Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 10 iyun 2002-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Dövlət bayramı - Rusiya Federasiyasının dövlət suverenliyi haqqında Bəyannamənin qəbul olunması günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Rusiyanı dərin dostluq, mehriban qonşuluq və qarşılıqlı yardım ənənələri birləşdirir.

Əminəm ki, ölkələrimizin çox böyük potensiala malik olan faydalı əməkdaşlığı bundan sonra da genişlənərək, qarşılıqlı əlaqələrimizin yeni-yeni sahələrini əhatə edəcəkdir.

Bizim aramızda olan etimad, qarşılıqlı anlaşma və konstruktiv dialoq mühiti Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafına xüsusi dinamizm verir.

Sizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə və ədalətlə nizama salınmasına yönəldilmiş səylərinizə Azərbaycanda böyük ümidlər bəsləyirlər.

Hörmətli Vladimir Vladimiroviç, fürsətdən istifadə edərək, bu günlərdə Sankt-Peterburqa səfərim zamanı səmimiyyətlə qarşılandığıma görə, bizi maraqlandıran mühüm məsələlər barəsində söhbətə görə, mənə və nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Rusiya xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 iyun 2002-ci il.