Rusiya Federasiyasının Dövlət Suverenliyi haqqında Bəyannamənin qəbul olunmasının 8-ci ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Bakı, "Gülüstan" sarayı, 12 iyun 1998-ci il


Tərcüməçi olmadığını nəzərə alaraq, rusca danışmalı olacağam. Hesab edirəm ki, əgər indi mən dövlət dilində, Azərbaycan dilində deyil, bizim çox hörmət etdiyimiz və Azərbaycanda geniş yayılmış rus dilində danışsam, məni Rusiya nümayəndələri də, Azərbaycan vətəndaşları da düz başa düşərlər.

Hörmətli cənab səfir!

Möhtərəm xanımlar və cənablar!

Sizi bayram münasibətilə - Rusiya Federasiyasının Dövlət Suverenliyi haqqında Bəyannamənin qəbul olunmasının 8-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Rusiyanın zəngin tarixində əlamətdar hadisələr çoxdur. Lakin bu hadisənin xüsusi əhəmiyyəti var. Məhz 1990-cı ilin iyununda Rusiyanın dövlət suverenliyi haqqında bəyannamənin qəbul edilməsi ilə Rusiya Federasiyasının həyatında yeni mərhələ- yeni Rusiya, bazar iqtisadiyyatına malik yeni demokratik dövlət quruculuğu mərhələsi, demokratik cəmiyyətin formalaşması, Rusiyanın həyatının bütün sahələrini demokratikləşdirməyə yönəldilmiş siyasi və iqtisadi islahatlar aparılması mərhələsi başlanmışdır.

Bu, Rusiya üçün, rusiyalılar üçün böyük hadisədir. Lakin onun həm Azərbaycan üçün, həm də Sovet İttifaqının süqutu ilə əlaqədar öz dövlət müstəqilliyini qazanmış digər ölkələr üçün böyük əhəmiyyəti var. Məhz Rusiya Dövlət Suverenliyi haqqında Bəyannaməni qəbul etməklə Sovetlər İttifaqının süqutunun bünövrəsini qoydu, Sovetlər İttifaqına daxil olan digər respublikalara dövlət suverenliyi haqqında aktlar qəbul etməyin zəruri olduğunu nümunə göstərdi. Bu, tarixi hadisədir və o, keçmişdə Sovetlər İttifaqının tərkibinə daxil olan respublikalar əsasında müstəqil dövlətlər yaranmasına gətirib çıxardı. Bu, öz dövlət müstəqilliyini əldə etmiş və azad, müstəqil dövlətə çevrilmiş Azərbaycan üçün də tarixi hadisədir.

Məmnuniyyət hissi ilə deyə bilərəm ki, 1990-cı ildən sonra getmiş proseslər hər bir respublikaya ziyan vursa da, Azərbaycan isə keçmişdə Sovet İttifaqına daxil olan hər hansı digər respublikaya nisbətən bəlkə daha çox zərər çəksə də, nəticə etibarilə bu proses çox müsbətdir, çünki dövlət müstəqilliyi qazanmış ölkələr azad inkişaf yoluna qədəm qoymuş və müəyyən uğurlara nail olmuşlar.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər məhz bu əsas üzərində təşəkkül tapmışdır. Bu gün biz böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, bu münasibətlər dostluğun, bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın təməlinə əsaslanır. Ötən il iyulun 3-də Moskvada Kremldə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqavilə də dostluq münasibətlərimizi daha da inkişaf etdirmək üçün, bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək və dərinləşdirmək üçün etibarlı normativ-hüquqi zəmindir. Bu əməkdaşlıq uğurla həyata keçirilir, biz xeyli nəticələr əldə etmişik. Səfirin öz çıxışında gətirdiyi bəzi rəqəmlər, məlumatlar buna inandırıcı sübutdur ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin inkişafının həqiqətən çox müsbət prosesi gedir. Biz Azərbaycanda buna böyük əhəmiyyət veririk.

Azərbaycan Rusiya ilə iki əsr ərzində bağlıdır. Bir dövlətin tərkibində olduğumuz dövrdə Azərbaycan Rusiyadan çox şey almışdır. Elmin, mədəniyyətin, təhsilin, iqtisadiyyatın və həyatın bir çox digər sahələrinin inkişafı - bütün bunlar Rusiya ilə qarşılıqlı münasibətlərin, onunla ünsiyyətin Azərbaycan xalqına, Azərbaycana səmərəli təsirlə bağlıdır. Bu, bizim keçmişimizdir və biz bunu qiymətləndiririk, indi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri, xoş münasibətlər də bu əsas üzərində qurulur.

Həyata keçirilmiş işləri layiqincə qiymətləndirərək bu gün demək olar ki, əməkdaşlığımızı dərinləşdirmək üçün, əlaqələrimizi genişləndirmək üçün imkanlar hələ çoxdur. Böyük xoşbəxtlikdir ki, bütün bunlar baş verir, bütün sahələrdə əməkdaşlıq ildən-ilə genişlənir və dərinləşir. Biz Azərbaycanda buna böyük əhəmiyyət veririk və bu əməkdaşlığın səmərəli və qarşılıqlı surətdə faydalı olmasına səy göstəririk.

Mən əsla şübhə etmirəm ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq münasibətlərinin yaxşı perspektivi var, bu münasibətlər əbədi, pozulmaz olacaqdır. Biz belə hesab edirik və zənnimcə, bizim bu mövqeyimizi Azərbaycan vətəndaşları, ölkəmizin bütün əhalisi dəstəkləyir.

Biz Azərbaycanda yaşayanların hamısını ölkəmizin tamhüquqlu vətəndaşları hesab etmişik və edirik. Azərbaycanın rus əhalisi burada bir ildir, on ildir yaşamır, ruslar Azərbaycanın yerli sakinləri, onun tamhüquqlu vətəndaşlarıdır. Mən "Sodrujestvo" cəmiyyətinin, habelə Moskvadakı Rusiya - Azərbaycan Cəmiyyətinin gördüyü işləri çox yüksək qiymətləndirirəm. Əlbəttə, bu cəmiyyətlər insanlar, vətəndaşlar arasında əlaqələrin daha da yaxınlaşmasına və möhkəmlənməsinə imkan yaratmaq üçün gərəkdir və təbii ki, bizə, dövlətə, hökumətə münasibətlərimizin möhkəmlənməsi və inkişafı sahəsində öz fəaliyyətimizi həyata keçirməyə kömək edirlər.

Lakin açığını demək istəyirəm ki, Azərbaycandakı rus əhalisi Rusiya Federasiyası tərəfindən hər hansı xüsusi yardıma və ya xüsusi qayğıya möhtac deyildir. Çünki ruslar Azərbaycanın yerli vətəndaşlarıdır, onun tamhüquqlu vətəndaşlarıdır. Buna görə də əmin ola bilərsiniz ki, müstəqil Azərbaycan dövlətinin siyasəti - bütün sənədlərimizdə, xüsusən 1995-ci ildə qəbul edilmiş konstitusiyamızda elan olunmuş siyasətimiz milliyyətindən, dilindən, dini etiqadından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının tam hüquqlarını təmin edir.

Rus əhalisinə, rus dilinə, rus mədəniyyətinə Azərbaycanda xüsusi hörmət var. Bu, təbiidir və bunu başa düşmək olar. Ona görə ki, bir çox mədəniyyət, elm, təhsil xadimlərimiz, iqtisadiyyat sahəsində, digər sahələrdə uğurla çalışmış və bu gün də çalışan insanlar rus dilində, Moskvanın, Peterburqun, digər Rusiya şəhərlərinin ali məktəblərində təhsil almışlar, çox yüksək elmi hazırlıq keçmişlər. Məgər bütün bunları unutmaq olarmı? Yaxud, bütün bunları lazımınca qiymətləndirməmək mümkündürmü? Azərbaycan xalqı çox qədirbilən xalqdır. O bu xalqın, - mən Azərbaycan xalqını nəzərdə tuturam, - xeyrinə atılan hər bir yaxşı addımı həmişə çox yüksək qiymətləndirmişdir. Azərbaycan xalqının Rusiya ilə, rus xalqı ilə, rus mədəniyyəti, elmi ilə ünsiyyət sahəsində qazandıqları unudulmazdır və çox qiymətlidir.

Buna görə də əgər burada hansı dövrdəsə Azərbaycanın rusdilli əhalisinin və ya rus millətindən olan əhalisinin, hörmətli səfirin dediyi kimi, həqiqətən köçüb getməsi prosesi baş vermişsə, bu, qeyri-normal haldır. Bu, bir tərəfdən, Azərbaycanda baş vermiş mürəkkəb proseslərlə, digər tərəfdən isə 1993-cü ilədək Azərbaycanda hakimiyyətdə olan adamların ümumən milli siyasət sahəsində, o cümlədən rus əhalisinə münasibətdə siyasət sahəsində yeritdikləri düzgün olmayan siyasətlə bağlı idi. Bildiyiniz kimi, o vaxtdan bəri bu məsələlər tənzimlənmişdir və təkrar edirəm, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyada öz təcəssümünü tapmışdır. Mən isə suveren, müstəqil Azərbaycanın prezidenti kimi, Azərbaycan Konstitusiyasının həyata keçirilməsinin təminatçısıyam. Mən milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının, o cümlədən rus millətinə mənsub hər bir adamın hüquqlarının müdafiəsinin təminatçısıyam.

Hesab edirəm ki, indi bu məsələdə bizim heç bir problemimiz yoxdur və olmayacaq, onlar gələcəkdə də olmayacaqdır. Çünki Azərbaycanda həyata keçirdiyimiz siyasət dönməzdir və əbədi xarakter daşıyır.

Şadam ki, bu gün bu gözəl "Gülüstan" sarayında Rusiyanın milli bayramına çoxlu adam toplaşmışdır. Mən buraya daxil olanda səfirə dedim: "Bir bax, burada nə qədər adam var". O dedi: "Biz çox adam dəvət etmişik və hamı gəlmişdir". Çox yaxşı ki, səfirlik çox adam dəvət etmişdir, o da yaxşıdır ki, dəvət alanların hamısı gəlmişdir. Bunların hər ikisi bir-birini tamamlayır, Rusiya ilə Azərbaycan arasında, rus xalqı ilə Azərbaycan xalqı arasındakı münasibətləri göstərir.

İnanıram ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər dönmədən inkişaf edəcək və möhkəmlənəcəkdir. Biz əməkdaşlığımızın genişlənməsi və dərinləşməsi üçün öz tərəfimizdən hər şeyi edəcəyik.

Rusiyada gedən demokratikləşdirmə prosesləri, siyasi və iqtisadi islahatların aparılması, əlbəttə, ən əvvəl Rusiyanın özü üçün, rusiyalıların özləri üçün çox böyük əhəmiyyətə malikdir. Ancaq eyni zamanda bunun ötən bir çox illər, onilliklər ərzində Rusiya ilə bağlı olmuş ölkələr üçün, o cümlədən Azərbaycan üçün də əhəmiyyəti var. Biz bu prosesləri böyük maraqla izləyirik, çətinlikləri, mürəkkəb halları görürük. Bununla yanaşı, əminik ki, Rusiyada demokratikləşdirmənin həyata keçirilməsi istiqamətində güclənən irəliləyiş dönməzdir. Biz Rusiyada demokratiyanın inkişafı və möhkəmlənməsi naminə, siyasi və iqtisadi islahatlar aparılması naminə görülən, Rusiyanın birdəfəlik və həmişəlik bütün zamanlarda sülhsevər, demokratik, azad dövlət olması üçün, Rusiyanın həmişə dostumuz, mehriban qonşumuz olması üçün görülən bütün işləri və tədbirləri tamamilə dəstəkləyirik.

Sizin hamınızı bugünkü bayram münasibətilə bir daha təbrik edirəm. Bütün rusiyalılara sülh, əmin-amanlıq, firavanlıq arzulayıram. Sizə cansağlığı və xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun.