Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın "Niçimen" şirkətinin təşkil etdiyi qəbulda nitqi - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 27 fevral 1998-ci il


Hörmətli prezident, möhtərəm dostlar!

Qonaqpərvərliyə görə, bu səmimi və işgüzar görüşə görə sizə təşəkkür edirəm.

Bilirsiniz ki, dünən bizim Yaponiya Baş naziri cənab Haşimoto və digər hökumət üzvləri ilə yekun söhbətlərimiz və görüşlərimiz oldu. Dövlətlərarası, hökumətlərarası çox mühüm sənədlər imzaladıq. Bu sənədlər Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yeni mərhələsini açır, ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq üçün yaxşı əsas yaradır.

Dünən Baş nazirin iqamətgahında Azərbaycan və Yaponiya hökumət nümayəndə heyətlərinin iştirakı ilə imzalanmış sənədlər arasında Azərbaycan hökuməti ilə Yaponiyanın "Eksimbank"ı arasında saziş də var. Bu sənəd "Azəri-kimya" Dövlət Şirkətində etilen istehsalı üçün qurğu inşasına kredit ayrılması haqqındadır. 75 milyon dollar məbləğində bu kredit Azərbaycan hökumətinin təminatı ilə ayrılmışdır. İstəyirəm biləsiniz ki, biz hökumət təminatlarına ilk dəfədir razılıq veririk və bu, Yaponiyanın "Eksimbank"ın kreditinə aiddir. Bizim üçün bir çox digər mühüm layihələr də var. Onlarla əlaqədar Yaponiyanın bəzi digər iri şirkətlərindən təkliflər alınmışdır. Bu şirkətlər də Azərbaycan hökumətinin təminatını istəyirlər. Lakin biz hökumətin təminatları ilə onlara dair sazişlər imzalanmasından çəkindik və ancaq "Niçimen" şirkətinin "Azərikimya" Dövlət Şirkəti ilə bağlı təklifi ilə razılaşdıq. Siz həmin məsələ ilə əlaqədar bizim bu müəssisə ilə, Azərbaycanla çoxdan danışıqlar aparırdmız. Fevralın 24-də burada, Tokioda sizinlə görüşümüz zamanı məndən xahiş etdiniz ki, həmin kredit üçün hökumət təminatlarına razılıq verim. Siz öhdəlik götürdünüz ki, etilen istehsalatının tikintisini vaxtında və çox yüksək səviyyədə təmin edəcəksiniz. Mən sizə inandım və bununla razılaşdım. Təkrar edirəm, bu, ilk dəfədir ki, mən hökumət təminatlarına razılıq verirəm. Biz bu layihəni sizinlə mizakirə etdik və bildirdik ki, həmin tikintinin dəyərinin 15 faizini sizin şirkətiniz maliyyələşdirəcəkdir. Sizinlə razılaşmamızın və bu kreditin alınmasının ən mühüm şərti ondan ibarətdir ki, tikinti başa çatdıqdan sonra bu kredit "Eksimbank"a sizin köməyinizlə, yəni "Azərikimya" şirkətinin buraxdığı məhsulun satın alınması hesabına ödəniləcəkdir. Sizin bu öhdəliyiniz şirkətinizlə "Azərikimya" arasında imzalanmış sazişdə təsbit olunmuşdur. Azərbaycanda maliyyə vəziyyətinin çətin olduğunu nəzərə alaraq mən öz üzərimə çox böyük məsuliyyət götürüb, "Azərikimya" şirkətinə aid layihə üçün sizin şirkətin ayırdığı kreditə hökumət təminatı vermişəm. Siz isə etilen istehsalının tikintisini vaxtında təmin etmək, layihənin 15 faizini maliyyələşdirmək və buraxacağımız və dünya bazarında rəqabət qabiliyyətli olacaq məhsul hesabına kreditin 10 il ərzində ödənilməsini təmin etmək barədə öz üzərinizə məsuliyyət götürmüsünüz. Bu məhsulu siz özünüz alacaq və bizimlə haqq-hesabı ödəyəcəksiniz. Şərtlər çox aydın, dəqiq və anlaşıqlıdır. Mən öz vəzifəmi yerinə yetirdim. indi iş sizdən asılıdır. Mən sizə inandım və ümid etmək istərdim ki, siz bu inamı doğruldacaqsınız.

Sizə bizimlə uğurlu iş, şərəfli, vicdanlı əməkdaşlıq, öz öhdəliklərinizi vaxtında və keyfiyyətlə yerinə yetirməyi arzulayıram. Sizə və şirkətinizə böyük uğurlar diləyirəm. Bilirəm ki, sizin Azərbaycanla əməkdaşlığa dair başqa təklifləriniz də var. Siz birinci saziş üzrə imtahandan çıxırsınız. Ümidvaram ki, siz bu imtahanı müvəffəqiyyətlə verəcəksiniz və biz sizinlə gələcəkdə də əməkdaşlıq edəcəyik. Sizin hamınıza uğurlar arzulayıram. Sağ olun.