir. Bu barədə bu gün ətraflı danışıldı. Məruzələrdə geniş məlumatlar verildi. Sizin çıxışlarınızla bu barədə həm məlumatlar verildi, həm dəbir çox məsələlər irəliyə sürüldü, təkliflər verildi. Hesab edirəm ki, bugünkü müşavirə bundan sonra qaçqınların, köçkünlərin, didərgin düşmüş insanların problemlərinin həll olunması üçün çox əhəmiyyətlidir. Mən hesab edirəm ki, bu gün verilən təkliflərin hamısı öyrənilməlidir və imkan dairəsində onlar öz həllini tapmalıdır. Sizin verdiyiniz təkliflər, irəli sürdüyünüz fikirlər hamısı yazılıbdır.

Mən sabah, ola bilər, o biri gün xüsusi sərəncam verəcəyəm. Komissiya təşkil edirəm. O komissiyaya Baş nazir Artur Rasizadə sədrlik edəcəkdir və onlar qısa bir zamanda problemlərin həll olunması üçün əməli təkliflər hazırlayıb təqdim edəcəklər. Bu, təkcə sizin verdiyiniz təkliflərlə əlaqədar deyildir. Sizin verdiyiniz təkliflər eyni zamanda bir çox başqa fikirləri də meydana çıxarır. Ona görə mən bu məsələyə çox geniş çərçivədə baxıram və hesab edirəm ki, biz əməli işlər görməliyik. İndi verilən təkliflərin hansının yerinə yetirilməsinin mümkün olub-olmamasını demək istəmirəm. Eyni zamanda bildirmək istəyirəm ki, bizim imkanlarımız da məhduddur. Ancaq sizi əmin edirəm ki, bütün Azərbaycanın bugünkü iqtisadi potensialını, imkanlarını səfərbər edib sizin vəziyyətinizin yüngülləşməsi, yaxşılaşması üçün, verdiyiniz təkliflərin həyata keçirilməsi üçün lazımi tədbirlər görəcəyik.

Biz son vaxtlar iqtisadi islahatlar apararaq iqtisadiyyatda müəyyən dirçəlişə nail olmuşuq. Bu çətindir. Çünki bilirsiniz ki, Azərbaycan keçmiş Sovetlər İttifaqına mənsub olan başqa ölkələr kimi, ağır və çətin iqtisadi keçid dövrünü yaşayır. Biz bütün sahələrdə keçid dövrünü yaşayırıq. Mən indi iqtisadiyyatdan danışıram. Çünki bu problemlərin həll olunmasının əksəriyyəti iqtisadiyyatla, maddi və maliyyə imkanlarımızla bağlıdır. Bu dövrü yaşayırıq. Yenə də deyirəm, bizim apardığımız iqtisadi islahatlar müəyyən nəticələr verir. Ancaq bunlar o qədər deyil ki, biz sizin problemlərinizin həll edilməsi üçün istənilən qədər vəsait ayıra bilək. İndi baxın, Azərbaycan müharibə aparıbdır, böyük itkilər veribdir, ərazisinin 20 faizi işğal olunubdur. Azərbaycanda bir milyondan artıq qaçqın, köçkün, didərgin yaşayır. Burada çıxışlarda deyildi, - qaçqınlardan, köçkünlərdən nə qədər adam işsizdir. Bunların hamısı Azərbaycanın dövlət büdcəsinin çərçivəsində həll olunmalıdır. Amma dövlət büdcəsinə də gəlir gərək istehsalatdan gəlsin, iqtisadi fəaliyyətimizdən gəlsin. Əgər bəzi obyektiv səbəblərə görə bizim istehsal sahələrinin çoxu işləyə bilmirsə, məhsul istehsal edə bilmirsə, yaxud istehsal olunan məhsul dünya bazarında özünə yer tapa bilmirsə, biz onda hansı mənbələrdən vəsait alıb bu işlərimizi görə bilərik? Əgər biz müəyyən dirçəliş əldə edə bilmişiksə, bunlar apardığımız iqtisadi siyasətin, iqtisadi islahatların nəticəsidir və Azərbaycana xarici investisiyanın, sərmayənin gətirilməsinin nəticəsidir. Təsəvvür edin, keçən il Azərbaycana bir milyard 300 milyon dollar xarici sərmayə gəlibdir. Əgər bunlar olmasaydı nə olardı? Amma çətinlik dövrü keçirən başqa ölkələrdən bizim fərqimiz odur ki, bizim bir milyondan artıq qaçqınımız vardır, bunların əksəriyyəti işləmir. Siz Rusiyanı götürün. Əgər Rusiyanın, Moskvanın televiziyasına baxırsınızsa, görürsünüz, - 15-20 gündür ki, Komidən gəlmiş şaxtaçılar Moskvada hökumətin binasının qabağında məskən salıblar, gecə-gündüz orada qalırlar. Ona görə ki, neçə aylardır maaşlarını ala bilmirlər. Yolları kəsirlər. Təkcə Moskvada deyildir, başqa yerdə də vardır. Dünən göstərdilər - Kiyevdə beş saat ərzində şəhərin mərkəzi prospektlərindən birinin yolunu kəsiblər. Orada qaçqın yoxdur, onlar müharibə aparmayıblar, onlar böyük dövlətlərdir, onların böyük iqtisadi imkanları vardır. Amma görürsünüz, büdcəni normal hala sala bilmirlər. Prezident hökuməti istefaya göndərdi, yeni bir hökumət yaratdı. Həmin hökumət indi böhrana qarşı proqram hazırlayır, yəni böhranın əleyhinə proqram. Bu proqram nə deməkdir? O deməkdir ki, xərcləri azaltmaq lazımdır. Xərclər isə insanlara verilən məvaciblərdir, müavinətlərdir və s. Bunları azaltmaq, gəlirləri artırmaq istəyirlər. Gəlirləri artıra bilmirlər. Xərcləri də azaltmağa məcburdurlar. Çünki büdcə buna dözmür.

Bunu siz bilirsiniz, bilməyənlər üçün də mən deyirəm. Bu, bizə bənzər ölkələrdə hazırda ümumi problemdir. Ona görə də biz gərək bütün imkanlarımızı ölçək-biçək ki, görək nə edə bilərik. Biz qaçqınlara, köçkünlərə kömək etmək üçün beynəlxalq humanitar təşkilatların yardımlarını alırıq. Bu yardımlar haqqında burada İzzət Rüstəmov, Gülabbas Qəhrəmanov, Abid Şərifov və başqaları məlumat verdilər. Mən bu gün fürsətdən istifadə edərək Azərbaycana humanitar yardım göstərən bütün ölkələrə, beynəlxalq təşkilatlara təşəkkürümü bildirirəm. Hesab edirəm ki, biz bu ölkələrə, beynəlxalq təşkilatlara minnətdar olmalıyıq. Çünki onların göstərdikləri humanitar yardım sizin problemlərin həll olunmasına müəyyən qədər kömək edir. Mən onların hamısına Azərbaycan dövləti adından təşəkkür edirəm. amma eyni zamanda hesab edirəm ki, Azərbaycana bu yardımlar daha da artıq ola bilər. Məsələn, bilirsiniz ki, 1992-ci ilin oktyabr ayında ABŞ Konqresi Azərbaycana qarşı ədalətsiz bir qərar qəbul edibdir. Bu qərar da ondan ibarətdir ki, "Azərbaycan Ermənistanı blokadaya aldığına görə" Azərbaycana ABŞ hökuməti tərəfindən hər bir yardım qadağan edilir, ona embarqo qoyulur. Deyə bilərəm ki, bu, ABŞ-ın Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin içərisində yeganə bir ölkəyə göstərdiyi belə münasibətdir. Bu ədalətsizlikdir. Bilirsiniz ki, biz neçə ildir danışıqlar aparırıq ki, həmin 907- ci maddə aradan götürülsün və Azərbaycana yardım edilsin. Əgər bu maddə olmasa idi, başqa humanitar yardımlarla bərabər, Azərbaycan ABŞ-dan ildə azı 100 milyon dollar birbaşa yardım ala bilərdi. Ermənistan, Gürcüstan belə yardımı hər il alırlar. Ermənistan həddindən artıq çox alır. MDB-yə daxil olan başqa ölkələr də alırlar. Amma Azərbaycan bundan məhrumdur. Bilirsiniz, bu ədalətsizlikdir. Biz son illər ABŞ-la çox sıx əlaqələr yaratmışıq, dövlətlərarası xoş münasibətlər, tərəfdaşlıq münasibətləri vardır. ABŞ-ın böyük şirkətləri Azərbaycanda neft sənayesində və sənayenin başqa sahələrində çox işlər görürlər. Demək, gəlir götürürlər. Biz onlarla bir-iki il yox, otuz-qırx illik müqavilələr imzalamışıq. ABŞ-ın Azərbaycana böyük maddi marağı vardır və bu maddi marağı Azərbaycan dövləti təmin edir. Belə olan halda gərək Azərbaycana qarşı bu ədalətsizlik olmasın. Ancaq təəssüf ki, bu vardır. Bilirsiniz ki, mən və mənimlə bərabər bizim hökumət üzvləri, parlament bu barədə çox danışıqlar aparırıq. Mən Amerikanın prezidenti ilə bu barədə dəfələrlə danışıqlar aparmışam. Keçən il Amerikada rəsmi səfərdə olarkən Vaşinqtonda ABŞ prezidenti cənab Bill Klintonla və başqa dövlət rəhbərləri ilə danışıqlar aparmışam. Həmin o qərarı qəbul etmiş Konqresdə 40-dan çox konqresmen, senat üzvü ilə danışıq aparmışam. Onlar vaxtaşırı buraya da gəlirlər və onların hər biri ilə bu barədə danışıqlar aparıram. Ancaq hələ məsələ həll olunmur və hər dəfə bizə deyirlər ki, bilirsiniz, bu qərar, doğrudan da, ədalətsizdir. Ancaq vaxtilə bunu Konqresdə erməni diasporunun təsiri altında ayrı-ayrı konqresmenlər veriblər, qəbul edilib, indi bunu ləğv etmək mümkün deyildir və bunun ləğv olunmasına yenə erməni diasporu təsir edir, öz tərəfdarları olan konqresmenlərin vasitəsilə bunun ləğv olunmasının qarşısını alırlar.

Erməni diasporunun Azərbaycana qarşı düşmən münasibəti 1988-ci ildən məlumdur. Həmin ildən, Ermənistan-Azərbaycan münaqişəsi yaranandan erməni diasporu bütün dünyada, o cümlədən ABŞ-da, Fransada belə bir əhval-ruhiyyə, fikir yaratdı ki, guya Azərbaycan burada erməniləri öldürür, dağıdır, ermənilərin hüquqlarını tapdalayır. Guya burada Azərbaycan günahkardır, ermənilər isə günahsızdırlar və guya ermənilər zərərçəkmiş tərəfdir. Mən sizə dedim ki, biz son illər bu fikri müəyyən qədər dəyişdirə bilmişik. Amma hələ ki, erməni diasporu ABŞ-da güclüdür və bunu Amerikanın prezidenti, Fransanın prezidenti də etiraf edirlər. Məsələn, Ermənistan Amerikanın birbaşa dövlət yardımından savayı, ayrı-ayrı zəngin ermənilərin də yardımını alır. Bu yaxınlarda məlumat verdilər ki, ABŞ-da yaşayan zəngin bir erməni Ermənistana 100 milyon dollar yardım etmək haqqında qərar qəbul edib və bu günlərdə o, Ermənistanda olubdur. Danışıqlar aparıblar ki, bu yardımı hara göndərəcəklər. Görürsünüz, onlara bir tərəfdən ABŞ dövləti 100 milyon dollardan artıq yardım edir, digər tərəfdən bir şəxs 100 milyon dollar yardım edir, amma qalanları da yardım edirlər. Humanitar təşkilatlar bizə yardım etdikləri kimi, onlara da yardım edirlər. Beləliklə, biz eyni şəraitdə, vəziyyətdə deyilik. Biz bu gün də 907-ci maddənin ləğv olunması uğrunda mübarizə aparırıq və burada çıxışlarda da deyildi ki, ayın 23-də senator Braunbekin təşəbbüsü ilə "Böyük İpək yolu" haqqında qanun layihəsi Senatın birinci komitəsində qəbul olunubdur. Əgər bu qanun tam qəbul olunarsa, 907-ci maddənin zəifləməsi, yaxud da tamamilə aradan götürülməsi olacaqdır.

Ancaq eyni zamanda siz eşitdiniz ki, özlərini müxalifət səviyyəsində aparan bəzi vətəndaşlarımız hətta orada bizim bu işimizə də mane olurlar. Yalnız öz şəxsi mənafelərinə görə. Ancaq onlar heç bir şeyə nail ola bilməzlər. Biz öz işimizi aparırıq və aparacağıq. Beləliklə, mən beynəlxalq təşkilatların yardımı haqqında burada təəssüf hissi ilə deyirəm ki, biz ABŞ-ın yardımından məhrumuq. Ancaq güman edirəm ki, bizim ardıcıl surətdə apardığımız iş öz nəticəsini verəcəkdir. Ümumiyyətlə, mən bunları çatdırmaqla bizim imkanlarımızı sizə daha da aşkar bildirmək istəyirəm. Bunların hamısına baxmayaraq, bir də qeyd edirəm və bəyan edirəm ki, biz bütün mövcud imkanlardan istifadə edib qaçqınların, köçkünlərin maddi vəziyyətinin yaxşılaşması üçün tədbirlər görəcəyik. Ancaq hesab edirəm ki, əgər elə mövcud şəraitdə də buraxılmış nöqsanlar olmasaydı, ayrı-ayrı insanlar vəzifəsindən sui-istifadə edərək qaçqınlar, köçkünlər üçün ayrılmış vəsaitləri, yaxud gələn yardımın bir qismini mənimisəməsəydilər, şübhəsiz ki, vəziyyət başqa cür ola bilərdi. Mən bu baxımdan hesab edirəm ki, Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan işlər hələ qənaətbəxş deyildir. Burada bildirildi, mən də müşavirəni açarkən dedim ki, hələ 1995-ci ildə məhz bu sahəyə xüsusi diqqət yetirərək mən Baş nazirin bu məsələ üzrə müavini vəzifəsini təsis etdim və bu vəzifəyə İzzət Rüstəmovu təyin etdim. İzzət Rüstəmov çox saf mənəviyyatlı bir adamdır, namuslu insandır, fədakar adamdır, onun oğlu da vətən yolunda şəhid olubdur, şəhid atasıdır, alimdir. Bu keyfiyyətlərinə görə onu bu vəzifəyə təyin etmişəm. Çalışır, ancaq mən bu gün demək istəyirəm ki, onun gördüyü işlər hələ yetərli deyildir. Bəzən işlərə səthi yanaşır, insanlara inanır. Baş nazirin müavini olduğu halda nə üçün orada ayrı-ayrı yoxlamalar təyin edəydim? Baş nazirin müavini, Qaçqınlar Komitəsi və Nazirlər Kabinetində bu sahəyə baxan şöbə gərək vaxtında bunlara nəzarət edəydilər, bu nöqsanlara, bu cinayət hallarına yol verməyəydilər.

Qaçqınlar Komitəsi də çox qeyri-qənaətbəxş işləyir. Qeyd etməliyəm ki, ümumiyyətlə, Qaçqınlar Komitəsi yaranandan pis işləyibdir. O heç vaxt yaxşı işləməyibdir. Doğrudur, mən 1993-cü ildə buraya gələndə başım çox işlərə qarışıq idi, bu Qaçqınlar Komitəsinin işi ilə məşğul olmağa o qədər də imkanım yox idi. Məlumdur ki, bu da Nazirlər Kabinetinin tərkibindədir və uzun müddət Nazirlər Kabinetinə kimlərin rəhbərlik etdiyini yaxşı bilirsiniz: demək olar ki, 1994-cü ilin sonuna qədər Surət Hüseynov, ondan sonra Fuad Quliyevi təyin etdim, o da etimadı doğrulda bilmədi. Beləliklə, bu Qaçqınlar Komitəsinin işinə bir lazımi rəhbərlik olmamışdır. Buraya əvvəllər İrşad Əliyev rəhbərlik edirdi. Biz onu kənd təsərrüfatı naziri qoyduq, ona böyük vəzifə verdik. Amma sonra gördüm ki, heç o da yaxşı işləməyibdir. Ondan sonra bir müddət bu vəzifə boş qaldı. Həmin o birinci müavin əvəz etdi, hansı ki, indi cinayətə görə həbs olunubdur. Sonra isə Gülabbas Qəhrəmanovu təyin etdik. Mən onu təyin edəndə çox böyük ümidlər bəslədim və ona dedim ki, bu, çox məsuliyyətli işdir. Ancaq təəssüf olsun ki, o, işə başlayandan sonra orada ciddi nəticələr görmədim. Əgər belə olmuş olsaydı, nə üçün xüsusi bir komissiyanın təyin olunması lazım idi? Mən məcbur oldum xüsusi komissiya yaratdım və bu komissiyaya əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevi sədr təyin etdim. O komissiyanın yoxlaması nəticəsində orada humanitar yardımların mənimsəni-məsi və başqa cinayət halları meydana çıxmışdır. Yaxşı, əgər Əli Nağıyev nazir olaraq komissiyaya sədrlik edib bu nöqsanlan, cinayət hallarını meydana çıxara bilibsə, Qaçqınlar Komitəsinin sədri də nazirdir, bu hökumətin üzvüdür, özü niyə bunları aşkar etməmişdir? Buna imkan var idi. Çünki vəzifəyə yeni təyin olunmuşdu, əvvəllər orada işləməmişdi. Demək, nər şeyi aşkara çıxara bilərdi. Amma çıxarmamışdır.

Beləliklə, ayrı-ayrı adamların vəzifədən sui-istifadə etməsi və humanitar yardımların mənimsənilməsi halları aşkar olunubdur. İndi materiallar prokurorluqdadır. Baş prokuror burada məruzə etdi. Cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunubdur və cəzalarını çəkməlidirlər. Heç kəsə bu yolda güzəşt olmamalıdir. Bilirsiniz, şübhəsiz ki, bu hallar birinci növbədə bizi, dövləti narahat edir. Ancaq bizim işlərimizə zidd olan ayrı-ayrı qüvvələr də bunlardan istifadə edib şişirdirlər və problem yaradırlar. Eldar Həsənov burada məruzə etdi ki, guya müxalifət düşərgəsində duran bəzi adamlar hətta ABŞ-a məlumat verirlər ki, gələn humanitar yardımın yarısı hökumət tərəfindən mənimsənilir. Axı bu qədər də yalan, vicdansızlıq, insafsızlıq ola bilməz! Onlar bunu xəbər verərək təklif edirlər ki, Azərbaycana humanitar yardım göndərməyin. Xalqa nə qədər xəyanət etmək olar? Həmin bu adamlar hələ demək olar ki, bəlkə də siyasətin nə olduğunu bilmədikləri vaxtda Heydər Əliyev Azərbaycanda 1969-cu ildən başlayaraq korrupsiya ilə, ayrı-ayrı vəzifəli şəxslərin vəzifədən sui-istifadə etməsi ilə, dövlət əmlakının, xalqın əmlakının mənimsənilməsi halları ilə ardıcıl mübarizə aparıb və bu mübarizənin nəticəsində də çox işlər görülübdür. Mən bu mübarizəni prezident kimi bu gün də aparıram, sabah da aparacağam. Bu, ən əvvəl, mənim şəxsi mənəviyyatımla bağlıdır. Mən vəzifəsindən sui-istifadə edən, başqasının malını mənimsəyən, özünə cinayət yolu ilə mal, sərvət toplayan adamlara həyatım boyu, həmişə nifrət etmişəm, onlarla həmişə mübarizə aparmışam, həmişə mənəvi saflığımı qorumuşam və mənəvi saflıq uğrunda mübarizə aparmışam. Mənim şüurlu həyatımın demək olar ki, əlli ildən çox hissəsi buna həsr olunubdur, mən bu yoldan heç vaxt dönməmişəm və dönməyəcəyəm. Korrupsiya ilə, cinayətkarlıqla, cürbəcür mənfi işlərlə məşğul olan adamlar indi gə-lib Azərbaycanda özlərini "ədalət müdafiəçisi", yaxud da "təmizlik müdafiəçisi" kimi qələmə vermək istəyirlər. Bu, heç vaxt alınmayacaqdır. Bu, heç vaxt mümkün deyildir. Sizlərə heç kim inanmaz. Çünki inandırmağa əsasınız yoxdur. Amma mənim əsasım vardır. Yenə də deyirəm, bu əsasımın da əlli ildən artıq tarixi vardır. Bu mövqedə olaraq, bu mənəviyyatla yaşayaraq mən bu gün də bütün dövlət, hökumət orqanlarından qəti tələb edirəm ki, cinayətkarlıqla mübarizə gücləndirilsin, hökumət, dövlət adamlarının vəzifəsindən sui-istifadə etməsi hallarının qarşısı alınsın və o cümlədən qaçqınlara, köçkünlərə aid olan məsələlərdə bu hallarla daha da kəskin mübarizə aparılsın. Ümumiyyətlə, hesab edirəm ki, cinayətkarı bağışlamaq olmaz. Ancaq kimisə, haradasa - əgər günahını başa düşübsə - əfv etmək olar. Bilirsiniz ki, mən çoxlarını əfv etmişəm. Ancaq bu gün də, gələcəkdə də deyirəm ki, qaçqın malına, köçkün malına, humanitar yardıma əl uzadan adamın əli kəsilməlidir. Bu adamlar qanunun tələbləri ilə, ən yüksək maddələri ilə cəzalanmalıdırlar.

Bu gün Qaçqınlar Komitəsindən tələb edirəm və onun sədri Gülabbas Qəhrəmanovu xəbərdar edirəm. Xəbərdar edirəm ki, mən onun işini qeyri-qənaətbəxş hesab edirəm və tələb edirəm ki, bu işdə dönüş yaransın. Şübhəsiz ki, əgər dönüş yaranmasa, müvafiq tədbirlər görüləcəkdir. İzzət Rüstəmova xəbərdarlıq edirəm, mənim ona olan hörmət-ehtiramımla yanaşı, hesab edirəm ki, o bu məsələlərlə daha da ciddi məşğul olmalıdır. Baş prokuror meydana çıxmış məsələlərin istintaqını axıra qədər aparmalıdır və cinayətkarlar kimliyindən asılı olmayaraq qanun əsasında cəzalanmalıdırlar. Hesab edirəm ki, mən dediyim bu tədbirlərin hazırlanması və həyata keçirilməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunun dəyişilməsi, onun lazım olsa genişlənməsi, yerli orqanların fəaliyyətinə nəzarət və başqa məsələlər də öz əksini tapmalıdır. Bu komitə hökumətin vacib strukturlarından biridir və komitənin işinə bu prinsipə müvafiq münasibət göstərilməlidir. Ancaq qaçqınların, köçkünlərin işi ilə təkcə bu komitə, yaxud da Nazirlər Kabinetinin şöbəsi, bu iş üçün təyin edilmiş Baş nazirin müavini məşğul olmamalıdır. Bu, onların vəzifəsidir. Hesab edirəm ki, hər bir hökumət, dövlət orqanı qaçqınlarla, köçkünlərlə ciddi məşğul olmalıdır, onlara qayğı göstərməlidir. Bir sözlə, Azərbaycanda qaçqınlara və köçkünlərə dövlət qayğısı, ümumxalq qayğısı artırılmalıdır. Mən bütün dövlət, hökumət orqanlarından tələb edirəm ki, öz işlərini mənim bu tələbim əsasında qursunlar. Nazirlər, komitə sədrləri, hökumət üzvləri bu işlərlə ciddi məşğul olmalıdırlar. Bu problemdə hərə öz yerini tapmalıdır. Yəni, bu problemin həll olunması üçün işin hansı sahəsinə kömək edə bilərsə, çəkilib kənarda durmamalıdır. Bu, bizim ümummilli, ümumxalq işimizdir. Bu, şəhər və rayonlarda yerli icra orqanlarının bilavasitə bir nömrəli vəzifəsidir. Amma mən hiss edirəm, təəssüflər olsun ki, bəzi rayon, şəhər icra hakimiyyəti başçıları bu məsələlərlə lazımi səviyyədə məşğul olmurlar. Hesab edirəm ki, hər bir şəhərdə, rayonda, qəsəbədə bizim yerli orqanların imkanlarını səfərbər edərək qaçqınlara, köçkünlərə daha da çox qayğı göstərmək olar, onların problemlərini daha da yaxşı həll etmək olar. Burada bəzi görülmüş işlər haqqında məlumatlar verildi. Yəni, müsbət təcrübədən səmərəli istifadə etmək lazımdır. Artur Rasizadə, bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerlərdəki şöbələri icra hakimiyyətinə bağlıdırmı?

Artur Rasizadə: Bəli, onlara bağlıdır.

Heydər Əliyev: Əgər bağlıdırsa, niyə bizim yerli icra hakimiyyəti orqanları bu işlərlə məşğul olmurlar? Buna da baxmaq lazımdır. Mən indi burada məsələləri detallaşdırmaq istəmirəm. Görürsünüz, çox problemlər çıxır. Ona görə də mən dərhal böyük bir komissiyanın təşkil olunması barədə qərar qəbul etdim ki, bunların hamısına birlikdə, kompleks şəkildə baxılsın. Bir sözlə, yerli icra hakimiyyəti orqanlarından bir daha qəti tələb edirəm ki, bu vəzifələri yerinə yetirsinlər. Qaçqın rayonların icra hakimiyyəti başçılarının və hakimiyyət orqanlarının üzərinə çox böyük vəzifələr düşür. Təəssüflər olsun, bəzən siqnallar gəlir ki, bu hakimiyyət orqanlarının bəzi şəxsləri tərəfindən qaçqınlara lazımi qayğı göstərilmir və bəzən də ayrılan vəsaitlər mənimsənilir. Bunlara da yol vermək olmaz.

Mən qaçqın rayonların icra hakimiyyəti başçılarından bir daha tələb edirəm ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirsinlər. Hansı çətinlikləri, problemləri varsa, Nazirlər Kabinetinə, Prezident Aparatına, şəxsən mənə müraciət etsinlər. İmkan çərçivəsində hər bir problemi həll etmək mümkündür. Ancaq problemi özündən uzaqlaşdırıb böyük bir problemə çevirmək lazım deyildir. Hesab edirəm ki, qaçqınların, köçkünlərin məskunlaşdığı yerlərdə də hörmətli adamlar, ağsaqqallar, müəllimlər və həmvətənləri soydaşları ilə daha da mehriban olmalıdır və onların işləri ilə məşğul olmalıdırlar. Bir-birinə kömək etməlidirlər. Mən bilirəm, bu, şübhəsiz ki, vardır. Ancaq mən istəyirəm ki, bu, daha da yüksək səviyyədə olsun.

Burada bir çox məsələlər aydın oldu, amma mən o torpaq məsələsini qeyd etmək istəyirəm. Buna baxmaq lazımdır. İndi torpaq islahatı proqramına görə torpaqlar özəlləşdirilir. Doğrudan da, əgər bələdiyyəyə ayrılmış torpaq sahələrindən rayonların ərazisində yerləşmiş köçkünlərə, qaçqınlara ayırıb nəsə vermək olarsa, buna da baxmaq lazımdır. Hesab edirəm burada da müəyyən iş görmək olar. Nəyə görə torpaq boş qalsın? Əgər torpaq istifadə olunmursa, yaxud səmərəli istifadə olunmursa, müəyyən bir dövr üçün bunu vermək olar ki, onlar istifadə etsinlər. Qaçqınların, köçkünlərin yaşadığı yerlərdə onların yaşayış şəraitini daim yaxşılaşdırmaq lazımdır. Bu bizim əsas vəzifəmizdir. Burada yenə də yerli icra hakimiyyəti orqanları öz imkanlarından istifadə edib çox işlər görə bilərlər.

Eyni zamanda, fikrimi bildirmək istəyirəm ki, gərək hər biriniz öz yerinizə - yurdunuza dönmək arzusu ilə yaşayasınız. Özünüzə haradasa bir ev, yaşayış yeri tapıb, orada daimi məskunlaşıb öz torpağınızı, dədə-baba yerinizi-yurdunuzu unutsanız, bilin ki, bu, öz yerinizə və babalarmızın ruhuna xəyanət olar. Biz sizinlə birlikdə o yerlərə qayıtmalıyıq və o yerlərdə Azərbaycanın, beynəlxalq təşkilatların imkanları ilə, - bu barədə Dünya Bankı bizə çox qəti sözlər veribdir, - onların imkanları ilə sizin hamınıza yeni evlər, binalar, xəstəxanalar, məktəblər tikəcəyik və o şəhərlər, kəndlər, qəsəbələr hamısı yenidən həyat alacaqdır. Biz də bu duyğularla yaşamalıyıq. Yoxsa, haradasa bir yerdə əlinə bir mənzil keçirib orada yerləşəsən və hesab edəsən ki, sənə torpaq da, ev də, dağ da, meşə də, o bulaqlar da, o çaylar da, o qayalar da lazım deyil, - heç kəs buna yol verməməlidir. Bu, biz azərbaycanlıların və xüsusən Azərbaycanın kənd sakinlərinin mənəviyyatına uyğun şey deyildir. Mən bizim Azərbaycan rayonlarında, kəndlərində yaşayan insanların öz torpağına, kəndinə, çayına, bulağına, çeşməsinə nə qədər bağlı olduğunu bilirəm. Çox arzu edirəm ki, bu bağlılıq hissini siz heç vaxt unutmayasınız, bu hissiyyatı itirməyəsiniz. Ona görə də sizin indi yaşadığınız yerlərdə yaşayışınız müvəqqəti xarakter daşıyır. Şübhəsiz ki, müvəqqəti yaşamaq üçün də şəraiti günü-gündən yaxşılaşdırmaq lazımdır. Amma əsas istiqamət, əsas yol doğma torpağa qayıtmaqdır, orada yenidən evlər tikmək, yenidən yaşayış yaratmaqdan ibarətdir.

Ermənistan qaçqınları düşünə bilər - bəs onlar nə edəcəklər? Axısлa türkləri də deyə bilərlər - bəs onlar nə edəcəklər? Mən hesab edirəm ki, vaxt gələcək, Ermənistandan zorla çıxarılmış soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar, Axısлa türkləri öz dədə-baba torpaqlarına - Gürcüstan ərazisinə qayıdacaqlar. Mən buna inanıram. Bütün bu işləri görmək üçün, dediyim kimi, məsələni sülh yolu ilə həll etmək üçün biz gərək dünya ictimaiyyətinə Azərbaycanın düşdüyü vəziyyət, qaçqınlar, köçkünlər haqqında, onların dözülməz vəziyyəti haqqında məlumat verək. Biz bu barədə çox zəif işləyirik. Siz burada qeyd etdiniz ki, mən xarici ölkələrdən gələn dövlət başçılarını, hökumət üzvlərini, elm, mədəniyyət xadimlərini çalışıram ki, qaçqınların yaşadıqları yerlərə, çadır şəhərciklərinə göndərim. Nə üçün? Bəzən onların vaxtı olmur. Ancaq mən xahiş edirəm və buna nail oluram. Ona görə ki, görsünlər. Görməyəndə təsəvvür edə bilmirlər ki, insan altı il çadırda, vaqonun içində, vaqonun altında yaşaya bilər, - bunu təsəvvür edə bilmirlər.

Yaxın vaxtlarda məşhur musiqiçi Mstislav Rostropoviç burada, Bakıda idi. O, dünyanın ən məşhur adamlarından biridir, dünyanın bir çox ölkələrinin prezidentlərinin yaxın dostudur, böyük-böyük təşkilatlarla da çox əlaqəsi vardır. O, özü maraq göstərdi və mənim vertolyotumla gedib bunun hamısını gözləri ilə gördü. Qayıdandan sonra gəlib mənə dedi ki, mən onları görəndən sonra özümə gələ bilmirəm. Təsəvvür edə bilmirdim ki, insanlar belə vəziyyətdə yaşaya bilərlər. Biz çadır şəhərciklərində, vaqonun altında yaşayan insanlarla onun görüşlərini videokassetə almışdıq. O, onları götürdü, dedi ki, aparıb bunları yayacağam. Bir-iki il bundan qabaq Amerikanın böyük siyasi xadimi Bjezinski Bakıya gəlmişdi. Mən ondan xahiş etdim, o gedib çadır şəhərciklərinə baxdı. Gəldi, mənə dedi ki, mən dünyada qaçqınlar, köçkünlər yaşayan çox düşərgələrdə olmuşam, arnma beləsini görməmişdim.

Bilirsiniz, gərək biz çalışaq ki, bu, ayrı-ayrı adamlara yox, bütün dünya ictimaiyyətinə çatsın. Təəssüf ki, biz bunu indiyə qədər edə bilməmişik. Bu da bizim zəifliyimizdir, passivliyimizdir. Təəssüf ki, bu, millətimizin mənfi keyfiyyətlərindən biridir. Mən keçən il ABŞ-a rəsmi səfərə gedərkən qaçqınlar haqqında bir kitab düzəltdik. Bu, tələsik oldu. Çünki mənim səfərimin vaxtına az qalmışdı. Mən onu ABŞ-da payladım. İnsanlarda nə qədər təsir oyatdı! Amma bunların hamısı epizodik bir şeydir. Ona görə hesab edirəm ki, bu komissiyanın təklifləri içərisində biz gərək xüsusi təbliğat strukturu yaradaq. Gərək qaçqınların, köçkünlərin vəziyyəti haqqında daim kitablar, albomlar, plakatlar, filmlər, videofilmlər, başqa şeylər yaradılsın və daim bütün ölkələrə göndərilsin. Xüsusən, Ermənistan-Azərbaycan münaqişəsini həll etməyə qoşulmuş ölkələrə göndərilsin, onların ictimaiyyəti görsün. Ermənistanın bir çox ölkələrdə diasporları vardır. O diasporların etdiyi şeyləri heç Ermənistanın özü edə bilmir. Məsələn, keçən il Amerika prezidenti Bill Klintonun dəvəti ilə mənim ABŞ-a rəsmi səfərim ərəfəsində onlar nə qədər işlər gördülər. Hələ mənim səfərimdən üç ay öncə Amerikada bütün ermənilərə yaydılar, prezident Bill Klintonun adına məktublar təşkil etdilər ki, Azərbaycan prezidentinin ABŞ-a gəlməsinə yol verilməsin. Prezident Bill Klintona nə qədər təzyiqlər göstərməyə çalışdılar. Nə qədər işlər görməyə çalışdılar, cürbəcür böhtanlar, yalan yazılar dərc olunan qəzetlər buraxdılar. Bunların yalanı, böhtam da odur ki, güya Azərbaycanda demokratiya yoxdur, insan hüquqları pozulur. Guya ki, xaricdə yaşayan həmin ermənilər Azərbaycanda demokratiya ilə maraqlanırlar, onlar guya Azərbaycanda azərbaycanlıların hüquqlarının pozulmasından narahatdırlar. Xeyr, bu belə deyil, sadəcə, bizim bu müxalifətin yalandan uydurub onların ağzına atdığı sözləri onlar götürüb öz mənafeləri üçün istifadə edirlər. Amma görün, hansısa bir ölkədə Ermənistan prezidenti oraya gedəndə beş nəfər azərbaycanlı varmı ki, onun əleyhinə çıxsın? Yoxdur. Bizim belə imkanımız yoxdur. Nəinki buna imkanımız yoxdur, bizim içimizdən həmin o ermənilərlə birlikdə əleyhimizə işləyənlər çoxdur. Bu da vardır. Belə olan halda biz gərək xüsusi təbliğat sistemi yaradaq. Bu təbliğat da kiməsə nəyisə yalandan çatdırmaq üçün yox, Azərbaycanın bugünkü reallığını, işğal olunmuş torpaqlarının vəziyyətini, qaçqın, köçkün şəraitində yaşayan insanların vəziyyətini gərək daim cürbəcür vasitələrlə dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün lazımdır. Bunlar hamısı bizim ümumi məsələmizin, yəni, məlum məsələnin sülh yolu ilə həll olunması, təmin edilməsi üçün çox vacib şərtlərdir. Hesab edirəm ki, bizim hökumət, dövlət orqanları gözləmədən bu işlə məşğul olmalıdırlar. Hərə öz sahəsində çox iş görə bilər. Amma, eyni zamanda, bunu daha da mütəşəkkil aparmaq üçün bu komissiyanın təklifləri içində bu da olmalıdır. Biz bununla əlaqədar lazımi tədbirlər görməliyik.

Əziz dostlar, beləliklə, mən bu problemlərin bir çoxuna toxundum və ürəyimdə olan sözləri sizə açıq-aydın dedim. Sizi də dinlədim. Ona görə də hesab edirəm ki, bugünkü gün bizim üçün çox səmərəli gündür və əminəm ki, biz bu görüşdən sonra çox ciddi tədbirlər hazırlayıb həyata keçirə bilərik. Bu gün siz buradakı çıxışlarınızda mənim fəaliyyətim, gördüyüm işlər haqqında fikirlərinizi bildirdiniz, hissiyyatlarınızı izhar etdiniz. Mən bütün bunlara görə sizə təşəkkür edirəm. Çox sağ olun. Mənim həyatımın mənası xalqa xidmət etməkdən ibarətdir. Mənim həyatım ölkəmin, xalqımın gözü qarşısındadır. Əgər mənim bu xidmətimi bir vətəndaş da anlaya bilirsə və bunu qiymətləndirə bilirsə, bu, mənim üçün əhəmiyyətlidir. Ona görə də dediyiniz sözlərə görə çox sağ olun, təşəkkür edirəm.

Siz eyni zamanda gələcək prezident seçkiləri barədə də öz fikirlərinizi bildirdiniz. Həqiqətən belədir. Mən beş il bundan öncə də Azərbaycanda prezident olmaq arzusunda olmamışdım. Siz bunu bilirsiniz və məni buraya siz gətirmisiniz, xalq gətiribdir. Naxçıvandan buraya gələrkən mənimlə dörd gün danışıqlar aparıldı. Mən buraya gələrkən bildim ki, odun-alovun içinə gedirəm. Mən Naxçıvandan uçub Bakıya enəndə o dəqiqə, o an artıq özümü şəhid hesab etdim. Mən buraya vəzifə üçün yox, xalqımın dərdinə qalmaq üçün gəldim. 1993-cü ilin oktyabrında da prezident seçkiləri təyin olunanda mən öz namizədliyimi vermədim. İndi özlərini namizəd vermək istəyən adamlar, - şübhəsiz, namizəd vermək təbiidir, qoy versinlər, - amma başqaları haqqında yalan, böhtan deyən adamlar o vaxtlar, 1993-cü ildə bəs nəyə görə gəlib öz namizədliklərini vermədilər? Nə üçün? Gəlib namizədliklərini verəydilər, xalq da görəydi və kimi istəyərdi onu da seçərdi. Mən öz namizədliyimi vermədim, amma siz məni seçdiniz. Buna görə çox sağ olun. Beş ildir ki, mən sizə, doğma xalqıma, doğma vətənimə və müstəqil Azərbaycana sədaqətlə xidmət edirəm. Mən bundan sonra da xidmət edəcəyəm, harada olur-olsun, hansı vəzifədə olur-olsun xidmət edəcəyəm. Doğma xalqıma xidmət etmək mənim həyatımın mənasıdır. Mən bunsuz yaşaya bilmərəm. Amma prezident kimi seçəcəksiniz - bunu özünüz bilərsiniz.

Yerdən səs: Bizim yeganə prezidentimiz yalnız və yalnız Heydər Əliyev ola bilər. Cənab prezident, bizim növbəti prezidentimiz də siz olacaqsınız. Xalqın ümidgahı sizsiniz.

Heydər Əliyev: Mən sizə onu bəyan edirəm ki, beş il müddətində Azərbaycanda ictimai-siyasi sabitlik yaranıb, insanlar rahat yaşayırlar. Dörd ildən artıqdır ki, sülhdür, qan tökülmür, atəş yoxdur. Günbəgün, aybaay, ilbəil Azərbaycanın beynəlxalq aləmdə adı, hörməti yüksəlir. Azərbaycan dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurub və bu əlaqələr inkişaf edir. Azərbaycanda demokratiya yaranıb inkişaf edir, bundan sonra da inkişaf edəcəkdir. Azərbaycan vətəndaşlarının azadlığı, onların haqları Konstitusiya ilə qorunur və bundan sonra da qorunacaqdır. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir, iqtisadi islahatlar keçirir və bunları axıra çatdıracaqdır. Azərbaycan bir müstəqil dövlət kimi bundan sonra da yaşayacaq, yüksələcək və Azərbaycanın müstəqilliyi əbədi, dönməz olacaqdır. Mənim də sizin də borcumuz odur ki, bu yolda xalqımıza, vətənimizə, müstəqil dövlətimizə sədaqətlə xidmət edək. Əmin olun ki, mən bundan sonra da sədaqətlə xidmət edəcəyəm.

Burada təklif oldu ki, bizim bugünkü yığıncağımızın adından, Azərbaycandakı bütün qaçqınların adından dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət göndərək. Hesab edirəm ki, bu təklif düzgün təklifdir. Mən sizdən xahiş edirəm, mənim salamımı, hörmət və ehtiramımı bütün qaçqınlara, çadırlarda yaşayan köçkünlərə çatdırasınız. Mən sizin hamınızı qucaqlayıram, öpürəm. Sizə, qaçqın və köçkün vəziyyətində yaşayan bütün bacı-qardaşlarıma cansağlığı, səadət, əmin-amanlıq, gələcək işlərdə uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər