Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə söhbətindən - Rusiya, 25 yanvar 2002-ci il


Vladimir Putin: Hörmətli Heydər Əlirza oğlu!

Son vaxtlar Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər, zənnimcə, çox uğurla inkişaf edir. Bu, iqtisadi sahədə də müşahidə olunur, siyasi əməkdaşlıq, beynəlxalq aləmdə fəaliyyətimizin əlaqələndirilməsi yaxşılaşmışdır. Bütün bunlar iki dövlət arasında münasibətlərin, sadəcə, yaxşılaşdığını deyil, keyfiyyətcə yüksəldiyini göstərən çox müsbət əlamətlərdir.

Bununla belə, dünən mənim evimdə Sizinlə görüşümüzdə vurğuladıq ki, hələ çox iş görmək lazımdır. Biz ümid edirik və zərrə qədər də şübhəm yoxdur ki, Sizin səfəriniz bizim münasibətlərimizin nəinki siyasi sahədə, həm də hökümətlər səviyyəsində inkişafına yaxşı təkan verəcəkdir. Zənnimcə, indi hökümətlərarası komissiya kifayət qədər gərgin, uğurla işləyir. Bu ilin martında Bakıda hökümətlərarası komissiyanın həmsədrlərinin görüşünü keçirmək planlaşdırılmışdır. Lakin məmnunluqla demək istərdim ki, bir çox illər ərzində ilk dəfə olaraq bizim hərbi idarələrimiz arasında əməkdaşlıq başlanmışdır. Hərbçilərimiz görüşməyə, hərbi quruculuq problemlərini müzakirə etməyə, qarşılıqlı maraq doğuran istiqamətlərdə öz səylərini əlaqələndirməyə başlamışlar. Bu baxımdan Qəbələ stansiyası barədə qarşılıqlı anlaşmanın əldə olunmasını vurğulamaya bilmərəm. Bütün bunlar Sizin səfərinizin belə böyük əhəmiyyət kəsb etməsi üçün çox yaxşı zəmindir.

Heydər Əliyev: Vladimir Vladimiroviç, çox sağ olun. Rusiyaya dövlət səfəri etmək barədə dəvətinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm. Mən sizə səmimi görüşə, qonaqpərvərliyə, dünən evinizdəki çox məzmunlu, mehriban söhbətə görə təşəkkür edirəm. Zənnimcə, biz orada sizinlə çox məsələləri müzakirə etdik. Sizin kimi, mən də Rusiya-Azərbaycan münasibətlərində baş verən müsbət irəliləyişlərdən son dərəcə məmnunam. Amma mən açıq deməliyəm ki, bu, ilk növbədə sizin prezident seçilməyinizdən sonra baş vermişdir. Bizim münasibətlərimizdə çox intensiv inkişaf prosesi vaxtında başlamışdır, biz dəfələrlə görüşmüşük. Mənim köməkçilərim hesablamışlar, gərək ki, qısa vaxtda biz Sizinlə 16 dəfə görüşmüşük. Bunun özü həmin görüşlərin əhəmiyyətini göstərir. Şübhəsiz ki, bu görüşlərdən hər biri çox məzmunlu-mənalı olmuşdur, biz çox məsələləri müzakirə etmişik.

Hesab edirəm ki, bizim münasibətlərimizin indiki vəziyyəti məmnunluq doğura bilər. Ancaq eyni zamanda, hesab edirəm ki, bu, bütün sahələrdə - iqtisadi, siyasi sahələrdə, beynəlxalq aləmdə və hərbi sahədə əməkdaşlıq sahəsində gələcək fəal və birgə işimizin başlanğıcıdır. Hesab edirəm ki, Qəbələ Radiolokasiya Stansiyası haqqında sazişi imzalamaq üçün hazırlaya bilməyimiz böyük işdir. SSRİ-nin dağılmasından 10 il keçib və bu 10 il ərzində Rusiya həmin stansiyadan istifadə edirdi, amma bu barədə razılaşma yox idi. Ancaq eyni zamanda, bu onu göstərir ki, bəlkə də razılaşma lazım deyil, amma hər halda razılaşmanın olması yaxşıdır.

Vladimir Putin: Siz məni qorxutdunuz...

Heydər Əliyev: Nə üçün qorxutdum?

Vladimir Putin: Bəlkə də razılaşmalar lazım deyildir... Mən düşünürəm ki, bunlar əlbəttə lazımdır. Heydər Əliyeviç, son vaxtlar biz iki ölkə arasındakı münasibətləri keyfiyyətcə o qədər dəyişmişik ki, gəlib bu razılaşmalara çıxa bilmişik və bu, çox yaxşıdır. Biz başqa məsələlərdə, o cümlədən Xəzər barəsində və digər məsələlərdə də kooperativ şəkildə bir-birimizin xeyrinə işləyə bilərik.

Heydər Əliyev: Vladimir Vladimiroviç, tamamilə doğrudur. Mən demək istəyirəm ki, Xəzər məsələsində bizim mövqelərimiz çox oxşardır. Bir il əvvəl sizin Bakıya rəsmi səfəriniz zamanı biz sizinlə prinsiplər haqqında birgə bəyanat imzaladıq, dünən isə gələcək əməkdaşlığın imkanları barədə danışdıq. Mən hesab edirəm ki, bu məsələdə biz - Rusiya, Qazaxıstan və Azərbaycan birlikdə əməkdaşlıq edirik və Xəzərin hüquqi statusu məsələsini qəti şəkildə həll etmək üçün bu məsələni irəlilədə bilərik.

"Azərbaycan" qəzeti, 29 yanvar 2002-ci il.